MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mətta 11:28—30)
«Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mətta 11:28—30, «Yeni Dünya Tərcüməsi»).
«Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (Mətta 11:28—30, «İncil—1996»).
Mətta 11:28—30 ayələrinin mənası
İsa dinləyicilərini yanına gəlməyə dəvət edirdi. O onları əmin edirdi ki, ondan öyrənsələr, canları təravətlənəcək və rahatlıq tapacaqlar.
«Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin». İsa bu səmimi dəvəti din rəhbərlərinin qoyduğu qaydalar və adət-ənənələrlə yüklənmiş insanlara ünvanlamışdı (Mətta 23:4; Mark 7:7). Sadə insanlar ailələrini dolandırmaq üçün çox zəhmət çəkməli və üzücü işdə işləməli olurdular. Bu onların yükünü daha da ağırlaşdırırdı.
«Mən sizə təravət verəcəyəm». İsa onun yanına gəlmək çağırışına hay verənlərə dinclik və rahatlığı necə verəcəkdi? Allahın onlardan əslində nə tələb etdiyini başa salmaqla (Mətta 7:24, 25). Allahın tələbləri haqqında həqiqət onları yalan təlimlərdən və dini ənənələrin əsarətindən azad edəcəkdi (Yəhya 8:31, 32). İsanın təlimlərini mənimsəmək və onlara uyğun yaşamaq zəhmət tələb etsə də, bu onlara təravət gətirəcəkdi.
«Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin». Qədim dövrlərdə ağır yük daşımaq üçün insanlar boyunduruqdan istifadə edirdilər. Boyunduruq çiyinlərə qoyulan taxta tir idi. Ona görə də «boyunduruq» başqasının ağalığına tabeçilik rəmzinə çevrilmişdi (Lavililər 26:13; Əşiya 14:25; Ərəmya 28:4). «Məndən öyrənin» sözlərini «mənim şagirdim olun» kimi də tərcümə etmək olar. Bu sözlərlə İsa dinləyicilərini izləri ilə gedərək və ondan nümunə götürərək şagirdi olmağa çağırırdı (Yəhya 13:13—15; 1 Butrus 2:21).
«Onda canınız təravətlənər». İsa demək istəmirdi ki, insan onun davamçısı olan kimi bütün problemləri dərhal həll olunacaq. Bununla belə, onun şagirdi olanlar təsəlli və ümid tapacaqdılar (Mətta 6:25—32; 10:29—31). İsanın şagirdi olub təlimlərinə uyğun yaşayanlar öz təcrübələrindən görürdülər ki, Allaha xidmət etmək yük deyil, əksinə, əsl sevinc gətirir (1 Yəhya 5:3).
«Çünki boyunduruğum rahat, yüküm yüngüldür». Dövrünün din rəhbərlərindən fərqli olaraq, İsa həlim və təvazökar idi (Yəhya 7:47—49). O, heç vaxt kobud davranmırdı və kiməsə zülm etmirdi. Əksinə, o, xeyirxah idi və insanlar çəkinmədən ona sərbəst müraciət edə bilirdi. İsa davamçılarına qarşı həddən artıq tələbkar deyildi (Mətta 7:12; Mark 6:34; Luka 9:11). O həmçinin Allahın onlara mərhəmət göstərməsi və vicdanlarının rahat olması üçün nə etmək lazım olduğunu izah edirdi (Mətta 5:23, 24; 6:14). İsanın gözəl keyfiyyətləri həm insanları ona cəlb edir, həm də rahat boyunduruğunu götürüb onun şagirdi olmağa təşviq edirdi.
Mətta 11:28—30 ayələrinin konteksti
Mətta 11:28—30 ayələrində yazılan sözləri İsa eramızın 31-ci ilində Cəlilədə təbliğ etdiyi zamanı demişdi. İsanın bu dəvətini yalnız həvari Mətta öz müjdəsində qələmə alıb. Milliyyətcə yəhudi olan Mətta keçmişdə vergiyığan olduğu üçün sadə insanların həm onlardan vergi yığan romalıların, həm də pulgir yəhudi din rəhbərlərinin üzündən necə əziyyət çəkdiyini yaxşı bilirdi. Ona görə də təəccüblü deyil ki, Mətta İsanın Yehovaa Allahdan aldığı hakimiyyətdən necə istifadə etdiyini görəndə, onun təvazökar və məzlum insanlara ünvanladığı dəvəti eşidəndə bu ona güclü təsir bağışlamışdı (Mətta 11:25—27).
Məttanın yazdığı müjdədən Məsih və Allahın Padşahlığının gələcək Padşahı kimi İsanın təzahür etdirdiyi gözəl keyfiyyətlər görünür (Mətta 1:20—23; Əşiya 11:1—5).
Bu qısa videoya baxın və «Mətta» kitabı ilə tanış olun.
a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.