Oxucuların sualları
İbranilərə 4:12 ayəsində «canlı və qüdrətli» kimi təsvir olunan «Allahın sözü» nədir?
Konteksdən görünür ki, həvari Bulus bu sözlərlə Allahın Müqəddəs Kitab vasitəsilə bəşəriyyətə ünvanladığı xəbəri, yəni Onun vədini nəzərdə tuturdu.
Çox vaxt nəşrlərimizdə İbranilərə 4:12 ayəsi Müqəddəs Kitabın insanların həyatını yaxşılığa doğru dəyişmək gücünə malik olduğunu göstərmək üçün istifadə olunur. Bu ayəni bu cür hallarda istifadə etmək səhv deyil. Lakin gəlin İbranilərə 4:12 ayəsinin kontekstinə nəzər salaq. Bulus ibrani məsihiləri Allahın iradəsinə uyğun davranmağa təşviq edirdi. Allahın iradəsi Tövratda və İncilin Bulusun dövründə mövcud olan hissələrində yazılmışdı. Bulus Misir əsarətindən qurtulan israilliləri misal çəkmişdi. Onların Allahın vəd etdiyi «süd-bal axan» diyarda, əsl dinclik tapacaqları, istirahət edəcəkləri bir məmləkətdə yaşamaq imkanları var idi (Çıx. 3:8; Qan. 12:9, 10).
Bu, Allahın o dövrdə açılmış niyyəti idi. İsraillilər daşürəkli və imansız olduqları üçün vəd olunmuş dincliyə qovuşmadılar (Say. 14:30; Yuş. 14:6—10). Lakin Bulus demişdi ki, «Allahın istirahətinə qovuşmaq vədi» hələ də qüvvədədir (İbr. 3:16—19; 4:1). Bu vəd Allahın niyyətinin bir hissəsidir. İbrani məsihilər kimi, biz də Allahın bu niyyətinin nədən ibarət olduğunu öyrənməli və ona uyğun davranmalıyıq. Bu vədin Müqəddəs Yazılara əsaslandığını təsdiq etmək üçün Bulus Yaradılış 2:2 və Zəbur 95:11 ayələrindən sitat gətirmişdi.
Nə yaxşı ki, «Allahın istirahətinə qovuşmaq vədi» hələ də qüvvədədir. Biz Allahın istirahətinə qovuşmağın mümkün olduğuna əminik və bunun üçün müəyyən addımlar atmışıq. Buna Musanın qanununa riayət etməklə və ya savab işlər görməklə nail olmaq mümkün deyil. Allahın istirahətinə qovuşmaq üçün biz Ona iman gətirməli və Onun iradəsini yerinə yetirməliyik. Dünyanın hər yerində minlərlə insan Müqəddəs Kitabı araşdırır və Allahın iradəsinin nədən ibarət olduğunu öyrənir. Öyrəndikləri onları, yuxarıda qeyd olunduğu kimi, həyat tərzini dəyişməyə, iman gətirməyə və vəftiz olmağa təşviq edir. Bu sübut edir ki, doğrudan da, «Allahın sözü canlı və qüdrətlidir». Allahın Müqəddəs Kitabda açdığı niyyət bizim həyatımıza təsir edib və bundan sonra da təsir edəcək.