«İtaət etmək qurbandan... daha yaxşıdır»
QƏDİM İsrailin ilk padşahının adı Şaul idi. Onu bu vəzifəyə həqiqi Allah təyin etmişdi, ancaq sonradan Şaul Onun sözündən çıxdı.
Şaul hansı səhvlərə yol verdi? Bu səhvlərdən qaçmaq mümkün idimi? Onun nümunəsindən biz hansı ibrət dərsi götürə bilərik?
Yehova padşah təyin edir
Şamuel İsraildə Allahın təmsilçisi və peyğəmbəri kimi xidmət edirdi. Şaul hələ padşah təyin olunmamışdı. Şamuel artıq qocalmışdı, oğulları isə onun yolu ilə getmirdilər. Həmin ərəfədə düşmənlər İsrail xalqını hədələyirdilər. Bir gün İsrail ağsaqqalları Şamuelin yanına gəlib onların üzərinə padşah təyin etmələrini xahiş etdilər. Onlar istəyirdilər ki, padşah onlara hökmranlıq etsin və döyüşlərdə onlara rəhbər olsun. Yehova Şamuelə Şaulu məsh etməyi əmr etdi və: «Filiştlilərin əlindən xalqımı o qurtaracaq», — dedi (1 Şam. 8:4—7, 20; 9:16).
Şaul «gənc, yaraşıqlı» oğlan idi. Amma xarici görünüş onu fərqləndirən yeganə cəhət deyildi. O həm də təvazökar idi. Bunu Şamuelə dediyi sözlərdən görmək olar: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?» Şaulun atası Qiş [Kiş] «çox varlı adam» (YD) olsa da, Şaul özü və ailəsi barədə yüksək fikirdə deyildi (1 Şam. 9:1, 2, 21).
Şamuel Yehovanın seçdiyi padşahı elan edəndə görək Şaul necə davrandı. Şamuel Şaulu təklikdə məsh edərkən ona demişdi: «Vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir». Bundan sonra peyğəmbər Yehovanın seçimini elan etmək üçün xalqı bir yerə yığdı. Lakin Şaulun padşah olduğu bəlli olanda onu heç yerdə tapa bilmirdilər. Şaul utancaq olduğundan qaçıb gizlənmişdi. Yehova Şaulun harada olduğunu göstərdi və o, padşah elan olundu (1 Şam. 10:7, 20—24).
Döyüşdə
Qısa bir zamanda Şaul onun qabiliyyətinə şübhə edənlərə yanıldıqlarını göstərdi. Ammonlular İsrailin Yaveş-Gilead şəhərini zəbt etmək istəyəndə «Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi». O, qətiyyətlə xalqın bütün cəngavərlərini bir araya yığıb onları qələbəyə doğru apardı. Ancaq Şaul bu zəfərin Yehovadan olduğunu etiraf etdi: «Rəbb bu gün İsrailə qurtuluş verdi» (1 Şam. 11:1—13).
Şaulda yaxşı xüsusiyyətlər var idi və Allahın xeyir-duası onun üzərində idi. O, Yehovanın hakimiyyətini qəbul edirdi. İsraillilərin və onların padşahının müvəffəqiyyət qazanmaları çox vacib bir amildən asılı idi. Şamuel İsrail xalqına dedi: «Əgər Rəbdən qorxub Ona qulluq edərək səsinə qulaq assanız, əmrinə qarşı çıxmasanız, həm sizə hökmranlıq edən padşahınız, həm də siz Allahınız Rəbbin ardınca gedəcəksiniz». Yehovaya sadiq qaldıqları təqdirdə onlar nəyə ümid edə bilərdilər? Şamuel dedi: «Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi» (1 Şam. 12:14, 22).
Bu gün olduğu kimi, qədim dövrlərdə də itaətkarlıq Yehovanın rəğbətini qazanmaq üçün vacib amillərdən biri idi. Yehovanın xidmətçiləri Onun əmrlərinə riayət edəndə Yehova onları xeyir-dualandırır. Bəs itaətsizlik göstərəndə necə?
«Ağılsızlıq etdin»
Şaulun filiştlilərlə növbəti döyüşündən sonra filiştlilər israillilərlə vuruşmaq üçün çox böyük ordu topladılar. «Dənizdəki qum dənələrinin sayı qədər camaat» Şaula qarşı çıxdı. «İsraillilər təhlükə qarşısında olduqlarını gördülər, çünki xalq sıxışdırıldı, xalq mağaralarda, kolluqlarda, qayalarda, məqbərələrdə və nohurlarda gizləndi» (1 Şam. 13:5, 6). Şaul nə etdi?
Bundan əvvəl Şamuel Şaula tapşırmışdı ki, onu Qilqalda gözləsin. Çünki Şamuel ora gəlib Allaha qurban gətirəcəkdi. Şaul Şamueli gözlədi, ancaq o gecikirdi və Şaulun ordusu dağılmağa başladı. Buna görə də Şaul qurban gətirmək işini öz üzərinə götürdü. O, qurbanı təqdim edib qurtaranda Şamuel gəlib çıxdı. Şaul nəyə görə belə davrandığını izah edəndən sonra Şamuel dedi: «Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı. Lakin indi padşahlığın davam etməyəcək. Rəbb Özü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi. Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin» (1 Şam. 10:8; 13:8, 13, 14).
Şaul, Allahın əmrinə əsasən Şamuelin gəlib qurban gətirməsini gözləməli idi. Lakin Şaulun özünə arxalanıb Allahın sözündən çıxması onun imanının olmamasını üzə çıxardı. Şaul vaxtilə İsrail ordusuna başçılıq edən Gideondan necə də fərqlənirdi! Yehova ona əmr etmişdi ki, döyüşçülərin sayını 32 000-dən 300-dək endirsin. Gideon Allahın bir sözünü iki etmədi. Nəyə görə? Çünki o, Yehovaya inanırdı. Allahın köməyilə Gideon 135 000 nəfərdən ibarət olan düşmən ordusunu tamamilə darmadağın etdi (Hak. 7:1—7, 17—22; 8:10). Yehova Şaula da kömək edəcəkdi. Lakin Şaul itaətsizlik göstərdiyi üçün filiştlilər İsraili qarət etdilər (1 Şam. 13:17, 18).
Bəs biz dara düşəndə qərarları necə veririk? İmanları olmayan insanlara elə gələ bilər ki, Allahın prinsiplərinə məhəl qoymamaqda pis bir şey yoxdur. Elə Şaul da Şamuelin gecikdiyini görəndə, yəqin, fikirləşdi ki, qurbanı özünün gətirməsi düzgün olardı. Allahın rəğbətini qazanmaqda qəti qərarlı olanlar üçün isə qərar qəbul edərkən yeganə düzgün yol müvafiq Müqəddəs Kitab prinsiplərinə riayət etməkdir.
Yehova Şaulu rədd edir
Amaleqlilərlə döyüş zamanı Şaul daha bir ciddi səhvə yol verdi. Yehova amaleqliləri mühakimə etmişdi, çünki israillilər Misirdən çıxan zaman onlar heç bir səbəb olmadan israillilərə hücum etmişdilər (Çıx. 17:8; Qanun. t. 25:17, 18). Onlar hakimlərin dövründə də başqa xalqlarla əlbir olaraq Allahın seçilmiş xalqına hücum etmişdilər (Hak. 3:12, 13; 6:1—3, 33). Buna görə də Yehova amaleqliləri məsuliyyətə cəlb etdi və Şaula əmr etdi ki, onları qılıncdan keçirsin (1 Şam. 15:1—3).
İsrailə düşmən kəsilmiş amaleqliləri və onların mal-mülkünü Allahın əmr etdiyi kimi məhv etmək əvəzinə, Şaul onların padşahını əsir götürdü və ən yaxşı heyvanlarını saxladı. Şamuel Şauldan izahat istəyəndə o, nə etdi? Məsuliyyəti öz boynundan atmağa çalışdı: «Xalq... Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb». Şaul bu heyvanları Yehovaya qurban gətirmək niyyətində olsa da, olmasa da, onun bu hərəkəti Yehovaya qarşı itaətsizlik idi. Şaul artıq «öz gözündə kiçik» deyildi. Allahın peyğəmbəri Şaula itaətsizlik göstərdiyini dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan... daha yaxşıdır... İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi» (1 Şam. 15:15, 17, 22, 23).
Yehova Şaulu Öz müqəddəs ruhundan və xeyir-dualarından məhrum edəndə «şər bir ruh» İsrailin ilk padşahına əzab verməyə başladı. Şaul Davuddan — Yehovanın gələcəkdə padşahlığı verəcəyi insandan şübhələnir və ona paxıllıq edirdi. Şaul hətta bir neçə dəfə Davudu öldürməyə cəhd göstərmişdi. Müqəddəs Kitabda deyilir ki, «Şaul Rəbbin Davudla olduğunu görüb... ömrünün sonuna qədər ona düşmən oldu». Şaul Davudun izinə düşüb onu tutmaq istəyirdi və hətta buna görə Allahın 85 kahinini öldürdü. Təəccüblü deyil ki, Yehova Şaulu tərk etmişdi (1 Şam. 16:14; 18:11, 25, 28, 29; 19:10, 11; 20:32, 33; 22:16—19).
Filiştlilər növbəti dəfə israillilərə hücum etməyə hazırlaşanda Şaul çarəsizlikdən cadugərə üz tutdu. Ertəsi gün döyüşdə ölümcül yaralandıqdan sonra o, özünə qəsd etdi (1 Şam. 28:4—8; 31:3, 4). İsrailin ilk itaətsiz padşahı haqqında Müqəddəs Kitabda deyilir: «Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, amma Rəbdən məsləhət istəmədi» (1 Saln. 10:13, 14).
Şaulun pis nümunəsi aydın şəkildə göstərir ki, Yehovaya itaət etmək istənilən qurbandan daha yaxşıdır. Həvari Yəhya yazıb: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəh. 5:3). Gəlin vacib bir həqiqəti — Allahla möhkəm dostluğun bizim Ona itaətkar olmağımızdan asılı olduğunu heç vaxt unutmayaq!
[21-ci səhifədəki şəkil]
Şaul İsrailin padşahı təyin olunanda təvazökar idi
[23-cü səhifədəki şəkil]
Nəyə görə Şamuel Şaula dedi ki, «itaət etmək qurbandan... daha yaxşıdır»?