Yer üzündə əbədi həyat — Allahın verdiyi ümid
«Xilqət... vurnuxmaya [ümidlə] tabe etdirildi» (ROM. 8:20, 21).
1, 2. a) Nəyə görə yer üzündə əbədi yaşamaq ümidi bizim üçün əhəmiyyət kəsb edir? b) Əksər insanların yer üzündə əbədi həyatın olacağına şübhə ilə yanaşmasının səbəbi nədir?
YƏQİN insanların yaxın gələcəkdə artıq qocalmayacağını və ölməyəcəyini, yer üzündə əbədiyyən yaşayacağını ilk dəfə öyrənəndə nə qədər sevindiyini xatırlayırsan (Yəh. 17:3; Vəhy 21:3, 4). Ola bilsin, bu Müqəddəs Kitab ümidini başqaları ilə bölüşmək sənin üçün xoş idi. Axı əbədi həyat ümidi təbliğ etdiyimiz xoş xəbərin əsas hissəsini təşkil edir. Bu ümid həyata olan baxışlarımızı belə formalaşdırır.
2 Bir çox xristian dinləri yer üzündə əbədi həyatın olacağını rədd edirlər. Müqəddəs Kitabda ölməz ruh təlimi olmadığı halda, əksər kilsələr öyrədir ki, insanda ölümdən sonra ayrılıb ruhani aləmdə yaşamağa davam edən hansısa bir hissə var (Vaiz 9:5). Bu səbəbdən bir çox insanlar yer üzündə əbədi həyatın olacağına şübhə ilə yanaşır. Bunu nəzərə alaraq, özümüzdən soruşa bilərik: «Bu ümid həqiqətən də Müqəddəs Kitaba əsaslanırmı? Əgər əsaslanırsa, onda Allah ilk dəfə bu ümidi insanlara nə zaman verib?»
Ümidlə «vurnuxmaya tabe etdirildi»
3. Bəşər tarixinin ilk çağlarından Allahın insanlara dair niyyəti nədən bəlli idi?
3 Yehovanın insanlara dair niyyəti bəşər tarixinin ilk çağlarından bəlli idi. Allah Adəmə itaətkar olduğu təqdirdə əbədi yaşayacağını aydın bildirdi (Yar. 2:9, 17; 3:22). Sözsüz ki, Adəmin ilk nəsli kamilliyin necə itirildiyindən agah idi, çünki sübutlar göz qabağında idi. Eden bağına giriş qadağan idi və insanlar tədricən qocalıb ölürdülər (Yar. 3:23, 24). Getdikcə insanların ömrü qısalırdı: Adəm 930 il, Daşqından sağ çıxan Sam cəmi 600 il, oğlu Arpakşad isə 438 il yaşadı. İbrahimin atası Terah 205 il, İbrahimin özü 175, oğlu İshaq 180, nəvəsi Yaqub isə 147 il ömür sürdü (Yar. 5:5; 11:10-13, 32; 25:7; 35:28; 47:28). Yəqin çoxları anlayırdılar ki, insan ömrünün gödəlməsi əbədi həyat ümidinin itirildiyinə dəlalət edir. Bəs onların əbədi həyatın yenidən olacağına inanmağa əsasları var idimi?
4. Allahın Adəmin itirdiyi xeyir-duaları qaytaracağına inanmaq üçün qədimdə yaşamış sadiq insanların hansı əsasları vardı?
4 Allahın Kəlamında deyilir: «Xilqət [insan]... vurnuxmaya [ümidlə] tabe etdirildi» (Rom. 8:20, 21). Söhbət hansı ümiddən gedir? Müqəddəs Kitabın ilk peyğəmbərliyində deyilirdi ki, ‘övlad [ilanın] başından vuracaq’. (Yaradılış 3:1-5, 15 ayələrini oxu.) Övlad haqqında vəd sadiq insanları Allahın bəşəriyyətə dair niyyətindən əl çəkməyəcəyinə ümidvar edirdi. Bu peyğəmbərlik Habil və Nuh kimi insanlara Adəmin itirdiyi xeyir-duaları Allahın geri qaytaracağına inanmağa əsas verirdi. Ola bilsin, bu insanlar başa düşürdülər ki, ‘övladın dabanından sancılması’ qan axıdılacağına işarə edir (Yar. 4:4; 8:20; İbr. 11:4).
5. İbrahimin dirilməyə inandığı nədən görünür?
5 Gəlin İbrahimin nümunəsinə diqqət yetirək. İbrahim imtahan olunduğu zaman, demək olar ki, İshaqı, yeganə oğlunu qurban gətirdi (İbr. 11:17). O, nəyə görə bunu etməyə hazır idi? (İbranilərə 11:19 ayəsini oxu.) İbrahim dirilməyə inanırdı! Onun bu ümidi əsassız deyildi. Əvvəla, Yehova ona uşaq sahibi olmaq bacarığını qaytardı; onun və arvadı Saranın ahıl yaşlarında bir oğlu oldu (Yar. 18:10-14; 21:1-3; Rom. 4:19-21). Üstəlik, Yehova İbrahimə vəd etmişdi: «Sənin nəslinin varisi İshaq olacaq» (Yar. 21:12). Buna görə də o, Allahın İshaqı dirildəcəyinə zərrə qədər də şübhə etmirdi.
6, 7. a) Yehova İbrahimlə hansı əhdi kəsdi? b) Yehovanın İbrahimə verdiyi vəd bəşəriyyət qarşısında hansı ümidi açdı?
6 Yehova İbrahimin böyük imanını görüb onunla ‘nəsli’, yəni övladı ilə əlaqədar əhd kəsdi. (Yaradılış 22:18 ayəsini oxu.) Bu övladın əsas hissəsi İsa Məsih oldu (Qalat. 3:16). Yehova İbrahimə dedi ki, onun ‘nəsli [övladı] göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artıb çoxalacaq’, yəni İbrahimə məlum olmayan sayda olacaq (Yar. 22:17). Lakin uzun müddət sonra bu say bilindi. İsa Məsih və onunla göydə padşahlıq edəcək 144 000 nəfər həmin övladı təşkil edir (Qalat. 3:29; Vəhy 7:4; 14:1). Bu Padşahlıq ‘bütün millətlərin xeyir-dua’ alacağı yeganə vasitədir.
7 İbrahim Yehovanın onunla bağladığı əhdin mahiyyətini tam anlaya bilmirdi. Buna baxmayaraq, Müqəddəs Kitabda deyildiyi kimi, o, «möhkəm təməllərə malik şəhəri gözləyirdi» (İbr. 11:10). Həmin şəhər Allahın Padşahlığıdır. Padşahlığın gətirəcəyi xeyir-duaları almaq üçün İbrahim yenidən yaşamalıdır. Onun yer üzündə əbədi yaşaması dirilmə sayəsində mümkün olacaq. Əbədi yaşamaq imkanı Har-Megidonu sağ keçən və diriləcək insanlar üçün də açılacaq (Vəhy 7:9, 14; 20:12-14).
«Köksümdəki ruh məni sıxır»
8, 9. Nəyə görə demək olar ki, «Əyyub» kitabı sadəcə bir insanın sınaqlarından bəhs edən kitab deyil?
8 İbrahimin nəticəsi Yusifin ölümündən Musanın peyğəmbər təyin edilməsinə qədər olan vaxt kəsiyində Əyyub adlı bir insan yaşamışdır. Musa tərəfindən yazıldığı ehtimal edilən «Əyyub» kitabında Yehovanın sadiq xidmətçisinin əzab çəkməsinə yol verməsinin səbəbi və bunun nə ilə nəticələndiyi izah edilir. Amma bu kitab sadəcə bir insanın sınaqlarından bəhs edən kitab deyil; orada bütün şüurlu varlıqlara aidiyyəti olan məsələlər müzakirə olunur. Bu kitab Yehovanın hökmranlığının ədalətli olduğuna aydınlıq gətirir və göstərir ki, Onun yerdəki xidmətçilərinin nöqsansızlığı və əbədi həyatı Eden bağında qaldırılan məsələ ilə bağlıdır. Əyyub bu məsələni başa düşməsə də, üç dostunun yanlış mülahizələrinin onda nöqsansızlığını qorumadığı fikrinin yaratmasına yol vermədi (Əyy. 27:5). Bu, bizim imanımızı möhkəmləndirməli, nöqsansızlığımızı qorumağa və hökmranlıq məsələsində Yehovanın tərəfini tutmağa qabil olduğumuzu anlamağa kömək etməlidir.
9 Əyyuba «təskinlik» verən üç dostun daha deməyə sözü qalmadığını görən «buzlu Barakelin oğlu Elihu» dilləndi. Onu buna nə vadar etdi? Biz oxuyuruq: «Sinəm sözlə doludur, köksümdəki ruh məni sıxır» (Əyy. 32:5, 6, 18). Elihunun Allahdan ilham alaraq söylədiyi sözlər Əyyubun imtahanları sona çatanda yerinə yetməsinə baxmayaraq, onun sözləri başqaları üçün də əhəmiyyət kəsb edir. Onlar Allah qarşısında nöqsansızlığını qoruyanlara ümid üçün əsas verir.
10. Nədən bəllidir ki, Yehovanın ayrı-ayrı insanlara verdiyi xəbərin bəzən bütün bəşəriyyətə aidiyyəti olur?
10 Bəzən Yehova ayrı-ayrı insanlara həm onların özlərinə, həm də bütün bəşəriyyətə aidiyyəti olan xəbər verir. Bunu Babil padşahı Navuxodonosorun hündür ağacın kəsilməsinə dair gördüyü yuxu ilə əlaqədar Danielin söylədiyi peyğəmbərlikdən görmək olar (Dan. 4:10-27). Bu yuxu Navuxodonosorun üzərində yerinə yetsə də, o, daha möhtəşəm bir şeyə işarə edirdi. O göstərirdi ki, Davud padşahın sülaləsinin idarə etdiyi padşahlıqla təmsil olunan Allahın yer üzərindəki hökmranlığı b. e. ə. 607-ci ildə başlanan 2 520 illik dövrdən sonra yenidən bərpa olunacaqa. 1914-cü ildə İsa Məsih Padşah kimi taxta çıxanda Allahın yer üzərində hökmranlığı yenidən təsis olunmağa başlandı. Padşahlığın itaətkar bəşəriyyətin ümidlərini tezliklə necə həyata keçirəcəyini bir anlığa təsəvvürünə gətir!
«Onu quyuya düşməkdən qurtar»
11. Elihunun sözləri Allah haqqında nə deyirdi?
11 Elihu Əyyuba cavab verərkən «insana əməlisalehliyini bəyan etmək üçün min mələyin [«qasidin», YD] içindən bir mələk, bir vasitəçi» haqda danışdı. Bəs bu qasid lütf üçün Allaha dua edəndə, necə? Elihu deyir: «O zaman Allah ona [tövbə etmiş insana] rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, onun üçün kəffarə tapmışam”. Onda bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyy. 33:23-26). Bu sözlər göstərir ki, Allah tövbə edən kəslərə görə «kəffarə», yəni günahların üstünü örtən bir şey qəbul etməyə hazırdır (Əyy. 33:24).
12. Elihunun sözlərində bütün bəşəriyyət üçün hansı ümid var?
12 Görünür, peyğəmbərlər yazdıqları hər şeyi anlamadıqları kimi, Elihu da fidyənin mahiyyətini tam başa düşmürdü (Dan. 12:8; 1 Pet. 1:10-12). Buna baxmayaraq, Elihunun sözləri bir gün Allahın fidyə qəbul edəcəyini və insanları qocalığın və ölümün pəncəsindən qurtaracağı ümidini əks etdirirdi. Elihunun sözləri əsrarəngiz əbədi həyat ümidi ilə bağlı idi. «Əyyub» kitabı həmçinin dirilmənin olacağını da göstərir (Əyy. 14:14, 15).
13. Elihunun sözləri məsihçilər üçün hansı mənanı kəsb edir?
13 Elihunun sözləri hazırkı pis sistemin sonunda xilas olmağa ümid edən milyonlarla məsihçi üçün də böyük məna kəsb edir. Yeni dünyaya qədəm basacaq insanların arasındakı qocalar yenidən gənc və gümrah olacaqlar (Vəhy 7:9, 10, 14-17). Dirilib gənclik çağlarına qayıdacaq insanları görmək ümidi bu gün də Allahın sadiq xidmətçilərinə sevinc bəxş edir. Əlbəttə, məsh olunmuş məsihçilərin göydə ölməzliyi, İsanın ‘başqa qoyunlarının’ isə yer üzündə əbədi həyatı alması yalnız Məsihin fidyə qurbanlığına iman gətirmələrindən asılıdır (Yəh. 10:16; Rom. 6:23).
Ölüm yer üzündən əbədiyyən yox edildi
14. Nədən görünür ki, israillilərin əbədi həyat ümidlərinin olması üçün Musanın Qanunu kifayət etmirdi?
14 Allah israillilərlə Qanun əhdi kəsəndə İbrahimin nəsli müstəqil xalq oldu. Yehova onlara Qanun verərkən demişdi: «Qaydalarıma və hökmlərimə səylə əməl edin; belə hərəkət edən adam bunların sayəsində yaşayacaq» (Lev. 18:5). İsraillilər Qanunun mükəmməl normalarına uyğun yaşaya bilmədikləri üçün Qanunun lənətinə tuş gəldilər və onlara bu lənətdən xilas olmaq lazım idi (Qalat. 3:13).
15. Davud gələcəkdə olacaq hansı xeyir-dua haqqında yazmağa ilhamlandırılmışdı?
15 Musadan sonra da Yehova digər Müqəddəs Kitab yazıçılarını əbədi həyat ümidi haqda xatırlatmağa ilhamlandırdı (Məz. 21:4; 37:29, KM). Misal üçün, məzmurçu Davud Allahın həqiqi xidmətçilərinin Sion dağında birgə ibadət etdiklərindən bəhs edən məzmurların birinə belə yekun vurur: «Rəbb buyurub ki, bu məkana bərəkət, əbədi həyat verilsin» (Məz. 133:3).
16. Yeşaya vasitəsilə Yehova ‘bütün yer üzünün’ gələcəyinə dair nə vəd etmişdi?
16 Yehova Yeşayanı da yer üzündə əbədi həyat barədə peyğəmbərliyi qələmə almağa ilhamlandırmışdı. (Yeşaya 25:7, 8 ayələrini oxu.) Ağır yük olan günah və ölüm isti ‘duvağ’, yəni yorğan kimi bəşəriyyəti örtür. Yehova xalqını əmin edir ki, günah və ölümü götürəcək, yəni «bütün yer üzündən» yox edəcək.
17. Məsihin hansı peyğəmbərlik rolu əbədi həyata yol açır?
17 İndi də gəlin Musanın Qanununda Azazel təkəsi ilə əlaqədar təsis edilmiş qaydaya nəzər salaq. İldə bir dəfə, Kəffarə günündə baş kahin ‘iki əlini [diri] təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluqlarını etiraf edir və təkənin başına ötürürdü. Sonra isə təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa apararaq çölə göndərilirdi’ (Lev. 16:7-10, 21, 22). Yeşaya eyni rolu oynayan və «xəstəliklərimizi», «dərdlərimizi», «çox adamların günahını» özü ilə apararaq əbədi həyata yol açacaq Məsihin gələcəyini peyğəmbərlik etmişdi. (Yeşaya 53:4-6, 12 ayələrini oxu.)
18, 19. Yeşaya 26:19 və Daniel 12:13 ayəsində söhbət hansı ümiddən gedir?
18 Yehova Yeşaya vasitəsilə Öz xalqına demişdi: «Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun, çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək» (Yeşaya 26:19). İbranicə Müqəddəs Yazılar insanların dirilib yer üzündə yaşayacaqlarını açıq-aydın göstərir. Məsələn, Daniel təxminən 100 yaşında olarkən Yehova onu əmin edərək demişdi: ‘Sən öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü [«günlərin sonunda», KM] diriləcəksən’ (Dan. 12:13).
19 Marta dirilməyə ümid etdiyindən vəfat etmiş qardaşı haqda İsaya demişdi: «Bilirəm ki, dirilmədə, son gündə diriləcəkdir» (Yəh. 11:24, İ–93). Bəs İsanın təlimləri və onun şagirdlərinin ilhamlanmış yazıları bu ümidi dəyişdimi? Yehovanın yer üzündə əbədi həyat vədi bu gün də qüvvədədirmi? Bu sualların cavabını növbəti məqalədə tapacağıq.
[Haşiyə]
a «Danielin peyğəmbərliyinə diqqət yetirin!» (rus.) kitabının 6-cı fəslinə baxın.
İzah edə bilərsinizmi?
• İnsanlar hansı ümidlə «vurnuxmaya tabe etdirildi»lər?
• İbrahimin dirilməyə inandığı nədən görünür?
• Elihunun Əyyuba dediyi sözlər bəşəriyyətə hansı ümidi verir?
• İbranicə Müqəddəs Yazılarda dirilmə və yer üzündə əbədi həyat ümidi necə vurğulanır?
[5-ci səhifədəki şəkil]
Elihunun Əyyuba dediyi sözlər insanların qocalıqdan və ölümdən azad olunacaqlarına ümid verir
[6-cı səhifədəki şəkil]
Allah Danieli əmin etdi ki, o, ‘günlərin sonunda diriləcək’