Əlavələr
1. Böyük Babil nədir?
Haradan bilirik ki, «Böyük Babil» bütün yalan dinləri təmsil edir? (Vəhy 17:5). Gəlin sübutlara nəzər salaq:
Bütün dünyada fəaliyyət göstərir. Müqəddəs Kitabda deyilir ki, Böyük Babil kütlələrin və xalqların üzərində oturub, yerin padşahları üzərində hökmranlıq edir (Vəhy 17:15, 18).
Siyasi və iqtisadi qüvvə ola bilməz. Böyük Babil məhv edilərkən «dünya padşahları» və «tacirlər» sağ qalacaq (Vəhy 18:9, 15).
Allahın adına kölgə salır. Müqəddəs Kitabda Böyük Babil fahişə adlanır. Çünki o, mənfəətinə görə və puldan ötrü dövlətlərlə sazişlər bağlayır (Vəhy 17:1, 2). Böyük Babil bütün xalqları yoldan çıxarır. Çoxlu insanın ölümünə görə məsuliyyət daşıyır (Vəhy 18:23, 24).
13-cü dərsin 6-cı bəndinə qayıdın
2. Məsih nə zaman peyda olmalı idi?
Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, Məsih 69 həftədən sonra peyda olacaq. (Dənyal 9:25 ayəsini oxuyun.)
69 həftə nə zaman başladı? B. e. ə. 455-ci ildə. Həmin il vali Nəhəmya şəhəri yenidən tikib bərpa etmək üçün Yerusəlimə gəldi (Dənyal 9:25; Nəhəmya 2:1, 5—8).
69 həftə neçə ilə bərabərdir? Müqəddəs Kitabdakı bəzi peyğəmbərliklərdə bir gün bir ili təmsil edir (Saylar 14:34; Hizqiyal 4:6). Belə olan halda bir həftə yeddi ildən ibarətdir. Bu peyğəmbərlikdə 69 həftə 483 ilə bərabərdir (69 x 7).
69 həftə nə zaman bitdi? B. e. ə. 455-ci ildən 483 il saysaq, b. e. 29-cu ilinə gəlib çıxırıqa. Məhz həmin il İsa vəftiz olunub Məsih oldu! (Luka 3:1, 2, 21, 22).
15-ci dərsin 5-ci bəndinə qayıdın
3. Qanla bağlı müalicə üsulları
Elə tibbi prosedurlar var ki, bu zaman pasiyentin öz qanından istifadə olunur. Həmin prosedurların bəziləri məsihilər üçün yolverilməzdir. Məsələn, donor qismində qan vermək. Yaxud əməliyyatdan əvvəl pasiyentin öz qanı götürülüb saxlanılır və əməliyyat zamanı istifadə edilir. Məsihilər bu kimi prosedurlara razılıq vermirlər (Qanunun təkrarı 15:23).
Amma elə prosedurlar da var ki, məsihilər üçün məqbuldur. Bunlara qan analizləri, hemodializ, hemodilusiya, reinfuziya, yaxud süni qan dövranı aparatından istifadə etmək daxildir. Bu və bəzi digər prosedurlarda pasiyentin qanı sonradan istifadə edilmək üçün saxlanılmır. Belə olan halda hər məsihi cərrahiyyə əməliyyatı, analiz və müalicə proseduru zamanı qanından necə istifadə olunacağına özü qərar verməlidir. Hər həkim bu prosedurları bir cür yerinə yetirir. Buna görə də məsihi əməliyyat zamanı istifadə olunacaq prosedurları, tibbi analizləri, yaxud müalicə prosedurunu qəbul etməzdən əvvəl qanından necə istifadə olunacağını dəqiq öyrənməlidir. Aşağıdakı suallar üzərində düşünün:
Əgər qanımın bir hissəsi bədənimdən çıxarılarsa və ola bilsin, həmin bu qanın dövranı bir müddət dayandırılarsa, ona yenidən bədənimin bir hissəsi kimi baxmağa və «torpağa axıtmamağa» vicdanım yol verəcək? (Qanunun təkrarı 12:23, 24).
Tibbi prosedur zamanı qanımın bir hissəsi bədənimdən çıxarılıb, tərkibi dəyişdirildikdən sonra yenidən bədənimə qaytarılarsa, yaxud yarama çəkilərsə, Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanım məni narahat etməyəcək ki? Belə bir proseduru qəbul edə biləcəyəm?
39-cu dərsin 3-cü bəndinə qayıdın
4. Ayrılmaq
Müqəddəs Kitab buyurur ki, ərlə arvad bir-birindən ayrılmasın. Orada aydın şəkildə yazılıb ki, hətta ayrılsalar da, yenidən ailə qura bilməzlər (1 Korinflilərə 7:10, 11). Ancaq bəzi hallarda məsihilər ayrılmaq qərarına gəlir.
Qəsdən ailəni dolandırmayanda. Ər ailəni dolandırmaqdan imtina edir və iş o yerə gəlib çatır ki, ailənin ən zəruri tələbatları ödənilmir (1 Timutiyə 5:8).
Qəddarcasına rəftar edəndə. Bu o dərəcədə olur ki, insanın sağlamlığı və ya həyatı təhlükə altına düşür (Qalatiyalılara 5:19—21).
İnsanın Yehova ilə münasibətləri, sözün əsl mənasında, təhlükə altında olanda. Ər, yaxud arvad həyat yoldaşının Yehovaya ibadət etməsini qeyri-mümkün edir (Həvarilərin işləri 5:29).
42-ci dərsin 3-cü bəndinə qayıdın
5. Bayramlar və şənliklər
Məsihilər Yehovaya xoş getməyən bayramlarda iştirak etmirlər. Amma belə bayramlarla bağlı müxtəlif vəziyyətlər yaranır. Hər məsihi bu vəziyyətdə necə davranacağına Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına uyğun qərar verməlidir. Bir neçə vəziyyətə baxaq:
Kimsə bayramınızı təbrik edir. Bu zaman sadəcə təşəkkür etmək olar. Əgər həmin adam sual versə, bayramı nəyə görə keçirmədiyinizi izah edin.
Yehovanın Şahidi olmayan həyat yoldaşınız bayram vaxtı onunla birlikdə qohumlarıgilə qonaq getməyinizi istəyir. Ola bilsin, vicdanınız sizə getməyə izin versin. Ancaq bu zaman həyat yoldaşınıza qabaqcadan izah edin ki, qonaqlıqda yalan dinlə bağlı hansısa adət olsa, siz həmin adətdə iştirak etməyəcəksiniz.
Müdir bayram vaxtı əlavə pul təklif edir. Bu o demək deyil ki, pulu mütləq rədd etmək lazımdır. Müdir bu pulu bayram hədiyyəsi kimi verir, yoxsa sadəcə işçilərinin əməyini qiymətləndirdiyini göstərmək istəyir?
Kimsə bayram vaxtı sizə hədiyyə verir. O belə deyə bilər: «Bilirəm, sən bayram keçirmirsən, amma bunu sənə vermək istəyirəm». Ola bilsin, bu insan sizə sadəcə yaxşılıq etmək istəyir. Digər tərəfdən isə müəyyən səbəblərə görə sizdə elə fikir yarana bilər ki, o sizin imanınızı sınamaq üçün, yaxud sizi əqidənizə zidd davranmağa sövq etmək üçün bunu edir. Bunları götür-qoy edəndən sonra hədiyyəni götürüb-götürməyəcəyinizə özünüz qərar verməlisiniz. Biz istəyirik ki, hər bir qərarımızda Yehovaya sadiq qalaq və vicdanımız təmiz olsun (Həvarilərin işləri 23:1).
44-cü dərsin 1-ci bəndinə qayıdın
6. Yoluxucu xəstəliklər
Biz insanları sevirik. Buna görə də ehtiyatla davranırıq ki, heç kimə xəstəlik keçirməyək. Əgər bizdə yoluxucu xəstəlik varsa və yaxud xəstəliyin daşıyıcısı olduğumuzdan şübhələniriksə, son dərəcə ehtiyatlı olmalıyıq. Çünki Müqəddəs Kitab buyurur: «Başqasını özünü sevdiyin kimi sev» (Romalılara 13:8—10).
Başqasını sevdiyimizi əməldə necə göstərə bilərik? Yoluxmuş adam başqası ilə qucaqlaşmayacaq, öpüşüb-görüşməyəcək. Kimsə ailəsini qorumaq üçün onu evinə dəvət etməyəndə inciməyəcək. Belə adam həmçinin vəftiz olunmazdan əvvəl ağsaqqallar şurasının koordinatoruna vəziyyəti barədə məlumat verməlidir ki, digər vəftiz olunanları qorumaq üçün tədbir görülsün. Yoluxucu xəstəliyə tutulmaq riski altında olan adam əks cinslə görüşməyə başlamazdan öncə könüllü şəkildə qan analizi verməlidir. Belə etməklə həmin adam göstərəcək ki, təkcə özünü fikirləşmir, başqalarını da fikirləşir (Filippililərə 2:4).
56-cı dərsin 2-ci bəndinə qayıdın
7. İşgüzar və hüquqi məsələlər
Maliyyə məsələlərini yazılı şəkildə aparsaq, bir çox problemlərin qarşısını alarıq. Bu, məsihilər arasında da belə olmalıdır (Ərəmya 32:9—12). Bununla belə, bəzən pul və digər məsələlərə görə məsihilər arasında xırda narazılıqlar yaranır. Onlar bu narazılığı tez bir zamanda öz aralarında və sakit şəkildə yoluna qoymalıdırlar.
Bəs fırıldaq və böhtan kimi ciddi məsələləri necə yoluna qoymaq lazımdır? (Mətta 18:15—17 ayələrini oxuyun.) İsa Məsih üç addımı sadalamışdı:
Məsələni öz aranızda həll etməyə çalışın. (15-ci ayəyə baxın.)
Həll edə bilməsəniz, bir və ya iki yetkin məsihini çağırın. (16-cı ayəyə baxın.)
Məsələ yenə də həll olunmasa, yalnız bu halda ağsaqqallara müraciət edin (17-ci ayəyə baxın.)
Hər məsələyə görə dindaşımızı məhkəməyə verməməliyik, çünki bu, Yehovanın və yığıncağın adına ləkə gətirər (1 Korinflilərə 6:1—8). Lakin bəzi hallarda, məsələn, boşanma, qəyyumluq, aliment, sığorta, iflas, yaxud vərəsəlik kimi məsələlərdə məhkəməyə müraciət etmək lazım gələ bilər. Məsihi bu məsələləri hüquqi yolla həll edərsə, eyni zamanda bacardığı qədər sülhü qoruyarsa, Müqəddəs Kitabdakı məsləhəti pozmuş olmur.
Əgər ciddi cinayətlər, məsələn, zorlama, uşaq zorakılığı, təcavüz, böyük miqyasda oğurluq, yaxud qətl baş verərsə, bu barədə dövlət orqanlarına müraciət edən məsihi Müqəddəs Kitab məsləhətinə zidd davranmır.
a B. e. ə. 455-ci ildən b. e. ə. 1-ci ilə kimi 454 il edir. B. e. ə. 1-ci ildən b. e. 1-ci ilinə kimi 1 il edir (sıfırıncı il yoxdur). B. e. 1-ci ilindən b. e. 29-cu ilinə qədər 28 il edir. Cəmi 483 il (454 + 1 + 28 = 483).