TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Zibillik toyuğunun yuvası
Avstraliyanın cənubunda yaşayan zibillik toyuqları yuvalarının temperaturunu təxminən 34 dərəcədə saxlayırlar. Quşlar ilin müxtəlif fəsillərində gecə-gündüz yuvalarında bu temperaturu necə qoruyurlar?
Hər qış quşlar təxminən bir metr dərinliyində və üç metr enində quyu qazırlar. Erkək quşlar quyunu ot, yarpaq və digər bitkilərlə doldurur. Yuvadakı ot-ələf son qış yağışlarını özünə çəkəndən sonra erkək quş onun içində yumurtalar üçün dəlik açır və sonra isə həmin ot-ələfin üzərini qumla örtür. Tezliklə yuvadakı ot-ələf çürüməyə başlayır və ondan isti ayrılır. Bunun sayəsində təbii inkubator yaranır.
Dişi quş yumurta qoymaq istəyəndə erkək quş yuvanın üzərindəki torpağı təmizləyir. Dişi quş ot-ələfin içindəki dəliyə yumurta qoyandan sonra erkək quş dərhal onun üzərini qumla örtür. Sentyabr—fevrala ayları ərzində dişi quş 35-ə qədər yumurta qoyur.
Temperaturu yoxlamaq üçün quşlar tez-tez dimdiklərini quma salırlar və fəsildən asılı olaraq, yuvanın üzərindəki torpağı tənzimləyirlər. Məsələn:
Yaz aylarında ot-ələf daha da çürüdükcə yuvanın temperaturu həddən çox artır. Temperaturu aşağı salmaq üçün erkək quş yumurtaların üzərindəki torpağı təmizləyir. Sonra isə onların üzərini soyuq qumla örtür.
Yay aylarında yumurtaları günəşdən qorumaq üçün erkək quş yuvanın üzərinə daha çox torpaq tökür. Amma hər səhər tezdən yuva soyuduğu üçün üzərindəki əlavə torpağı kənara atır.
Payızda yuvadakı ot-ələf, demək olar, tamamilə çürüyəndən sonra erkək quş yuvanın üzərindəki bütün qumu kənara atır ki, günəş işığı yumurtaları və torpağı isitsin. Sonra isə o, isti qumu yumurtaların üzərinə tökür və beləcə onlar bütün gecə istidə qalırlar.
Erkək quş hər gün beş saatdan çox işləyərək təxminən 850 kiloqram torpaq daşıyır. Torpağın ora-bura daşınmasının başqa bir xeyri də var. Bu, torpağı yumşaq saxlayır. Bunun sayəsində yumurtadan çıxan cücələr torpaqdan asanlıqla çıxa bilirlər.
Zibillik toyuqlarının yuvanın üzərindən torpağı necə təmizlədiklərinə baxın
Necə düşünürsünüz? Zibillik toyuğunun yuvasının temperaturunu tənzimləmək bacarığı təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?
a Cücənin yumurtadan çıxması yeddi-səkkiz həftə çəkə bilər. Ona görə də quşlar aprel ayınadək yuvanın qeydinə qalırlar.