«Yəhuda İncili» nədir?
BÖYÜK sensasiyaya səbəb olan bir məlumat 2006-cı ilin aprel ayında dünya qəzetlərində dərc edilmişdi: bir qrup alim qədim zamanlardan bizim dövrədək gəlib çatan və təzəlikcə aşkar edilən «Yəhuda İncili»ni ictimaiyyətə təqdim etməyə hazırlaşır. Qəzetlər yazırdı ki, alimlərin fikrincə, bu İncil Yəhuda İskariot — İsa Məsihi ələ verən həvari haqda biliklərimizdə köklü dəyişikliklər edəcək. Həmin məlumatlara görə, Yəhuda, əslində, İsanı hamıdan yaxşı başa düşən həvari və İsanın xahişi ilə onu edama təslim edən bir qəhrəmandır.
Bu İncil həqiqi, yoxsa saxta sənəddir? Əgər həqiqidirsə, doğrudanmı, orada tarixi şəxslər olan Yəhuda İskariot, İsa Məsih və erkən məsihçilər haqda gizli qalmış biliklər açıqlanır? Bu əlyazma bizim İsa Məsih və onun təlimləri haqda təsəvvürlərimizə təsir etməlidirmi?
«YƏHUDA İNCİLİ»NİN AŞKARLANMA TARİXÇƏSİ
«Yəhuda İncili»nin necə aşkar edildiyi müəmmalı olaraq qalır. Bu əlyazma arxeoloqlar tərəfindən aşkar edilərək sənədləşdirilməyib. O, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəli birdən-birə qədim əşyalar bazarında satışa çıxarılıb. Əlyazmanın 1978-ci ildə Misirdə, yiyəsiz sərdabədə, ola bilsin, mağarada tapıldığı ehtimal edilir. «Yəhuda İncili» dəri ilə cildlənmiş kodeksə (qədim kitab növü) daxil olan və kopt (qədim Misir dilinin əsasında yaranmış dil) dilində yazılan dörd əlyazmadan biri idi.
Əsrlər ərzində Misirin quru iqlimində salamat qalan bu kodeks başqa mühitə düşəndə sürətlə korlanmağa başladı. 1983-cü ildə bir neçə alimə kodeks ötəri göstərilmişdi, lakin satış qiyməti yüksək olduğundan alimlər onu ala bilməmişlər. Sonrakı illər ərzində baxımsızlıq ucbatından kodeks daha da bərbad vəziyyətə düşdü. 2000-ci ildə kodeksi bir isveçrəli əntiqəçi aldı. Həmin əntiqəçi qadın kodeksi beynəlxalq mütəxəssislər qrupuna təhvil verdi. Milli Coğrafi Cəmiyyət və Metsenat adına Qədim İncəsənət Fondunun himayəsi altında işləyən alimlərin qarşısında bəzi hissələrinin çoxsaylı fraqmentlərə parçalanıb tökülən kodeksi bərpa etmək kimi çətin vəzifə dururdu. Üstəlik, alimlər kodeksin yaşını müəyyən etməli, onu tərcümə edib izahat verməli idilər.
Radiokarbon analizi bu əlyazmanın saxta olmadığını təsdiq etdi və təxminən eramızın III—IV əsrinə aid olduğunu göstərdi. Bununla belə, alimlər fərz edirlər ki, kopt dilində olan «Yəhuda İncili» orijinalı yunanca yazılmış və daha qədim dövrə təsadüf edən mətnin tərcüməsidir. «Yəhuda İncili» ilk dəfə nə zaman və kimlər tərəfindən tərtib olunub?
QNOSTİKLƏRİNa İNCİLİ
«Yəhuda İncili» adlanan bu mətnin adına ilk dəfə eramızın ikinci əsrin sonlarında yaşamış xristian ilahiyyatçısı İrineyin yazılarında rast gəlinir. İriney «Bidətlərin əleyhinə» kitabında təlimlərini təkzib etdiyi qruplardan biri haqda yazır: «Onlar bəyan edirlər ki, həqiqəti dərk edən yeganə insan Yəhuda satqınlıq sirrinə uyğun davrandı. Onun ucbatından göydə və yerdə hər şey bir-birinə qarışdı. Onlar buna bənzər əhvalat uyduraraq “Yəhuda İncili” adlandırırlar».
«Bu hətta Yəhudanın müasiri olan və onu şəxsən tanıyan insan tərəfindən yazılan İncil də deyil»
İriney gizli biliklərə sahib olduqlarını iddia edən qnostik xristianlarının müxtəlif təlimlərini qətiyyətlə təkzib edirdi. Qnostisizm məsihçi «həqiqətini» fərqli şəkildə başa düşən və fərqli şəkildə izah edən çoxsaylı qrupların ümumi adıdır. Qnostiklərin öz yazıları vardı və həmin yazılar eramızın ikinci əsrində geniş yayılmışdı, elə «həqiqətlə» bağlı verdikləri izahatlar da həmin yazılara əsaslanırdı.
Qnostiklərin əksər yazılarında deyilir ki, İsanın tanınmış davamçıları olan həvarilər onun çatdırdığı xəbəri düzgün başa düşmədilər və İsanın verdiyi gizli bir təlim var ki, onu yalnız bir qrup seçilmiş insan dərk etdib. Bəzi qnostiklər dünyanın insan ruhunun həbs olunduğu bir zindan olduğuna inanırdılar. Onlar fikirləşirdilər ki, əgər fiziki dünya ruhani aləmlə müqayisədə qüsurludursa, deməli, İbranicə Müqəddəs Yazılarda xatırlanan «yaradan allah» kamil olan cürbəcür ali tanrılarla müqayisədə aşağı səviyyədə durur. Həqiqi «biliyə» malik olan insan bu «sirri» dərk edirdi və fiziki bədənindən azad olmağa can atırdı.
«Yəhuda İncili» də bu inanca əsaslanıb. İncilin giriş sözləri belədir: «İsanın Yəhuda İskariotla səkkiz gün çəkən və Pasxanı qeyd etməzdən üç gün qabaq bitən gizli söhbəti».
Bu kodeks İriney tərəfindən rədd edilən və əsrlər boyu itmiş hesab edilən həmin İncildir? Onu təhlil edən və tərcümə edən ilk alimlər qrupunun üzvü Cerald Mayer deyir ki, İrineyin «qısa təsviri əlimizdəki “Yəhuda İncili” adlanan kopt mətninə uyğun gəlir».
SATQIN, YOXSA QƏHRƏMAN — ALİMLƏRİN MÜBAHİSƏ OBYEKTİ
«Yəhuda İncili»ndə qeyd olunur ki, İsa şagirdlərinin bilikləri dərk etmədiklərini görəndə onlara istehza ilə gülür. Kitabda Yəhuda 12 həvari arasında İsanın kim olduğunu bilən yeganə insan kimi təsvir olunur. Buna görə də İsa «padşahlığın sirlərini» onunla gizlicə bölüşür.
«Yəhuda İncili»nin bərpası ilə məşğul olan ilk alimlər qrupu İrineyin fikirlərinin güclü təsiri altında idi. Onların tərcüməsində Yəhuda sirləri dərk edən və «padşahlığı alan» İsanın lütf göstərdiyi yeganə şagird kimi göstərilir. Yanlış fikirdə olan həvarilər Yəhudanın yerinə başqasını seçsələr də, o, sonradan «hamını [digər şagirdləri] üstələyən» «on üçüncü ruh» olacaqdı, çünki o, İsaya fiziki bədəndən azad olmağa kömək edəcəkdi.
Yazıçı, eləcə də erkən məsihçilik və qnostisizm üzrə görkəmli mütəxəssis Bart Erman və Eleyn Peycels dərhal «Yəhuda İncili» ilə əlaqədar öz araşdırma və şərhlərini dərc etdilər və bu, ilk alimlərin bərpa etdiyi mətnlə, demək olar ki, üst-üstə düşürdü. Ancaq çox keçmədi ki, digər alimlər — Eypril DeKonik və Birger Pirson tərcümənin dəqiqliyi ilə əlaqədar öz şübhələrini ifadə etdilər. Onların fikrincə, Milli Coğrafiya Cəmiyyəti kütləvi informasiya vasitələrinin diqqətini cəlb etmək istədiyinə görə bu qədim mətni dərc etməyə tələsdi. Üstəlik, mətni tərcümə edən alimlər məlumatları açıqlamayacaqlarına dair müqavilə imzaladıqları üçün mütləq olan elmi prosedurlara riayət edilməmişdi, yəni mətnin əsaslı ekspertizası keçirilməmiş və müvafiq alimlərin rəyi öyrənilməmişdi.
Bu sənədi araşdıran alimlərin hamısı burada dəqiq tarixi faktların olmadığı ilə razılaşır
Ayrı-ayrılıqda araşdırma aparan DeKonik və Pirson belə bir nəticəyə gəlmişlər ki, natamam, qırıq-qırıq vəziyyətdə olan kodeksin əsas hisslərini əvvəlki alimlər düzgün tərcümə etməmişdilər. DeKonikin tərcüməsinə əsasən, İsa Yəhudanı «on üçüncü ruh»c yox, «on üçüncü cin» adlandırır. Üstəlik, İsa açıq-aydın deyir ki, o, «padşahlığa» girməyəcək. Başqa şagirdləri «üstələmək» məsələsinə gəldikdə isə, İsa Yəhudaya deyir: «Sən onlardan betər davranacaqsan. Çünki daxilində olduğum insanı qurban gətirəcəksən». DeKonikin təbirincə, «Yəhuda İncili» həvariləri ələ salan qnostiklərin qədim parodiyasından başqa bir şey deyil. DeKonikin və Pirsonun gəldikləri son nəticə odur ki, «Yəhuda İncili»ndə Yəhuda heç də qəhrəman deyil.
«YƏHUDA İNCİLİ» NƏDƏN XƏBƏR VERİR?
Yəhudanı cin və ya qəhrəman hesab etmələrindən asılı olmayaraq, bu əlyazmanı araşdıran alimlərin hamısı burada dəqiq tarixi faktların olmadığı ilə razılaşır. Bart Erman izah edir: «Bu, Yəhudanın yazdığı İncil deyil, hətta mətnin özündə də buna heç bir işarə yoxdur... Bu hətta Yəhudanın müasiri olan və onu şəxsən tanıyan insan tərəfindən yazılan İncil də deyil... Buna görə də onu İsanın yaşadığı vaxt ərzində baş verən hadisələr haqda əlavə məlumat verən kitab adlandırmaq olmaz».
«Yəhuda İncili» orijinalı eramızın ikinci əsrinə aid olduğu ehtimal edilən yunanca yazılmış və qnostiklərə məxsus olan əlyazmadır. Yenicə aşkarlanmış «Yəhuda İncili» İrineyin rədd etdiyi İncil olub-olmadığı hələ də alimlər arasında mübahisə obyektidir. Lakin bir şey aydındır: «Yəhuda İncili» həmin dövrdə xristianlığın rəqabət aparan və hərəsinin öz etiqadı olan çoxsaylı təriqətlərə parçalandığını birmənalı olaraq sübut edir. «Yəhuda İncili» Müqəddəs Kitabın səhv olduğuna dair sübut deyil, əksinə, Pavelin Həvarilərin işləri 20:29, 30 ayələrində yazdığı: «Bilirəm ki, mən gedəndən sonra... sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər», — xəbərdarlığının gerçək olduğuna dəlalət edir.
a Qnostisizm — (yun. gnostis — idrak) dini-fəlsəfi təlim... Qnostiklərə görə, insan öz ehtiraslarını məhdudlaşdırmaq və mistik idrak (qnozis) yolu ilə dünyanın ilahi mahiyyətini dərk etməlidir. Qnostisizm xristian teologiyasını Qədim Şərq dinləri, həmçinin neoplatonizm və pifaqoreizmlə birləşdirirdi («Azərbaycan Sovet Ensiklopediyası», III cild, səhifə 187).
b Qnostiklərin əksər İncillərinə İsanın həqiqi təlimlərini daha dərindən başa düşdükləri iddia edilən insanların adı verilir, məsələn, «Tomasın İncili», «Məcdəlli Məryəmin İncili». Təxminən 30-a yaxın belə qədim əlyazma aşkar edilib.
c Yəhudanın İsanın kimliyini digər şagirdlərdən daha yaxşı bilən cin olduğunu qəbul edən alimlər bu bənzərliyə diqqət yetirmişlər: Müqəddəs Kitaba daxil olan müjdələrdəki cinlər də İsanın kim olduğunu dəqiq bilirdilər (Mark 3:11; 5:7).