Bioqrafiya
Yehova mənə iradəsini yerinə yetirməyi öyrətdi
Nəql etdi Maks Lloyd
1955-ci il. Cənubi Amerika. Paraqvay. Bir axşam əməkdaşımla xidmətdə olarkən olduğumuz ev qəzəbli izdiham tərəfindən əhatəyə alınmışdı. Onlar: «Bizim allahımız qaniçən allahdır və o, qrinqosların qanına susayıb», — deyə qışqırırdılar. Qrinqoslar (əcnəbilər) bura nə üçün gəlmişdilər?
MƏNİM həyat tarixçəmə gəlincə, hər şey illər öncə boya-başa çatdığım Avstraliyada başlamışdı. Orada Yehova mənə Onun iradəsini yeriyə yetirməyi öyrədirdi. 1938-ci ildə Yehovanın Şahidi atama «Düşmənlər» adlı bir kitab vermişdi. Artıq o vaxt valideynlərimin yerli kilsəyə olan etibarı sarsılmışdı, çünki keşişlər Müqəddəs Kitabın müəyyən hissələrini əfsanə adlandırırdılar. Təxminən bir ildən sonra valideynlərim özlərini Yehovaya həsr edib vəftiz oldular. O andan etibarən Yehovanın iradəsini yerinə yetirmək ailə həyatımızın ən vacib hissəsinə çevrildi. Valideynlərimdən sonra məndən beş yaş böyük olan bacım Lesli vəftiz olundu, daha sonra isə 1940-cı ildə mən bu addımı atdım. Onda cəmi-cümlətanı doqquz yaşım vardı.
İkinci Dünya müharibəsi başladıqdan qısa müddət sonra Avstraliyada Yehovanın Şahidlərinin Müqəddəs Kitab nəşrlərinin çap edilməsinə və paylanılmasına qadağa qoyuldu. Belə bir vəziyyətdə mən, balaca olmağıma baxmayaraq, imanımı izah etmək üçün yalnız Müqəddəs Kitabdan istifadə etməyi öyrəndim. Nəyə görə bayrağa təzim etmədiyimi və müharibəni dəstəkləmədiyimi göstərmək üçün Müqəddəs Kitabı özümlə məktəbə aparırdım (Çıx. 20:4, 5; Mat. 4:10; Yəh. 17:16; 1 Yəh. 5:21).
Məktəbdə mənə «alman casusu» damğası vurulduğundan çoxları mənimlə danışmırdı. O vaxtlar məktəbdə filmlər göstərilirdi. Seans başlamazdan əvvəl hamıdan tələb olunurdu ki, ayağa qalxıb dövlət himnini oxusunlar. Lakin mən qalxmırdım, bu zaman iki-üç oğlan saçımdan tutaraq məni qaldırmağa çalışırdı. İmanımdan imtina etmədiyim üçün məni məktəbdən xaric etdilər. Bununla belə, təhsilimi evdə başa vura bildim.
NƏHAYƏT Kİ, ARZUM GERÇƏKLƏŞİR
14 yaşımda qarşıma pioner kimi xidmət etmək məqsədini qoymuşdum. Lakin valideynlərim mənə əvvəlcə özümə iş tapıb işləməli olduğumu deyəndə çox məyus oldum. Onlar təkid edirdilər ki, ev və yemək pulunu onlara ödəyim və bunun müqabilində 18 yaşımda pioner ola biləcəyimə söz verdilər. Bundan sonra qazandığım pul barədə aramızda tez-tez müzakirələr olurdu. Mən mübahisə edərək pulları pioner xidməti üçün yığmaq istədiyimi desəm də, onlar pulu əlimdən alırdılar.
Pioner xidmətinə başlamaq vaxtı gələndə valideynlərim məni qarşılarına otuzdurub onlara verdiyim pulları banka əmanət hesabına [depozit] qoyduqlarını söylədilər. Sonra onlar həmin pulların hamısını çıxardıb mənə verdilər ki, pioner xidmətinə başlamaq üçün özümə pal-paltar və lazım olan digər əşyalar alım. Onlar məni öyrədirdilər ki, özüm özümün qayğısına qalmalıyam və başqalarının bunu mənim əvəzimə edəcəyini gözləməməliyəm. Onların nəsihəti həyatımda aldığım ən dəyərli dərslərdən biridir.
Lesli ilə mən uşaq olanda pionerlər tez-tez evimizdə qonaq qalırdılar və onlarla birgə xidmət etmək bizim çox xoşumuza gəlirdi. Həftəsonları biz küçədə və evdən-evə təbliğ edir, həmçinin insanlara Müqəddəs Kitabı öyrədirdik. O illərdə təbliğçiləri ayda 60 saat təbliğ etməyə təşviq edirdilər. Anamız, demək olar ki, hər ay bu normanı yerinə yetirirdi və bununla bacımla mənə gözəl nümunə qoymuşdu.
TASMANİYADA PİONER XİDMƏTİ
Mənim pioner kimi ilk təyinatım Avstraliyanın Tasmaniya adasına idi. Mən oraya gələndə bacım Lesli və onun əri artıq burada xidmət edirdilər. Lakin tezliklə onlar Gilead Məktəbinin 15-ci sinfinə dəvət aldıqları üçün adanı tərk etməli oldular. Mən çox utancaq idim və hələ bu vaxta qədər evdən kənarda yaşamamışdım. Bəziləri fikirləşirdilər ki, mənim burada qalmağım üç aydan çox çəkməyəcək. Ancaq bir ilin içində, 1950-ci ildə məni yoldaşlıq xidmətçisi (hal-hazırda ağsaqqallar şurasının koordinatoru adlanır) təyin etdilər. Bir müddətdən sonra isə xüsusi pioner təyin olundum və başqa bir gənc qardaş mənim əməkdaşım oldu.
Bizim təyinatımız mis mədənlərinin yerləşdiyi uzaq bir şəhərə idi. Orada bir nəfər də olsun Yehovanın Şahidi yox idi. Şəhərə avtobusla getdik və günortadan sonra ora çatdıq. Orada ilk gecəmizi köhnə mehmanxanada keçirdik. Səhərisi gün evdən-evdən təbliğ edərək insanlardan kimin kirayə otaq verdiyini soruşurduq. Günün sonuna yaxın bir kişi bizə dedi ki, presviterian kilsəsinin yanında yerləşən kilsə xadiminin evi boşdur və bizə dyakonla [aşağı rütbəli keşiş] söhbət etməyi məsləhət gördü. O, çox mülayim idi və evi bizə kirayə verdi. Hər gün kilsə xadiminin evindən çıxıb təbliğə getmək bir az qəribə görünürdü.
Bura çox səmərəli ərazi idi. Biz sakinlərlə gözəl ünsiyyət edirdik və bir çoxları ilə Müqəddəs Kitabı öyrənməyə başlamışdıq. Paytaxtdakı kilsə rəhbərlərinin qulaqlarına bu, eləcə də kilsə xadiminin evində Yehovanın Şahidlərinin yaşadığı barədə xəbər çatanda onlar dyakondan tələb etdilər ki, bizi dərhal evdən çıxartsın. Biz yenə də evsiz-eşiksiz qaldıq.
Ertəsi gün günün yarısına qədər təbliğ etdikdən sonra gecələmək üçün yer axtarmağa başladıq. Stadiondakı oturacaqlar tapdığımız ən münasib yer idi. Biz çamadanlarımızı burada gizlədib xidmətimizi davam etdirdik. Hava qaralırdı, lakin küçəni axıra qədər işləyib qurtarmaq üçün bir neçə ev qalmışdı və onlara da baş çəkmək qərarına gəldik. Bir kişi bizə evinin arxasında yerləşən ikiotaqlı evdə qalmağı təklif etdi.
SƏYYAR XİDMƏT VƏ GİLEAD MƏKTƏBİ
Təxminən səkkiz aydan sonra Avstraliya filialından mənə məktub gəldi. Məktubda deyilirdi ki, mən rayon nəzarətçisi kimi xidmət etməyə dəvət olunuram. Mən şokda idim, çünki onda cəmi-cümlətanı 20 yaşım vardı. Bir neçə həftə təlim aldıqdan sonra yığıncaqları ruhlandırmaq üçün başçəkmələrə başladım. Məndən yaşca böyük olanlar, onlarla müqayisədə uşaq olmağıma baxmayaraq, mənə yuxarıdan aşağı baxmırdılar və gördüyüm işə hörmətlə yanaşırdılar.
Bir yığıncaqdan o biri yığıncağa gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə edirdim. Məsələn, bir həftə avtobusla, o biri həftə tramvayla, sonra maşınla, yaxud da bir əlimdə çamadan, o biri əlimdə isə təbliğ çantası motosikletlə gedirdim. Bacı-qardaşların evində qalmaq çox sevindirici idi. Bir yoldaşlıq xidmətçisi, evinin yarımçıq tikilməsinə baxmayaraq, mənim onunla bərabər qalmağımı çox istəyirdi. Bütün o həftəni vannanın içində yatırdım, ancaq birgə çox səmərəli vaxt keçirdik!
Mənim üçün digər sürpriz isə 1953-cü ildə Gilead Məktəbinin 22-ci sinfinə dəvət edilməyim oldu. Ancaq mən həm sevinir, həm də narahatçılıq keçirirdim. Bacım və onun yoldaşı 1950-ci il iyulun 30-da Gilead Məktəbini qurtardıqdan sonra Pakistana təyin olunmuşdular. Bir ilin içində Lesli xəstələnib öldü. Oturub fikirləşirdim ki, görəsən, əgər bundan sonra mən də harasa getsəm, valideynlərim özlərini necə hiss edəcəklər? Lakin onlar mənə dedilər: «Get Yehova səni hara göndərirsə orada da xidmət et». Bundan sonra bir də atamı görmədim. 1957-ci ildə o vəfat etdi.
Tezliklə mən digər beş avstraliyalı bacı-qardaşla birgə gəmi ilə Nyu-York şəhərinə yola düşdüm. Altı həftə ərzində biz Müqəddəs Kitabı oxumaqla, araşdırma aparmaqla və sərnişinlərə təbliğ etməklə məşğul olurduq. Gilead Məktəbinin keçirildiyi Saut-Lansinqə getməzdən öncə, biz 1953-cü ilin iyul ayında «Yanki» stadionunda keçirilən konqresdə iştirak etdik. İştirak edənlərin ən yüksək sayı 165 829 nəfər olmuşdu!
Sinfimizdə təlim keçən 120 nəfər, demək olar ki, dünyanın hər bir guşəsindən gəlmişdi. Biz yalnız buraxılış günündə hara təyin olunduğumuzu bildik. Əlimizə fürsət düşən kimi, həmin ölkələr barədə öyrənmək üçün Gilead Məktəbinin kitabxanasına qaçdıq. Mən öyrəndim ki, təyin olunduğum Paraqvayın tarixində saysız-hesabsız inqilablar baş verib. Ora gələndən qısa müddət sonra bir gün səhər yuxudan duranda digər xüsusi təyinatlı müjdəçilərdən: «Gecə çöldə nə “toy-bayram” idi?» — deyə soruşdum. Onlar gülümsəyərək mənə cavab verdilər: «Səni təbrik edirik. Bu, sənin ilk inqilabın idi. Çölə bax». Həqiqətən də, qapıdan çölə baxanda hər tində əsgərlər dayanmışdı.
ÖLÜMÜN PƏNCƏSİNDƏN QURTULDUQ
Günlərin bir günü mən uzaq bir ərazidə yerləşən yığıncağa baş çəkən rayon nəzarətçisini müşahidə edirdim. Başçəkmə zamanı biz «Yeni dünya cəmiyyətinin fəaliyyəti» adlı filmi nümayiş etdirməli idik. Biz səkkiz-doqquz saatlıq yolu əvvəlcə qatarla, sonra at arabası ilə və nəhayət, öküz arabası ilə qət etdik. Özümüzlə generator və kinoproyektor götürmüşdük. Mənzilbaşına çatanda biz ertəsi gün səhərdən-axşama kimi fermalara baş çəkir və hamını axşam göstəriləcək filmə baxmağa dəvət edirdik. Filmin nümayişinə 15-ə yaxın adam toplaşmışdı.
Filmin 20-ci dəqiqəsində bizdən dərhal evin içəri otağına keçməyi xahiş etdilər. Biz cəld proyektoru götürüb qaçdıq. Məhz həmin vaxt çöldə yığışan bir qrup insan havaya güllə ataraq təkrar-təkrar: «Bizim allahımız qaniçən allahdır və o, qrinqosların qanına susayıb», — deyə qışqırırdı. Orada cəmi-cümlətanı iki qrinqos var idi, onlardan biri də mən idim! Filmin nümayişinə gələn insanlar izdihamın evə soxulmasının qarşısını aldılar. Lakin bu insanlar gecə saat üçdə qayıtdılar və havaya güllə ataraq deyirdilər ki, şəhərə qayıdanda qabağımızı kəsib payımızı verəcəklər.
Qardaşlar şeriflə əlaqə saxladılar və o, günorta vaxtı iki atla gəlib bizi şəhərə apardı. Yolda qarşımıza sıx kolluqlar və ağaclar çıxanda o, silahını çıxarıb qabağa gedirdi və həmin yeri gözdən keçirirdi. Bundan sonra mən əmin oldum ki, burada atsız keçinmək mümkün deyil və buna görə də sonradan özümə bir at aldım.
XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİLƏRİN AXINI
Keşişlərin mütəmadi olaraq göstərdiyi təzyiqlərə baxmayaraq, təbliğ işi yaxşı nəticələr verməyə davam edirdi. Gilead Məktəbinin 25-ci sinfinin məzunu olan kanadalı gənc bacı Elsi Svanson da daxil olmaqla, beş yeni xüsusi təyinatlı müjdəçi 1955-ci ildə bura gəldi. Onu başqa şəhərə təyin etməmişdən qabaq biz bir müddət filialda birgə xidmət etdik. Heç vaxt həqiqəti qəbul etməyən valideynlərindən kömək görməyən bu bacı həyatını Yehovaya xidmətə həsr etmişdi. 1957-ci il dekabrın 31-də biz evləndik və Paraqvayın cənubunda yerləşən xüsusi təyinatlı müjdəçilər üçün evdə yaşamağa başladıq.
Evimizdə su kəməri olmadığı üçün suyu evin arxa həyətindəki su quyusundan çəkib gətirirdik. Üstəlik, evin içində nə ayaqyolu, nə vanna otağı, nə də paltaryuyan maşınımız var idi. Hətta soyuducumuz da yox idi. Biz birgünlük ərzaq almalı olurduq. Ancaq belə sadə həyat və yığıncaqdakı bacı-qardaşlarla sevgi dolu münasibətlər sayəsində bu, bizim ailə həyatımızın ən xoşbəxt anları idi.
1963-cü ildə Avstraliyaya anamı görməyə gələndən bir az sonra sevincdən anamın ürəyi tutdu, görünür, on ildən sonra oğlunu görməyə ürəyi tab gətirmədi. Paraqvaya qayıtmaq vaxtı gəlib çatanda həyatımızda ən çətin qərarlardan birini verməli idik: başqa bir adamın anamın qayğısına qalacağına ümid edərək onu xəstəxanada qoyub Paraqvaya — sevdiyimiz təyinatımıza qayıdaq, yoxsa yox? Çoxlu dua etdikdən sonra burada qalıb anama baxmaq qərarına gəldik. 1966-cı ildə o ölənədək biz onun qayğısına qaldıq və tammüddətli xidmətimizi davam etdirdik.
Bir neçə il ərzində Avstraliyada rayon və vilayət nəzarətçisi kimi xidmət etmək, eləcə də ağsaqqallar üçün Padşahlıq Xidməti Məktəbi keçirmək böyük bir şərəf idi. Sonra həyatımızda başqa bir dəyişiklik baş verdi. Məni Avstraliyada yaradılan ilk filial komitəsinin üzvlərindən biri təyin etdilər. Yeni filialın tikintisi planlaşdırılanda isə mən tikinti komitəsinin sədri təyin olundum. Təcrübəli və əməkdaşlığa hazır olan bir çox bacı-qardaşların köməyi sayəsində gözəl bir filial ərsəyə gəldi.
Daha sonra məni ölkədə təbliğ işinə nəzarət edən xidmət şöbəsinə təyin etdilər. Mən həm də filiallar üzrə nəzarətçia kimi digər filiallara baş çəkirdim və orada xidmət edənlərə kömək edir, onları ruhlandırmağa çalışırdım. Yehovaya sədaqətlə itaət etdiklərinə görə illərlə, hətta onilliklərlə həbsxanalarda yatan və həbs düşərgələrinə göndərilən bacı-qardaşların yaşadıqları ölkələrə baş çəkmək mənim imanımı xüsusilə möhkəmləndirdi.
HAL-HAZIRKI TƏYİNATIMIZ
2001-ci ildə çətin bir başçəkmədən qayıdanda mənə bir məktub gəldi. Məktubda deyilirdi ki, mən Bruklində (Nyu-York) yerləşən və yenicə təşkil olunmuş ABŞ-ın filial komitəsinin üzvü olmağa dəvət olunuram. Biz Elsi ilə birgə dua edərək bu dəvəti götür-qoy etdikdən sonra onu məmnuniyyətlə qəbul etdik. 11 ildən çoxdur ki, biz hələ də Bruklində xidmət edirik.
Mən necə də xoşbəxtəm ki, yanımda Yehovanın hər bir tapşırığını canla-başla yerinə yetirməyə hazır olan həyat yoldaşım var. Yaşımız 80-i ötsə də, biz demək olar ki, sağlamıq. Böyük səbirsizliklə biz Yehovanın gələcəkdə və əbədiyyət boyu verəcəyi təlimləri və Onun iradəsini yerinə yetirməyə davam edən insanların alacağı bol-bol xeyir-duaları gözləyirik.
[Haşiyə]
a Bundan sonra azərbaycanca nəşrlərimizdə «zonal nəzarətçi» termininin yerinə «filiallar üzrə nəzarətçi» termini işlənəcək.
[19–cu səhifədəki yazı]
Bir həftə avtobusla, o biri həftə tramvayla, sonra maşınla, yaxud da bir əlimdə çamadan, o biri əlimdə isə təbliğ çantası motosikletlə gedirdim
[21–ci səhifədəki yazı]
Böyük səbirsizliklə biz Yehovanın gələcəkdə və əbədiyyət boyu verəcəyi təlimləri gözləyirik
[18–ci səhifədəki şəkillər]
Solda: Avstraliyada səyyar xidmətdə olarkən
Sağda: valideynlərimlə birgə
[20–ci səhifədəki şəkil]
Toy günümüz, 31 dekabr 1957-ci il