Oyaq durmaq zərurəti daha da artır
“Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz” (MATTA 24:42).
1, 2. Hazırkı sistemin sona çatdığı dövrdə yaşadığımız nədən görünür?
“İYİRMİNCİ əsrin xarici görünüşünə müharibələr qədər tə’sir edən heç bir şey olmamışdır”. Bu sözlərin müəllifi Bill Emmott eyni zamanda tarixin bütün dövrlərində müharibə və zorakılıqların olduğunu e’tiraf edərək qeyd edir: “Müharibələr başqa əsrlərdə də baş vermişdir, lakin XX əsrdə olduğu qədər və bu cür qəddar müharibələr heç zaman olmamışdır. Bu, bütün dünyanı əhatə edən toqquşmanı görən ilk əsrdir... Özü də birini deyil, ikisini”.
2 İsa Məsih qabaqcadan xəbər vermişdir ki, ‘xalqın xalqa, dövlətin dövlətə qarşı qalxacağı’ müharibələr olacaqdır. Lakin bu müharibələr ‘[Məsihin] gəlişinə [“iştirakına”, YD] və dövrün sonuna əlamətin’ yalnız bir hissəsidir. Bu böyük peyğəmbərlikdə İsa həm də qıtlıqlar, xəstəliklər və zəlzələlər barəsində xatırlatdı (Matta 24:3, 7, 8; Luka 21:6, 7, 10, 11). Bu fəlakətlər həm miqyasına, həm də sərtliyinə görə güclənir. Allaha və yaxınlarına münasibətlərindən göründüyü kimi, insanlar pisliklərlə doludur. Əxlaq normalarının aşağı düşməsi, cinayətin və zorakılığın artması göz qarşısındadır. İnsanlar Allahdan çox pulu sevir, həm də zövq almaq yanğısına tutulublar. Bütün bunlar onu göstərir ki, biz “çətin anlar”da yaşayırıq (2 Timoteyə 3:1-5).
3. “Dövrün əlamətləri” bizə necə tə’sir etməlidir?
3 İnsan cəmiyyətində vəziyyətin daima pisləşməsinə sənin münasibətin necədir? Bir çoxları müasir günlərin dəhşətli hadisələrinə e’tinasız yanaşırlar, bundan əlavə hətta ürəkləri belə sərtləşib. Bu dünyanın nüfuzlu və ziyalı adamları “dövrün əlamətlərini”n mə’nasını anlamır; bu məsələdə din rəhbərləri də insanlara düzgün rəhbərlik verə bilmirlər (Matta 16:1-3). Amma İsa öz davamçılarına öyüd verirdi: “Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz” (Matta 24:42). İsa istəyir ki, biz qısa müddət üçün deyil, daima oyaq duraq. Oyaq durmaq üçün biz ayıq və ehtiyatlı olmalıyıq. Son günlərdə yaşadığımızı və günlərin çətin olduğunu sadəcə e’tiraf etmək kifayət deyil. Biz möhkəm əmin olmalıyıq ki, “hər şeyin axırı yaxındır” (1 Peter 4:7). Oyaq durmağın zəruriliyini yalnız o zaman dərk edə bilərik. Bu səbəbdən belə bir sual üzərində düşünməliyik: Sonun yaxın olduğuna daha çox əmin olmaqda bizə nə kömək edər?
4, 5. a) Hazırkı pis sistemin sonunun yaxın olduğuna bizi əmin edən nədir və nəyə görə? b) Nuhun günləri ilə İnsan Oğlunun iştirakı arasındakı oxşarlıqlardan biri hansıdır?
4 İnsan tarixində baş verən nadir hadisədən, Nuhun günlərindəki böyük Tufandan qabaq yer üzündə hökm sürən şəraitlərə diqqət yetirək. İnsanlar o dərəcədə korlanmışdılar ki, Yehova “ürəyində kədərləndi”. O bildirdi: “İnsanları yer üzündən siləcəyəm” (Yaradılış 6:6, 7, MKŞ). Yehova elə də etdi. Nuhun günləri ilə bizim günlər arasında olan oxşarlığı göstərərək, İsa dedi: “Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də [“iştirakı da”, YD] elə olacaqdır” (Matta 24:37).
5 Tamamilə məntiqəuyğundur ki, hazırda mövcud olan dünya Tufandan əvvəl mövcud olan dünyanın Yehovada yaratdığı hissləri oyadır. Allah Nuhun günlərində mövcud olan allahsız dünyanı məhv etdiyi üçün, sözsüz ki, bugünkü pis dünyanı da məhv edəcək. O günlərlə bizim günlər arasındakı oxşarlıqları aydın görməyimiz, hazırkı dünyanın sonunun yaxın olduğuna bizi daha çox əmin edəcək. Belə isə, onda bu oxşarlıqlar nədədir? Onların sayı ən azı beşdir. Birincisi, o zaman olduğu kimi, bu gün də insanları qarşıdan gələn fəlakət barəsində son dərəcə aydın xəbərdar edirlər.
“Hələ zahir olmayan şeylər haqqında” xəbərdar edildi
6. Göründüyü kimi, Yehova Nuhun günlərində qabaqcadan nə barədə xəbərdarlıq etmişdir?
6 Nuhun günlərində Yehova bəyan etdi: “Ruhum adam ilə əbədiyyən çəkişməyəcəkdir, çünki o da ətdir; bunun üçün onun günləri yüz iyirmi il olacaqdır” (Təkvin 6:3). B. e. ə. 2490-cı ildə Allah tərəfindən verilən bu hökm həmin allahsız dünyanın son günlərinin başlanğıcını göstərdi. Həmin dövrdə yaşayan insanlar üçün bunun nə mə’na kəsb etdiyini düşün! Cəmi 120 ildən sonra, Yehova yəqin bir qədər sonradan Nuha dediyi kimi, ‘yer üzünü suya qərq etmək və göylər altında həyat nəfəsi olan bütün canlıları məhv etmək’ istəyirdi (Yaradılış 6:17, MKŞ).
7. a) Tufan barəsindəki xəbərdarlığa əsasən Nuh necə davrandı? b) Bu sistemin sonu haqqındakı xəbərdarlıqlara əsasən biz necə davranmalıyıq?
7 Nuh qarşıdan gələn fəlakət barəsində bir neçə onilliklər qabaq xəbərdarlıq aldı, həmin fəlakətdən sağ çıxmaq üçün isə ixtiyarında olan vaxtdan müdrikliklə istifadə etdi. Həvari Pavel deyir: “Hələ zahir olmayan şeylər haqqında [Nuh] Allah tərəfindən xəbərdar edilib, öz ailəsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı” (İbranilərə 11:7). Bəs biz? Yaşadığımız sistemin axır günlərinin başlandığı vaxtdan, 1914-cü ildən, təxminən 90 il keçir. ‘Sonun vaxtında’ yaşadığımıza, əlbəttə ki, şübhə etmirik (Daniel 12:4). Aldığımız xəbərdarlıqlara əsasən necə davranmalıyıq? Müqəddəs Kitabda deyilir: “Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17). Buna görə də, vaxtın gözləmədiyini nəzərdən qaçırmadan Yehovanın iradəsini artıq indidən yerinə yetirmək lazımdır.
8, 9. Bizim günlərdə hansı xəbərdarlıqlar eşidilir və bu xəbərdarlıqlar necə bəyan edilir?
8 Bizim günlərdə Müqəddəs Kitabın səmimi qəlbli tədqiqatçıları ilhamlanmış Yazıları öyrənərək dərk etmişlər ki, bu sistem həlaka məhkum edilib. Buna biz də inanırıqmı? İsa Məsihin aydın sözlərinə diqqət yetirək: “O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır” (Matta 24:21). İsa həm də söylədi ki, o, Allah tərəfindən tə’yin edilmiş Hakim timsalında gələcək və çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları bir-birindən ayıracaq. Layiq olmayanlar “əbədi əzaba, salehlər isə əbədi həyata düçar olacaqlar” (Matta 25:31-33, 46).
9 Yehova Öz xalqının diqqətini bu xəbərdarlıqlara həmişə “sadiq və ağıllı qul”un verdiyi ruhani qidanın tərkibindəki vaxtında olan xatırlatmaların vasitəsilə yönəldib (Matta 24:45-47). Bundan əlavə, bütün millətlər, qəbilələr, dillər və xalqlar təşviq olunurlar: “Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi” (Vəhy 14:6, 7). Yehovanın Şahidlərinin bütün dünyada təbliğ etdikləri Padşahlıq haqqındakı xəbərin tərkib hissəsi, Allahın Padşahlığının tezliklə insan hökumətlərinə son qoyacağına dair xəbərdarlıqdır (Daniel 2:44). Bu xəbərdarlığa e’tinasız yanaşmaq olmaz. Küll-İxtiyar Allah Öz və’dlərini həmişə yerinə yetirir (İşaya 55:10, 11). O, Nuhun günlərində Öz və’dini yerinə yetirdi, bunu bu gün də edəcəkdir (2 Peter 3:3-7).
Əxlaqsızlığın son dərəcədə artması
10. Nuhun günlərində əxlaqsızlığın yayılması barədə nə demək olar?
10 Bizim günlərimiz Nuhun günlərinə daha bir cəhətdən oxşardır. Lap əvvəldən Yehova ilk kişiyə və qadına, özlərinə bənzər adamlarla ‘yer üzünü doldurmaq’ tapşırığı vermişdir ki, bu da Allahın onlara verdiyi cinsi əlaqə sayəsində mümkün idi. Onlar ər-arvad kimi bu imkandan layiqli tərzdə istifadə etməli idilər (Yaradılış 1:28, MKŞ). Nuhun günlərində itaətsiz mələklər insanlara natəmiz, qeyri-təbii cinsi əlaqə üsulu öyrətdilər. Onlar yerə endilər, insan cildinə girərək gözəl qadınlarla yaşamağa başladılar və dünyaya yarı adam, yarı cin formasında nəhəng nəsil gətirdilər (Təkvin 6:2, 4). Bu ehtiraslı mələklərin günahı Sodom və Homorra sakinlərinin pozğunluğu ilə müqayisə olunur (Yəhuda 6, 7). Bu səbəbdən həmin günlərdə cinsi pozğunluq geniş yayılmışdır.
11. Bugünkü əxlaq normaları nədə Nuhun günlərini xatırladır?
11 Bəs bugünkü əxlaq normaları barəsində nə demək olar? Bu son günlərdə çox insanların həyatı seks ətrafında dövr edir. Pavel onları mə’nalı surətdə təsvir edərək deyir ki, onlar ‘hər cür həssaslığı itiriblər’; çoxları “hər növ murdarlığı acgözlüklə işləmək üçün, özlərini səfalətə” təslim ediblər (Efeslilərə 4:19). Pornoqrafiya, nikahaqədərki seks, uşaqları zorlama və homoseksualizm bu gün adi hala çevrilib. Bə’ziləri artıq cinsiyyət orqanları vasitəsilə ötürülən xəstəliklər, ailənin dağılması və digər sosial problemlər timsalında “layiq olan əvəzi” alırlar (Romalılara 1:26, 27).
12. Bütün pis şeylərə nəyə görə nifrət hissi inkişaf etdirməliyik?
12 Nuhun günlərində Yehova böyük Tufan göndərdi və pozğunluğa qərq olmuş dünyanı məhv etdi. Biz, Nuhun günləri ilə bizim günlər arasındakı yaxın oxşarlığı heç zaman nəzərdən qaçırmamalıyıq. Yaxınlaşan “böyük məşəqqət” yer üzünü əxlaqsızlardan, zinakarlardan, kişibazlardan və uşaqbazlardan təmizləyəcək (Matta 24:21; 1 Korinflilərə 6:9, 10; Vəhy 21:8). Pis şeylərə indidən nifrət hissini inkişaf etdirmək və əxlaqsızlığa sövq edə biləcək şəraitlərdən qaçınmaq nə qədər də vacibdir! (Məzmur 97:10; 1 Korinflilərə 6:18).
Yer üzü “zorakılıqla dolmuşdu”
13. Nuhun günlərində yer üzü nəyə görə zorakılıqla dolmuşdu?
13 Müqəddəs Kitab Nuhun günlərinin daha bir səciyyəvi xüsusiyyətinə diqqət yönəldir: “Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdılar və dünya zorakılıqla dolmuşdu” (Yaradılış 6:11, MKŞ). Zorakılıq əslində yeni bir şey deyildi. Adəmin oğlu Qabil öz saleh qardaşını qətlə yetirdi (Təkvin 4:8). Lamek yaşadığı dövr üçün səciyyəvi olan qəddarlıq ruhunu əks etdirən şe’r qoşmuşdur: o, gənc bir adamı guya ki, özünü müdafiə etmək məqsədi ilə öldürdüyü üçün öyünür (Təkvin 4:23, 24). Nuhun günlərində yeni olan, zorakılığın yayılma dərəcəsi idi. Allahın itaət etməyən mələk oğulları yer üzündəki qadınlarla evlənir və dünyaya nəhəng insanlardan ibarət nəsil gətirirdilər, bunun nəticəsində isə zorakılıq görünməmiş həddə çatmışdı. “Qeydlərlə Yeni Dünya Tərcüməsi”nə əsasən bu qəddar nəhənglər “badalaq vuranlar” — “başqalarının yıxılmasına səbəb olanlar” idi (Təkvin 6:4). Nəticədə yer üzü ‘zorakılıqla dolmuşdu’ (Yaradılış 6:13, MKŞ). Bu cür şəraitdə uşaqlarına tərbiyə verməyin Nuh üçün necə də çətin olduğunu təsəvvür edin! Buna baxmayaraq, Nuh “bəşər nəsli içində” Yehovanın önündə saleh tapıldı (Yaradılış 7:1, MKŞ).
14. Bugünkü dünya nə dərəcədə zorakılıqla doludur?
14 Bütün tarix boyu zorakılıq törədilmişdir. Lakin Nuhun günlərində olduğu kimi, bizim günlərdə də zorakılıq misli görünməmiş dərəcədə yayılıb. Müntəzəm olaraq ailədəki zorakılıq, terror aktları, genosid və heç bir səbəb olmadan ucdantutma hamıya atəş açan qatillər barəsində eşidirik. Əlavə olaraq, müharibələr zamanı qan tökülür. Yer üzü yenidən zorakılıqla dolmuşdur. Nəyə görə? Onun artmasına səbəb olan nədir? Bu sualın cavabı Nuhun günləri ilə bizim günlər arasındakı daha bir oxşarlığı aşkar edir.
15. a) Axır günlərdə zorakılığın artmasına səbəb olan nədir? b) Hadisələrin necə olacağına şübhə etməyə bilərik?
15 Göydə 1914-cü ildə Xilaskar Padşahlıq yarananda, taxta oturmuş Padşah İsa Məsih tarixi əhəmiyyət kəsb edən iş gördü. Şeytan İblis və onun cinləri göydən yerin hüdudlarına qovuldular (Vəhy 12:9-12). Tufana qədər itaət etməyən mələklər göydəki mövqelərini könüllü olaraq tərk etdilər, bizim günlərdə isə onlar göydən məcburən qovuldular. Bundan əlavə, indi onlar qeyri-qanuni cismani ehtiraslarına təslim olmaq üçün yer üzündə insan cildinə girə bilmirlər. Ümidsiz qalaraq, qəzəblənərək və qarşıdan gələn hökm günündən qorxaraq, onlar insanları və təşkilatları Nuhun günlərində olduğundan daha dəhşətli cinayətlərə və zorakılıqlara itələyirlər. Yehova tufanaqədərki dünyanı, itaətsiz mələklər və onların nəsilləri yer üzünü zorakılıqla doldurduqdan sonra məhv etdi. Yehovanın bizim günlərdə də bu cür davranacağına şübhə etmək lazım gəlmir! (Məzmur 37:10). Lakin oyaq duranlar bilirlər ki, qurtuluşları yaxındır.
Müjdə təbliğ edilir
16, 17. Nuhun günləri ilə bizim günlər arasındakı dördüncü oxşarlıq hansıdır?
16 Bizim günlərlə tufanaqədərki dünya arasındakı dördüncü oxşarlıq Nuha həvalə olunan işdə görünür. Nuh nəhəng gəmi tikdi. O, həm də “təbliğçi” idi (2 Peter 2:5). Nuh nəyi təbliğ edirdi? Hər şeylə yanaşı, görünür, Nuh həm tövbə etməyə çağırır, həm də qarşıdan gələcək fəlakət haqqında xəbərdarlıq edirdi. İsa dedi ki, Nuhun günlərində yaşayan insanlar “tufan gəlib hamısını aparıncaya qədər... bixəbər idilər [“fikirləşmirdilər”, YD]” (Matta 24:38, 39).
17 Eyni tərzdə də bu gün Yehovanın Şahidləri təbliğ etmək tapşırığını vicdanla yerinə yetirirlər, Allahın Padşahlığı haqqındakı xəbər isə bütün dünyada bəyan edilir. Demək olar ki, Yer kürəsinin hər bir yerində, insanların Padşahlıq haqqındakı xəbəri ana dilində eşitmək və oxumaq imkanları var. Yehovanın Padşahlığını bəyan edən “Gözətçi Qülləsi” jurnalı 25 milyondan artıq tirajla dərc olunur və 140-dan artıq dildə çap edilir. Allahın Padşahlığı haqqındakı xoş xəbər həqiqətən də “xalqların hamısına şəhadət olaraq bütün dünyada” təbliğ olunur. Bu iş Allahın istədiyi dərəcədə yerinə yetəndə, son hökmən gələcəkdir (Matta 24:14).
18. Bir çox insanların bizim təbliğ fəaliyyətimizə olan münasibətləri Nuhun müasirlərinin münasibətlərinə nədə oxşardır?
18 Tufandan əvvəlki dünyanın ruhani və mə’nəvi cəhətdən iflasa uğradığını nəzərə alsaq, Nuhun ailəsinin hər şeyə şübhə ilə yanaşan qonşularının nəzərində gülünc vəziyyətdə qaldığını təsəvvür etmək çətin deyil. Bu ailə təhqir və istehza obyektinə çevrilmişdir. Buna baxmayaraq, son gəldi. Son günlərdə də istehza edən rişxəndçilərin sayı az deyil. Lakin Müqəddəs Kitabda deyildiyi kimi, “Rəbbin Günü... oğru kimi gələcəkdir” (2 Peter 3:3, 4, 10). Şübhəsiz ki, həmin gün müəyyən olunduğu vaxtda gələcəkdir. Həmin gün gecikməyəcəkdir (Habakkuk 2:3). İndi oyaq durmaq necə də vacibdir!
Sağ qalanların sayı çox deyil
19, 20. Tufan ilə bugünkü sistemin məhv edilməsi arasında hansı oxşarlığı görmək olar?
19 Nuhun günləri ilə bizim günlər arasındakı oxşarlıq yalnız insanların pisliyində və məhv edilmələrində deyil. Tufandan bir neçə adam sağ çıxdı, hazırkı sistemin sonundan da sağ çıxanlar olacaq. Tufandan, həyat tərzləri digərlərindən fərqlənən həlim insanlar sağ çıxdılar. Onlar Allahın xəbərdarlığına diqqət yetirdi və öz dövrünün natəmiz dünyasından kənar gəzdilər. Müqəddəs Kitabda deyilir: “Nuh Rəbbin gözündə lütf tapdı... Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi” (Yaradılış 6:8, 9, MKŞ). Bütün bəşər ailəsindən yalnız bir ailə — “az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı” (1 Peter 3:20). Və Yehova Allah onlara tapşırdı: “Törəyib çoxalın və yer üzünü doldurun” (Yaradılış 9:1, MKŞ).
20 Allahın Kəlamı bizi əmin edir ki, “böyük məşəqqətdən” “böyük bir izdiham” sağ çıxacaq (Vəhy 7:9, 14). Onların sayı nə qədər olacaq? İsa özü dedi: “Həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır” (Matta 7:13, 14). Yer kürəsindəki əhalinin sayının milyardlarla olduğunu nəzərə alsaq, böyük məşəqqətdən sağ çıxanların sayı çox olmayacaqdır. Amma onlara da Tufandan sağ çıxanlara tapşırılan iş həvalə oluna bilər. Böyük məşəqqətdən sağ çıxanlar, ola bilər ki, müəyyən vaxt ərzində dünyaya, yeni yer cəmiyyətinin bir hissəsi olacaq uşaqlar gətirə biləcəklər (İşaya 65:23).
“Oyaq durun”
21, 22. a) Tufan haqqındakı mə’lumatı nəzərdən keçirməkdən hansı faydanı əldə etdiniz? b) 2004-cü il üçün illik ayə necə səslənir və həmin ayədəki məsləhətə diqqət yetirmək bizim üçün nəyə görə zəruridir?
21 Tufanın baş vediyi vaxtdan əsrlər keçsə də, yenə də bizim üçün xəbərdarlıq kimi xidmət edir və biz buna e’tinasız yanaşmamalıyıq (Romalılara 15:4). Nuhun günləri ilə bizim günlər arasındakı oxşarlıq bizi baş verənlərin vacibliyini daha aydın surətdə dərk etməyə və pis insanlar üzərindəki hökmü həyata keçirmək üçün İsanın oğru kimi gələcəyi vaxtı gözləməyə təşviq etməlidir.
22 Bu gün İsa Məsih ruhani mə’nada nəhəng tikinti işinə rəhbərlik edir. Məsihin həqiqi davamçılarının təhlükəsizliyi və həyatlarının qorunması üçün gəmiyə bənzər ruhani cənnət mövcuddur (2 Korinflilərə 12:3, 4). Böyük məşəqqət zamanı xilas olmaq üçün biz həmin cənnətdə qalmalıyıq. Ruhani cənnət ruhən yuxuya dalanları udmağa hazır olan Şeytanın dünyası ilə əhatə olunub. Bizim üçün oyaq durmaq və Yehovanın gününə hazır olmaq olduqca zəruridir (Matta 24:42, 44).
Xatırlayırsınızmı?
• İştirakı ilə əlaqədar İsa nəyə təşviq edirdi?
• İsa öz iştirakı vaxtını nə ilə müqayisə etdi?
• Bizim günlərimiz Nuhun günləri ilə hansı cəhətlərdə oxşardır?
• Nuhun günləri ilə bizim günlər arasındakı oxşarlıqlar üzərində düşünmək hansı dövrdə yaşadığımızı unutmamaqda bizə necə kömək edir?
[10-cu səhifədəki şərh]
2004-cü il üçün illik ayə bu olacaqdır: “Oyaq durun... hazır olun” (Matta 24:42, 44).
[9-cu səhifədəki şəkil]
Nuh Allahın xəbərdarlığına diqqət yetirdi. Biz də bu cür davranırıqmı?