BİOQRAFİYA
«Biz gedərik! Bizi göndər!»
YEHOVAYA daha çox xidmət etmək üçün təbliğçilərə tələbat olan əraziyə köçmək barədə düşünürsünüz? Əgər belədirsə, Berqamlar ailəsinin təcrübəsindən yararlana bilərsiniz.
Jak və Marilin 1988-ci ildən bəri tamvaxtlı xidmətdədirlər. Müxtəlif vəziyyətlərə uyğunlaşmağı bacaran bu ər-arvad Qvadelupa və Fransa Qvianasında bir çox təyinatlarda xidmət ediblər. Bu iki ərazi hal-hazırda Fransa filialının nəzdindədir. Gəlin onlardan müsahibə götürək.
Tamvaxtlı xidmətə başlamağa sizi nə təşviq edib?
Marilin: Uşaqlığım Qvadelupada keçib. Tez-tez anamla səhərdən axşama kimi təbliğ edirdik. Anam xidmətdə çox fəal idi. İnsanları sevirəm, buna görə də 1985-ci ildə məktəbi bitirər-bitirməz öncül xidmətinə başladım.
Jak: Gənclik illərim təbliğ etməyi sevən tamvaxtlı xidmətçilərin arasında keçib. Məktəb tətillərində köməkçi öncül kimi xidmət edirdim. Bəzən həftəsonları avtobusla öncül bacı-qardaşların xidmət etdiyi əraziyə yollanırdıq. Bütün günü təbliğ edib, sonra da çimərliyə üz tuturduq. Çox gözəl günlər idi!
Marilinlə ailə qurandan qısa müddət sonra, 1988-ci ildə öz-özümə dedim: «Üzərimizdə heç bir öhdəçilik yoxdur, niyə də daha çox xidmət etməyək?» Mən də Marilinə qoşulub öncüllüyə başladım. Bir il sonra öncül məktəbini keçdik və xüsusi öncül təyin olunduq. Qvadelupada bir neçə təyinatda xidmət etdikdən sonra bizə Fransa Qvianasına köçməyi təklif etdilər.
İllər ərzində təyinatlarınız tez-tez dəyişib. Müxtəlif vəziyyətlərə uyğunlaşmağa sizə nə kömək edib?
Marilin: Fransa Qvianasındakı Beyteldə xidmət edən qardaşlar bilirdilər ki, Əşiya 6:8 ayəsi sevimli ayəmizdir. Ona görə də çox vaxt bizə zəng edəndə zarafatyana soruşurdular: «Sevimli ayəniz yadınızdadır?» O saat başa düşürdük ki, təyinatımız dəyişiləcək. Biz də deyirdik: «Biz gədərik! Bizi göndər!»
Çalışırıq yeni təyinatımızı keçmiş təyinatlarımızla müqayisə etməyək, yoxsa xidmətdən sevinc duya bilmərik. Həmçinin bacı-qardaşları yaxından tanımağa, onlarla dost olmağa çalışırıq.
Jak: Bəzən dostlarımız bizi dilə tuturdular ki, başqa əraziyə köçməyək, onların yanında qalaq. Lakin Qvadelupadan köçəndə bir qardaş İsa Məsihin Mətta 13:38 ayəsindəki sözlərini yadımıza saldı: «Tarla dünyadır». Odur ki, təyinatımız dəyişəndə özümüzə xatırladırıq ki, hara köçməyimizdən asılı olmayaraq, eyni «tarlada» xidmət edirik. Əsas ərazi və insanlar olsun!
Hər dəfə yeni əraziyə köçəndə görürük ki, yerli əhali özünə görə xoşbəxt yaşayır. Odur ki, biz də onlar kimi yaşamağa çalışırıq. Hərdən yeməkləri bizimkindən fərqlənir, amma biz də onların yediyini yeyir, içdiyini içirik, təbii ki, bəzi gigiyena qaydalarını nəzərə alaraq. Həmişə çalışırıq ki, bütün təyinatlarımız barədə müsbət danışaq.
Marilin: Yerli bacı-qardaşlardan da çox şey öyrənirik. Fransa Qvianasına ilk gəlişimiz yadımdadır. Güclü yağış yağırdı. Düşünürdüm ki, yağış kəsəndən sonra xidmətə çıxarıq. Amma bacı mənə dedi: «Getdik?» Təəccüblə soruşdum: «Necə?» O dedi: «Çətirini götür, velosipedlə gedirik». Beləcə, bir əlimdə çətirlə velosiped sürməyi öyrəndim. Bunu öyrənməsəydim, yağış mövsümündə heç vaxt təbliğ edə bilməzdim!
Təxminən 15 dəfə köçmüsünüz. Köçməklə bağlı başqalarına hansı məsləhəti verərdiniz?
Marilin: Köçmək asan deyil. Qalmağa elə yer tapmalısan ki, xidmətdən qayıdanda özünü evindəki kimi hiss edə biləsən.
Jak: Hansı evə köçürüksə divarları boyayıram. Bəzən filialdakı qardaşlar yeni ərazidə çox qalmayacağımızı biləndə zarafatyana deyirlər: «Jak, bu dəfə özünü əziyyətə salıb divarları boyama!»
Marilin qablaşdırma işində peşəkardır! O, hər şeyi qutulara qoyub üstündə «vanna otağı», «yataq otağı», «mətbəx» və bu kimi yazılar yapışdırır. Beləcə, yeni evə çatanda asanlıqla qutuları lazımi otaqlara yerləşdiririk. O, hər qutunun içinə nə qoyduğunu siyahıya alır və nə isə lazım olanda tez tapırıq.
Marilin: Nizamlı olmağı öyrənmişik, buna görə də dərhal xidmətə başlaya bilirik.
Xidmətinizi tam yerinə yetirə bilmək üçün vaxtınızı necə bölüşdürürsünüz? (2 Tim. 4:5).
Marilin: Bazar ertəsi dincəlirik və yığıncaqlara hazırlaşırıq. Çərşənbə axşamından etibarən isə xidmətdə oluruq.
Jak: Düzdür, hər ay müəyyən saat norması verməliyik, amma diqqətimizi buna cəmləmirik. Təbliğ bizim üçün hər şeydən vacibdir. Evdən çıxandan qayıdana qədər rastlaşdığımız hamıya təbliğ etməyə çalışırıq.
Marilin: Misal üçün, piknikə gedəndə həmişə özümlə buklet götürürəm. Bəziləri yaxınlaşıb nəşr istəyir, halbuki onlara Yehovanın Şahidi olduğumuzu deməmişik. Buna görə də geyimimizə və davranışımıza həmişə fikir veririk. Bu şeylər insanların diqqətindən yayınmır.
Jak: Həmçinin yaxşı qonşu olmaqla da şahidlik veririk. Yerə düşən kağızları yığıb zibilə atıram, bağçadakı yarpaqları təmizləyirəm. Qonşularımız bunlara fikir verir və bəzən gəlib deyirlər: «Mənə Müqəddəs Kitab verə bilərsən?»
Ucqar ərazilərdə çox xidmət etmisiniz. Bu səfərlərdən xüsusilə yadınızda nə qalıb?
Jak: Qviananın bəzi ərazilərinə gedib çıxmaq çətindir. Çox vaxt bir həftə boyu çətin yollardan keçib 600 kilometr yol qət etməli olurduq. Amazon meşəsində Sent-Eli kəndinə səfərimiz xüsusilə yadda qalan olub. Yolsuzluq avtomobilləri və sürət qayığı ilə bir neçə saat yol getmişdik. Burada yaşayanların çoxu qızılaxtaranlar idi. Verdiyimiz nəşrlərə görə bizə kiçik qızıl parçaları ianə etmişdilər. Axşam təşkilatımızın videolarından birini göstərmişdik. Çox adam gəlmişdi.
Marilin: Jakdan bu yaxınlarda Kamopi kəndində anma mərasimi məruzəsi söyləməyi xahiş etdilər. Kamopiyə getmək üçün Oyapoki çayında motorlu qayıqla dörd saat yol getdik. Bu, möhtəşəm səfər idi.
Jak: Çayın dayaz olduğu yerlərdə axın təhlükəli ola bilər. İnandırım sizi ki, qayığın həmin yerlərə yaxınlaşdığını görmək bir başqa hissdir. Qayıqçı belə vəziyyətlərdən çıxmağı yaxşı bacarmalıdır. Bu, çox gözəl səfər idi. Orada cəmi 6 Yehovanın Şahidi olsa da, anma mərasimində iştirak edənlərin sayı təxminən 50 nəfərə çatırdı. Aralarında Amerika hindiləri də var idi!
Marilin: Yehovaya daha çox xidmət etmək istəyən gəncləri bax belə maraqlı həyat gözləyir. Belə vəziyyətlərdə Yehovaya etibar etməlisiniz, onda imanınız möhkəmlənəcək. Biz həmişə Yehovanın dəstəyini görürük.
Bir neçə dil öyrənmisiniz. Dil öyrənmək sizin üçün asandır?
Jak: Deməzdim. Bu dilləri lazım olduğu üçün öyrənmişəm. Sranan-tonqoa dilində bir dəfə də olsun Müqəddəs Kitab qiraətini etmədiyim halda, «Gözətçi qülləsi»nin müzakirəsini aparmalı idim! Görüşün axırında bir qardaşdan məni başa düşüb-düşmədiyini soruşdum. O dedi: «Bəzi sözləri başa düşmürdük, amma ümumilikdə yaxşı idi». Uşaqların böyük köməyi dəydi. Nəyisə səhv deyəndə böyüklər heç nə deməsə də, uşaqlar deyirdi. Onlardan çox şey öyrəndim.
Marilin: Bir ərazidə fransız, portuqal və sranan-tonqo dilində Müqəddəs Kitab dərsləri keçirdim. Bir bacı məsləhət gördü ki, mənə çətin gələn dildən — portuqal dilindən başlayım, yaxşı bildiyim dili isə axıra saxlayım. Bir müddət sonra bunun nə qədər ağıllı məsləhət olduğunu gördüm.
Bir gün sranan-tonqo dilində, sonra isə portuqal dilində Müqəddəs Kitab dərsi keçəcəkdim. İkinci dərsi keçməyə başlayanda bacı mənə dedi: «Marilin, deyəsən, nəsə düz getmir!» Bir də ayıldım ki, braziliyalı qadına portuqal dilinin yerinə sranan-tonqo dilində dərs keçirəm!
Getdiyiniz hər yerdə çox sevilirsiniz. Bilmək olar bacı-qardaşların məhəbbətini necə qazana bilmisiniz?
Jak: Məsəllər 11:25 ayəsində deyilir: «Səxavətli bolluğa yetişər». Vaxtımızı başqalarına sərf etməyə tərəddüd etmirik. İbadət evinin təmiri ilə bağlı bəziləri mənə demişdi: «Qoy bu işi təbliğçilər görsün». Amma mən demişdim: «Mən də bir təbliğçi. Əgər görüləsi iş varsa, mən də orada olmaq istəyirəm». Düzdür, hər birimiz bəzən özümüzə vaxt ayırmalıyıq, amma istəməzdik ki, bu, başqalarına yaxşılıq etməyimizə mane olsun.
Marilin: Bacı-qardaşlarla yaxından maraqlanmağa çalışırıq. Beləcə, kiminsə uşağına baxmaq, yaxud məktəbdən götürmək lazım gələndə xəbərimiz olur. İşimizi elə qururuq ki, kömək əli uzada bilək. Ehtiyac olan zaman əlçatan olmağımız aramızdakı münasibətləri möhkəmləndirir.
Təbliğçilərə tələbat olan ərazidə xidmət etmək sizə hansı nemətləri bəxş edib?
Jak: Tamvaxtlı xidmət həyatımızı zənginləşdirib. Çox vaxt təbiət qoynunda olur, Yehovanın yaratdıqlarından həzz alırıq. Çətinliklərimiz olsa da, ürəyimiz arxayındır. Çünki harada olmağımızdan asılı olmayaraq Yehovanın xalqının bizə dayaq olacağını bilirik.
Gənc vaxtı Fransa Qvianasında məsihi bitərəfliyimə görə həbs olunmuşdum. Heç ağlıma da gəlməzdi ki, bir gün bura xüsusi təyinatlı müjdəçi kimi qayıdaram, üstəlik, mənə dini xidmətçi kimi məhbuslarla söhbət etməyə icazə verilər. Doğrudan da, Yehova bol-bol nemətlər verir!
Marilin: Mənə ən çox sevinc bəxş edən başqalarına xidmət etməkdir. Yehovaya xidmət etdiyimizə görə çox xoşbəxtik. Bunun sayəsində bir-birimizə daha da yaxın olmuşuq. Bəzən Jak mənə ruhlanmağa ehtiyacı olan bir ailəni yeməyə dəvət etməyi təklif edir. Çox vaxt deyirəm: «Elə mən də bu haqda düşünürdüm!» Tez-tez olur ki, ikimiz də eyni şeyi fikirləşirik.
Jak: Bu yaxınlarda mənə prostat vəzi xərçəngi diaqnozu qoyulub. Marilinin xoşuna gəlməsə də, hərdən ona deyirəm: «Əzizim, düzdür, hələ qocalmamışam, amma hətta sabah ölsəm belə, həyatdan doymuş halda öləcəyəm. Çünki həyatımı ruhani işlərə, dəyərli şeylərə həsr edərək yaşamışam» (Yar. 25:8).
Marilin: Yehova qarşımızda ağlımıza belə gəlməyən qapılar açdı, təsəvvür belə etmədiyimiz işlər həvalə etdi. Həqiqətən də, həyatımız yaxşı şeylərlə zəngindir. Allaha tam bel bağlayırıq, buna görə də Onun təşkilatı bizi hara göndərsə, ora da gedəcəyik!
a Sranan-tonqo dili ingilis, Niderland, portuqal və Afrika dillərinin qarışığıdır. Afrika qullarının yaratdığı dildir.