TƏLİM MƏQALƏSİ 17
Analar üçün örnək olan Evniki
«Ananın öyüd-nəsihətini rədd etmə. Çünki [bu] sənin başına gözəl bir çələng, boynuna nəfis boyunbağıdır» (MƏS. 1:8, 9).
NƏĞMƏ 137 Mömin qadınlar — məsihi bacılar
İCMALa
1, 2. a) Evniki kim idi və bir ana kimi onun hansı çətinliyi var idi? b) Üz qabığındakı şəklə şərh verin.
MÜQƏDDƏS KİTABDA Timutinin vəftiz olunduğu anla bağlı heç nə deyilməsə də, həmin gün anası Evnikinin sevincini təsəvvür etmək çətin deyil (Məs. 23:25). Timuti suyun içində dayanıb. Evniki fəxrlə oğluna baxıb gülümsəyir. Timutinin nənəsi Lois Evnikinin yanında durub, onu bərk-bərk qucaqlayıb. Evniki aram-aram nəfəs alır. Timuti suya girən anda Evniki, nəfəs dərmir və budur, Timuti sudan çıxır, ətrafa su sıçrayır. Timutinin çöhrəsi sevinc saçır. Evnikinin gözlərindən sevinc yaşları süzülür. Evniki nə qədər çətin olsa da, Timutinin ürəyində Yehovaya və İsaya məhəbbət aşılaya bilmişdi. Bəs o, hansı çətinliklərdən keçmişdi?
2 Timuti dini cəhətdən bölünmüş ailədə boya-başa çatmışdı. Onun atası yunan, anası və nənəsi isə yəhudi idi (Həv. 16:1). Evniki və Lois məsihiliyi qəbul edəndə, yəqin, Timuti yeniyetmə yaşlarında idi. Amma atası məsihiliyi qəbul etmədi. Görəsən, Timuti hansı yolu seçdi? Ola bilsin, o, elə yaşda idi ki, artıq özü qərar verə bilərdi. O, məsihi olmayan atasının tərəfini tutdu? Uşaqlıqdan öyrəndiyi yəhudi adət-ənənələrinə bağlı qaldı? Yoxsa İsa Məsihin davamçısı oldu?
3. Məsəllər 1:8, 9 ayələrinə əsasən, övladlarına həqiqəti aşılamaq istəyən anaların zəhmətinə Yehova necə yanaşır?
3 Bu gün də məsihi analar ailələrini sevirlər. Onların ən böyük istəyi övladlarına Yehova ilə dost olmağa kömək etməkdir. Yehova onların çəkdiyi zəhməti çox qiymətləndirir. (Məsəllər 1:8, 9 ayələrini oxuyun.) O, övladlarına həqiqəti aşılayan çoxlu sayda anaya kömək olub.
4. Bu gün analar nəyə görə narahat olurlar?
4 Bəzən məsihi analar narahat olurlar ki, görəsən, övladları Timuti kimi Yehovaya xidməti seçəcəklər. Onların narahatlığı əsassız deyil. Çünki Şeytan dünyasında uşaqlar çox təzyiqlərlə üzləşir (1 But. 5:8). Bundan əlavə, bir çox analar övladlarını ya tək böyüdür, ya da həyat yoldaşları Yehovaya ibadət etmir. Məsələn, Kristinab adlı bacı deyir: «Yoldaşım çox yaxşı ata idi, ailəcanlı insan idi. Amma o, uşaqlarımızı Yehovanın Şahidi kimi böyütməyimə qəti qarşı idi. “Görəsən, nə vaxtsa mənim də uşaqlarım Yehovaya ibadət edəcəklər?” — deyə illərlə fikir çəkirdim, hey göz yaşı tökürdüm».
5. Bu məqalədə nə öyrənəcəyik?
5 Əgər övladınız varsa, Evniki kimi, siz də onun ürəyində Yehovaya məhəbbət aşılaya bilərsiniz. Bu məqalə sizə kömək edəcək ki, Evnikinin nümunəsini izləyərək övladınızı həm sözünüzlə, həm də əməlinizlə öyrədəsiniz. Həmçinin öyrənəcəksiniz ki, bu işdə Yehova sizə necə dəstək olur.
SÖZLƏRİNİZLƏ ÖYRƏDİN
6. 2 Timutiyə 3:14, 15 ayələrindən göründüyü kimi, Timuti nəyin sayəsində məsihi olmuşdu?
6 Timuti balaca olanda anası ona Müqəddəs Yazıları öyrətmək üçün (yəhudilərin biliyi çərçivəsində) əlindən gələni edirdi. Amma İsa Məsihlə bağlı heç nə bilmədiyi üçün təbii ki, Evnikinin biliyi məhdud idi. Bununla belə, onun Müqəddəs Yazılardan öyrətdikləri Timutinin məsihiliyi qəbul etməsi üçün yaxşı təməl idi. Bəs Timuti hansı qərarı verdi? Yetkin yaşda olduğundan məsihi olub-olmamağı özü seçə bilərdi. Şübhəsiz, Timutinin İsa haqqında öyrəndiklərinin «doğruluğuna əmin» olmasında anasının əməyi var idi. (2 Timutiyə 3:14, 15 ayələrini oxuyun.) Görün indi Evniki, çətinliklə başa gəlsə də, oğluna Yehovaya məhəbbət aşılaya bildiyinə görə necə sevinirdi. Evniki adının mənasına uyğun olaraq çətinliklərə «qalib» gəldi.
7. Evniki oğlunun vəftizdən sonra ruhən inkişaf etməsinə necə kömək edə bilərdi?
7 Timuti vəftiz olunmaqla vacib addım atmışdı. Amma Evniki hələ də narahat idi. Görəsən, oğlu həyatını bundan sonra necə quracaq? Pis dostlara qoşulacaq? Təhsil almaq üçün Afinaya gedib, oradakı bütpərəst filosofların öyrətdiklərinə inanacaq? Var-dövlətin qulu olub, vaxtını, gücünü və cavanlığını hədər edəcək? Evniki oğlunun yerinə qərar verə bilməzdi. Amma ona düzgün qərar verməyə kömək edə bilərdi. Necə? Oğluna Yehovaya dərin məhəbbət və İsaya minnətdarlıq hissi aşılamağa davam etməklə. Bu kimi çətinliklər təkcə dini cəhətdən bölünmüş ailələrdə olmur. Hətta hər iki valideyn həqiqətdə olsa belə, uşağın Yehovanın sadiq xidmətçisi olması üçün ürəyinə yol tapmaq çətin olur. Valideynlər Evnikinin nümunəsindən nə öyrənə bilərlər?
8. Məsihi qadın uşaqlarına ruhani bilik verməsi üçün imanda olan ərinə necə kömək edə bilər?
8 Övladlarınıza Müqəddəs Kitabı öyrədin. Əziz bacılar, əgər əriniz həqiqətdədirsə, Yehova istəyir ki, siz ona övladlarınızın ruhani tələbatını ödəməyə kömək edəsiniz. Bunun bir yolu müntəzəm ailəvi ibadətin keçirilməsində yoldaşınıza dəstək olmaqdır. Ailəvi ibadət haqqında müsbət danışın. Fikirləşin görün xoş ab-havanın olması və daha maraqlı keçməsi üçün nə edə bilərsiniz. Bəlkə, Müqəddəs Kitabı daha dərindən araşdırmağınız üçün yoldaşınıza xüsusi nəsə planlaşdırmaqda kömək edə bilərsiniz? Əgər uşaqlarınızın yaşı «Əbədi xoşbəxt həyat!» kitabından dərs keçməyə yol verirsə, ərinizə bu işdə dəstək olmaq üçün lazımi köməyi göstərin.
9. Övladını tək böyüdən və ya əri dininə şərik olmayan analar uşaqlarını öyrətmək üçün köməyi haradan ala bilər?
9 Bəzən uşaqlarına Müqəddəs Kitab dərsi keçmək ananın öhdəsinə düşür. Çünki, ola bilər, o, övladını ya tək böyüdür, ya da həyat yoldaşı dininə şərik deyil. Əgər sizin ailənizdə də vəziyyət belədirsə, həddən artıq narahat olmayın. Yehova sizə dəstək olacaq. O, övladınıza təlim-tərbiyə verməyiniz üçün təşkilatı vasitəsilə çoxlu vəsaitlər verib. Onlardan faydalanın. Həmçinin yeni ideyalar üçün təcrübəli valideynlərlə məsləhətləşin. Görün onlar ailəvi ibadətdə bu vəsaitlərdən necə istifadə edirlərc (Məs. 11:14). Yehova həmçinin sizə övladınızla dil tapmağa da kömək edə bilər. Övladınızın ağlındakıları və ürəyindəkiləri çəkib çıxarmaq üçün Yehovadan dua edib kömək istəyin (Məs. 20:5). Məsələn, «məktəbdə ən böyük çətinliyin nədir?» kimi adi bir sual səmimi söhbətə yol aça bilər.
10. Uşağınıza başqa hansı üsullarla Yehova haqqında öyrədə bilərsiniz?
10 Övladlarınıza Yehova haqqında öyrətmək üçün şərait yaradın. Yehova haqqında, Onun sizin üçün etdiyi yaxşı işlər haqqında danışın (Qan. 6:6, 7; Əşy. 63:7). Əgər uşağınızla evdə müntəzəm dərs keçmək imkanınız yoxdursa, bu, xüsusilə vacibdir. Əvvəldə adı çəkilən Kristina deyir: «Ruhani mövzular haqqında danışmaq imkanım o qədər az idi ki, hər kiçik fürsətdən istifadə edirdim. Biz Yehovanın yaratdığı möhtəşəm şeylər və bir çox ruhani mövzular haqqında söhbət etmək üçün gəzintiyə çıxırdıq, yaxud kanoeyə minib sahildən uzaqlaşırdıq. Uşaqlarım bir az böyüyəndə onları təşviq etdim ki, Müqəddəs Kitabı özləri araşdırsın». Bundan əlavə, Yehovanın təşkilatı, bacı-qardaşlar haqqında müsbət danışın. Ağsaqqalları pisləməyin. Onda uşaqlarınız köməyə ehtiyac duyanda ağsaqqallara yaxınlaşmağa tərəddüd etməyəcəklər.
11. Yaqub 3:18 ayəsinə əsasən, ailədə mehribançılıq yaratmaq nəyə görə vacibdir?
11 Ailədə mehribançılıq yaradın. Yoldaşınıza və övladlarınıza həmişə məhəbbətinizi bildirin. Yoldaşınız haqqında xoş və hörmətcil danışın. Uşaqlarınıza da bunu öyrədin. Bunun da sayəsində ailənizdə mehriban ab-hava yaranacaq. Belə bir şəraitdə uşaqların Yehova haqqında öyrənməsi rahat olur. (Yaqub 3:18 ayəsini oxuyun.) Gəlin Rumıniyada xüsusi öncül kimi xidmət edən Yozef qardaşın nümunəsinə baxaq. Uşaq vaxtlarında atası ona, bacı-qardaşlarına, eləcə də anasına Yehovaya ibadət etməyə mane olurdu. O deyir: «Evdə mehribançılığın olması üçün anam əlindən gələni edirdi. Atam nə qədər kobud olurdusa, anam bir o qədər nəvazişlə davranırdı. İşdir, anam görürdüsə ki, bizə atama hörmət etmək, itaət etmək çətindir, bizimlə Efeslilərə 6:1—3 ayələrini müzakirə edirdi. Sonra atamın gözəl xüsusiyyətləri haqqında danışırdı və onun qədrini bilməli olduğumuzu başa salırdı. Anam bunun sayəsində bir çox gərgin vəziyyəti yoluna qoymuşdu».
ƏMƏLLƏRİNİZLƏ ÖYRƏDİN
12. 2 Timutiyə 1:5 ayəsində yazıldığı kimi, Evnikinin nümunəsinin Timutiyə hansı gözəl təsiri olmuşdu?
12 2 Timutiyə 1:5 ayəsini oxuyun. Evniki Timutiyə gözəl nümunə olmuşdu. Yəqin ki, o, Timutiyə əsl imanın əməllərdə göründüyünü öyrətmişdi (Yaq. 2:26). Şübhəsiz, Timuti anasının davranışının Yehovaya olan güclü məhəbbətdən qaynaqlandığını görürdü. Görürdü ki, Yehovaya ibadət etmək anasına sevinc gətirir. Bəs Evnikinin nümunəsi ona necə təsir etmişdi? Bulusun da vurğuladığı kimi, Timutidə anasındakıtək güclü iman var idi. Bu iman öz-özünə yaranmamışdı. O, anasının davranışını görürdü və bu, Timutini ondan örnək götürməyə təşviq etmişdi. Eynilə bu gün də bir çox analar ailə üzvlərinin ürəyini «sözsüz fəth» ediblər (1 But. 3:1, 2). Bunu siz də bacararsınız. Gəlin görək necə.
13. Nəyə görə analar Yehova ilə münasibətlərini hər şeydən üstün tutmalıdırlar?
13 Yehova ilə münasibətinizi hər şeydən üstün tutun (Qan. 6:5, 6). Əksər analar kimi, siz də çoxlu qurbanlar verirsiniz. Uşaqlarınızın lazımi tələbatlarını ödəmək üçün vaxtınızdan, pulunuzdan, yuxunuzdan və digər şeylərdən keçirsiniz. Amma ehtiyatlı olun ki, bu kimi işləri görərkən Yehova ilə münasibətinizi qurban verməyəsiniz. Müntəzəm olaraq duaya və Müqəddəs Kitabın fərdi mütaliəsinə vaxt ayırın, yığıncaq görüşlərində iştirak edin. Bu yolla Yehova ilə münasibətinizi möhkəmləndirəcəksiniz, eləcə də həm ailənizə, həm də başqalarına gözəl nümunə olacaqsınız.
14, 15. Lian, Mariya və Juaunun hadisəsindən nə öyrəndiniz?
14 Gəlin görək Yehovanı sevməyi, Ona etibar etməyi analarının nümunəsindən öyrənən gənclər nə deyir. Krinstinanın qızı Lian deyir: «Biz atamıza görə sərbəst şəkildə Müqəddəs Kitab dərsi keçə bilmirdik. Amma anam ibadət görüşlərindən heç vaxt qalmırdı. Müqəddəs Kitabdan biliyimiz az olsa da, anamızın nümunəsi sayəsində bizim də güclü imanımız var idi. Yığıncaqlara getməmişdən hələ xeyli əvvəl biz artıq əmin idik ki, bu yol həqiqətdir».
15 Bəzən Mariyanın atası yığıncağa getdiklərinə görə onları döyüb-söyürdü. Mariya deyir: «Anam tanıdığım ən cəsarətli bacılardan biridir. Balaca olanda mən başqalarının qorxusundan bəzən nələrisə etmirdim. Amma anamın cəsarətli olması, Yehovanı həmişə hər şeydən üstün tutması mənə kömək etdi ki, insan qorxusuna üstün gəlim». Juaunun atası evdə onlara Yehova və Müqəddəs Kitab haqqında danışmağı qadağan etmişdi. O deyir: «Anam atamı razı salmaqdan ötrü, Yehovaya olan məhəbbəti istisna olmaqla, hər şeydən keçməyə hazır idi. Bəlkə də, mənə ən çox təsir bağışlayan bu olmuşdu».
16. Anaların imanı başqalarına necə təsir bağışlayır?
16 Əziz analar, unutmayın ki, sizin nümunənizdən başqaları çox şey öyrənir. Görün Evnikinin davranışı həvari Bulusa necə təsir bağışlamışdı. O qeyd etmişdi ki, Timutidəki riyasız iman əvvəlcə anası Evnikidə olub (2 Tim. 1:5). Bulus Evnikinin imanına ilk dəfə nə vaxt şahid olmuşdu? Görünür, o, Lois və Evniki ilə ilk təbliğ səyahəti zamanı Listrada tanış olmuşdu. Ola bilsin, onlara məsihi olmağa kömək etmişdi (Həv. 14:4—18). Bir təsəvvür edin, Bulus təxminən on beş ildən sonra Timutiyə məktub yazanda Evnikinin imanını hələ də xatırlayırdı və onu başqalarına nümunə kimi çəkmişdi! Göründüyü kimi, onun nümunəsi Bulusu və yəqin ki, birinci əsrdəki digər məsihiləri çox ruhlandırmışdı. Əgər övladınızı tək böyüdürsünüzsə, yaxud həyat yoldaşınız imanınıza şərik deyilsə, əmin olun ki, sizin nümunəniz başqalarını gücləndirir və ruhlandırır.
17. Övladlarınızı öyrətmək cəhdlərinizin heç bir bəhrə vermədiyini düşünürsünüzsə, nə etməlisiniz?
17 Bəs əgər zəhmətinizin heç bir bəhrə vermədiyini düşünürsünüzsə, onda necə? Unutmayın ki, uşağınıza Yehovanı sevməyi bir günün içində öyrədə bilmərsiniz. Məsələn, şəkildən göründüyü kimi, toxum əkəndə, ola bilsin, narahat olursunuz ki, görəsən, o, bəhrə gətirəcək, ya yox. Nəticə sizdən asılı olmasa da, bitkini sulamağa davam etməklə onun böyüməsi üçün mümkün olan ən yaxşı şəraiti yaratmış olacaqsınız (Mark 4:26—29). Bir ana kimi, siz də bəzən narahat olursunuz ki, görəsən, dedikləriniz övladlarınızın ürəyinə təsir edir, ya yox? Siz onların yerinə qərar verə bilmərsiniz. Amma onlara Yehovanın təlim-tərbiyəsini vermək üçün əlinizdən gələni etsəniz, ruhən inkişaf etmələri üçün mümkün olan ən yaxşı şəraiti yaradarsınız (Məs. 22:6).
YEHOVANIN KÖMƏYİNƏ ARXALANIN
18. Yehova övladlarınıza ruhən böyüməyə necə kömək edə bilər?
18 Yehova ta qədimdən bəri çoxlu sayda gənclərə Öz dostu olmağa kömək edib (Zəb. 22:9, 10). Əgər övladınızın ürəyində istək varsa, ona da ruhən böyüməyə kömək edə bilər (1 Kor. 3:6, 7). Hətta əgər görsəniz ki, övladınız Yehovaya ürəkdən xidmət etmir, əmin olun ki, Yehovanın nəzəri yenə də onun üzərindədir (Zəb. 11:4). Yehova övladınızda Onu razı salmaq üçün cüzi də olsa, əlamət görsə, Onunla dost olmasına mütləq kömək edəcək (Həv. 13:48; 2 Saln. 16:9). Yehova sizi yönləndirə bilər ki, övladınızın ehtiyac duyduğu sözü düz məqamında deyəsiniz (Məs. 15:23). Ya da yığıncağınızdakı hansısa bacının və ya qardaşın ürəyində istək oyada bilər ki, övladınızla xüsusi maraqlansın. Hətta uşağınız böyüyüb yetkin yaşa çatandan sonra belə sizin uşaq vaxtı öyrətdiklərinizi Yehova onun yadına sala bilər (Yəh. 14:26). Övladınıza sözünüzlə və əməlinizlə daim təlim-tərbiyə verməyinizin sayəsində Yehovaya əsas verirsiniz ki, zəhmətinizə bərəkət versin.
19. Nəyə görə əmin ola bilərsiniz ki, Yehova sizdən razıdır?
19 Yehovanın sizə olan məhəbbəti övladınızın seçimindən asılı deyil. Yehova sizi sevir, çünki siz Onu sevirsiniz. Övladınızı tək böyüdürsünüzsə, Yehova söz verir ki, onlara Ata və sizə arxa olacaq (Zəb. 68:5). Nəticə etibarilə, Yehovaya xidmət edib-etməmək qərarını övladınız özü verəcək. Amma siz daima Yehovanın köməyinə arxalansanız və əlinizdən gələni etsəniz, Onun razılığını qazanacaqsınız.
NƏĞMƏ 134 Övladlar Allahdan paydır
a Bu məqalədən öyrənəcəyik ki, məsihi analar Timutinin anası Evnikidən nə öyrənə bilər və uşaqlarının ürəyində Yehovaya sevgini necə aşılaya bilərlər.
b Bəzi adlar şərtidir.
c Məsələn, «Əbədi xoşbəxt həyat!» kitabının 50-ci dərsinə və «Gözətçi qülləsi»nin 2011-ci il 15 avqust sayının 6—7 səhifələrində yerləşən «Ailəvi ibadət və şəxsi öyrənmə üçün təkliflər» məqaləsinə baxa bilərsiniz.