Həyatında ən vacib şəxs kimdir?
«Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» (MƏZ. 83:18).
1, 2. Xilas olmaq üçün nəyə görə təkcə Yehovanın adını bilmək kifayət deyil?
BİR ÇOX bacı-qardaşlarımız Allahın adını ilk dəfə Məzmur 83:18 ayəsində görüblər. Ola bilsin, növbəti sözləri oxuyanda onlar təəccüblənmişdilər: «Bilsinlər ki, Sənin ismin Rəbdir [«Yehovadır», YD], bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» Şübhə yoxdur ki, bu, onları qayğıkeş Allahımız Yehovanın adını başqalarına göstərməyə təşviq etmişdi (Rom. 10:12, 13).
2 Allahın adını bilmək vacib olsa da, bu, xilasımız üçün kifayət deyil. Məzmurçu deyirdi: «Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» Xilas olmaq istəyiriksə, biz bu həqiqəti qəbul etməliyik. Bütün Kainatda ən vacib Şəxs Yehovadır. Hər şeyi O yaradıb, buna görə bütün varlıqlardan itaətkarlıq gözləməyə haqqı var (Vəhy 4:11). Bu səbəbdən biz özümüzdən soruşmalıyıq: «Mənim həyatımda ən vacib şəxs kimdir?» Bu suala verdiyimiz cavabı diqqətlə təhlil etmək olduqca vacibdir.
Eden bağında qaldırılan mübahisəli sual
3, 4. Şeytan Həvvanı aldatmaq üçün hansı hiylələrə əl atdı və o, nəyə nail oldu?
3 Eden bağında baş verən hadisələr yuxarıdakı sualın çox ciddi olduğunu göstərir. Sonradan Şeytan İblis adlanan bir üsyankar mələk ilk qadın olan Həvvanı təhrik etdi ki, şəxsi istəklərini Yehovanın əmrindən üstün tutsun (Yar. 2:17; 2 Kor. 11:3). O, Şeytanın yalanına uyaraq qadağan olunmuş ağacın meyvəsindən dərib yedi, bununla da Yehovanın ali hökmranlığına saymazyana yanaşdığını göstərdi. Həvva üçün Yehova ən vacib Şəxs deyildi. Bəs Şeytan Həvvanı necə aldada bildi?
4 Şeytan onunla söhbət edərkən bir neçə hiyləyə əl atdı. (Yaradılış 3:1—5 ayələrini oxu.) Əvvəla, Şeytan Yehovanın adını çəkmədi. O sadəcə «Allah» deməklə kifayətləndi. Ondan fərqli olaraq, «Yaradılış» kitabını qələmə alan peyğəmbər, orijinal mətnə əsasən, həmin fəslin ilk ayəsində Allahın şəxsi adını çəkmişdi. İkincisi, Şeytan «əmr etdi» demək əvəzinə, «deyib» sözünü istifadə etdi (Yar. 2:16). Belə bir hiyləyə əl atmaqla, ola bilsin, o, Allahın əmrinin vacibliyini azaltmağa çalışırdı. Üçüncüsü, yalnız Həvva ilə danışmasına baxmayaraq, Şeytan «sən» yox, «siz» əvəzliyindən istifadə etdi. Ehtimal ki, bununla Şeytan Həvvanın ürəyində təkəbbür oyatmağa çalışırdı ki, o, özü barəsində yüksək fikirdə olsun; elə bil, onun həm özünün, həm də ərinin yerinə qərar vermək hüququ vardı. Onun hiyləsi baş tutdumu? Həvva ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik». Bu sözlərdən görünür ki, o həm özünün, həm də ərinin əvəzinə danışmaq ixtiyarını öz üzərinə götürdü.
5. a) Şeytan Həvvanın diqqətini nəyə yönəltdi? b) Həvvanın qadağan olunmuş meyvədən yeməsindən nə bəlli oldu?
5 Şeytan faktları da təhrif etdi. Onun sözlərindən elə çıxdı ki, guya Allah ədalətsizlik edib onlara bağda olan bütün ağacların bəhrəsindən yeməyi qadağan etmişdi. Sonra Şeytan Həvvanı beyninə «Allah kimi» olmaq fikrini salaraq özü haqqında və həyatını yaxşılaşdırmaq barədə düşünməyə təşviq etdi. Beləliklə, o, öz istəyinə nail oldu: Həvva ona hər şeyi bəxş edən Allahla münasibətləri barədə yox, ağac və onun meyvəsi barədə fikirləşməyə başladı. (Yaradılış 3:6 ayəsini oxu.) Əfsuslar olsun ki, meyvəni yeməklə Həvva göstərdi ki, Yehova onun həyatında ən vacib Şəxs deyil.
Əyyubun günlərində qaldırılan mübahisəli sual
6. Şeytan Əyyubun nöqsansızlığını necə şübhə altına aldı və Əyyuba bununla əlaqədar hansı imkan verildi?
6 Bu hadisədən əsrlər sonra Allahın sadiq bəndəsi olan Əyyubun həyatında kimin ən vacib şəxs olduğunu göstərmək imkanı yarandı. Yehova Şeytana Əyyubun nöqsansız insan olduğunu deyəndə o, acıqla cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur?» (Əyyub 1:7—10 ayələrini oxu.) Şeytan Əyyubun Yehovaya itaət etdiyini danmırdı. O, onun niyyətini şübhə altına qoydu. O, hiyləgərcəsinə Əyyubu ittiham edərək bildirdi ki, Əyyub Yehovaya Onu sevdiyi üçün yox, şəxsi mənfəət güddüyü üçün xidmət edir. Şeytanın ittihamlarının yalan olduğunu yalnız və yalnız Əyyub sübut edə bilərdi və ona belə bir imkan verildi.
7, 8. Əyyubun başına nələr gəldi və onun sınaqlara tab gətirməsi nəyi göstərir?
7 Yehova izin verdi ki, Şeytan Əyyubun üzərinə bir-birinin ardınca çoxlu fəlakətlər gətirsin (Əyy. 1:12—19). Həyatının alt-üst olduğunu görən Əyyub nə etdi? Müqəddəs Kitabda deyilir ki, o, «Allahı təqsirləndirmədi» (Əyy. 1:22). Amma Şeytanın ürəyi bununla sakitləşmədi. O, narazılıqla Yehovaya dedi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər»a (Əyy. 2:4). Şeytan bildirdi ki, əgər Əyyub şəxsən özü əzab çəksə, fikri-zikri ancaq özündə olacaq və Yehovanın onun həyatında ən vacib Şəxs olduğunu unudacaq.
8 Şeytan Əyyubu bərbad hala salan iyrənc xəstəliyə mübtəla etdi. Üstəlik, arvadı ona: «Lənət et Allaha, öl qurtar!» — deyə təzyiq göstərdi. Bir qədər sonra isə guya təsəlli verməyə gələn üç dostu onu pis əməllərdə təqsirləndirdi (Əyy. 2:11—13; 8:2—6; 22:2, 3). Lakin bütün bunlara baxmayaraq, Əyyub nöqsansızlığından əl çəkmədi. (Əyyub 2:9, 10 ayələrini oxu.) O, bütün sınaqlara tab gətirməklə həyatında ən vacib Şəxsin Yehova olduğunu sübut etdi. Həmçinin Əyyubun hadisəsi göstərdi ki, qeyri-kamil insan imkanı daxilində İblisin bütün yalan ittihamlarına cavab verə bilər. (Süleymanın məsəlləri 27:11 ayəsi ilə müqayisə et.)
İsanın mükəmməl cavabı
9. a) Şeytan İsanın təbii tələbatından istifadə edərək onu necə sınağa çəkdi? b) İsa necə davrandı?
9 İsa vəftiz olunandan sonra Şeytan onu da yoldan azdırmağa cəhd göstərdi. O istəyirdi ki, İsa xudbin arzuların dalınca düşüb Yehovanın onun həyatında ən vacib Şəxs olduğunu unutsun. Bunun üçün İblis onu üç dəfə sınağa çəkdi. Birincisi, İblis onun ac olduğundan istifadə edərək daşları çörəyə döndərməyi təklif etdi (Mat. 4:2, 3). İsa 40 gün idi ki, oruc tuturdu və çox acmışdı. İblis istəyirdi ki, o, aclığını doyuzdurmaq üçün fövqəladə gücündən sui-istifadə etsin. Bəs İsa onun dediyini etdimi? Allahın əmrinə məhəl qoymayan Həvvadan fərqli olaraq, İsa diqqətini Allahın Kəlamına yönəldərək İblisin şirnikdirici təklifini yerindəcə rədd etdi. (Matta 4:4 ayəsini oxu.)
10. Nəyə görə Şeytan İsanın özünü məbədin hasarından yerə atmasını istəyirdi?
10 İkinci sınağında isə Şeytan İsanı xudbincəsinə davranmağa təhrik etməyə çalışdı. İblis istehza ilə İsaya dedi ki, əgər o, ‘Allahın oğludursa’, özünü məbədin hasarından yerə atsın (Mat. 4:5, 6). Şeytan hansı məqsədi güdürdü? O iddia edirdi ki, əgər İsaya heç nə olmasa, bu, onun ‘Allahın oğlu’ olduğunu sübut edəcək. Görünür, İblis istəyirdi ki, İsa insanlar arasında ad qazanmaq barədə düşünsün və hətta özünü başqalarına göstərsin. Şeytan çox gözəl bilirdi ki, təkəbbür və ya kimlərinsə gözündən düşmək qorxusu insanı başqasının sözünə uyaraq özünü təhlükəyə atmağa vadar edə bilər. O, Müqəddəs Kitab ayəsini təhrif etsə də, İsa öz cavabı ilə Yehovanın Kəlamını çox yaxşı başa düşdüyünü göstərdi. (Matta 4:7 ayəsini oxu.) Şeytanın hiyləsinə uymayan İsa bir daha sübut etdi ki, onun həyatında ən vacib Şəxs Yehovadır.
11. Nəyə görə İblis İsaya dünyanın bütün padşahlıqlarını təklif edəndə o, bu təklifi rədd etdi?
11 Çarəsiz qalan Şeytan sonda İsaya dünyanın bütün padşahlıqlarını təklif etdi (Mat. 4:8, 9). İsa onun bu təklifini də dərhal rədd etdi. O dərk edirdi ki, bunu qəbul etmək Yehovanın ali hökmranlığına arxa çevirməyə, yəni Onun Haqq-Taala kimi hökmranlıq etmək hüququnu danmağa bərabərdir. (Matta 4:10 ayəsini oxu.) İsa Şeytana cavab verəndə hər dəfə Yehovanın adı olan Müqəddəs Kitab ayəsini sitat gətirirdi.
12. Yer üzündə xidmətinin sonuna yaxın İsa hansı çətin qərarı verməli idi və onun buna münasibətindən biz nə öyrənirik?
12 Yer üzündə həyatının sonuna yaxın İsa çox çətin bir qərar verməli idi. Xidməti zamanı o, dəfələrlə həyatını qurban verməyə hazır olduğunu deyirdi (Mat. 20:17—19, 28; Luka 12:50; Yəh. 16:28). İsa yəhudi məhkəməsi tərəfindən ölümə məhkum ediləcəyindən agah idi, ancaq Allaha küfr etməkdə ittiham olunaraq bir kafir kimi edam olunacağını bilmək ona əzab verirdi. Buna görə o, Yehovaya dua etdi: «Ata, əgər mümkünsə, bu camı məndən kənar et». Lakin sonra: «Qoy mən yox, Sən istəyən kimi olsun», — dedi (Mat. 26:39). İsa ölümə qədər sadiq qalmaqla Yehovanın onun həyatında ən vacib Şəxs olduğuna heç bir şübhə yeri qoymadı!
Bizim cavabımız
13. Həvvanın, Əyyubun və İsa Məsihin nümunəsindən nə öyrəndik?
13 Araşdırdığımız nümunələrdən özümüzə hansı ibrət dərsləri götürə bilərik? Həvvanın hadisəsindən öyrəndik ki, əgər insan günahlı arzularının ardınca düşürsə və ya özü haqqında yüksək fikirdədirsə, deməli, Yehova onun həyatında ən vacib Şəxs deyil. Nöqsansızlığını qoruyan Əyyubun nümunəsindən isə gördük ki, hətta qeyri-kamil insan müxtəlif sınaqlara — səbəbini axıradək anlamadığı bədbəxtliklərə belə tab gətirməyə qadirdir; bununla da o, həyatında Yehovanın ən əsas yeri tutduğunu göstərə bilər (Yaq. 5:11). Və nəhayət, İsanın nümunəsi bizə öyrətdi ki, biz, lazım gələrsə, rüsvayçılığa dözməyə hazır olmalı və başqalarının bizim haqqımızda nə fikirləşdiyinə həddən artıq önəm verməməliyik (İbr. 12:2). Bəs öyrəndiklərimizi necə tətbiq edə bilərik?
14, 15. İsa ilə Həvvanın sınağa münasibəti nə ilə fərqlənirdi və biz İsadan nə öyrənirik? (18-ci səhifədəki şəklə bax.)
14 Sınaqlarla üzləşəndə Yehovanı unutma. Həvva gözlərinin qarşısında olan şirnikdirici şey barədə fikirləşməyə başladı. O gördü ki, «ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir» (Yar. 3:6). Amma İsa hər üç sınağa tamamilə başqa cür münasibət göstərdi! O, Şeytana uyduğu təqdirdə bunun nə ilə nəticələnəcəyi barədə düşünürdü. İsa Allahın Kəlamına etibar edirdi və Yehovanın adını çəkirdi.
15 Ürəyimiz Yehovanın xoşuna gəlməyən hərəkəti etməyə təşviq edəndə diqqətimizi nəyə yönəldirik? Bu haqda çox düşündükcə onu etmək istəyimiz güclənəcək (Yaq. 1:14, 15). Bədənimizin bir üzvünü kəsmək kimi qəti addım atmaq lazım gəlsə belə, həmin arzunu ürəyimizdən silərək yox etməliyik (Mat. 5:29, 30). İsa kimi, biz də hərəkətlərimizin nə ilə nəticələnəcəyini, yəni onların Yehova ilə münasibətimizə necə təsir edəcəyini götür-qoy etməliyik. Üstəlik, Yehovanın Kəlamında buna dair nə deyildiyini yadımıza salmalıyıq. Yalnız belə davrandığımız təqdirdə biz həyatımızda ən vacib Şəxsin Yehova olduğunu sübut edəcəyik.
16-18. a) Bizim ruhdan düşməyimizə səbəb nə ola bilər? b) Sıxıntılara tab gətirməyə bizə nə kömək edəcək?
16 Fəlakət üz verəndə Yehovaya hiddətlənmə (Sül. məs. 19:3). Bu pis sistemin sonu yaxınlaşdıqca Yehovanın xidmətçiləri daha çox fəlakət və bədbəxtliklərlə üzləşirlər. Biz düşünmürük ki, bu zaman Yehova bizi möcüzəvi şəkildə qoruyacaq. Əzizlərimizi itirəndə və ya çətinliklərlə üzləşəndə, Əyyub kimi, biz də ruhdan düşə bilərik.
17 Əyyub Yehovanın bəzi bədbəxtliklərə nəyə görə yol verdiyini başa düşə bilmirdi. Ola bilsin, biz də bəzən pisliklərin nəyə görə baş verdiyini anlamırıq. Yəqin ki, Haitidə və ya başqa bir yerdə olan zəlzələ, yaxud da digər təbii fəlakət nəticəsində həyatlarını itirmiş sadiq bacı-qardaşlar haqda eşitmişik. Bəlkə də, tanıdığımız bir sadiq məsihçi zorakılığın qurbanı olub və ya bədbəxt hadisədə həyatını itirib. Ya da ola bilər ki, özümüz sıxıntı içindəyik və ya ədalətsizliklə üzləşirik. Bu zaman biz: «Yehova, axı günahım nə idi ki, başıma bu bəla gəldi?» — deyə ah-nalə edə bilərik (Hab. 1:2, 3). Belə anlarda bizə nə kömək edəcək?
18 Bu zaman Yehovanın bizdən narazı olduğunu fikirləşməməliyik. İsa onun günlərində baş verən iki bədbəxt hadisəni nümunə çəkdi və bu hadisələrin Yehovanın narazılığının əlaməti olmadığını təsdiqlədi. (Luka 13:1—5 ayələrini oxu.) Bir çox fəlakətlər vaxt və təsadüf nəticəsində baş verir (Vaiz 9:11). Üzləşdiyimiz bədbəxtliyin səbəbi hər nə olursa-olsun, əgər «hər cür təsəlli Allahı» olan Yehovaya üz tutsaq, ona tab gətirə biləcəyik. O, sadiq qalmağımız üçün bizə lazımi güc verəcək (2 Kor. 1:3—6).
19, 20. İsa nəyin sayəsində bir çox alçaldıcı vəziyyətlərə tab gətirdi və bizə onun kimi davranmağa nə kömək edəcək?
19 Hörmətdən düşəcəyinə və ya rüsvay olacağına görə çox narahat olma. İsa təvazökar idi, buna görə də ona ‘özünü hər şeydən məhrum edib qul surətini qəbul etmək’ çətin deyildi (Filip. 2:5—8). Yehovaya güvəndiyi üçün o, bir çox alçaldıcı vəziyyətlərə tab gətirdi (1 Pet. 2:23, 24). Bununla İsa Yehovanın iradəsinin onun üçün daha vacib olduğunu göstərdi, Yehova da onu ucaldaraq yüksək bir vəzifə sahibi etdi (Filip. 2:9). İsa şagirdlərinə də eyni həyat tərzi sürməyi tövsiyə edirdi (Mat. 23:11, 12; Luka 9:26).
20 Bəzi sınaqlar zamanı başqaları qarşısında biabır olacağımızdan qorxa bilərik. Bu zaman həvari Paveldə olan əminlik bizdə də olmalıdır. O demişdi: «Məhz buna görə də mən bütün əziyyətlərə qatlaşıram və bundan utanmıram. Çünki inandığım Şəxsi tanıyıram və əminəm ki, O, Hökm gününə kimi əmanətimi qorumağa qadirdir» (2 Tim. 1:12).
21. Yalnız özlərini düşünən adamların arasında yaşasaq da, biz nə etmək əzmində olmalıyıq?
21 Müqəddəs Kitabda bizim dövrümüzdə insanların «xudbin» olacağı qabaqcadan deyilmişdi (2 Tim. 3:2). Buna görə də təəccüblü deyil ki, ətrafımızdakı adamların əksəriyyəti yalnız özlərini düşünürlər. Gəlin biz onlar kimi olmayaq! Şirnikdirici vəziyyətlə üzləşəndə, başımıza bədbəxtlik gələndə və ya kimsə bizi rüsvay etməyə çalışanda gəlin öz hərəkətlərimizlə Yehovanın həyatımızda ən vacib Şəxs olduğunu sübut etməyə qəti qərarlı olaq!
[Haşiyə]
a Müqəddəs Kitabı tədqiq edən bəzi alimlərin fikrincə, «dəri əvəzinə dəri» ifadəsinin mənası odur ki, Əyyub övladlarının öz ‘dərilərini’, yəni həyatlarını itirməsinə və mal-qarasının tələf olmasına razı olacaq ki, təki onun ‘dərisinə’, yəni canına heç bir zərər dəyməsin. Digərlərinin zənnincə isə, bu ifadənin mənası odur ki, insan həyatını xilas etmək naminə ‘dərisinin’ bir qismindən keçməyə hazırdır. Məsələn, insan başına zərbə dəyməsin deyə onu əlləri ilə qoruya bilər, bununla o, ‘dərisini’ və ya canını qurtarmaq üçün, demək olar ki, onun müəyyən qismini itirmiş olur. Bu idiomun mənası nə olursa-olsun, görünür, Şeytan demək istəyirdi ki, Əyyub öz həyatı naminə hər şeyini qurban verəcək.
Necə cavab verərdiniz?
• Şeytan Həvvanı necə aldatdı və bundan nə öyrənirik?
• Əyyubun başına gələn bədbəxtliklərə münasibətindən özümüzə hansı ibrət dərsi götürə bilərik?
• İsa üçün ən vacib şey nə idi və biz bundan nə öyrənirik?
[17-ci səhifədəki şəkil]
Yehova ilə münasibət Həvva üçün bir o qədər də önəmli deyildi
[18-ci səhifədəki şəkil]
İsa Şeytanın bütün şirnikdirici təkliflərini rədd edirdi və Yehovanın iradəsini düşünürdü
[20-ci səhifədəki şəkillər]
Haitidə baş verən zəlzələdən sonra çadırlarda yaşayan insanlara təbliğ
Gəlin fəlakətlər zamanı «hər cür təsəlli Allahı» olan Yehovaya üz tutaq