TƏLİM MƏQALƏSİ 34
Yığıncaqda yeriniz özəldir!
«Bədən bir olduğu halda, çoxlu üzvdən ibarətdir. Bədənin çoxlu üzvü olsa da, onların hamısı bir bədəni təşkil edir. Məsihin bədəni də belədir» (1 KOR. 12:12).
NƏĞMƏ 101 Birlik içində yaşayaq
İCMALa
1. Bizə hansı şərəf nəsib olub?
YIĞINCAQDA olmaq bizim üçün böyük şərəfdir! Biz sülhpərvər və xoşbəxt insanlarla dolu ruhani cənnətdəyik. Bəs yığıncaqda sizin hansı yeriniz var?
2. Həvari Bulus bəzi məktublarında hansı bənzətməni istifadə etmişdi?
2 Həvari Bulusun istifadə etdiyi bir bənzətmədən bu haqda çox şey öyrənə bilərik. Yazdığı bəzi məktublarda o, yığıncağı insan bədəninə, yığıncaqda olan hər kəsi isə bədənin üzvlərinə bənzətmişdi (Rom. 12:4—8; 1 Kor. 12:12—27; Efes. 4:16).
3. Bu məqalədə nəyi müzakirə edəcəyik?
3 Məqalədə bu bənzətmədən hansı üç vacib dərsi öyrənəcəyimizi müzakirə edəcəyik. Birincisi, yığıncaqda hər birimizin öz yerib olduğunu, ikincisi, yığıncaqda öz yerimizi necə tapa biləcəyimizi, üçüncüsü, hər birimizin yığıncaqda öz rolunu tam şəkildə necə icra edə biləcəyini öyrənəcəyik.
YIĞINCAQDA HƏRƏMİZİN ÖZ YERİ VAR
4. Romalılara 12:4, 5 ayələrindən nə öyrənirik?
4 Həvari Bulusun istifadə etdiyi bənzətmədən ilk növbədə öyrənirik ki, Yehovanın ailəsində hər birimiz vacib rol oynayırıq. Bulus demişdi: «Necə ki bədənimizdə çox üzv var, amma bütün üzvlər eyni işi icra etmir, eləcə də biz, çox olsaq da, Məsihlə vəhdətdə bir bədən təşkil edirik, ayrı-ayrılıqda isə bir-birimizə bağlı üzvlərik» (Rom. 12:4, 5). Bulusun sözünün məğzi nə idi? Yığıncaqda hər birimizin fərqli, amma eyni zamanda dəyərli yeri var.
5. Yehova yığıncağa hansı «hədiyyələr» verib?
5 Yəqin bu haqda düşünəndə ağlınıza ilk növbədə rəhbərlik edən qardaşlar gəlir (1 Salon. 5:12; İbr. 13:17). Əlbəttə ki, Yehova İsa Məsih vasitəsilə yığıncağa «insan timsalında hədiyyələr» verib (Efes. 4:8). Bura Rəhbərlik Şurasının üzvləri, onların köməkçiləri, filial komitəsinin üzvləri, rayon nəzarətçiləri, teokratik məktəblərdə təlim verən qardaşlar, yığıncaqdakı ağsaqqallar və yığıncaq xidmətçiləri daxildir. Bütün bu qardaşlar müqəddəs ruh vasitəsilə təyin olunub, onlar Yehovanın dəyərli xidmətçilərinin qeydinə qalır və yığıncağı möhkəmləndirirlər (1 But. 5:2, 3).
6. 1 Salonikililərə 2:6—8 ayələrinə əsasən, müqəddəs ruhla təyin olunan qardaşlar nəyə çalışır?
6 Müqəddəs ruh tərəfindən təyin olunan bu qardaşların fərqli məsuliyyətləri var. Bədənin müxtəlif üzvləri, məsələn, əllər və ayaqlar bədənin faydası üçün çalışır, eynilə, müqəddəs ruh tərəfindən təyin olunan bu qardaşlar da bütün yığıncaq üçün zəhmət çəkirlər. Onlar başqalarından tərif gözləmirlər. Əksinə, bacı-qardaşları möhkəmləndirməyə çalışırlar. (1 Salonikililərə 2:6—8 ayələrini oxuyun.) Belə ruhən yetkin, fədakar qardaşlara görə Yehovaya minnətdarıq!
7. Tamvaxtlı xidmətdə olanlar hansı nemətləri alır?
7 Yığıncaqdakı bacı-qardaşların bəziləri xüsusi təyinatlı müjdəçi, xüsusi öncül və ya öncül kimi xidmət edir. Bütün dünyadakı bu bacı-qardaşlar həyatlarını təbliğ və şagird hazırlamaq işinə həsr ediblər. Beləcə, onlar çoxlarına Məsihin şagirdi olmağa kömək ediblər. Adətən bu tamvaxtlı müjdəçilərin maddi imkanı o qədər də yaxşı olmur, amma onların həyatı Yehovanın nemətləri ilə zəngindir (Mark 10:29, 30). Biz bu əziz bacı-qardaşlarımızı çox istəyirik və sevinirik ki, yığıncağımızın bir hissəsidirlər!
8. Nəyə görə Yehova üçün xoş xəbərin hər bir müjdəçisi dəyərlidir?
8 Bəs yığıncaqda yalnız təyin olmuş qardaşların və tamvaxtlı təbliğçilərin xüsusi yeri var? Əlbəttə ki, xeyr! Allah üçün və yığıncaq üçün xoş xəbərin hər bir müjdəçisinin öz dəyərli yeri var! (Rom. 10:15; 1 Kor. 3:6—9). Çünki yığıncağın ümdə vəzifələrindən biri şagird hazırlamaqdır (Mət. 28:19, 20; 1 Tim. 2:4). Hər kəs, istər vəftiz olunmuş, istərsə də vəftiz olunmamış təbliğçi müjdəçilik işini həyatında hər şeydən üstün tutmağa çalışır (Mət. 24:14).
9. Nəyə görə məsihi bacılar bizim üçün dəyərlidir?
9 Yığıncaqlarımızda bacılar ləyaqətli yer tutur. Yehova üçün Ona sədaqətlə xidmət edən subay bacılar, gəlinlər, analar, dullar çox əzizdir. Müqəddəs Kitabda Yehovanın bəyəndiyi bir çox füsunkar qadının adı çəkilir. Onların hikmət, iman, əzm, cəsarət, səxavət, xeyirxahlıq örnəkləri olduğu deyilir (Luka 8:2, 3; Həv. 16:14, 15; Rom. 16:3, 6; Filip. 4:3; İbr. 11:11, 31, 35). Yehovaya minnətdarıq ki, yığıncaqlarımızda da belə gözəl xüsusiyyətlərə sahib qadınlar var!
10. Nəyə görə yaşlı bacı-qardaşlar bizim üçün dəyərlidir?
10 Yığıncağımızda həmçinin yaşlı bacı-qardaşların da dəyərli yeri var. Onların bəzilərinin bütün ömrü Yehovaya xidmətdə keçib, bəziləri isə həqiqəti təzəlikcə öyrənib. Hər bir halda, onların yaşla əlaqədar səhhətlərində müxtəlif problemləri ola bilər. Buna görə bu yaşlı bacı-qardaşlar yığıncaqda və təbliğ işində istədikləri qədər iştirak edə bilmirlər. Buna rəğmən, onlar bacardıqları qədər xidmət edirlər, həmçinin bütün güclərini başqalarını ruhlandırmağa və təlim verməyə sərf edirlər! Biz də onların təcrübəsindən faydalanırıq. Onlar Yehova və bizim üçün həm özəldir, həm də gözəl! (Məs. 16:31).
11, 12. Yığıncaqdakı gənclər sizi necə ruhlandırır?
11 İndi isə gəlin yığıncaqdakı gənclər barədə danışaq. Onlar Şeytan İblisin və onun mənfur fikirlərinin təsiri altında olan dünyada böyüyürlər, ona görə də çoxlu çətinliklərlə üzləşirlər (1 Yəh. 5:19). Amma buna baxmayaraq, onlar yığıncaqda şərh verir, təbliğə gedir və etiqadlarını cəsarətlə müdafiə edirlər. Bizlər bunu görəndə çox ruhlanırıq. Bəli, yığıncaqda gənclərin önəmli yeri var! (Zəb. 8:2).
12 Amma bəzi bacı-qardaşlara elə gəlir ki, onların yığıncağa heç bir faydası yoxdur. Bəs yığıncaqda ayrı-ayrılıqda hər birimizin dəyərli yeri olduğunu görməyə bizə nə kömək edə bilər? Gəlin indi bu haqda danışaq.
YIĞINCAQDA DƏYƏRLİ YERİNİZİ GÖRÜN
13, 14. Nəyə görə bəziləri yığıncaq üçün dəyərli olduğunu düşünmür?
13 Həvari Bulusun istifadə etdiyi bənzətmədən daha bir şey öyrənirik. Onun vurğuladığı məqam bu gün də aktualdır: bəzi bacı-qardaşlar yığıncaqda dəyərli olduqlarına inanmağa çətinlik çəkir. Bulus yazmışdı: «Məgər ayaq “mən əl olmadığım üçün bədənin üzvü deyiləm” deməklə artıq bədənin üzvü olmur? Məgər qulaq “mən göz olmadığım üçün bədənin üzvü deyiləm” deməklə artıq bədənin üzvü olmur?» (1 Kor. 12:15, 16). Həvari bununla nəyi demək istəyirdi?
14 Özümüzü başqa dindaşlarımızla müqayisə etsək, dəyərimizi görməyə bilərik. Ola bilsin ki, yığıncaqda kiminsə gözəl müəllimlik bacarığı var, kiminsə gözəl təşkilatçılıq qabiliyyəti var, kimdəsə başqalarını təsəlli etmək və ruhlandırmaq yaxşı alınır. Bəlkə də, düşünürsünüz ki, sizdə bu bacarıqlar onlarınkı qədər güclü deyil. Bu sizin təvazökar olduğunuzu göstərir (Filip. 2:3). Amma ehtiyatlı olun. Daima özünüzü gözəl istedadları olanlarla müqayisə etsəniz, məyusluğa qapılarsınız. Hətta Bulusun da vurğuladığı kimi, elə düşünə bilərsiniz ki, yığıncaqda sizin heç bir yeriniz yoxdur. Bu hisslərə necə üstün gəlmək olar?
15. 1 Korinflilərə 12:4—11 ayələrinə əsasən, nəyi dərk etməliyik?
15 Gəlin bir məqama nəzər salaq: Yehova birinci əsrdəki bəzi məsihilərə müqəddəs ruh vasitəsilə möcüzəvi ənamlar vermişdi, amma hamı eyni ənamı almamışdı. (1 Korinflilərə 12:4—11 ayələrini oxuyun.) Yehova hərəyə müxtəlif ənamlar və qabiliyyətlər versə də, hər bir məsihi Onun üçün dəyərli idi. Düzdür, bu gün biz möcüzəvi ənamlar almırıq. Amma növbəti prinsip dəyişmir: bizim bacarıqlarımız eyni olmasa da, hamımız Yehova üçün qiymətliyik.
16. Həvari Bulusun hansı məsləhətinə əməl etməliyik?
16 Özümüzü başqa məsihilərlə müqayisə etməkdənsə, həvari Bulusun növbəti məsləhətinə əmək etsək, daha yaxşı olar: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qal. 6:4).
17. Həvari Bulusun məsləhətinə əməl etməyin hansı xeyri var?
17 Bu məsləhətə əməl edib öz əməllərimizi yoxlasaq, görəcəyik ki, bizdə başqalarında olmayan ənamlar və qabiliyyətlər var. Misal üçün, ola bilsin, hansısa ağsaqqalda səhnədən təlim vermək elə də yaxşı alınmır, amma o, şagird hazırlamaq işini çox gözəl bacarır. Yaxud onun təşkilatçılıq qabiliyyəti yığıncağındakı digər ağsaqqallardakı qədər deyil, amma o, elə mehribandır ki, hamı ondan çəkinmədən məsləhət istəyə bilir, yaxud o, çox qonaqpərvərdir (İbr. 13:2, 16). Biz özümüzdəki güclü yönləri görsək, onda biləcəyik, yığıncağa hansı sahədə fayda verə bilərik və buna görə sevinəcəyik. Beləcə, bizimkindən fərqli ənamları olan dindaşlarımıza paxıllıq etməyəcəyik.
18. Qabiliyyətlərimizi necə inkişaf etdirə bilərik?
18 Yığıncaqda hansı rolumuzun olmasından asılı olmayaraq, hər birimizdə xidmətimizi püxtələşdirmək və qabiliyyətlərimizi inkişaf etdirmək istəyi olmalıdır. Bunun üçün Yehova bizə təşkilatı vasitəsilə möhtəşəm təlim verir. Məsələn, həftəarası görüşlərdə xidmətdə daha səriştəli olmaq üçün təlim alırıq. Bəs siz öyrəndiklərinizə əməl etməyə çalışırsınız?
19. Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün nə edə bilərsiniz?
19 Möhtəşəm təlim proqramlarından biri də Padşahlıq Müjdəçiləri Məktəbidir. Bu məktəb tamvaxtlı xidmət edən və yaşı 23—65 arası olan bacı-qardaşlar üçün nəzərdə tutulub. Bəlkə də, sizə elə gəlir ki, bu məktəbi heç vaxt keçə bilmərsiniz. Amma məktəbi keçməyinizə mane olacaq səbəbləri düşünməkdənsə, keçmək istədiyiniz səbəbləri düşünün. Sonra tələblərə uyğun gəlməyiniz üçün müvafiq plan qurun. Əlinizdən gələni etsəniz, Yehovanın köməyilə mümkünsüz mümkün ola bilər!
BACARIQLARINIZLA YIĞINCAĞI MÖHKƏMLƏNDİRİN
20. Romalılara 12:6—8 ayələrindən nə öyrənirik?
20 Bulusun istifadə etdiyi bənzətmədən öyrəndiyimiz üçüncü dərs Romalılara 12:6—8 ayələrində yazılıb. (Ayələri oxuyun.) Bulus bir daha qeyd edir ki, yığıncaqdakı bacı-qardaşların müxtəlif ənamı var. Bu ayələrdə isə o vurğulayır ki, sahib olduğumuz ənamları yığıncağın inkişafı və möhkəmlənməsi üçün istifadə etməliyik.
21, 22. Robert və Felisin sözlərindən hansı nəticəni çıxarırıq?
21 Gəlin Robertc qardaşın nümunəsinə nəzər salaq. Bu qardaş xarici ölkədə xidmət edirdi, amma sonra o öz ölkəsində Beytel xidmətinə təyin olundu. Ona desələr də ki, təyinatı nəyinsə öhdəsindən gələ bilmədiyi üçün dəyişməyib, o yenə də narahat idi. Robert deyir: «Özümü qınayırdım, bacarıqsız hesab edirdim. Bu, bir neçə ay davam etdi. Elə vaxtlar olurdu ki, Beytel xidmətimi dayandırmaq istəyirdim». Bəs o, sevincini necə qaytardı? Bir ağsaqqal ona dedi ki, Yehova ötən təyinatımızda bizə təlim verib ki, indiki təyinatımızda Onun üçün yararlı olaq. Robert anladı ki, keçmişə ilişib qalmaqdansa, diqqətini indi edə biləcəyi işlərə cəmləməlidir.
22 Felis İpiskopo qardaş da buna bənzər vəziyyətlə üzləşmişdi. 1956-cı ildə o, yoldaşı ilə birgə Gilad məktəbini bitirmiş və Boliviyada səyyar xidmətdə olmuşdular. 1964-cü ildə onların uşağı oldu. Felis qardaş deyir: «Təyinatımızı sevirdik, onu dayandırmaq bizim üçün çox çətin idi. Etiraf etməliyəm ki, haradasa bir il özümü boş-boşuna yazıqladım. Amma Yehovanın köməyilə düşüncəmi dəyişib, yeni təyinatıma, valideynlik təyinatıma köklənə bildim». Robertin və ya Felisin keçirdiyi hisslər sizə tanışdır? Əvvəlki məsuliyyətlərə indi sahib olmadığınız üçün məyussunuz? Belə məqamda diqqətinizi keçmişə yox, indi Yehova üçün və bacı-qardaşlar üçün edə biləcəyiniz işlərə cəmləsəniz, daha çox sevinc duyacaqsınız. Boş durmayın, ənamlarınızı, bacarıqlarınızı başqalarının rifahı üçün istifadə edin. Onda yığıncağı möhkəmləndirdiyiniz üçün sevinc duyacaqsınız.
23. Vaxt ayırıb nə etməliyik və növbəti məqalədə nəyi araşdıracağıq?
23 Hər birimiz Yehova üçün dəyərliyik. O istəyir ki, biz özümüzü Onun ailəsinin bir üzvü kimi hiss edək. Əgər biz vaxt ayırıb bacı-qardaşları möhkəmləndirmək üçün nə edə biləcəyimizi düşünsək, sonra isə bunu etmək üçün əlimizdən gələni etsək, çətin ki, yığıncaqda yerimizin olmadığını düşünək! Bəs başqalarına necə yanaşmalıyıq? Onlara məhəbbətimizi və hörmətimizi necə göstərə bilərik? Növbəti məqalədə bu vacib mövzunu araşdıracağıq.
NƏĞMƏ 24 Yehovanın dağına gəlin
a Hamımız istəyirik ki, Yehova üçün dəyərli olaq. Amma bəzən düşünə bilərik: «Görəsən, mənim yığıncağa faydam dəyir?» Bu məqalədən öyrənəcəyik ki, hər birimizin yığıncaqda dəyərli yeri var.
b BƏZİ İFADƏLƏRİN İZAHI. Yığıncaqdakı yerimiz deyiləndə yığıncağın inkişafı və möhkəmlənməsi üçün verdiyimiz töhfə nəzərdə tutulur. Töhfə verməyimiz milliyyətimizdən, iqtisadi və sosial vəziyyətimizdən, mədəniyyətimizdən və təhsilimizdən asılı deyil.
c Bəzi adlar şərtidir.
d ŞƏKİLLƏRİN İZAHI: Bu üç şəkildə göstərilir ki, görüşdən əvvəl, görüş zamanı və görüşdən sonra yığıncaqda nə baş verir. 1-ci şəkil: Ağsaqqal yığıncağa gələn adamı mehribanlıqla qarşılayır, cavan qardaş mikrofonları hazırlayır, bacı yaşlı dindaşı ilə söhbət edir. 2-ci şəkil: Cavanlı-qocalı hər kəs «Gözətçi qülləsi»nin müzakirəsində şərh vermək üçün əlini qaldırıb. 3-cü şəkil: Bir ər-arvad ibadət evini təmizləyir. Ana qızına ianə atmağa kömək edir. Cavan qardaş nəşrləri səliqəyə salır. Başqa bir qardaş yaşlı bacını ruhlandırır.