Gənclər, İblisin hiylələrinə sinə gərin
«İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları əyninizə geyinin» (EFES. 6:11).
1, 2. a) Gənclər şər ruhi qüvvələrə qarşı döyüşdə nəyin sayəsində qalib gəlirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Biz nəyi araşdıracağıq?
HƏVARİ BULUS məsihiləri əlbəyaxa döyüşən əsgərlərlə müqayisə etmişdi. Söhbət ruhani döyüşdən getsə də, düşmənlərimiz realdır. İblis və onun cinləri uzun illərin təcrübəli döyüşçüləridir. İlk baxışdan adama elə gələ bilər ki, bu düşmənləri yenmək müşkül məsələdir, xüsusilə də, gənclər üçün. Bəs gənclər bu cür güclü şər qüvvələrə qalib gələ bilərmi? Bəli, onlar bu döyüşdə qalib gələ bilərlər və gəlirlər də! Nəyin sayəsində? «Rəbdən və Onun gücünün əzəmətindən qüvvət» almağın sayəsində. Bundan əlavə, döyüşə hazır olmaq üçün gənclər yaxşı təlim keçmiş əsgər kimi, «Allahın verdiyi bütün yaraqları» geyinirlər. (Efeslilərə 6:10—12 ayələrini oxuyun.)
2 Bulus çəkdiyi bu nümunədə, çox güman ki, Roma əsgərlərinin hərbi geyimini nəzərdə tutmuşdu (Həv. 28:16). Gəlin araşdıraq görək Bulusun çəkdiyi bu nümunə nə üçün yerində idi. Məqalə boyu diqqət yetirin ki, bəzi gənclər bu ruhani yaraqları geyinməyin çətinliyi və faydası barədə nələr söyləyirlər.
«HƏQİQƏT QURŞAĞI»
3, 4. Hansı mənada Müqəddəs Kitabdakı həqiqəti Roma əsgərlərinin qurşağına bənzətmək olar?
3 Efeslilərə 6:14 ayəsini oxuyun. Roma əsgərinin taxdığı qurşağın üzərindəki metal lövhəciklər onun belini qoruyurdu. Qurşaq həmçinin əsgərin geyindiyi ağır zirehi bərk saxlayırdı. Bəzi qurşaqların üzərində qılınc və xəncər taxmaq üçün bərk tutacaqlar da olurdu. Möhkəm bərkidilmiş qurşaq sayəsində əsgər döyüşdə özünü inamlı hiss edirdi.
4 Eynilə də, Allahın Kəlamından öyrəndiyimiz həqiqətlər bizi yalan təlimlərin vurduğu ruhani zərərdən müdafiə edir (Yəh. 8:31, 32; 1 Yəh. 4:1). İlahi həqiqətləri nə qədər çox sevsək, zirehimizi daşımaq, yəni Allahın adil qanunlarına əməl etmək bir o qədər asan olacaq (Zəb. 111:7, 8; 1 Yəh. 5:3). Bundan əlavə, Müqəddəs Kitabdakı həqiqətləri yaxşı bilsək, mövqeyimizdə möhkəm qalıb, bu həqiqətləri müdafiə edə biləcəyik (1 But. 3:15).
5. Nə üçün həqiqəti söyləməliyik?
5 Müqəddəs Kitab həqiqəti qurşaqtək bizə sıx bağlı olmalıdır ki, həqiqətə uyğun yaşayaq və hər zaman həqiqəti söyləyək. Nə üçün yalan danışmamalıyıq? Ona görə ki, yalan Şeytanın ən effektiv silahlarından biridir. Yalan onu danışana da, ona inana da xətər yetirir (Yəh. 8:44). Buna görə də kamil olmasaq da, çalışmalıyıq ki, heç vaxt yalan danışmayaq (Efes. 4:25). Lakin bu, bəzən çətin ola bilər. 18 yaşlı Abiqail adlı bir bacı deyir: «Bəzən həqiqəti danışmaq insana əl vermir, xüsusilə də danışacağın yalan səni çətin vəziyyətdən çıxarırsa». Bəs Abiqail nəyə görə həmişə həqiqəti danışmağa çalışır? O deyir: «Həqiqəti danışanda Yehovanın qarşısında vicdanım təmiz olur. Üstəlik, valideynlərim və dostlarım da bilir ki, mənə etibar etmək olar». 23 yaşlı Viktoriya adlı bacı isə deyir: «Həqiqəti danışanda və etiqadını müdafiə edəndə səni ələ sala bilərlər. Amma belə davranmağın xeyri böyük olur: özünə inamın artır, Yehovaya daha yaxın olursan və səni sevənlərin hörmətini qazanırsan». Doğrudan da, həqiqət qurşağını həmişə belimizdə saxlamağa dəyər.
«SALEHLİK ZİREHİ»
6, 7. Salehlik nə üçün zirehlə müqayisə edilir?
6 Birinci əsrdə Roma əsgərinin geyindiyi zireh növlərindən biri bir-birinin üstünə düşən üfüqi dəmir laylardan ibarət idi. Bədən quruluşuna uyğun əyilmiş bu laylar qarmaqlardan keçirilən dəri kəmərlərlə bir-birinə birləşdirilirdi. Zirehin çiyin hissəsi də dəri ilə bərkidilmiş dəmir laylardan ibarət idi. Bu cür geyim əsgərin hərəkətini müəyyən dərəcədə məhdudlaşdırırdı, üstəlik, o, layların yerindən oynamadığını tez-tez yoxlamalı idi. Bununla belə, zireh qılıncın, yaxud oxun əsgərin ürəyinə və ya digər orqanına saplanmasından qoruyurdu.
7 Yehovanın saleh qanunlarının zireh kimi məcazi ürəyimizi qoruduğunu göstərən necə də gözəl müqayisədir! (Məs. 4:23). Əsgər heç vaxt dəmirdən düzəldilmiş zirehi keyfiyyətsiz metaldan düzəldilmiş zirehlə əvəz etməzdi. Eynilə, biz də Yehovanın nəyin düzgün olması ilə bağlı verdiyi qanunları özümüzün düz hesab etdiyimiz qanunlarla əvəz etmək istəməzdik. Çünki ürəyimizi qoruya biləcək dərrakəyə sahib deyilik (Məs. 3:5, 6). Odur ki, ürəyimizi qoruyan bu zirehin yerindən oynayıb-oynamadığını daima yoxlamalıyıq.
8. Yehovanın qanunlarına bağlı qalmağımız nə üçün vacibdir?
8 Ola bilsin, hərdən Yehovanın saleh qanunlarının azadlığınızı məhdudlaşdırdığını, istədiyinizi etməyə mane olduğunu düşünürsünüz. 21 yaşlı Daniel deyir: «Müqəddəs Kitaba əsasən yaşadığım üçün müəllimlərim və uşaqlar məni ələ salırdılar. Bu səbəbdən bir müddət özümə əminliyimi itirmişdim, çox üzgün idim». Bəs Danielə bu vəziyyətin öhdəsindən gəlməyə nə kömək elədi? O deyir: «Yehovanın qanunlarına uyğun yaşamağın faydasını gördüm. Bəzi “dostlarım” narkotik qəbul etməyə başladılar, digərləri məktəbdən qovuldu. Onların həyatının bu vəziyyətə gəlib çatdığını görəndə pis olurdum. Yehova, doğrudan da, bizi qoruyur». 15 yaşlı Madison deyir: «Yehovanın qanunlarına bağlı qalmaq, həmyaşıdlarımın “super”, “əyləncəli” hesab etdiyi şeyləri dəstəkləməmək mənim üçün əsl mübarizədir». Bəs Madison belə vəziyyətlərdə necə davranır? O deyir: «Belə məqamlarda Yehovanın adını daşıdığımı və bu sınaqlar zamanı Şeytanın məni nişan aldığını yadıma salıram. Bu mübarizədə qalib gələndə özümlə qürur duyuram».
SƏNDƏLLƏR
9—11. a) Məsihilər məcazi mənada ayaqlarına nə geyinməlidirlər? b) Sülh müjdəsini daha rahat təbliğ etmək üçün nə etmək lazımdır?
9 Efeslilərə 6:15 ayəsini oxuyun. Ayaqqabısını geyinməyən Roma əsgərini döyüşə hazır hesab etmək olmazdı. Əsgərin səndələ bənzər ayaqqabısının altlığı 3 qat dəridən ibarət olduğundan möhkəm və dözümlü olurdu. Üstəlik, rahat olduğu üçün əsgər büdrəmədən hərəkət edə bilirdi.
10 Roma əsgərlərinin ayaqqabısı onları döyüşə yararlı edirdi, məsihilərin geyindiyi məcazi ayaqqabı isə onlara sülh müjdəsini bəyan etməyə kömək edir (Əşy. 52:7; Rom. 10:15). Bununla belə, müjdəni təbliğ etmək üçün bəzən cəsarət lazım gəlir. 20 yaşında olan bir qardaş deyir: «Sinif yoldaşlarıma təbliğ etməyə qorxurdum, bəlkə də, utanırdım. Amma indi geriyə baxanda düşünürəm, burada nə var idi ki?! Hal-hazırda həmyaşıdlarıma təbliğ eləməkdən sevinc duyuram».
11 Bəzi gənclər fikir veriblər ki, yaxşı hazırlaşanda xoş müjdəni təbliğ etmək daha rahat olur. Bəs siz necə hazırlıqlı ola bilərsiniz? 16 yaşlı Culia deyir: «Məktəb çantamda həmişə nəşrlərimizi gəzdirirəm. Çalışıram sinif yoldaşlarımın fikrinə, nəyə inandığına diqqətlə qulaq asım. Bunun sayəsində onlara nəyin kömək edə biləcəyini qərarlaşdıra bilirəm. Qabaqcadan hazırlıqlı olanda onlar üçün faydalı olacaq mövzular haqda danışıram». 23 yaşlı Makenzi deyir: «Adam mehriban, dinləməyi bacaran olanda həmyaşıdlarının hansı problemlərlə üzləşdiyinə dair təsəvvürü olur. Çalışıram ki, gənclər üçün olan bütün məqalələri oxuyum. Bunun sayəsində həmyaşıdlarımı Müqəddəs Kitabdakı fikirlərə və ya jw.org saytına yönəldə bilirəm». Bu gənc bacı-qardaşların sözlərindən gördüyümüz kimi, təbliğ etməyə yaxşı hazırlaşmaq ayağa rahat ayaqqabı geyinməyə bənzəyir.
«BÖYÜK İMAN QALXANI»
12, 13. Şeytanın atdığı «alovlu oxlardan» bəzilərini sadalayın.
12 Efeslilərə 6:16 ayəsini oxuyun. Roma əsgərinin əlində tutduğu qalxan düzbucaqlı formasında idi və onu çiynindən dizinə qədər örtürdü. Qalxan əsgəri silah zərbələrindən və ona tuşlanan oxlardan qoruyurdu.
13 Şeytan da «alovlu oxlar» atır. Ola bilsin, o, sizə Yehova haqda yalan oxları ataraq inandırmağa çalışır ki, Yehova sizi sevmir və siz heç kim üçün maraqlı deyilsiniz. 19 yaşlı İda bu cür fikirlərlə mübarizə aparır. O bölüşür: «Tez-tez mənə elə gəlir ki, Yehova məndən uzaqdır və mənim kimisinin dostu olmaq istəməz». Bəs o, Şeytanın bu hücumlarına necə qarşı dura bilir? O deyir: «İbadət görüşləri imanımı çox möhkəmləndirir. Əvvəllər ancaq yerimdə əyləşər və heç bir şərh verməzdim. Düşünürdüm, dediklərim kimin nəyinə lazımdır ki?! Amma indi mən yığıncaq görüşlərinə qabaqcadan hazırlaşıb gəlirəm və çalışıram, heç olmasa, iki-üç dəfə şərh verim. Düzdür, bu çətindir, amma şərh verəndən sonra özümü daha yaxşı hiss edirəm. Bacı qardaşlar da o qədər mehribandırlar ki! Hər dəfə yığıncaqdan qayıdanda Yehovanın məni sevdiyinə dair daxilimdə əminlik olur».
14. İdanın hadisəsi hansı həqiqəti vurğulayır?
14 İdanın hadisəsindən vacib bir şey öyrənirik: əsgərin qalxanının konkret ölçüləri olurdu. Bizim iman qalxanımızın ölçüləri isə ya kiçilə, ya da böyüyə bilər. Bu, bizdən asılıdır (Mət. 14:31; 2 Salon. 1:3). Odur ki, imanımızı artırmaq və möhkəmləndirmək olduqca vacibdir!
«XİLAS DƏBİLQƏSİ»
15, 16. «Xilas dəbilqəsi» deyiləndə nə nəzərdə tutulur?
15 Efeslilərə 6:17 ayəsini oxuyun. Roma piyadasının taxdığı dəbilqə onu başına, boynuna və üzünə tuşlanan zərbələrdən qoruyurdu. Bəzi dəbilqələrin tutacağı var idi, belə ki, əsgər onu əlində daşıya bilərdi.
16 Dəbilqə əsgərin başını qoruduğu kimi, «xilas ümidi» də bizim düşüncəmizi qoruyur (1 Salon. 5:8; Məs. 3:21). Ümid bizə diqqətimizi Yehovanın vədlərinə cəmləməyə və problemlərə düzgün yanaşmağa kömək edir (Zəb. 27:1, 14; Həv. 24:15). Amma «dəbilqəmizin» bizi qorumasını istəyiriksə, onu əlimizdə yox, başımızda gəzdirməliyik.
17, 18. a) Şeytan hansı üsullarla dəbilqəni başımızdan çıxarmağa sövq edir? b) Şeytanın yalanlarına uymadığımız nədən görünəcək?
17 Şeytan hansı üsullarla dəbilqəni başımızdan çıxarmağa sövq edir? Onun İsa Məsihi nəyə sövq etdiyi haqda düşünün. Şeytan bilirdi ki, İsa Məsihin gələcəkdə bütün bəşəriyyəti idarə etmək ümidi var. Lakin İsa Məsih Yehovanın təyin etdiyi vaxta qədər gözləməli, ondan öncə isə əzab çəkib ölməli idi. Odur ki, Şeytan İsaya ümidini tez gerçəkləşdirmək şansı verir. O deyir ki, İsa Məsih diz çöküb ona səcdə etsə, hakimiyyəti o andaca ona verəcək (Luka 4:5—7). Buna bənzər şəkildə, Şeytan bilir ki, Yehova bizə yeni dünyada bol-bol nemətlər bəxş edəcək. Bunu əldə etmək üçün bizə gözləmək və ola bilsin, bəzi çətinliklərə qatlaşmaq lazımdır. Buna görə də Şeytan bizə belə bir həyatı indi təklif edir. O istəyir ki, biz maddi şeylərə üstünlük verib hər şeyə indi sahib olmağa can ataq. O, Allahın Padşahlığını ikinci plana atmağımızı istəyir (Mət. 6:31—33).
18 Bir çox gənc bu yalanlara aldanmır. Məsələn, 20 yaşı olan Kiyana deyir: «Bilirəm ki, yalnız Allahın Padşahlığı bütün problemləri həll edəcək». Bəs bu möhkəm ümid onun düşüncəsinə və hərəkətlərinə necə təsir edir? O deyir: «Cənnətə olan ümidim dünyəvi məqsədlərə real baxmağa kömək edir. Mən istedadımın dalınca gedib yaxşı pul qazanmaq, bütün bacarığımı karyera qurmağa sərf etmək istəmirəm. Əksinə, bütün gücümü və vaxtımı ruhani məqsədlərə sərf edirəm».
«RUHUN QILINCI, YƏNİ ALLAHIN SÖZÜ»
19, 20. Allahın Kəlamından məharətlə istifadə etməyi necə öyrənə bilərik?
19 Bulus efeslilərə məktubunu yazan dövrdə Roma piyadalarının istifadə etdiyi qılıncın uzunluğu 50 santimetr idi. Roma əsgərlərinin qılıncdan yaxşı istifadə etməsinin sirri hər gün məşq etmək idi.
20 Bulus Allahın Kəlamını qılıncla müqayisə edir. Biz ondan məharətlə istifadə etməyi öyrənməliyik ki, etiqadımızı müdafiə edə bilək və düşüncə tərzimizdə düzəliş edək (2 Kor. 10:4, 5; 2 Tim. 2:15). Bəs siz bu sahədə necə təkmilləşə bilərsiniz? 25 yaşlı Sebastiyan deyir: «Mən Müqəddəs Kitabı oxuduqca hər fəsildən bir ayəni dəftərə yazıram. Beləcə, sevimli ayələrimdən ibarət siyahı tərtib edirəm. Bu yolla Yehovanın baxışını daha yaxşı qavrayıram». Yuxarıda adı çəkilən Daniel deyir: «Müqəddəs Kitabı oxuyanda təbliğdə qarşılaşacağım insanlara kömək edəcək ayələr seçirəm. Bir şeyə fikir vermişəm. İnsanlar görəndə ki, Müqəddəs Kitab haqda şövqlə danışırsan və onlara kömək etməyə çalışırsan, daha yaxşı dinləyirlər».
21. Nə üçün Şeytandan və onun cinlərindən qorxmaq lazım deyil?
21 Bu məqalədə adı çəkilən gənclərin nümunəsindən görmək olar ki, Şeytandan və onun cinlərindən qorxmaq lazım deyil. Onlar güclü olsalar da, yenilməz deyillər. Üstəlik, onların ömrünə az qalıb. Çox tezliklə İsa Məsihin minillik hakimiyyəti zamanı onlar fəaliyyətsizlik vəziyyətinə gətiriləcək, sonra isə birdəfəlik məhv ediləcəklər (Vəhy 20:1—3, 7—10). Biz düşmənimizi yaxşı tanıyırıq. Onun fəndlərinə və niyyətinə bələdik. Yehova Allahın köməyi ilə düşmənimizin hiylələrinə sinə gərə bilərik!