Tammüddətli xidmətçiləri yaddan çıxarmayın
«İmandan doğan işiniz, məhəbbətlə çəkdiyiniz zəhmət... həmişə yadımızdadır» (1 SALON. 1:3).
1. Pavel Yehovaya fədakarlıqla xidmət edənlərə necə yanaşırdı?
HƏVARİ Pavel xoş xəbər naminə zəhmət çəkənləri heç vaxt yaddan çıxarmırdı. O yazmışdı: «Atamız Allah da şahiddir ki, imandan doğan işiniz, məhəbbətlə çəkdiyiniz zəhmət və Ağamız İsa Məsihə olan ümidlə göstərdiyiniz dözüm həmişə yadımızdadır» (1 Salon. 1:3). Həqiqətən də, nə qədər xidmət etmələrindən asılı olmayaraq, Yehova Ona sədaqətlə xidmət edənlərin məhəbbətlə çəkdiyi zəhməti heç vaxt unutmur (İbr. 6:10).
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 İstər keçmişdə, istərsə də bu gün bir çox həmimanlılarımız Yehovaya tammüddətli xidmət etmək üçün böyük qurbanlar veriblər. Gəlin birinci əsrdə bəzilərinin necə xidmət etdiklərinə diqqət yetirək. Həmçinin müasir dövrdə tammüddətli xidmətin bəzi növlərini və bu xidmətin müxtəlif növlərində olanları necə yadda saxlaya biləcəyimizi araşdıraq.
BİRİNCİ ƏSRDƏKİ MƏSİHÇİLƏR
3, 4. a) Birinci əsrdə bəziləri necə xidmət edirdilər? b) Onlar fiziki tələbatlarını necə ödəyirdilər?
3 İsa vəftiz olunandan dərhal sonra bütün dünyaya yayılacaq bir işə təkan verdi (Luka 3:21—23; 4:14, 15, 43). Onun ölümündən sonra həvariləri bu təbliğ işini genişləndirməyi öz üzərlərinə götürdülər (Həv. iş. 5:42; 6:7). Filip kimi, bəzi məsihçilər Fələstində müjdəçilik edirdi (Həv. iş. 8:5, 40; 21:8). Digərləri isə, Pavel kimi, yad diyarlara səyahət edirdi (Həv. iş. 13:2—4; 14:26; 2 Kor. 1:19). Onlardan bəziləri, məsələn, Silvan (Sila), Mark və Luka Müqəddəs Yazıların yazılmasında iştirak ediblər (1 Pet. 5:12). Elə bacılarımız da olub ki, sadiq qardaşlarımızla çiyin-çiyinə xidmət ediblər (Həv. iş. 18:26; Rom. 16:1, 2). Bu insanların zəngin hekayələri bizi Yunanca Müqəddəs Yazıları həvəslə oxumağa təşviq edir və bizə Yehovanın öz xidmətçilərini heç vaxt yaddan çıxarmadığını göstərir.
4 Bəs erkən tammüddətli xidmətçilər öz xərclərini necə ödəyirdilər? Bəzən həmimanlıları onlara qonaqpərvərlik göstərsə də və ya başqa cür dəstək olsa da, onlar heç kimdən heç nə ummurdular (1 Kor. 9:11—15). Bəzi həmimanlılar və yığıncaqlar öz xoşları ilə kömək əli uzadırdılar. (Həvarilərin işləri 16:14, 15; Filipililərə 4:15—18 ayələrini oxu.) Həvari Pavel və onun səyahət yoldaşları da öz xərclərini ödəmək üçün vaxtaşırı işləyirdilər.
MÜASİR TAMMÜDDƏTLİ XİDMƏTÇİLƏR
5. Bir ər-arvad tammüddətli xidmətləri barədə nə düşünür?
5 Bu gün də bir çoxları tammüddətli xidmətin müxtəlif növlərində iştirak edirlər. («Tammüddətli xidmətin növləri» adlı çərçivəyə bax.) Onlar seçdikləri xidmət növü haqda nə düşünürlər? Bu sualı onlara versən, bu xidmətin əsil mükafat olduğuna əmin olacaqsan. Bir nümunəyə diqqət yetirək. Daimi pioner, xüsusi pioner, xüsusi təyinatlı müjdəçi və xaricdə Bet-El xidmətində olmuş bir qardaş bölüşür: «Həyatda verdiyim ən düzgün qərarlardan biri tammüddətli xidməti seçməyimdir. 18 yaşım olanda mən seçim qarşısında qalmışdım: ali təhsil alım, bütün günü işləyib karyera dalınca qaçım, yoxsa pioner olum. Öz həyatımdan deyə bilərəm ki, Yehova Ona tammüddətli xidmət etmək üçün verdiyin qurbanları heç vaxt yaddan çıxarmır. Əgər mən bu dünyada karyera qursaydım, Yehovanın mənə verdiyi bacarıq və qabiliyyətləri heç vaxt bu cür istifadə edə bilməzdim». Onun həyat yoldaşı deyir: «Hər bir təyinat mənə ruhani cəhətdən böyüməyə kömək edib. Elə bir gün olmayıb ki, Yehovanın dəstəyini və rəhbərliyini hiss etməyək. Əgər biz öz rahatçılığımız üçün yaşasaydıq, çətin ki, belə xoşbəxt olardıq. Tammüddətli xidmətdə olduğumuz üçün Yehovaya nə qədər şükr etsək azdır». Bəs siz istəməzdiniz belə həyatınız olsun?
6. Yehova hər bir xidmətçisinə necə yanaşır?
6 Sözsüz ki, bəzilərinin şəraiti hal-hazırda tammüddətli xidmətdə olmağa yol verməyə bilər. Əminliklə deyə bilərik ki, Yehova onların canla-başla etdikləri xidməti qiymətləndirir. Filimona 1—3 ayələrində Pavel Kolos yığıncağına salamlar göndərir və bəzi bacı-qardaşların adını çəkir. (Ayələri oxu.) Pavel onlara həm öz adından, həm də Yehovanın adından minnətdarlığını bildirir. Bu gün səmavi Atamız sizin də xidmətinizi qiymətləndirir. Bəs siz tammüddətli xidmətdə olanları necə dəstəkləyə bilərsiniz?
PİONERLƏRƏ DƏSTƏK
7, 8. Pionerlik özünə nəyi daxil edir və yığıncağın digər üzvləri onlara necə dəstək ola bilərlər?
7 Birinci əsrdəki müjdəçilər kimi, fədakar pionerlər yığıncaqlar üçün əsil ruhlanma mənbəyidirlər. Onlar hər ay 70 saat təbliğ etmək üçün çox çalışırlar. Siz onlara necə kömək edə bilərsiniz?
8 Şari adlı bir pioner bacı bölüşür: «Pionerlər hər gün xidmətdə olduqları üçün kənardan möhkəm görünürlər. Ancaq onlar da ruhlanmağa ehtiyac duyurlar» (Rom. 1:11, 12). Bir neçə il pioner kimi xidmət etmiş bir bacı yığıncağındakı pionerlər haqda demişdi: «Onların təbliğ işində əməyi böyükdür. Buna görə də başqaları onları öz maşınları ilə xidmətə aparanda, yeməyə dəvət edəndə, bir az pul və ya nəsə verəndə bunu çox qiymətləndirirlər. Bu kimi şeylərlə onların qayğısına qaldığını göstərə bilərsən».
9, 10. Bəziləri yığıncaqlarındakı pionerlərə necə kömək edirlər?
9 Pionerlərə xidmətdə də dəstək ola bilərik. Bobbi adlı bir pioner deyir: «Həftəarası xidmətdə əməkdaşa daha çox ehtiyacımız olur». Eyni yığıncaqdan başqa bir pioner əlavə edir: «Günorta vaxtları xidmətdə əməkdaş tapmaq müşkül məsələdir». Hal-hazırda Bruklin Bet-Elində xidmət edən bir bacı pionerlik etdiyi illəri xoş xatirələrlə yada salır: «Maşını olan bir bacı mənə demişdi: “Nə vaxt xidmətə əməkdaş tapmadın, xəbər elə”. Demək olar ki, pionerliyimi onun köməyilə çatdırırdım». Şari bacı bir həssas məqamı belə ifadə edir: «Subay pionerlər təbliğdən qayıdandan sonra çox vaxt tək qalırlar. Siz vaxtaşırı olaraq subay bacı-qardaşları ailəvi ibadətinizə dəvət edə bilərsiniz. Digər işlərdə də onları dəvət etsəniz, bu, onlara möhkəm qalmağa kömək edər».
10 Təxminən 50 ildir ki, tammüddətli xidmətdə olan bir bacı subay pioner bacılarla çiyin-çiyinə etdiyi xidməti yada salaraq deyir: «Ağsaqqallarımız bir neçə aydan bir pionerlərə baş çəkirdi. Onlar sağlamlığımızla, işimizlə və bizi narahat edən şeylərlə maraqlanırdılar. Onlar bizə can yandırırdılar. Qaldığımız yerə gəlib nəyəsə ehtiyacımız olub-olmadığı ilə maraqlanırdılar». Yəqin, bu nümunə sizə Pavelin Efesdə bir ailəli kişinin ona göstərdiyi qayğıya görə dediyi minnətdarlıq sözlərini xatırladır (2 Tim. 1:18).
11. Xüsusi pioner kimi xidmət edənlər haqda nə deyə bilərik?
11 Elə yığıncaqlar da var ki, orada xüsusi pionerlər xidmət edir. Bu bacı-qardaşların əksəriyyəti təbliğə hər ay 130 saat sərf edirlər. Xidmətə çox vaxt sərf etdikləri və digər teokratik işlərdə kömək etdikləri üçün onların işləməyə çox az vaxtları qalır və ya heç qalmır. Filial bu tammüddətlilərin diqqətlərini xidmətə cəmləyə bilmələri üçün hər ay pul sarıdan cüzi miqdarda dəstək olur.
12. Ağsaqqallar və digərləri xüsusi pionerlərə necə kömək edə bilərlər?
12 Bəs xüsusi pionerlərə necə dəstək ola bilərik? Filialda xidmət edən və xüsusi pionerlərlə əməkdaşlıq edən bir ağsaqqal bölüşür: «Ağsaqqallar onlarla, şəraitləri ilə maraqlanmalı, onlara necə kömək edə biləcəklərinə qərar verməlidirlər. Bəzilərinə elə gələ bilər ki, xüsusi pionerlərə pul sarıdan yardım göstərildiyi üçün hər ehtiyacları ödənilir, ancaq bacı-qardaşlar da onlara kömək əli uzada bilərlər». Daimi pionerlər kimi, xüsusi pionerlər də xidmətdə onlarla əməkdaşlıq edənlərə minnətdardırlar. Bəs siz bu sahədə onlara kömək edə bilərsiniz?
SƏYYAR NƏZARƏTÇİLƏRƏ DƏSTƏK OLUN
13, 14. a) Rayon nəzarətçiləri ilə bağlı nəyi yaddan çıxarmamalıyıq? b) Səyyar xidmətdə olanlara siz necə kömək edə bilərsiniz?
13 Hamı rayon nəzarətçilərinə və onların həyat yoldaşlarına ruhən möhkəm və şövqlü insanlar kimi baxır. Düzdür, bu belədir, lakin onların da ruhlanmağa, xidmətdə əməkdaşa və lazımi qədər dincəlməyə ehtiyacları var. Onlar xəstələnə, xəstəxanaya düşə, əməliyyat oluna və ya müalicə götürə bilərlər. Belə vəziyyətlərdə bacı-qardaşların onların tələbatlarını ödəmələri, onlara şəxsi maraq göstərmələri əsil məlhəm olar. Təsəvvür etmək olar, «Həvarilərin işləri» kitabının yazıçısı «sevimli həkim» Luka Pavelin və səyahət yoldaşlarının qayğısına necə qalırdı (Kolos. 4:14; Həv. iş. 20:5—21:18).
14 Səyyar nəzarətçilər və həyat yoldaşları can dostlarına ehtiyac duyur və onları qiymətləndirirlər. Bir rayon nəzarətçisi yazmışdı: «Ruhlanmağa ehtiyacım olanda dostlarım həmişə yanımda olurlar. Onların verdiyi suallar mənə narahatçılığımı bölüşməyə kömək edir. Onların diqqətlə qulaq asmaları belə mənə bəs edir». Rayon nəzarətçiləri və həyat yoldaşları bacı-qardaşların göstərdiyi qayğını ürəkdən qiymətləndirirlər.
BET-EL XİDMƏTİNDƏ OLANLARA DƏSTƏK OLUN
15, 16. Bet-Eldə və Konqres zallarında xidmət edənlər barədə nə demək olar və biz onlara necə dəstək ola bilərik?
15 Bet-Eldə və Konqres zallarında xidmət edənlər öz filiallarının ərazisində Padşahlıq işini əməlli-başlı dəstəkləyirlər. Sizin yığıncaqda və ya teokratik rayonda bet-ellilər varsa, onları yaddan çıxarmadığınızı necə göstərə bilərsiniz?
16 Ola bilsin, onlar Bet-El xidmətinə təzə-təzə başlayanda öz evləri, ailələri və yaxın dostları üçün darıxırdılar. Digər bet-ellilərin və yeni yığıncağın üzvlərinin onlarla dostluq etməsi onları çox sevindirir! (Mark 10:29, 30). Gündəlik iş qrafikləri onlara yığıncaq görüşlərində iştirak etməyə və hər həftə təbliğdə olmağa imkan verir. Ancaq bet-ellilərin hərdən əlavə tapşırıqları olur. Yığıncaq buna anlayışla yanaşanda, onları və gördükləri işi qiymətləndirəndə bunun hamıya faydası dəyir. (1 Salonikililərə 2:9 ayəsini oxu.)
XARİCDƏ TAMMÜDDƏTLİ XİDMƏT EDƏNLƏRƏ DƏSTƏK OLUN
17, 18. Xarici ərazilərdə xidmət edənlər hansı xidmət növlərində çalışırlar?
17 Xarici ölkədə xidmət etmək üçün təyinat alan bacı-qardaşlar başqa mətbəx, dil, mədəniyyət və davranış qaydaları ilə üzləşirlər. Bu tammüddətlilər hansı xidmət növlərində iştirak edirlər?
18 Məsələn, xüsusi təyinatlı müjdəçilər aldıqları xüsusi təlimləri təbliğdə bir çoxları ilə bölüşürlər. Filial bu xüsusi təyinatlı müjdəçiləri yaşamaq üçün sadə yerlə və zəruri tələbatlarını ödəmək üçün bir qədər pulla təmin edir. Digərləri isə filialda və ya filial binalarının, tərcümə ofislərinin, Konqres zallarının, yaxud Padşahlıq zallarının tikintisində xidmət edirlər. Onlar da yeməklə, yaşamaq üçün sadə yerlə və digər xidmətlərlə təmin olunurlar. Bet-El ailəsinin üzvləri kimi, onlar da yığıncaq görüşlərində və təbliğdə müntəzəm iştirak edir, bir çox cəhətdən fayda gətirirlər.
19. Xaricdə xidmət edənlərlə bağlı nəyi yadda saxlamalıyıq?
19 Tammüddətli xidmətin bu növlərində olanları yaddan çıxarmadığını necə göstərə bilərsən? Əvvəla yadda saxla ki, onlar üçün yerli ərazinin bəzi yeməkləri yeni ola bilər. Bunu nəzərə alaraq, onları dəvət etməzdən əvvəl hansı yeməyi xoşladıqlarını və ya nəyin dadına baxmaq istədiklərini soruşmaq olar. Yerli dili və mədəniyyəti öyrənmələrinə səbirlə yanaşın. Sözlərinizi tam başa düşmələri üçün vaxt lazım gələ bilər. Onlara sözlərin düzgün tələffüzünü öyrədə bilərsiniz, çünki onlar öyrənməyə hazırdırlar!
20. Tammüddətli xidmətçiləri yaddan çıxarmadığımızı daha necə göstərə bilərik?
20 Vaxt keçdikcə evlərindən uzaqda xidmət edən tammüddətli xidmətçilər yaşlı valideynlərinin qayğısına qalmaqla bağlı narahatçılıq keçirə bilərlər. Çox ehtimal ki, məsihçi valideynlər övladlarının öz təyinatlarında qalmalarını istəyirlər (3 Yəh. 4). Sözsüz ki, tammüddətli xidmətdə olanlar, ehtiyac yaranarsa, valideynlərinə qayğı göstərmək üçün əllərindən gələni edəcək, habelə onların köməyinə çatacaqlar. Bununla belə, qonşuluqda yaşayan məsihçilər bu yaşlı valideynlərin qayğısına qalmaqla, bir növ, tammüddətli xidmətçilərə kömək etmiş olarlar. Yaddan çıxarmayın ki, tammüddətli xidmətçilər bu dünyada görülən ən vacib işdə xüsusi tapşırıqları həyata keçirirlər (Mat. 28:19, 20). Bəs tammüddətli xidmətçilərin valideynləri köməyə ehtiyac duyarlarsa, siz və yığıncağınız onların hayına yetməyə hazırsınız?
21. Tammüddətli xidmətçilər başqalarının dəstəyinə və ruhlandırmasına necə yanaşırlar?
21 Tammüddətli xidməti seçənlər bunu maddi maraq üçün yox, Yehovaya və başqalarına daha çox xidmət etmək üçün edirlər. Onlar etdiyiniz hər bir köməyi qiymətləndirirlər. Xarici ölkədə xidmət edən bir bacı çoxlarının hisslərini əks etdirən sözlər deyir: «Başqalarının hətta minnətdarlıq sözləri göstərir ki, onlar sənin haqda düşünür və gördüyün işlərə görə sevinirlər».
22. Tammüddətli xidmət barədə nə düşünürsünüz?
22 Həqiqətən də, Yehovaya tammüddətli xidmət keşməkeşli olsa da, mükafat dolu, mənalı, insanı aqil edən həyat yoludur. Bu, Yehovanın sadiq xidmətçilərini Onun Padşahlığı altında olacaq əbədi, sevinc dolu xidmətə hazırlayan ən yaxşı yoludur. Buna görə də gəlin hər birimiz tammüddətli xidmətdə iştirak edənlərin «imandan doğan [işini], məhəbbətlə [çəkdiyi] zəhmət»i heç vaxt yaddan çıxarmayaq (1 Salon. 1:3).