TƏLİM MƏQALƏSİ 30
Yehovanın ailəsində qiymətli yeriniz var
«Sən onu mələklərdən bir az aşağı yaratdın, başına şərəf, əzəmət tacı qoydun» (ZƏB. 8:5).
NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq
İCMALa
1. Yehovanın xəlq etdikləri haqda düşünəndə bizdə hansı suallar yaranır?
YEHOVANIN yaratdığı əngin kainat haqda düşünəndə, yəqin ki, məzmurçu Davudun keçirdiyi hissləri keçirsiniz. Davud Allaha həmd ucaldaraq demişdi: «Xəlq etdiyin göylərə, əllərinin işinə, yaratdığın aya, ulduzlara baxanda düşünürəm: fani insan nədir ki, onu xatırlayırsan? Bəşər oğlu nədir ki, onun qeydinə qalırsan?» (Zəb. 8:3, 4). Davud kimi, yəqin, siz də kainatla müqayisədə nə qədər kiçik olduğunuzu düşünürsünüz və Yehovanın sizə nəzər salmasına heyran qalırsınız. Bu məqalədən görəcəyimiz kimi, Yehova nəinki ilk bəşər övladlarının, Adəmlə Həvvanın qeydinə qalmışdı, həmçinin onları Öz ailəsinə daxil etmişdi.
2. Yehovanın yer üzündə yaratdığı ilk övladları ilə bağlı niyyəti nə idi?
2 Adəmlə Həvva Yehovanın yer üzündə yaratdığı ilk övladları idi, Yehova da onların səmavi Atası idi. Yehova onların xeyirli övlad olmasını istəyirdi. Onlara buyurmuşdu: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yar. 1:28). Adəmlə Həvva övlad sahibi olmalı və evləri olan Yer kürəsinə qulluq etməli idilər. Onlar itaətkarlıq göstərib, Yehovanın bu niyyətinə uyğun davransa idilər, həm özləri, həm də nəsilləri əbədiyyən Allahın ailəsinin üzvü olacaqdı.
3. Yehovanın Adəmlə Həvvaya ailəsində şərəfli yer verdiyini nəyə əsasən deyə bilərik?
3 Adəmlə Həvvanın Yehovanın ailəsində şərəfli yeri var idi. Davud Zəbur 8:5 ayəsində Yehovanın xəlq etdiyi insanla bağlı belə demişdi: «Sən onu mələklərdən bir az aşağı yaratdın, başına şərəf, əzəmət tacı qoydun». Düzdür, Yehova insanı mələklər qədər qüdrətli, zəkalı və qabiliyyətli yaratmayıb (Zəb. 103:20). Amma insanı bu qüdrətli mələklərdən sadəcə «bir az aşağı» yaradıb. Bir düşünün, bu nə deməkdir! Həqiqətən də, Yehova ulu valideynlərimizin həyatına möhtəşəm başlanğıc vermişdi.
4. Adəmlə Həvvanın itaətsizliyi ucbatından nə baş verdi və bu məqalədə nə haqda danışacağıq?
4 Təəssüflər olsun ki, Adəmlə Həvva itaətsizliklərinə görə övladlıqdan çıxarıldı. Bu məqalədən də görəcəyimiz kimi, bu onların nəsli üçün fəlakətlə nəticələndi. Amma Yehovanın niyyəti dəyişməyib. O istəyir ki, itaətkar insanlar əbədiyyən Onun övladı olsun. İlk öncə, gəlin görək Yehova bizi necə şərəfləndirib. Həmçinin öyrənəcəyik ki, Yehovanın ailəsinin üzvü olmaq istədiyimizi necə göstərə bilərik. Sonda isə Yehovanın yer üzündəki övladlarını gözləyən əbədi nemətlər haqqında danışacağıq.
YEHOVA İNSANLARI ŞƏRƏFLƏNDİRİB
5. Bizi Öz bənzərində yaratdığına görə Allaha minnətdar olduğumuzu necə göstərə bilərik?
5 Yehova bizi Öz bənzərində yaratmaqla şərəfləndirib (Yar. 1:26, 27). Allahın bənzərində yaradıldığımız üçün Onda olan mərhəmət, sədaqət, ədalət və digər gözəl keyfiyyətləri təzahür etdirə bilərik (Zəb. 86:15; 145:17). Özümüzdə bu kimi keyfiyyətləri yetişdirməklə Yehovaya şərəf gətiririk və Ona minnətdarlığımızı göstəririk (1 But. 1:14—16). Səmavi Atamızın bəyəndiyi kimi davranmağımız bizə xoşbəxtlik gətirir. Yehova bizi Öz bənzərində yaradıb, deməli, Onun Öz ailəsində görmək istədiyi insan olmağımız mümkündür.
6. Yehova Yer kürəsini yaradarkən insanı şərəfləndirdiyini necə göstərmişdi?
6 Yehova bizə gözəl ev bəxş edib. Yehova ilk insanı yaratmazdan xeyli əvvəl Yer kürəsini yaşayış üçün hazırladı (Əyy. 38:4—6; Ərm. 10:12). Yehova xeyirxah və səxavətli olduğu üçün bizə bolluca naz-nemət verib (Zəb. 104:14, 15, 24). O, vaxtaşırı yaratdıqlarına nəzər salırdı və görürdü ki, «bu, yaxşıdır» (Yar. 1:10, 12, 31). Yehova insana yaratdığı heyrətamiz şeylər üzərində «ağalıq» verməklə onu ucaltdı (Zəb. 8:6). Allahın niyyəti odur ki, kamil insanlar əbədiyyən Onun yaratdıqlarının qayğısına qalıb, sevinc duysunlar. Bu möhtəşəm vədə görə Yehovaya daima minnətdarlığınızı bildirirsiniz?
7. Yuşə 24:15 ayəsi insanın iradə azadlığına sahib olduğunu necə göstərir?
7 Yehova bizə iradə azadlığı verib. Həyat yolumuzu seçmək bizim əlimizdədir. (Yuşə 24:15 ayəsini oxuyun.) Seçim etmək qabiliyyətimiz iradə azadlığı adlanır. Biz Allaha xidmət etməyi seçəndə Onun qəlbi sevinir (Zəb. 84:11; Məs. 27:11). İradə azadlığımızdan həyatımızın müxtəlif sahələrində düzgün qərarlar vermək üçün istifadə edə bilərik. Gəlin görək İsa Məsih bu ənamdan necə istifadə etmişdi.
8. İsa seçim azadlığından necə istifadə etmişdi? Nümunə çəkin.
8 Onun nümunəsi bizə kömək edəcək ki, iradə azadlığımızdan düzgün istifadə edib, başqalarının rifahını özümüzünkündən üstün tutaq. Bir dəfə İsa ilə həvariləri çox yorğun idi. Onlar dincəlmək ümidi ilə sakit bir yerə yollanırlar. Amma dincələ bilmirlər, çünki camaat İsadan təlim almaq üçün həmin yerə axışır. İsa camaatı görəndə əsəbiləşmir, əksinə, onlara yazığı gəlir. Buna görə də «onlara çox şey öyrətməyə» başlayır (Mark 6:30—34). Biz də İsadan örnək alaraq, vaxtımızı və gücümüzü başqaları üçün qurban verəndə göydəki Atamızın adını ucaldırıq (Mət. 5:14—16). Həmçinin göstəririk ki, Onun ailəsinin üzvü olmaq istəyirik.
9. Yehova insanlara hansı xüsusi ənamı verib?
9 Yehova insana övlad sahibi olmaq qabiliyyəti bəxş edib; həmçinin insanın üzərinə övladına Allahı sevməyi və Ona qulluq etməyi öyrətmək məsuliyyəti qoyub. Əziz valideynlər, bu xüsusi ənamı qiymətləndirirsiniz? Yehova mələklərə möhtəşəm qabiliyyətlər versə də, onlara övlad sahibi olmaq qabiliyyəti verməyib. Buna görə də valideynlər Yehovanın onlara verdiyi məsuliyyəti qiymətləndirməlidirlər. Valideynlərə övladlarını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütmək həvalə olunub. Bu, müqəddəs bir öhdəçilikdir (Efes. 6:4; Qan. 6:5—7; Zəb. 127:3). Bu işdə valideynlərə kömək etmək üçün Allahın təşkilatı Müqəddəs Kitaba əsaslanan çoxlu vəsaitlər təqdim edir, məsələn, nəşrlər, videolar, musiqi və internet məqalələri. Aydındır ki, uşaqlar səmavi Atamız və Onun Oğlu üçün çox əzizdir (Luka 18:15—17). Valideynlər Yehovaya güvənəndə və övladlarına qayğı göstərmək üçün əllərindən gələni edəndə Yehova razı qalır. Həmçinin belə valideynlər uşaqlarına kömək edirlər ki, onlar Yehovanın ailəsinin əbədiyyən üzvü olsunlar!
10, 11. Fidyə qurbanlığı sayəsində Yehova qarşımızda hansı imkanları açıb?
10 Yehova insanların yenidən Onun ailəsinin üzvü olması üçün ən dəyərli Oğlunu qurban verib. Dördüncü abzasda vurğulandığı kimi, həm Adəmlə Həvva, həm də onların nəsli Yehovanın ailəsindəki yerlərini itirdilər (Rom. 5:12). Adəmlə Həvva Yehovaya qarşı bilərəkdən itaətsizlik etdiyi üçün övladlıqdan çıxarılmağa layiq idilər. Bəs onların nəsli ilə nə baş verdi? Yehova məhəbbətdən irəli gələrək tədbir gördü ki, onların arasından layiq olan kəsləri Öz ailəsinə daxil etsin. O, bunun üçün yeganə Oğlu İsa Məsihi qurban verdi (Yəh. 3:16; Rom. 5:19). İsanın fidyəsi sayəsində Yehovanın 144 000 sadiq insanı oğulluğa götürməsi mümkün oldu (Rom. 8:15—17; Vəhy 14:1).
11 Həmçinin milyonlarla digər sadiq insan Yehovanın iradəsini itaətkarlıqla yerinə yetirir. Onların minilliyin axırında olacaq sonuncu sınaqdan sonra tam şəkildə Allahın ailəsinin üzvü olmaq imkanı var (Zəb. 25:14; Rom. 8:20, 21). Belə bir ümidləri olduğu üçün onlar artıq indidən Yaradanları Yehovaya «Ata» deyə müraciət edirlər (Mət. 6:9). Diriləcək kəslərə də Yehovanın buyruqlarını öyrənmək imkanı veriləcək. O kəslər ki Allaha itaət edəcək, onlar da sonda Onun ailəsinin üzvü olacaq.
12. Hansı sualın cavabını tapacağıq?
12 Gördüyümüz kimi, Yehova insanı şərəfləndirmək üçün çox şey edib. O, məsh olunmuşları artıq oğulluğa götürüb, böyük izdihama isə yeni dünyada tam şəkildə övladlığa götürülmək ümidini verib (Vəhy 7:9) Bəs biz əbədiyyən Yehovanın ailəsinin içində olmaq istədiyimizi necə göstərə bilərik?
YEHOVAYA ONUN AİLƏSİNİN ÜZVÜ OLMAQ İSTƏDİYİNİZİ GÖSTƏRİN
13. Yehovanın ailəsinin üzvü olmaq üçün nə etməliyik? (Mark 12:30).
13 Yehovaya bütün qəlbinizlə xidmət edərək Onu sevdiyinizi göstərin. (Mark 12:30 ayəsini oxuyun.) Xeyirxah Allahımız bizə saysız-hesabsız nemətlər verib. Bizə Ona ibadət etmək qabiliyyəti verməsi, bəlkə də, bu nemətlərin ən böyüyüdür. Yehovanı sevdiyimizi «Onun əmrlərinə riayət etmək»lə göstəririk (1 Yəh. 5:3). İsa Məsih Yehovanın buyruğu ilə bizə şagird hazırlamaq və onları vəftiz etmək tapşırığı verib (Mət. 28:19). O həmçinin bizə bir-birimizi sevməyi əmr edib (Yəh. 13:35). Yehova onun əmrlərinə itaət edənləri xidmətçilərindən ibarət ümumdünya ailəsinə daxil edəcək (Zəb. 15:1, 2).
14. İnsanları sevdiyimizi necə göstərə bilərik? (Mətta 9:36—38; Romalılara 12:10).
14 İnsanlara məhəbbət göstərin. Məhəbbət Yehovanın ən əsas xüsusiyyətidir (1 Yəh. 4:8). Biz hələ Yehovanı tanımamışdan əvvəl O bizə məhəbbət göstərib (1 Yəh. 4:9, 10). Biz insanlara məhəbbət göstərəndə Ona bənzəmiş oluruq (Efes. 5:1). İnsanlara məhəbbət göstərməyin ən gözəl yollarından biri, hələ vaxt var ikən, onların Yehova haqda öyrənməsinə kömək etməkdir. (Mətta 9:36—38 ayələrini oxuyun.) Bununla biz onların qarşısında Yehovanın ailəsinin üzvü olmaq imkanı açırıq. İnsan vəftiz olunandan sonra da biz ona məhəbbət göstərməyə və hörmət etməyə davam etməliyik (1 Yəh. 4:20, 21). Bura nə daxildir? Məsələn, etibar etmək. Onda ona pis niyyət yozmayacağıq və nəyisə xudbin məqsədlə etdiyini düşünməyəcəyik. Əksinə, dindaşımızı özümüzdən üstün saymaqla ona hörmət göstərəcəyik. (Romalılara 12:10 ayəsini oxuyun; Filip. 2:3.)
15. Kimlərə qarşı xeyirxah və mərhəmətli olmalıyıq?
15 Bütün insanlara qarşı xeyirxah və mərhəmətli olun. Əgər istəyiriksə, Yehovanın ailəsində olub, əbədiyyən Ona «Ata» deyək, Kəlamında yazılanlara əməl etməliyik. Məsələn, İsa öyrədirdi ki, biz hamıya, hətta düşmənlərimizə qarşı xeyirxah və mərhəmətli olaq (Luka 6:32—36). Bəzən bu bizə çox çətin gələ bilər. Belə olan halda, biz İsa kimi düşünməyi və davranmağı öyrənməliyik. Yehovaya itaət etmək və İsaya bənzəmək üçün əlimizdən gələni edəndə Yehovaya göstəririk ki, biz əbədiyyən Onun ailəsinin içində olmaq istəyirik.
16. Yehovanın ailəsinin adını ləkələməmək üçün nə edə bilərik?
16 Yehovanın ailəsinin adına ləkə gətirməyin. Adətən ailədə evin böyük oğlu nə edirsə, kiçiyi də onu təkrarlayır. Əgər böyük oğul Müqəddəs Kitabdakı prinsiplərə əməl edirsə, kiçik qardaşı üçün gözəl nümunə olur. Yox əgər böyük oğul düz yoldan saparsa, kiçik qardaşı üçün pis nümunə olar. Yehovanın ailəsi haqda da eyni şeyi demək olar. Əgər sadiq məsihi sonradan dönük fikirlərə uyursa, əxlaqsız və ya nadürüst həyat sürməyə başlayırsa, başqalarında onun şər əməllərinə qoşulmaq istəyi yarana bilər. Bu cür davrananlar Yehovanın ailəsinin adını ləkələyirlər (1 Salon. 4:3—8). Biz pis nümunələri izləməməyə qəti qərarlı olmalıyıq və yol verməməliyik ki, nəsə bizim səmavi Atamızla münasibətimizi korlasın.
17. Özümüzü hansı düşüncə tərzindən gözləməliyik və nəyə görə?
17 Maddi şeylərə yox, Yehovaya bel bağlayın. Yehova vəd edir ki, əgər biz Padşahlığı hər şeydən üstün tutsaq, Onun saleh qanunlarına uyğun yaşasaq, yeməyimiz, geyimimiz və yaşamağa yerimiz olacaq (Zəb. 55:22; Mət. 6:33). Əgər biz Yehovanın bu vədinə etibar etsək, onda düşünməyəcəyik ki, bu dünyanın təklif etdiyi maddi şeylərə sahib olsaq, dərdimiz olmaz və xoşbəxt olarıq. Bilirik ki, əsl qəlb rahatlığına sahib olmağın yeganə yolu Yehovanın iradəsini yerinə yetirməkdir (Filip. 4:6, 7). Amma, ola bilər, maddi imkanımız çox şey almağa yol verir. Bəs bu şeyləri istifadə etmək və onların qulluğunda durmaq üçün vaxtımız və gücümüz olacaq? Sahib olduğunuz şeylərə çox bağlısınız? Unutmamalıyıq ki, Yehova ailəsinin üzvlərinə müəyyən işlər tapşırıb. Yol verməməliyik ki, nələrsə bizi bu işləri yerinə yetirməkdən yayındırsın. Biz maddi şeylərə bağlı olduğu üçün İsanın ardınca getməkdən imtina edən varlı gəncə bənzəmək istəmirik. O, bu qərarı ilə Yehovaya xidmət etmək və Onun oğlu olmaq imkanını itirdi! (Mark 10:17—22).
YEHOVANIN ÖVLADLARINI GÖZLƏYƏN ƏBƏDİ NEMƏTLƏR
18. İtaətkar insanlara əbədiyyət boyu hansı şərəf və nemətlər nəsib olacaq?
18 İtaətkar insanlara ən böyük şərəf nəsib olacaq. Onlar əbədiyyət boyu Yehovanı sevib, Ona ibadət edəcəklər! Həmçinin Yehovanın onlar üçün yaratdığı mükəmməl evə, Yer planetinə qulluq edib, bundan sevinc duyacaqlar. Tezliklə Allahın Padşahlığı yer üzünü və orada olan hər şeyi yenidən gözəlləşdirəcək. İsa Məsih Adəmlə Həvvanın Allahın ailəsindən çıxması nəticəsində yaranan bütün problemləri aradan qaldıracaq. Yehova milyonlarla ölmüş insanı dirildəcək və onlara sağlam bədəndə və cənnətə çevrilmiş yer üzündə əbədi yaşamaq imkanı verəcək (Luka 23:42, 43). Yehovanın ailəsinin yer üzündəki hissəsi kamilliyə yetişdikcə, hər bir kəsə Davudun yazdığı kimi, «şərəf, əzəmət» nəsib olacaq (Zəb. 8:5).
19. Nəyi yadda saxlamalıyıq?
19 Əgər siz böyük izdihama aidsinizsə, Yehova sizin qarşınızda möhtəşəm imkan açıb. Yehova sizi sevir və istəyir ki, Onun ailəsinin üzvü olasınız. Odur ki, Onu razı salmaq üçün əlinizdən gələni edin. Hər bir gününüzü Yehovanın vədləri ilə yaşayın. Səmavi Atamıza ibadət etmək şərəfini qiymətləndirin və Onu əbədiyyət boyu mədh etmək imkanını əldən verməyin!
NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi
a Ailənin xoşbəxtliyi üçün ailənin bütün üzvləri öz məsuliyyətlərini bilməli və bir-birilərinə dayaq olmalıdır; ata məhəbbətlə ailəsinə başçılıq etməli, ana bu işdə ona dəstək olmalı, uşaqlar isə valideynlərinin sözünə qulaq asmalıdır. Yehovanın ailəsində də belədir. Allahın bizimlə bağlı niyyəti var və biz Onun niyyətinə uyğun davransaq, xidmətçilərindən ibarət ailəsinin əbədiyyən üzvü olacağıq.
b ŞƏKLİN İZAHI. Allahın bənzərində yaradıldığı üçün bu ər-arvad həm bir-birinə, həm də oğullarına məhəbbət və şəfqət göstərə bilir. Bu ər-arvad Yehovanı sevir və oğullarına Yehovanı sevməyi və Ona ibadət etməyi öyrədir. Bununla da övlad sahibi olmaq ənamını qiymətləndirdiklərini göstərirlər. Bu valideynlər video vasitəsilə övladlarına Yehovanın İsanı fidyə kimi verməsinin səbəbini izah edirlər. Həmçinin onlara öyrədirlər ki, biz Cənnətdə əbədiyyət boyu Yer kürəsinin və heyvanların qeydinə qalacağıq.