«Düşmənlərinizi həmişə sevin» sözləri nə məna daşıyır?
Müqəddəs Kitabın cavabı
İsa Məsih məşhur Dağüstü vəzində belə demişdi:«Düşmənlərinizi həmişə sevin» (Mətta 5:44; Luka 6:27, 35). Onun sözlərinin məğzi odur ki, bizə qarşı nifrət bəsləyənlərlə, haqsız davrananlarla xoş rəftar etməliyik.
İsa düşmənlərini bağışlamaqla onlara məhəbbət göstərmişdi (Luka 23:33, 34). Onun düşməni sevməklə bağlı verdiyi buyruqlar Tövratda yazılanlarla uzlaşır (Çıxış 23:4, 5; Məsəllər 24:17; 25:21).
«Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin» (Mətta 5:43, 44).
Bu məqalədə
Nəyə görə düşmənlərinizi sevməlisiniz?
Allah Özü bizə nümunə qoyur. Allah «naşükürlərə və pislərə qarşı xeyirxahdır» (Luka 6:35). «O, günəşə əmr edir ki, pislərin... üzərinə doğsun» (Mətta 5:45).
Məhəbbət düşməni yaxşılığa doğru dəyişə bilər. Biz düşmənlərimizlə xoş rəftar etməliyik. Müqəddəs Kitabın dili ilə desək, belə etməklə «onun başına köz» yığmış olarıq (Məsəllər 25:22). Adətən filizdən qiymətli metalı ayırmaq üçün o, yüksək temperaturda əridilir. Eynilə, bizə nifrət edən insanla xoş rəftar edəndə, bir növ, onun ürəyindəki qəzəbi əridib, yaxşı xüsusiyyətlərini üzə çıxarırıq.
Düşmənlərinizi sevdiyinizi necə göstərə bilərsiniz?
«Sizə nifrət edənlərə həmişə yaxşılıq edin» (Luka 6:27). Müqəddəs Kitabda deyilir: «Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver» (Romalılara 12:20). Həmçinin İsanın verdiyi bir məsləhətə əməl etmək də düşmənlərimizə sevgimizi göstərməyə kömək edə bilər. Həmin məsləhət budur: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).
«Sizə lənət yağdıranlara həmişə xeyir-dua verin» (Luka 6:28). Hətta bizi təhqir edəndə belə düşmənlərimizlə mehriban və nəzakətli şəkildə danışmaqla onlara xeyir-dua vermiş oluruq. Müqəddəs Kitabda deyilir: «Təhqirə təhqirlə cavab verməyin, əksinə, xeyir-dua ilə cavab verin» (1 Butrus 3:9). Bu məsləhət nifrət zəncirini qırmağa kömək edə bilər.
«Sizi təhqir edənlər üçün həmişə dua edin» (Luka 6:28). Sizi təhqir edəndə «pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17). Əksinə, Allahdan o insanı bağışlamasını diləyin (Luka 23:34; Həvarilərin işləri 7:59, 60). Qisas almayın, məsələni Allahın öhdəsinə buraxın, qoyun O, məsələni Öz mükəmməl ədalət normaları əsasında həll etsin (Lavililər 19:18; Romalılara 12:19).
«Düşmənlərinizi həmişə sevin, sizə nifrət edənlərə həmişə yaxşılıq edin, sizə lənət yağdıranlara həmişə xeyir-dua verin, sizi təhqir edənlər üçün həmişə dua edin» (Luka 6:27, 28).
«Səbirli və [xeyirxah]» olun (1 Korinflilərə 13:4). Həvari Bulus yazdığı məktubların birində məhəbbəti çox gözəl təsvir etmişdi. O, Mətta 5:44 və Luka 6:27, 35 ayələrində də rast gəlinən eyni yunan sözündən — agape sözündən istifadə etmişdi. Biz paxıl, lovğa və kobud olmayanda, əksinə, düşmənlərimizlə səbirlə və xeyirxah davrananda bu cür məsihi məhəbbəti təzahür etdiririk.
«Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir» (1 Korinflilərə 13:4—8).
Düşmənə qarşı müharibədə iştirak etmək düzgündür?
Xeyr. İsa davamçılarına öyrədirdi ki, onlar düşmənləri ilə müharibə etməməlidirlər. Məsələn, İsa Yerusəlimin mühasirəyə alınacağı haqda danışanda şagirdlərinə deməmişdi ki, şəhərdə qalıb vuruşsunlar, əksinə, onlara tapşırmışdı ki, oradan qaçsınlar (Luka 21:20, 21). İsa həmçinin Butrusa demişdi: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mətta 26:52). Müqəddəs Kitabdan və tarixçilərin yazdıqlarından görünür ki, İsanın birinci əsrdə yaşamış davamçıları müharibəyə getmirdiləra (2 Timutiyə 2:24).
«Düşmənlərinizi həmişə sevin» əmri ilə bağlı yanlış fikirlər
Yanlış. Tövratda israillilərdən düşmənlərinə nifrət etmək tələb olunurdu.
Doğru. Tövratda belə bir əmr yoxdur. Əksinə, orada deyilirdi ki, israillilər başqa insanları sevməlidirlər (Lavililər 19:18). «Başqası» dedikdə ümumiyyətlə bütün insanlar nəzərdə tutulurdu, amma bəzi yəhudilər bu sözün mənasını darlaşdıraraq onu yalnız öz soydaşlarına aid edirdilər. Onlar hesab edirdilər ki, yəhudi olmayanlar onların düşmənidir və düşmənlərinə nifrət etməlidirlər (Mətta 5:43, 44). İsa onların düşüncəsinə düzəliş etmək üçün xeyirxah səməriyyəli məsəlini danışmışdı (Luka 10:29—37).
Yanlış. Düşməni sevmək onun pis əməllərinə göz yummaq deməkdir.
Doğru. Müqəddəs Kitabdan görürük ki, insanı sevmək onun pis əməllərinə göz yummaq demək deyil. Məsələn, İsa zorakılığı qınayırdı, amma onu edam edənlər üçün dua etmişdi (Luka 23:34). O, qanunsuzluğa və günaha nifrət edirdi, amma öz həyatını günahkarlar uğrunda qurban vermişdi (Yəhya 3:16; Romalılara 6:23).
a «Əldə olunan bütün məlumatlar diqqətlə araşdırılanda məlum olur ki, [161—180-ci illərdə Roma imperatoru olan] Mark Avrelinin vaxtına qədər heç bir məsihi əsgərliyə getməmişdi və heç bir əsgər də məsihi olduqdan sonra hərbi xidmətini davam etdirməmişdi» («The Rise of Christianity», E. V. Barnes).