Məsihə məxsus yetkinliyə can atın
«Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişək» (EFES. 4:13).
1, 2. Hər bir məsihi hansı sahədə böyüməlidir? Nümunə çəkin.
ADƏTƏN, evdarlıqda səriştəli olan qadın meyvə alanda onun böyüklüyünə, yaxud qiymətinə baxmır. Əksinə, yetişmiş, gözəl ətri, dadı olan meyvə axtarır ki, cana xeyri dəysin. Bəli, o, bütün bazarı gəzib tam yetişmiş, dəymiş meyvə alır.
2 Yehova da Öz xidmətçilərinin yetkin olmasını istəyir. Söhbət fiziki yox, ruhani yetkinlikdən gedir. Allahın yetkin xidmətçisi olmaq hər bir məsihinin amalıdır. Hətta insan müəyyən dərəcədə inkişaf edib özünü Yehovaya həsr edəndən və vəftiz olunandan sonra da böyüməyə davam etməlidir. Həvari Bulus Efesdəki məsihilərə ruhani cəhətdən böyüməli olduqlarını yazmışdı. Onları təşviq etmişdi ki, «imanda birliyə və Allahın Oğlunu tanımaqda vəhdətə, yetkin insan səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə» yetişsinlər (Efes. 4:13).
3. Yehovanın müasir xalqı arasındakı vəziyyət Efes yığıncağındakı vəziyyətə necə bənzəyir?
3 Həvari Bulus bu məktubu yazanda Efesdəki yığıncaq artıq bir neçə il idi ki, mövcud idi. Bir çox şagirdlər ruhani cəhətdən yaxşı inkişaf etmişdilər. Bəzilərinə isə, hələ böyümək lazım idi. Bu gün də Yehovanın Şahidləri arasında da vəziyyət eyni cürdür. Bir çox bacı-qardaşlar Allaha çoxdandır xidmət edirlər və artıq ruhani cəhətdən yetkinləşiblər. Ancaq aydın məsələdir ki, bunu hamı barədə demək olmaz. Misal üçün, hər il minlərlə insan vəftiz olunur. Buna görə də yığıncaqlarda həmişə ruhani cəhətdən yetkinləşməli olan məsihilər olur. Bəs sizin barənizdə nə demək olar? (Kol. 2:6, 7).
MƏSİHİ YETKİNLİYİ
4, 5. Yetkin məsihilər nədə bir-birindən fərqlənirlər, bəs onların ortaq cəhəti nədir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
4 Bazarda dəymiş meyvələrə baxanda görmək olar ki, onların hamısı eyni deyil. Bununla belə, bu meyvələrin hamısında onların yetişdiyini göstərən oxşar əlamətlər olur. Eynilə, yetkin məsihilərin də milliyyəti, keçmişi, sağlamlığı, yaşı və həyat təcrübəsi müxtəlif ola bilər. Onlar hətta xasiyyətdə və mədəniyyətdə də bir-birindən fərqlənirlər. Bununla belə, onların hamısında yetkinlikdən xəbər verən xüsusiyyətlər olur. Gəlin görək bu, hansı xüsusiyyətlərdir.
5 Yehovanın yetkin xidmətçisinin bütün həyatı bir məqsəd ətrafında cövlan edir — o, Məsihdən nümunə götürüb onun izləri ilə gedir (1 But. 2:21). Gəlin yadımıza salaq, İsa Məsih ən vacib nəyi vurğulamışdı? İnsanın Yehovanı bütün qəlbiylə, bütün varlığıyla və bütün ağlıyla sevməsini, o cümlədən, başqasını özünü sevdiyi kimi sevməsini (Mət. 22:37—39). Yetkin məsihi bu məsləhətə uyğun yaşamağa çalışır. Onun bütün həyatı Yehova ilə münasibətlərini hər şeydən üstün tutduğunu göstərir. Həmçinin belə məsihi insanları fədakar məhəbbətlə sevir.
6, 7. a) Yetkin məsihiləri səciyyələndirən xüsusiyyətlər hansılardır? b) Özümüzə hansı sualları verməliyik?
6 Ancaq biz başa düşürük ki, təkcə məhəbbətlə iş bitmir. Yetkin məsihi ruhun bəhrəsinə daxil olan digər keyfiyyətləri də təzahür etdirməlidir (Qal. 5:22, 23). Başqa xüsusiyyətlər, məsələn, mülayimlik, özünə hakim olmaq, səbir də eynən vacibdir. Bu xüsusiyyətlər müşkül məsələləri əsəbiləşmədən yoluna qoymağa, eyni zamanda sarsılarkən ümidi itirməməyə kömək edir. Yetkin məsihi mütaliə ilə məşğul olarkən Müqəddəs Kitaba əsaslanan prinsipləri duymağa çalışır ki, yaxşı ilə pisi ayırd edə bilsin. Sonra isə verdiyi qərarlarla yetkin olduğunu göstərir. Məsələn, o, Müqəddəs Kitabla tərbiyə olunmuş vicdanının səsinə qulaq asır. Yehovaya boyun əyib Onun yollarının və qaydalarının özününkündən üstün olduğunu qəbul edira. Müjdəni ürəkdən təbliğ edir və yığıncağın birliyinə öz töhfəsini verir.
7 Yehovaya nə qədər müddət xidmət etməyimizdən asılı olmayaraq, hər birimiz özümüzdən soruşmalıyıq: «Hansı sahələrdə mənə hələ də inkişaf etmək lazımdır? Məsihə daha çox bənzəmək üçün nədə düzəlməliyəm?»
«BƏRK QİDA... YETKİN ADAM ÜÇÜNDÜR»
8. Məsih Müqəddəs Yazıları nə dərəcədə yaxşı bilirdi?
8 İsa Məsih Allahın Kəlamını əla bilirdi. Hələ on iki yaşı olanda o, məbəddə müəllimlərlə Müqəddəs Yazılar barədə söhbət aparmışdı. İsanı dinləyənlərin hamısı onun zəkasına və cavablarına valeh olmuşdu (Luka 2:46, 47). Sonralar o, Allahın Kəlamından sitatlar gətirərək öz əleyhdarlarını susdururdu (Mət. 22:41—46).
9. a) Ruhani cəhətdən böyümək istəyən məsihinin hansı vərdişi olmalıdır? b) Müqəddəs Kitabı hansı məqsədlə mütaliə etmək lazımdır?
9 İsa Məsihin qoyduğu nümunəyə uyğun olaraq, ruhani cəhətdən böyümək istəyən məsihi səthi biliklə qane olmamalıdır. O dərk etməlidir ki, yetkin olmaq üçün bərk qida qəbul etmək lazımdır, buna görə də həmişə Müqəddəs Kitabın dərinliklərinə baş vurmalıdır (İbr. 5:14). Aydındır ki, yetkin məsihi Allahın Oğlunu yaxından tanımalıdır (Efes. 4:13). Siz Müqəddəs Kitabı hər gün oxuyursunuz? Vaxtlı-vaxtında şəxsi mütaliə ilə məşğul olursunuz? Hər həftə çalışıb-vuruşub ailəvi ibadətə vaxt ayırırsınız? Allahın Kəlamını oxuyanda diqqətli olun, prinsipləri başa düşməyə, Yehovanın düşüncələrini və hisslərini duymağa çalışın. Sonra həmin prinsipləri həyatınızda tətbiq edin, onları rəhbər tutaraq qərar verin. Beləcə, Yehovaya daha da yaxın olacaqsınız.
10. Bilik yetkin məsihinin hər açılan gününə necə təsir edir?
10 Yetkin məsihi başa düşür ki, biliklə hər şey bitmir. O, Yehovanın nəsihətini, prinsiplərini sevməlidir. Bu, özünü onda büruzə verir ki, o, həyatını öz istəklərinə görə yox, Yehovanın iradəsinə uyğun olaraq qurur. Üstəlik, məsihi keçmiş xasiyyətini və davranışını «əynindən çıxarmağa» çalışır, «Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış» yeni, məsihəbənzər şəxsiyyətə bürünür. (Efeslilərə 4:22—24 ayələrini oxuyun.) Müqəddəs Kitab Allahın müqəddəs ruhunun təsiri altında yazılıb. Məsihi Müqəddəs Kitab elminə dərindən yiyələndikcə, öyrəndiklərinə sevgisi artdıqca, müqəddəs ruh onun ürəyinə və əqlinə hakim kəsilir. Bu isə onun ruhani inkişafına təkan verir.
VƏHDƏT İÇİNDƏ BİRLƏŞƏK
11. İsanı necə insanlar əhatə edirdi?
11 İsa Məsih yer üzündə yaşayanda özü kamil olsa da, qeyri-kamil insanlarla əhatə olunmuşdu. Onu qeyri-kamil valideynlər böyütmüşdü, qeyri-kamil bacı-qardaşları ilə illərlə bir evdə yaşamışdı. Hətta onun yaxın davamçılarına da bu dünyaya xas olan mənəm-mənəmlik, şöhrətpərəstlik yad deyildi. Misal üçün, İsanın edamından əvvəlki gecə həvarilərin arasında onlardan kimin daha böyük olması barədə qızğın mübahisə düşmüşdü (Luka 22:24). Amma İsa bilirdi ki, qeyri-kamil davamçıları ruhani cəhətdən böyüyəcək və vəhdət içində olan bir yığıncaq təşkil edəcək. Elə həmin axşam İsa dua edib səmavi Atasından xahiş etdi ki, həvariləri bir-birini sevsin və aralarında birlik olsun. O, duasında dedi: «[Qoy] aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar... Biz bir olduğumuz kimi, onlar da bir olsunlar» (Yəh. 17:21, 22).
12, 13. a) Efeslilərə 4:15, 16 ayələri yığıncaqda birliyi qorumağın vacibliyini necə vurğulayır? b) Bir qardaş yığıncaqda birliyi qorumağı necə öyrəndi?
12 Yehovanın yetkin xidmətçisi yığıncaqda birlik yaratmalıdır. (Efeslilərə 4:1—6, 15, 16 ayələrini oxuyun.) Bizim məqsədimiz odur ki, Allahın xalqı həmahəng surətdə birləşsin və bütün üzvləri qarşılıqlı fəaliyyət göstərsin. Yehovanın Kəlamına əsasən, bu birliyə nail olmaq üçün bizdən həlimlik tələb olunur. Yetkin bacı və ya qardaş başqalarının qeyri-kamilliyi ilə üzləşəndə belə, həlimlik göstərib birliyi qorumağa çalışır. Yığıncaqda bacı və ya qardaşın qeyri-kamilliyi ilə üzləşəndə nə edirsiniz? Yığıncaqda kimsə sizə qarşı haqsızlıq edəndə necə davranırsınız? Xətrinizə dəyən adamla aranızda aşılmaz sədd çəkirsiniz, yoxsa aranızdakı uçurumu birləşdirmək üçün körpü qurursunuz? Yetkin məsihi sədd çəkmir, körpü qurur.
13 Uve adlı qardaşın nümunəsinə nəzər salaq. Əvvəllər o, dindaşlarının qeyri-kamilliyi ilə üzləşəndə dilxor olurdu. Amma sonra qərara gəldi ki, Müqəddəs Kitab və «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyası vasitəsilə Davudun həyatını araşdırsın. Bəs nəyə görə məhz Davudun? Uve deyir: «Davud Yehovaya ibadət edən bəzi soydaşları tərəfindən haqsızlığa məruz qalmışdı. Məsələn, Talut padşah onun qəsdinə durmuşdu, silahdaşları onu daşqalaq etmək istəyirdi və hətta həyat yoldaşı ona rişxənd etmişdi (1 İşm. 19:9—11; 30:1—6; 2 İşm. 6:14—22). Ancaq Davud heç vaxt yol vermirdi ki, başqalarının hərəkəti onun Yehovaya bəslədiyi məhəbbəti məhv etsin. Həmçinin Davud mərhəmətli idi. Məndə isə bu xüsusiyyət çatışmırdı. Şəxsi mütaliə zamanı öyrəndiyim şeylər həmimanlılarımın qeyri-kamilliyinə münasibətimi dəyişdi. Mən daha onların səhvlərinin siyahısını tutmuram. Əksinə, yığıncaqda birliyi qorumaq üçün əlimdən gələni edirəm». Siz də yığıncaqda birliyi qorumağa çalışırsınızmı?
ALLAHI SEVƏN DOSTLAR
14. İsa Məsih necə insanlardan özünə dost seçirdi?
14 İsa Məsih hamıya qarşı mehriban idi. Kişilər, qadınlar, gənclər, yaşlı insanlar, hətta uşaqlar belə özlərini onun yanında rahat hiss edirdilər. Ancaq İsa hər kəsi özünə dost seçmirdi. O, sadiq həvarilərinə demişdi: «Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız» (Yəh. 15:14). İsa sədaqətlə ardınca gələn və sidqi-ürəkdən Yehovaya qulluq edən insanlardan özünə dost seçirdi. Sən də can-dildən Yehovaya xidmət edən insanlarla dostluq edirsən? Nəyə görə bu, vacibdir?
15. Yetkin məsihilərin gənclərə hansı xeyri dəyə bilər?
15 Bir çox meyvələr günəşin isti şüaları altında lap yaxşı yetişirlər. Buna bənzər tərzdə, bacı-qardaşların isti münasibəti də sizə yetkinləşməyə kömək edə bilər. Əgər siz gəncsinizsə, yəqin düşünüb-daşınırsınız ki, həyatda hansı yolu tutasınız. Belə olan halda yaxşı olardı ki, Yehovaya xeyli müddətdir xidmət edən, yığıncaqda birliyi qoruyan dindaşlarla dostluq edəsiniz. Onlar həyatın enişli-yoxuşlu yollarından keçiblər, xidmət edərkən müəyyən çətinlikləri dəf etməli olublar. Belə məsihilər sizə ən düzgün yolu tutmağa kömək edə bilərlər. Onlarla oturub-dursanız, xeyir taparsınız, düzgün qərarlar verərsiniz və yetkinliyə doğru irəliləyərsiniz. (İbranilərə 5:14 ayəsini oxuyun.)
16. Bir gənc bacıya yaşca böyük olan həmimanlıları necə kömək etmişdi?
16 Misal üçün, Helqa adlı bacı danışır ki, axırıncı sinifdə oxuyanda şagirdlər tez-tez öz məqsədləri barədə söhbət edirdilər. Onların çoxu universitetdə təhsil almaq istəyirdi ki, gələcəkdə yaxşı yerdə işləyə bilsin. Helqa bu barədə yığıncaqdakı dostları ilə söhbət etdi. O deyir: «Yaşca böyük olan dostlarımın mənə böyük köməyi dəydi. Onlar məni tammüddətli xidmətə həvəsləndirdilər. Ondan sonra mən beş il öncül kimi xidmət etdim. İndi onun üstündən illər keçib. Mən çox xoşbəxtəm ki, gəncliyimin böyük bir hissəsini xidmətə həsr etmişəm və buna görə heç də peşman deyiləm».
17, 18. Ruhani yetkinlik bizə nədə kömək edəcək?
17 Əsas amalımız İsanın nümunəsini izləmək olsa və həyatımızı buna uyğun olaraq qurmağa çalışsaq, məsihi kimi yetkinləşəcəyik. Yehovaya daha da yaxınlaşacağıq və ürəyimiz Ona xidmət etmək istəyi ilə dolub-daşacaq. İnsan yalnız ruhani cəhətdən tam yetişib yetkin məsihi olanda Yehovaya ən gözəl şəkildə xidmət edə bilər. İsa davamçılarını təşviq etmişdi: «Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mət. 5:16).
18 Qeyd olunduğu kimi, yetkin məsihi yığıncağa çox böyük fayda gətirə bilər. Məsihinin yetkinliyi onun Allahın ənamı olan vicdandan necə istifadə etməsində öz əksini tapır. Vicdan bizə müdrik qərarlar verməyə necə kömək edə bilər? Dindaşlarımızın vicdanın səsinə qulaq asaraq verdikləri qərarlara biz necə yanaşmalıyıq? Bu sualların cavabını növbəti məqalədə araşdıracağıq.
a Məsələn, yaşlı, təcrübəli qardaşın bəzi məsuliyyətləri cavan qardaşa ötürülə bilər və ondan xahiş oluna bilər ki, cavan qardaşa bu məsuliyyətləri icra etməyə kömək etsin.