Qoy heç nə bizi mükafatdan məhrum etməsin
«Qoy... heç bir adam sizi mükafatdan məhrum etməsin» (KOL. 2:18).
1, 2. a) Allahın qulları hansı mükafatın arzusu ilə yaşayırlar? b) Gözümüzü mükafatdan ayırmamağa bizə nə kömək edə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)
HƏVARİ BULUS «Allahın... göylər dəvəti mükafatın»ı almaq arzusu ilə yaşayırdı. Müasir dövrdə də məsh edilmiş məsihilər eyni arzu ilə yaşayırlar (Filip. 3:14). Onlara İsa Məsihlə səmavi Padşahlıqda hakimiyyət şəriki olmaq, bəşəriyyəti günahdan azad etmək kimi müqayisəyəgəlməz şərəf nəsib olub (Vəhy 20:6). Qalan məsihiləri qarşıda başqa mükafat gözləyir — Cənnət həyatı və əbədilik (2 But. 3:13).
2 Birinci əsrdəki məsh edilmişlər gözlərini mükafatdan ayırmasınlar deyə, həvari Bulus onları çağırırdı: «Həmişə səmavi şeylər haqqında düşünün» (Kol. 3:2). Yəni onlar göydə mükafat almaq ümidini fikirlərində daima parlaq saxlamalı idilər (Kol. 1:4, 5). Bu nəsihət Cənnət ümidi ilə yaşayan məsihilərə də şamil edilə bilər. Alacağımız nemətlər barədə düşünmək bizə iman yolunda gözümüzü mükafatdan ayırmayaraq addımlamağa kömək edəcək (1 Kor. 9:24).
3. Həvari Bulus dindaşlarını hansı təhlükədən xəbərdar etmişdi?
3 Həvari Bulus dindaşlarını həmçinin xəbərdar etmişdi ki, onları mükafatdan məhrum edə biləcək ünsürlər də var. Məsələn, o, Kolosdakı yığıncağı saxta məsihilərdən ehtiyat etməyə səsləyirdi. Bu adamlar Məsihə imanı bir kənara qoyub Allahın rizasını Tövrat qanunlarına əməl etməklə qazanmağa can atırdılar (Kol. 2:16—18). Bundan başqa həvari əxlaqsızlıq, dindaşlar arasındakı gərginliklər, ailə problemləri kimi günümüzdə də aktual olan bir sıra əngəldən söz açmış, bu əngəlləri aşmağın yollarını göstərmişdi. Bu maneələrin bizi mükafata aparan yoldan uzaqlaşdırmaması üçün gəlin Bulusun Koloslulara ünvanladığı məktubdakı nəsihətləri təhlil edək.
ƏXLAQSIZ ARZULARI ÖLDÜRÜN
4. Əxlaqsız arzular nəyə gətirib çıxara bilər?
4 Həvari Bulus iman qardaşlarına şərik olduqları misilsiz ümidi xatırladıb demişdi: «Buna görə də yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Kol. 3:5). Əxlaqsız arzuların tovlayıcı təsiri elə güclüdür ki, məsihini ruhani nemətlərdən məhrum edə bilər. Əxlaqsız arzuların dalınca düşməyin acı nəticələrini dadmış bir qardaş yığıncağa qayıdandan sonra demişdi: «Arzularım ağlımı başımdan almışdı. Ayılanda artıq iş-işdən keçmişdi».
5. Özümüzü təhlükəli vəziyyətlərdən necə qoruya bilərik?
5 İlk növbədə əxlaqsızlığa sövq edə biləcək vəziyyətlərdə ehtiyatlı olmaq tələb olunur. Məsələn, qızla oğlan görüşəndə fiziki təmas, öpüşmək, təklikdə qalmaq kimi məsələlərdə lap əvvəldən konkret sərhəd qoysalar, müdrik hərəkət etmiş olarlar (Məs. 22:3). Ezamiyyətə getmək, qarşı cinsin nümayəndəsi ilə işləmək kimi hallar da özündə potensial təhlükə daşıya bilər (Məs. 2:10—12, 16). Belə vəziyyətlərdə yaxşı olardı ki, bəri başdan Yehovanın Şahidi olduğumuzu bildirək, özümüzü əks cinslə ağır aparaq və yadda saxlayaq ki, flirt kimi artıq-əskik hərəkətlərin axırı pis qurtara bilər. Depressiya və tənhalıq hissi də ehtiyatlı olmağı tələb edən vəziyyətlərdəndir, çünki belə hallarda insan ona təsəlli verən adam axtarır. Hərdən bu emosional tələbat o dərəcədə güclü olur ki, insan istənilən adamın göstərdiyi diqqətə qarşılıq verə bilər. Bu isə çox təhlükəlidir, çünki bizi mükafatdan məhrum edə bilər. Buna görə də ən yaxşısı köməyi Yehova Allahda və Onun xalqında axtarmaqdır. (Zəbur 34:18; Məsəllər 13:20 ayələrini oxuyun.)
6. Əyləncə seçərkən nəyi yadda saxlamalıyıq?
6 Əxlaqsız arzuları öldürmək üçün əxlaqsız əyləncələrdən uzaq durmalıyıq. Bugünkü əyləncə sənayesi qədim Sədum və Əmurə şəhərləri kimi əxlaqsızlıqla doludur (Yhd. 7). Bu işin başında duranlar əxlaqsızlığı normal, zərərsiz bir şey kimi qələmə verirlər. Odur ki, çox ehtiyatlı olmalıyıq, əyləncə dünyasının istehsal etdiyi hər şeyi qəbul etməməliyik. Elə əyləncə seçməliyik ki, gözümüzü mükafatdan ayırmasın (Məs. 4:23).
MƏHƏBBƏTİ VƏ XEYİRXAHLIĞI «GEYİNİN»
7. Yığıncaqda hansı problemlərlə üzləşə bilərik?
7 Söz yox ki, hamımız məsihi yığıncağının üzvü olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik. Görüşlərdə Müqəddəs Kitabı öyrənmək, bir-birimizə məhəbbət və xeyirxahlıq göstərmək bizə gözümüzü mükafatda saxlamağa kömək edir. Amma hərdən aramızda anlaşılmazlıqlar yaranır, bu isə münasibətlərdə gərginliyə səbəb ola bilər. Əgər bu problemləri vaxtında həll etməsək, qəlbimizdə kin-küdurət yuva salar. (1 Butrus 3:8, 9 ayələrini oxuyun.)
8, 9. a) Hansı xüsusiyyətlər bizə mükafatı almağa kömək edə bilər? b) Dindaşımız xətrimizə dəyəndə münasibəti pozmamağa bizə nə kömək edə bilər?
8 Kin-küdurət də bizi mükafatdan məhrum edə bilər. Bəs bunun qarşısını necə ala bilərik? Həvari Bulusun Kolosdakı məsihilərə yazdığı məsləhət karımıza gələr: «Allahın seçilmişləri, müqəddəs və sevimli bəndələri kimi şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin. Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız. Bütün bunlardan ziyadə, məhəbbətə bürünün, çünki məhəbbət insanlar arasında kamil birlik yaradır» (Kol. 3:12—14).
9 Əgər bizdə məhəbbət və xeyirxahlıq kimi ülvi xüsusiyyətlər varsa, bir-birimizi bağışlamaq asan olacaq. Misal üçün, əgər bir dindaşımız sözləri, ya hərəkətləri ilə xətrimizə dəyibsə, yadımıza sala bilərik ki, nə vaxtsa biz də kimisə incitmişik. Məgər həmin adam bizə məhəbbət və xeyirxahlıq göstərib səhvimizdən keçəndə sevinmirdik?! (Vaiz 7:21, 22 ayələrini oxuyun.) Məsih bizə xeyirxahlıq göstərib bizi bir dində birləşdirib (Kol. 3:15). Hamımız eyni Allaha ibadət edir, eyni müjdəni təbliğ edir və eyni sınaqlarla üzləşirik. Buna görə də gəlin bacı-qardaşlara xeyirxahlıq, məhəbbət göstərib onları bağışlayaq ki, bu birliyi qoruya və gözümüzü mükafatda saxlaya bilək.
10, 11. a) Kiminsə paxıllığını çəkmək nəyə görə təhlükəlidir? b) Paxıllıq mükafata aparan yolda bizə necə əngəl ola bilər?
10 Müqəddəs Kitabda yazılmış ibrətamiz nümunələr göstərir ki, paxıllıq bizə mükafata aparan yolda maneə ola bilər. Misal üçün, Qabilin qardaşı Habili öldürməyinə paxıllıq səbəb olmuşdu. Qarun, Datan, Abiram Musa peyğəmbərin paxıllığını çəkdikləri üçün ona qarşı qalxmışdılar. Talut padşah Davudun uğurlarına paxıllıq edib onu öldürmək istəyirdi. Buna görədir ki, Allahın Kəlamında deyilir: «Paxıllıq və höcət olan yerdə qarmaqarışıqlıq və hər cür pislik hökm sürür» (Yaq. 3:16).
11 Qəlbimizdə məhəbbət və xeyirxahlıq yuva qursa, orada paxıllığa yer qalmayacaq. Müqəddəs Kitabda deyilir: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil» (1 Kor. 13:4). Paxıllığın qəlbimizdə kök atmaması üçün biz hər şeyə Yehovanın gözü ilə baxmalı, yəni bacı-qardaşlara bir bədənin üzvü kimi yanaşmalıyıq. Müqəddəs Kitabda yazılan növbəti məsləhət bizə bu işdə kömək edəcək: «Əgər bir üzv şərəfə yetişirsə, onunla birlikdə bütün üzvlər də sevinir» (1 Kor. 12:16—18, 26). Beləcə, dindaşlarımızın əldə etdiyi nemətlərə paxıllıq etməyəcək, onların sevincinə şərik olacağıq. Gəlin Talut padşahın oğlu Yonatanın nümunəsinə baxaq. Yonatan biləndə ki, Davud onun yerinə taxta çıxacaq onun paxıllığını çəkmədi, əksinə onu ruhlandırdı (1 İşm. 23:16—18). Gəlin biz də Yonatan kimi dindaşlarımıza məhəbbət və xeyirxahlıq göstərək.
MÜKAFATI AİLƏLİKCƏ QAZANIN
12. Müqəddəs Kitabdakı hansı məsləhətə riayət etmək ailəlikcə mükafatı qazanmağa kömək edə bilər?
12 Əgər ailənin hər bir üzvü Müqəddəs Kitabdakı məsləhətlərə əməl edərsə, ailədə həm sülh və xoşbəxtlik olar, həm də Yehovadan ailəlikcə mükafat alarlar. Həvari Bulus ailələrə məsləhət vermişdi: «Ey qadınlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun. Ey ərlər, arvadlarınızı həmişə sevin və onlarla sərt davranmayın. Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir. Ey atalar, uşaqlarınızı qəzəbləndirməyin, yoxsa onlar ruhdan düşərlər» (Kol. 3:18—21). Şübhəsiz, ailənin hər bir üzvünün bu məsləhətləri tətbiq etməsi ailəyə fayda gətirəcək.
13. Məsihi qadın dininə şərik olmayan həyat yoldaşını necə «fəth» edə bilər?
13 Bəs əgər əriniz məsihi deyilsə və sizinlə yaxşı rəftar etmirsə, onda necə? Onun sizinlə rəftarını mübahisəyə çevirib məsələni şişirtməyə dəyərmi? Ola bilsin, mübahisədə qalib gəlib həyat yoldaşınıza istədiyinizi elətdirəcəksiniz. Amma bu, onu fəth edib həqiqətə gətirməyə kömək edəcəkmi? Çox ehtimal ki, yox. Lakin ərinizə bir ailə başçısı kimi hörmət qoysanız, ailənizin mehribançılığına səbəb olar, Allaha şərəf gətirər, hətta yoldaşınızı Yehovaya ibadətə təşviq edə bilərsiniz. Beləcə, həqiqət yolunda qoşa addımlayıb mükafatı birlikdə qazanarsınız. (1 Butrus 3:1, 2 ayələrini oxuyun.)
14. Qardaşın dininə şərik olmayan arvadı ona hörmət etmirsə, o necə davranmalıdır?
14 İndi isə sualımız arvadı Yehovanın yolunda olmayan qardaşlaradır. Yoldaşınız sizə hörmət etmirsə, necə davranmalısınız? Bəlkə də, düşünürsünüz ki, səsinizi qaldırmaq, ailədə kimin başçı olduğunu göstərmək lazımdır. Bəs bundan sonra o, sizə hörmət edəcəkmi? Əlbəttə ki, yox! Yehova sizdən həyat yoldaşınıza İsa Məsihdən örnək götürərək məhəbbətlə başçılıq etməyinizi gözləyir (Efes. 5:23). İsa Məsih yığıncağa məhəbbət və səbirlə başçılıq edir (Luka 9:46—48). Beləliklə, siz bu sahədə İsanı təqlid etməklə həyat yoldaşınızı Yehovanın yoluna gətirə bilərsiniz.
15. Məsihi ər həyat yoldaşını sevdiyini necə göstərməlidir?
15 Müqəddəs Kitabda deyilir: «Ey ərlər, arvadlarınızı həmişə sevin və onlarla sərt davranmayın» (Kol. 3:19). Həyat yoldaşını sevən ər arvadının fikirlərini dinləməli, onun dediklərinə hörmətlə yanaşmalıdır (1 But. 3:7). Ərin son qərarı arvadının fikrini tam əks etdirməyə də bilər, ancaq arvadı ilə məsləhətləşmək ona daha yaxşı qərar verməkdə həmişə kömək edəcək (Məs. 15:22). Həyat yoldaşını sevən ər arvadından hörməti tələb etmir, əksinə, qazanmağa çalışır. Həyat yoldaşına və övladlarına sevgi bəsləmək məsihi ərin öz ailəsinin xoşbəxtliyinə verə biləcəyi ən böyük töhfələrdəndir. Çox ehtimal ki, belə ailə Yehovaya sevə-sevə xidmət edəcək. Bu cür ailələri isə qarşıda həyat mükafatı gözləyir.
GƏNCLƏR, QOY HEÇ NƏ SİZİ MÜKAFATDAN MƏHRUM ETMƏSİN!
16, 17. Gənclər valideynlərinin verdiyi tərbiyəyə necə yanaşmalıdırlar?
16 Bəzən gənclərə elə gələ bilər ki, valideynləri onları başa düşmür, onları daim çərçivədə saxlamağa çalışır. Bu, onlarda Yehova Allaha ibadətə qarşı soyuqluq yarada bilər. Gənclər, bilin ki, əgər siz Yehovadan dönsəniz, tezliklə görəcəksiniz ki, dünyada heç kim sizi valideynlərinizdən və yığıncaqdakı dostlarınızdan çox sevə bilməz.
17 Əgər valideynləriniz səhvlərinizi heç vaxt düzəltməsəydi, onların sizi sevdiyini demək olardımı? Əlbəttə yox (İbr. 12:8). Ola bilsin, sizi məyus edən tərbiyənin verilmə tərzidir. Amma çalışın tərbiyənin verilmə tərzinə yox, onun hansı səbəblə verildiyinə fikrinizi cəmləyəsiniz. Özünüzü ələ alın və məzəmmətə kəskin reaksiya verməyin. Müqəddəs Kitabda deyilir: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məs. 17:27). Qarşınıza məqsəd qoyun ki, verilmə tərzindən asılı olmayaraq məzəmməti yetkin insan kimi, təmkinlə qəbul edəsiniz (Məs. 1:8). Unutmayın ki, Yehovanın yolunda addımlayan, sizi həyat mükafatına doğru yönəldən valideynlər sizin üçün ən böyük hədiyyədir.
18. Nə üçün gözümüzü mükafatdan ayırmamalıyıq?
18 İstər göydə, istərsə də yerdə əbədi yaşamaq olsun, hər biri misilsiz mükafatdır. Bizim ümidimiz möhkəm əsaslara söykənir, çünki onu bizə bəxş edən Yaradanın Özüdür. O, gələcək Cənnət haqqında deyir: «Dünya başdan-başa Yehova barədə biliklə dolacaq» (Əşy. 11:9). Bəli, Cənnətdə ancaq Yehovadan elm almış kəslər olacaq. Məgər belə həyat əsl can atılası mükafat deyil?! Odur ki, gəlin bütün diqqətimizi Yehovanın vədlərinə cəmləyək və heç nəyin bizi mükafatdan məhrum etməsinə yol verməyək.