MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
Dəfələrlə yıxılsam da, ayağa qalxdım
DOĞULDUĞU İL 1953
ÖLKƏ AVSTRALİYA
KEÇMİŞDƏ PORNOQRAFİYA ALUDƏÇİSİ OLUB
KEÇMİŞİM:
1949-cu ildə atam mühacir kimi Almaniyadan Avstraliyaya köçüb mədəndə və elektrik stansiyasında iş axtarmağa başladı. O, Viktoriya adlı kənddə məskunlaşdı, elə orada anamla evləndi və 1953-cü ildə mən dünyaya gəldim.
Üstündən bir neçə il keçəndən sonra anam Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Buna görə uşaqlıq xatirələrim Müqəddəs Kitab təlimləri ilə bağlıdır. Ancaq atam bütün dinlərə qarşı idi. O, qəddar bir insan oldu, anama hədə-qorxu gəlirdi, buna görə də anam ondan qorxurdu. Amma anam atamdan gizlin Müqəddəs Kitabı öyrənməyə davam edirdi və oxuduqları getdikcə onun daha çox xoşuna gəlirdi. Atam evdə olmayanda anam öyrəndiklərini bacıma və mənə danışırdı. O deyirdi ki, gələcəkdə yer üzü Cənnət olacaq; Allahın Kəlamında yazılanlara uyğun yaşasaq, xoşbəxt həyatımız olacaq (Zəbur 37:10, 29; Əşiya 48:17).
On səkkiz yaşım olanda atamın qəddarlığı üzündən evi tərk etmək məcburiyyətində qaldım. Anamın bizə Müqəddəs Kitabdan öyrətdiklərinə inansam da, onların nə qədər dəyərli olduğunu dərk etmirdim, buna görə də onlara uyğun yaşamadım. Kömür mədənində elektrik kimi işləməyə başladım. İyirmi yaşımda evləndim. Üç ildən sonra qızımız oldu. Onda mən həyatımda nəyin daha vacib olduğunu yenidən götür-qoy etdim. Müqəddəs Kitabın ailəmə kömək edə biləcəyini bildiyimdən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Amma arvadımın Yehovanın Şahidlərini görməyə gözü yox idi. Mən onların ibadət görüşünə gedəndən sonra o, mənim qarşıma şərt qoydu: ya Müqəddəs Kitabı öyrənməyi dayandırmalı idim, ya da evi tərk etməli idim. Aciz qaldığım üçün mən arvadımın istədiyini etdim və Yehovanın Şahidləri ilə əlaqəmi kəsdim. Düz bildiyim şeyi etmədiyim üçün sonradan çox peşman oldum.
Günlərin bir günü iş yoldaşlarım mənə pornoqrafiya göstərdilər. Bu, mənə maraqlı, amma eyni zamanda iyrənc gəlmişdi. Baxanda sonra vicdanım məni narahat etdi. Müqəddəs Kitabdan öyrəndiklərimə əsasən, bilirdim ki, Allah məni cəzalandıracaq. Amma pornoqrafiyaya getdikcə daha çox baxdığım üçün ona olan münasibətim dəyişdi. Nəticədə, məndə pornoqrafiyadan asılılıq yarandı.
Növbəti iyirmi il ərzində mən anamın mənə verdiyi nəsihətlərdən daha da uzaqlaşdım. Davranışım ağlıma qoyduğum şeyləri əks etdirirdi: söyüş söyür, ədəbsiz zarafatlar edirdim. Cinsi münasibətə baxışım pozulmuşdu. Evli ola-ola, başqa qadınlarla da əlaqədə olurdum. Bir gün güzgünün qabağında dayanıb öz-özümə dedim: «Səndən zəhləm gedir». Özüm-özümdən iyrənirdim.
Ailəm dağıldı, həyatım alt-üst olmuşdu. Sidqi-ürəkdən Allaha dua etdim və yenidən Müqəddəs Kitabı öyrənməyə başladım. Ancaq heyif ki, ömrümün iyirmi ili boş yerə getdi. Həmin vaxt artıq atam vəfat etmişdi, anam isə Yehovanın Şahidi olmuşdu.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.
Həyatım Allahın Kəlamında yazılanlardan yerlə-göy qədər fərqlənirdi. Amma bu dəfə nə olursa olsun, mən Allahın vəd etdiyi qəlb rahatlığını almaq niyyətində idim. Danışığımı, xasiyyətimi düzəltməyə başladım. Əxlaqsız həyat tərzimə, qumar oynamağa, həddindən artıq içməyə və müdirimdən oğurluq etməyə son qoymağı qərara aldım.
İş yoldaşlarım mənim birdən-birə nə üçün belə dəyişikliklər etmək istədiyimi başa düşə bilmirdilər. Düz üç il onlar məni əvvəlki həyat tərzimə qaytarmağa çalışdılar. Birdən nəsə kiçik bir səhv edəndə, məsələn, qəzəblənəndə, ya da ağzımdan pis söz çıxanda dərhal sevinə-sevinə qışqırırdılar: «Aha! Əvvəlki Yozef qayıdır!» Bu sözlər qəlbimi yaralayırdı. Düşünürdüm, mən düzələn deyiləm.
İş yerim pornoqrafiya ilə əhatə olunmuşdu, istər çap variantda, istərsə də elektron. İş yoldaşlarım hamıya mütəmadi olaraq kompüter vasitəsilə əxlaqsız şəkillər göndərirdi; əvvəllər mən də belə edirdim. Bu pis vərdişdən qurtulmağa çalışsam da, iş yoldaşlarımın ucbatından bu məndə alınmırdı. Kömək və dəstək üçün mənə Müqəddəs Kitabı öyrədən adama üz tutdum. Ona ürəyimi boşaltdım. O, səbirlə məni dinlədi və Müqəddəs Kitabdan mənim vəziyyətimə uyğun ayələr açıb bu pis vərdişin öhdəsindən gəlməyin yolunu göstərdi. Həmçinin müntəzəm olaraq Yehovadan duada kömək istəməyə təşviq etdi (Zəbur 119:37).
Bir gün mən iş yoldaşlarımı çağırdım. Onlar hamısı toplaşandan sonra dedim ki, içki düşkünü olduqlarını etiraf edən iki kişiyə pivə versinlər. Yığışanların hamısı bir ağızdan etiraz edib dedi: «Yox, bunu etmə! Onların asılılığı var». «Hə, elə mənim də!» — deyə cavab verdim. O gündən bəri onlar mənim pornoqrafiya ilə mübarizə apardığımı bilib daha mənə təzyiq göstərmədilər.
Müəyyən müddətdən sonra Yehovanın böyük köməyi sayəsində pornoqrafiya ilə mübarizədə qalib gəldim. 1999-cu ildə Yehovanın Şahidi oldum. Yehovaya minnətdaram ki, əxlaqlı və xoşbəxt həyat sürmək üçün mənə ikinci şans verdi.
İndi başa düşürəm mənim əvvəllər sevdiyim şeylərə Yehova Allah nəyə görə nifrət edir. Yehova sevgidən irəli gələrək bizi pornoqrafiyanın vurduğu zərərdən müdafiə etmək istəyir. Məsəllər 3:5, 6 ayələrində böyük həqiqət var! Orada deyilir: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər». Allahın qanunları nəinki insanı qoruyur, həmçinin uğur qazanacağımıza zəmanət verir (Zəbur 1:1—3).
MƏNƏ FAYDASI.
Bir vaxtlar özümdən iyrənirdim, amma indi özümə hörmət edirəm və qəlbim rahatdır. İndi təmiz həyat sürürəm, Yehovanın məni bağışladığını və mənə dəstək olduğunu hiss edirəm. 2000-ci ildə mənim kimi Yehova Allahı sevən Karolin adlı bir xanımla ailə həyatı qurdum. Ailəmiz çox mehribandır. Yehovanın Şahidləri kimi məhəbbətli və təmiz bir xalqın üzvü olmaq bizim üçün böyük şərəfdir.