Haşiyə
a Markın yaşadığı dövrdə ikinci ad kimi ibrani və ya əcnəbi ad vermək və ya özünə ad götürmək adi hal idi. Markın ibrani adı Yohanan (azərbaycanca Yəhya) idi. Onun latın adı isə Markus (Mark) idi (Həv. iş. 12:25).
Bu ayələrdən göründüyü kimi, Yerusəlim yığıncağının görüşləri Markın anasının evində keçirilirdi. «Bir çoxları» ifadəsi onun evinin böyük olduğunu düşünməyə əsas verir. Peter zindandan çıxıb onların evinə gələndə qapını Məryəmin evində işləyən Roda adlı qulluqçu qız açmışdı. Bundan Məryəmin kifayət qədər varlı qadın olduğu qənaətinə gəlmək olar. Üstəlik, bu ayələrdə həmin evin onun ərinin yox, özünün olduğu qeyd edilir. Ehtimal ki, Məryəm dul idi və o vaxt Mark hələ çox gənc idi (Həv. iş. 12:13).
Görünür, dua etməyə yığışanların arasında Mark da vardı. O, İsanın şagirdləri və onun xidməti ilə bağlı hadisələrin şahidi olan digər insanlarla yaxından tanış idi. Ehtimal ki, İsa həbs edilən zaman onun arxasınca gedən, onu tutmaq istəyəndə isə paltarını qoyub yarıçılpaq qaçan gənc də o idi (Mark 14:51, 52).
Yığıncaqdakı məsuliyyətləri
Yetkin məsihçilərlə ünsiyyət, sözsüz ki, Marka müsbət təsir göstərmişdi. Onun ruhani inkişafı məsul qardaşların diqqətindən yayınmadı. Pavellə Barnaba eramızın təxminən 46-cı ilində Yerusəlimdə aclıqdan əziyyət çəkənlərə antakyalıların göndərdiyi ‘yardımı’ gətirəndə Marka fikir verdilər. Antakyaya qayıdanda isə Markı özləri ilə götürdülər (Həv. iş. 11:27—30; 12:25).
Müqəddəs Kitabı diqqətlə oxumayanda adama elə gələ bilər ki, bu üç nəfər sadəcə ruhani qardaş idilər — aralarında bundan başqa ümumi bir şey yox idi və Pavellə Barnaba Marka yalnız müəyyən bacarıqlara malik olduğu üçün diqqət yetirmişdilər. Lakin Pavelin məktublarının birindən görürük ki, Mark Barnabanın qohumu idi (Kolos. 4:10). Bu, Markla əlaqədar sonra baş verən hadisələri anlamağa kömək edə bilər.
Təxminən bir ildən sonra müqəddəs ruh Pavellə Barnabanı missioner səyahətinə başlamağa yönəltdi. Onlar Antakyadan Kiprə yollandılar. Yəhya Mark da onlarla idi və «onların xidmətində idi» (Həv. iş. 13:2—5). Yəqin, Mark səyahət zamanı həvarilərin fiziki ehtiyaclarının qayğısına qalmalı idi ki, onları ruhani işlərdən heç nə yayındırmasın.
Pavel, Barnaba və Mark Kiprdən keçərək yolüstü təbliğ edirdilər; sonra onlar Kiçik Asiyaya yola düşdülər. Orada Yəhya Markın qəbul etdiyi qərar Pavelin məyusluğuna səbəb olmuşdu. Müqəddəs Kitabda deyilir ki, onlar Perge şəhərinə çatanda «Yəhya... onlardan ayrılıb Yerusəlimə qayıtdı» (Həv. iş. 13:13). Amma bunun səbəbi izah edilmir.
Təxminən iki ildən sonra Pavel, Barnaba və Mark yenə də Antakyada idilər. İki həvari birinci missioner səyahətlərində əldə etdikləri nailiyyətlər əsasında ikinci səyahətləri ilə əlaqədar planlar qururdular. Barnaba qohumu Markı özü ilə götürmək istəyirdi, amma Pavel bu haqda heç nə eşitmək istəmirdi, çünki birinci dəfə Mark onları yarı yolda qoymuşdu. Bundan sonra başlanğıcda təsvir olunan hadisə baş verdi. Barnaba Markı götürüb doğma yurdu Kiprə, Pavel isə Suriyaya yola düşdü (Həv. iş. 15:36—41). Aydındır ki, Pavel və Barnaba Markın əvvəlki qərarına müxtəlif nöqteyi-nəzərdən baxırdılar.
Barışıq
Şübhəsiz, baş verənlər Markı çox kədərləndirmişdi. Buna baxmayaraq, o, sədaqətlə xidmətinə davam edirdi. Bu hadisədən on bir-on iki il sonra Mark yenə də erkən məsihçi yığıncağının tarixində peyda olur. Harada? Sizin heç ağlınıza belə gətirmədiyiniz yerdə — Pavelin yanında!
Pavel eramızın 60—61-ci illərində Romada həbsdə olanda hal-hazırda Müqəddəs Yazılara daxil olan bir neçə məktub yazmışdı. Koloslulara ünvanladığı məktubunda o yazırdı: «Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız; yanınıza gəlsə, onu qəbul edin... Yalnız bunlar Allahın Səltənəti üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər» (Kolos. 4:10, 11).
Bu necə də böyük dəyişiklik idi! Vaxtilə Pavelin narazı qaldığı Mark indi onun dəyərli əməkdaşı idi. Görünür, Pavel koloslulara xəbər vermişdi ki, Markın onlara baş çəkmək ehtimalı var. Əgər bu, həqiqətən də baş tutsaydı, Mark orada Paveli təmsil etmiş olacaqdı.
Görəsən, əvvəllər Pavel Marka həddən artıq tənqidi yanaşırdı, yoxsa Markın məzəmmətə ehtiyacı vardı? Yaxud bu ehtimalın hər ikisi də doğrudur? Hər halda Pavellə Markın barışması onların yetkin insan olduqlarına işarə edir. Onlar keçmişi unudub yenidən əməkdaşlıq etməyə başladılar. Bu, həmimanlıları ilə fikir ayrılığı olanlar üçün necə də gözəl nümunədir!
Səyahətçi Mark
Mark haqqında oxuyanda onun çoxlu səyahətlər etdiyini görmək olar. O, Yerusəlimdən Antakyaya, oradan isə Kiprə və Pergeyə tərəf yelkən açdı. Sonra o, Romaya getdi. Pavel onu oradan Kolos şəhərinə göndərmək istəyirdi. Bu hələ son deyil!
Həvari Peter ilk məktubunu b. e. təxminən 62—64-cü illərində qələmə alıb. Orada oxuyuruq: «Babildəki cəmiyyət sizə salam göndərir. Oğlum Mark da sizi salamlayır» (1 Pet. 5:13). Mark çox illər əvvəl anasının evində keçirilən məsihçi görüşlərində iştirak edən Peterlə birgə xidmət etmək üçün Babilə getmişdi.
Pavel eramızın təxminən 65-ci ilində Romada ikinci dəfə həbsdə olarkən Efesdə olan Timoteyə məktub yazıb ondan yanına gəlməyi xahiş etmişdi. Üstəlik, tapşırmışdı ki, ‘Markı da özü ilə gətirsin’ (2 Tim. 4:11). Görünür, Mark o zaman Efesdə idi. Şübhə yoxdur ki, Mark Pavelin Timoteylə Romaya qayıtmaq xahişini yerə salmadı. O vaxt səyahət etmək bir o qədər asan olmasa da, Mark bunu məmnuniyyətlə edirdi.
Daha bir xüsusi tapşırıq
Markın aldığı daha bir xüsusi tapşırıq Yehovanın onu dörd Müjdədən birini yazmağa ilhamlandırması idi. İkinci Müjdədə onu yazanın adı çəkilməsə də, erkən tarixçilərin fikrincə, onun yazıçısı Mark olub və o, bu məlumatı Peterdən alıb. Demək olar ki, Peter Markın qələmə aldığı bütün hadisələrin canlı şahidi olmuşdu.
«Markın Müjdəsi»ni tədqiq edənlər hesab edirlər ki, bu Müjdə qeyri-yəhudi millətlərdən olan oxuculara ünvanlanıb; çünki Mark orada yəhudi adət-ənənələrinə aydınlıq gətirir (Mark 7:3; 14:12; 15:42). O, qeyri-yəhudilərin başa düşmədiyi arami sözlərini və ifadələrini tərcümə edir (Mark 3:17; 5:41; 7:11, 34; 15:22, 34). O, bir çox latın sözləri işlədir və hətta onların köməyi ilə adi yunan sözlərini izah edir. O, yəhudi qəpiklərinin dəyərini Roma pul vahidi ilə göstərir (Mark 12:42). Bütün bu faktlar, qədim zamanlardan qəbul olunduğu kimi, Markın öz Müjdəsini Romada yazdığına uyğun gəlir.
«O mənə xidmət üçün yararlıdır»
Müjdə yazmaq Markın Romada gördüyü yeganə iş deyildi. Yadınızdadırsa, Pavel Timoteyə ‘Markı da özü ilə gətirməyi’ tapşırmışdı. ‘Çünki o ona xidmət üçün yararlı idi’ (2 Tim. 4:11).
Xronoloji ardıcıllığa görə, bu, Mark haqqında Müqəddəs Kitabda yazılan son məlumatdır; buradan onun barəsində çox şey öyrənirik. Heç bir yerdə Markın həvari, başçı və ya peyğəmbər olduğu deyilmir. O, hər zaman başqalarının qulluğunda dayanan xidmətçi olmuşdur. Pavelin ölümünə bir az qalmış, şübhəsiz, Markın ona çox köməyi dəymişdi.
Mark barədə bütün məlumatları bir yerə yığsaq, qarşımızda xoş xəbəri müxtəlif ərazilərdə səylə təbliğ edən və başqalarına məmnuniyyətlə xidmət edən bir insan canlanır. Heç nəyə baxmayaraq təslim olmadığı üçün Marka necə də qiymətli məsuliyyətlər həvalə olunmuşdu!
Allahın xidmətçiləri olan bizlər Markdan nümunə götürərək Padşahlıq haqqında xoş xəbəri təbliğ etməkdə eyni əzmlilik nümayiş etdiririk. Mark kimi, bizlərdən bəziləri xoş xəbəri yaymaq üçün öz ölkələrinin başqa ərazilərinə, hətta xaricə köçmüşlər. Çoxlarımızın bunu etmək imkanı olmasa da, Markı hamımız başqa bir vacib sahədə təqlid edə bilərik. O, məsihçi qardaşlarına xidmət etməyə can atdığı kimi, biz də həmimanlılarımıza Yehovanın qarşısında xidmətlərini icra etmələri üçün var gücümüzlə kömək edə bilərik. Əgər belə etsək, biz bundan sonra da Yehovanın xeyir-dualarını alacağımıza əmin ola bilərik (Sül. məs. 3:27; 10:22; Qalat. 6:2).