Sülhyaradansınız, yoxsa sülhyaran?
YEHOVA ALLAH xidmətçilərini sülhə və sülhyaradan insan olmağa səsləyir. Sülhyaradan olmaqla bütün bacı-qardaşlara fayda gətirə bilərik. Bu, həmçinin sülh arzusunda olan insanları Yehovaya ibadətə cəlb edə bilər.
Məsələn, Madaqaskarda bir məşhur cadugər Yehovanın Şahidləri arasındakı mehribançılığı görəndə öz-özünə düşünmüşdü: «Nə vaxtsa Allaha ibadət etmək qərarına gəlsəm, Yehovanın Şahidlərinə qoşulacağam». Bir müddət sonra o, cadugərlikdən əl çəkdi, bir neçə ay vaxtını alsa da, ailə münasibətlərini Müqəddəs Kitabın tələblərinə uyğunlaşdırdı və sülh Allahı Yehovaya ibadət etməyə başladı.
Hər il minlərlə insan Yehovanın Şahidlərinin sıralarına qoşulur və axtardığı sülhü burada tapır. Lakin Müqəddəs Kitabda deyildiyi kimi «güclü paxıllıq və höcət» yığıncaqda dostluq münasibətlərini poza və problemlərə səbəb ola bilər (Yaq. 3:14—16). Müqəddəs Kitabda yalnız problemin kökü deyil, onun qarşısını almağa və sülhü qorumağa kömək edən məsləhətlər də yer alıb. Gəlin görək bu məsləhətlər bir neçə dindaşımıza necə kömək edib.
PROBLEM VƏ HƏLL YOLLARI
«Bir yerdə işlədiyim bir qardaşla yola gedə bilmirdim. Bir dəfə bir-birimizin üstünə qışqıranda iki nəfər içəri girib mübahisəmizə şahid oldu» (KRİS).
«Bir bacı ilə tez-tez təbliğə çıxırdıq. Amma sonralar nədənsə o, mənimlə xidmətə çıxmadı, hətta kəlmə belə kəsmirdi. Başa düşə bilmirdim o niyə belə edir» (CANET).
«Bir dəfə üç qardaş telefonla söhbət edirdik. Sonra qardaşlardan biri sağollaşdı. Mənə elə gəldi ki, o, dəstəyi qoyub, başladım onun haqqında mənfi şeylər danışmağa, amma sən demə o, xətdə imiş» (MAYKL).
«Yığıncağımızda iki öncül bacının arasında problem yaranmışdı. Biri o birini təhqir etmişdi. Onların bir-birinə mənfi münasibəti yığıncaq üzvlərini məyus edirdi» (QARİ).
Ola bilsin, bu problemlər kiməsə adi gəlir. Amma hər biri insana böyük emosional və mənəvi zərər vura, hətta yığıncaqdakı sülhü poza bilər. Xoşbəxtlikdən yuxarıda adı çəkilən bacı-qardaşlar Müqəddəs Kitabdakı məsləhətlərə əməl edərək yaranan problemi həll etmiş və dindaşları ilə münasibətlərini düzəltmişdilər. Gəlin görək onlara hansı məsləhətlər kömək etmişdi.
«Yolda dava etməyin» (Yar. 45:24). Yusif bu müdrik məsləhəti Misirdən atalarının yanına qayıdan qardaşlarına vermişdi. Adətən insan hisslərinə hakim olmayanda, tez özündən çıxanda başqalarını da qəzəbləndirə bilər. İş yoldaşı ilə yola getməyən Kris də başa düşdü ki, onun zəif cəhəti qürurudur, qürur ona başqalarının məsləhətini qəbul etməyə mane olur. O bu xasiyyətini tərgitmək istəyirdi. Buna görə də gedib mübahisə etdiyi qardaşdan üzr istədi. Sonra var gücü ilə çalışırdı ki, özünə hakim olsun. Krisin cəhdlərini görəndə o biri qardaş da öz üzərində işləməyə başladı. İndi onlar Yehovaya çiyin-çiyinə sevinclə xidmət edir.
«Məsləhətsiz niyyət boşa çıxar» (Məs. 15:22). Canet bu məsləhətə əməl etdi. O, ondan küsən bacı ilə «məsləhətləşmək», yəni danışmaq qərarına gəldi. Söhbət vaxtı Canet nəzakətlə bacıdan nəyə görə belə davrandığını soruşdu. Əvvəlcə söhbət bir az gərgin keçdi, lakin sonra onlar sakit danışmağa başladı və vəziyyət düzəldi. İnciyən bacı yanıldığını və Canetin ona qarşı pis bir şey etmədiyini başa düşdü. O, Canetdən üzr istədi. İndi onlar yenə birlikdə təbliğə çıxırlar.
«Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış» (Mət. 5:23, 24). Bildiyiniz kimi, bu sözləri İsa Məsih dağüstü vəzində demişdi. Yuxarıda adı çəkilən Maykl ağılsız davrandığını və kobudluq etdiyini başa düşəndə özünü çox pis hiss etmişdi. O, qarşısına məqsəd qoymuşdu ki, nə yolla olur olsun qardaşla münasibətini düzəltsin. Maykl qardaşla üz-üzə danışıb ondan üzr istədi. Bəs onun bu addımı nə ilə nəticələndi? Maykl deyir: «Qardaşım məni ürəkdən bağışladı». Onlar yenidən dostluq etməyə başladılar.
«Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (Kol. 3:12—14). Gəlin görək uzun illər öncül olan bacıların məsələsi necə həll olundu. Bir ağsaqqal onları düşündürmək üçün növbəti sualları vermişdi: «Məgər aranızdakı narazılığı şişirdib bacı-qardaşları məyus etməyə dəyər? Məsələ o qədər ciddidir ki, bir-birinizə səbir etməyə və yığıncaqdakı birliyi qorumağa gücünüz çatmır?» Bacılar ağsaqqalın sözlərindən dərs götürüb vəziyyəti düzəltdilər. İndi onlar bir-biri ilə yaxşı yola gedir və çiyin-çiyinə təbliğdə iştirak edirlər.
Kimsə xətrinizə dəyibsə, Koloslulara 3:12—14 ayələrində yazılan məsləhət sizə də məsələni yoluna qoymağa kömək edə bilər. Çoxları fikir veriblər ki, təvazökarlıq bağışlamağa və olub-keçəni unutmağa kömək edir. Amma nə qədər çalışsanız da bağışlaya bilmirsinizsə, onda Mətta 18:15 ayəsindəki məsləhətə əməl edin. Əslində, İsanın bu məsləhəti ciddi günahlarla bağlı məsələlərə aiddir. Amma bu məsləhət iki nəfər arasında problem yaradan hər bir vəziyyətdə keçərlidir. Burada çətin bir şey yoxdur, sadəcə, bacıya və ya qardaşa yaxınlaşıb mehriban şəkildə və qüruru bir kənara qoyaraq məsələni müzakirə edin və problemi həll etməyə çalışın.
Müqəddəs Kitabda belə vəziyyətlərlə bağlı başqa məsləhətlər də var. Bu məsləhətlərin keçərli olmasını istəyiriksə, ruhun bəhrəsinə daxil olan «məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq» kimi xüsusiyyətləri təzahür etdirməliyik (Qal. 5:22, 23). Necə ki, maşını yağlayanda maşın yaxşı işləyir, bu xüsusiyyətləri də özümüzdə yetişdirsək, bacı-qardaşlarla münasibəti yaxşı saxlaya biləcəyik.
MÜXTƏLİF XASİYYƏTLİ İNSANLARDAN İBARƏT GÖZƏL QARDAŞLIĞIMIZ
Hər kəs bir fərddir, hər fərdin də özünəməxsus xasiyyəti, fikri var. Maraqlıdır ki, hərdən fərqli insanlar arasında çox gözəl dostluq münasibəti yaranır. Amma bu fərq problemlər də yarada bilər. Uzun illərin ağsaqqalı olan bir qardaş bununla bağlı demişdi: «Utancaq insanlar ünsiyyətcil, deyib-gülən adamların əhatəsində özlərini narahat hiss edirlər. Bəlkə bu fərq kimin üçünsə normaldır, amma bu, hərdən ciddi problemlər yarada bilər». Bəs siz necə düşünürsünüz, doğrudanmı, iki tamam fərqli xasiyyətli insan bir-biri ilə yola gedə bilməz? Onda gəlin iki həvarinin nümunəsinə baxaq. Başlayaq Butrusdan. Yəqin onun adını eşidəndə xəyalınızda çılğın və ağlından keçəni dərhal dilə gətirən insan canlanır. Bəs həvari Yəhya barədə nə deyərdiniz? Ola bilsin, o, sizin yaddaşınıza mehriban xasiyyətli, danışığını, oturuşunu-duruşunu bilən insan kimi həkk olunub. Göründüyü kimi, bu həvarilər bir-birindən çox fərqlənirdilər. Bununla belə onlar çox gözəl əməkdaş idilər (Həv. 8:14; Qal. 2:9). Bu gün də tam fərqli xasiyyəti olan məsihilər bir-birinə gözəl əməkdaş ola bilər.
Ola bilsin, yığıncağınızda hansısa bacının, yaxud qardaşın danışığı və ya hərəkəti sizi qıcıqlandırır. Amma unutmayın ki, İsa Məsih bu insanın da uğrunda canını qurban verib və siz onu sevməlisiniz (Yəh. 13:34, 35; Rom. 5:6—8). Buna görə də «onunla heç vaxt dost olmaram» deməkdənsə və ondan qaçmaqdansa özünüzə sual verin: «Onun hərəkəti Müqəddəs Kitabın hansısa qanununu pozur? O bu hərəkəti qəsdən, mənim kefimi pozmaq üçün edir? Yoxsa problem, sadəcə, bizim fərqli insan olmağımızdadır?» Və ən əsas sual: «Ondakı hansı xüsusiyyəti özümdə görmək istəyərdim?»
Sonuncu sual çox böyük əhəmiyyət daşıyır. Belə ki, əgər sizi qıcıqlandıran dindaşınız ünsiyyətcil, siz isə sakit təbiətli insansınızsa, onunla birgə xidmətə çıxa və ondan nə isə öyrənə bilərsiniz. Ola bilsin, o, sizinlə müqayisədə daha səxavətlidir. Ondan nümunə götürüb yaşlılara, xəstələrə, ehtiyacı olanlara səxavət göstərməyin gətirdiyi sevinci dadın. Xülasə, bacı-qardaşlarla fərqli xasiyyətdə olsaq da, onların gözəl xüsusiyyətlərinə fikir versək, onlarla yaxşı münasibət qura bilərik. Düzdür, bəlkə də siz xasiyyətcə sizdən tamamilə fərqlənən insanla canbir-qəlb dost olmayacaqsınız, amma bu addımları atsanız, ən azından, həm ikinizin arasında, həm də bütün yığıncaqda sülh olacaq.
Yəqin birinci əsrdə yaşamış Evodiya və Sintixi də fərqli xasiyyətli insanlar olublar. Bununla belə, Bulus onlara məsləhət görmüşdü ki, «Rəbbə xidmətdə həmfikir olsunlar» (Filip. 4:2). Biz də istəyirik ki, Yehova Allaha bacı-qardaşlarla çiyin-çiyinə ibadət edək və yığıncaqda birliyi qoruyaq.
MÜBAHİSƏLƏRƏ SON QOYUN
Gül bağçasında bitən otlar vaxtaşırı təmizlənməzsə, bağçanı ot-ələf basar. Qəlbimizi də insanlara bəslədiyimiz mənfi hisslərdən təmizləməsək, onlar alaq otu kimi günü-gündən artacaq. Qəlbimizdə dolub-daşan mənfi hisslər nəhayətdə yığıncağın birliyi üçün təhlükə ola bilər. Yehova Allahı və bacı-qardaşlarımızı, doğrudan da, seviriksə, var gücümüzlə çalışacağıq ki, yığıncaqdakı mehribançılığa zərər vurmayaq.
Bacı-qardaşlarla aramızda yaranan mübahisələri həll etməyə çalışsaq, özümüzün də gözləmədiyimiz nəticəni əldə edə bilərik. Bunu bir bacının nümunəsindən görmək olar. O deyir: «Mənə elə gəlirdi ki, bir bacı mənimlə uşaq kimi rəftar edir. Bu məni özümdən çıxarırdı. Günü-gündən ona hirsim artırdı. Nəticədə mən onunla kobud danışmağa başladım. Öz-özümə düşünürdüm “əgər o, mənə hörmət etmirsə, mən nəyə görə ona hörmət etməliyəm?”»
Amma sonralar bu bacı öz davranışı barədə düşünməyə başladı. O deyir: «Görürdüm ki, mənəviyyatım korlanır və buna görə özümdən zəhləm gedirdi. Başa düşürdüm ki, düşüncə tərzimi dəyişməliyəm. Bu barədə Yehovaya dua etdim. Sonra balaca hədiyyə aldım və bir açıqca yazıb bacıdan davranışıma görə üzr istədim. Biz qucaqlaşıb barışdıq və söz verdik ki, olub-keçəni unudacağıq. O gündən bu yana aramızda bir dəfə də olsun problem yaranmayıb».
Hamı istəyir ki, insanlarla arasında sülh və mehribançılıq olsun. Amma bəzi insanlar özlərinə qarşı hörmətsizlik görəndə və ya kimsə onların şəninə toxunanda bunu unudurlar, heç də sülhpərvər insan kimi davranmırlar. Bu hal, əsasən, Yehovaya ibadət etməyən insanlar arasında baş verir. Yehova isə xidmətçilərini sülhə və həmrəy olmağa səsləyir. Allahın ilhamı ilə həvari Bulus yazmışdı: «Sizə yalvarıram: aldığınız dəvətə layiq yaşayın. Tam təvazökarlıq, mülayimlik, səbir və məhəbbətlə bir-birinizə qarşı dözümlü olub sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa ürəkdən çalışın» (Efes. 4:1—3). Məsihilər arasındakı «sülhün birləşdirici telləri» çox dəyərlidir. Odur ki, gəlin bu telləri möhkəmləndirək və aramızda yaranan bütün anlaşılmazlıqları həll etmək üçün var gücümüzlə çalışaq.