FƏSİL 6
Biz nə üçün qocalır və ölürük?
ALİMLƏR insanların nə üçün qocalıb öldüklərini bilmirlər. Əslinə qalsa, hüceyrələrin təzələnmə prosesi dayanmamalı, biz isə əbədi yaşamalıyıq. “Histologiyanın əsasları” kitabında deyilir: “Hüceyrələrin qocalması ilə insanın qocalması və ölməsi arasındakı bağlılıq — anlaşılmaz bir sirdir” (“Hyojun Soshikigaku”). Bir çox alimlər elə düşünürlər ki, həyatın “təbii, miras alınmış” hüdudu var. Siz necə düşünürsünüz, onlar haqlıdırlarmı?
2 İnsanlar həmişə uzunömürlüyə can atmış və hətta ölməzliyə nail olmağa cəhd etmişlər. B. e. ə. IV əsrdə Çin zadəganlarının diqqətini ölməzlik verdiyi hesab olunan dərmanlar cəlb etdi. Sonralar bə’zi Çin imperatorları civədən hazırlanan ab-həyat adlanan dərmanları içir və ölürdülər. Dünyanın hər yerində ölümü mövcudluğun sonu hesab etməyən insanlar yaşayır. Buddistlər, hindular, müsəlmanlar və bir çox başqa insanlar ölümdən sonra yaşamağa ümid bəsləyirlər. Xristian dünyasında isə bir çox insanlar axirətdə səmavi xoşbəxtliyi gözləyirlər.
3 Ölümdən sonrakı xoşbəxt həyatla bağlı təsəvvürlər əbədi yaşamaq istəyinə şəhadət edir. Allahın ürəyimizə qoyduğu əbədiyyət ideyasına dair Müqəddəs Kitabda deyilir: “O... onların ürəyinə... əbədiyyəti qoydu” (Vaiz 3:11). Allah ilk insanları yer üzündə əbədi yaşamaq ümidilə yaratmışdır (Təkvin 2:16, 17). Bəs onda nəyə görə insanlar ölürlər? Ölüm dünyaya necə daxil oldu? Allah haqqında olan bilik bu suallara aydınlıq gətirir (Məzmur 119:105).
MƏKRLİ PLAN
4 Cinayətkar izini cizlətməyə çalışır. Milyardlarla insanların ölümünə səbəb olan cinayətə cavabdeh kəs də eynilə davranır. O, əlindən gələni edir ki, ölüm bir sirr olaraq qalsın. Bir dəfə İsa Məsih onun ölümünü istəyən kəslərlə söhbət edərkən həmin cinayətkarın adını çəkdi: “Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. O, başlanğıcdan insan qatili idi və həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur” (Yəhya 8:31, 40, 44).
5 Bəli, İblis — məkrli ‘insan qatilidir’. Müqəddəs Kitabda deyilir ki, İblis sadəcə insanın ürəyində mövcud olan pislik deyil, real şəxsiyyətdir (Matta 4:1-11). O, saleh mələk kimi yaradılmış olsa da, “həqiqətə bağlı qalmadı”. Tam ədalətli olaraq Şeytan İblis adlandırıldı! (Vəhy 12:9). O, Yehovaya qarşı üsyan etdiyinə görə “Şeytan”, yə’ni “düşmən” adlandırıldı. Bu cinayətkar, həmçinin Allahı yalan şəkildə təqdim etdiyi üçün “İblis”, yə’ni “böhtançı” da adlandırılmışdı.
6 Şeytanı Allaha qarşı üsyan etməyə təhrik edən nə oldu? Tamahkarlıq. O, tamahkarlıqla arzulayırdı ki, insanlar Yehovaya ibadət etdikləri kimi ona da ibadət etsinlər. İblis, əslində Yaradana məxsus olan ibadəti əldə etmək istəyindən əl çəkmədi. (Hezekiel 28:12-19 ilə müqayisə edin.) Bunun əvəzinə, Şeytan olan mələk axır nəticədə günaha gətirib çıxaran tamahkar istəyi özündə inkişaf etdirdi (Yaqub 1:14, 15).
7 Beləliklə, insanların ölümündə kimin günahkar olduğunu müəyyən etdik. Bəs insanların ölməsinin əsas səbəbi nədir? Müqəddəs Kitabda deyilir: “Ölümün neştəri isə günahdır” (1 Korinflilərə 15:56). Bəs günah nədir? Bu sözün mə’nasını başa düşmək üçün gəlin, Müqəddəs Kitabın yazıldığı dillərdə həmin sözün hansı mə’na daşıdığını nəzərdən keçirək. Adətən “günah etmək” kimi tərcümə olunan ibrani və yunan fe’lləri “yan atmaq”, daha doğrusu, hədəfə vura bilməmək mə’nalarını verir. Bizim hər birimizin düz vura bilmədiyi hədəf hansıdır? Bu, mükəmməl şəkildə Allaha itaətkar olmaq hədəfidir. Bəs günah dünyaya necə daxil oldu?
MƏKRLİ PLANIN HƏYATA KEÇİRİLMƏSİ
8 Şeytan hiyləgər bir plan qurdu və onun zənnincə, bu plan bəşəriyyətin üzərində hökmranlığa və üstəlik bütün insanların ona ibadət etmələrinə nail olmaqda kömək etməli idi. O, ilk insan cütü olan Adəmlə Həvvanı Allaha qarşı günaha təhrik etmək qərarına gəldi. Yehova ulu valideynlərimizə əbədi həyatı zəmanət verən bilik bəxş etmişdi. Onlar Yaradanın çox mərhəmətli olduğunu bilirdilər, axı Allah onları gözəl Eden bağında sakin etmişdi. Allah Adəmə köməkçi gözəl bir qadın verəndə, o, səmavi Atasının mərhəmətini xüsusilə hiss etdi (Təkvin 1:26, 29; 2:7-9, 18-23). İlk insan cütünün gələcək həyatı Allaha itaət etmələrindən asılı idi.
9 Allah Adəmə buyurdu: “Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün sən hökmən öləcəksən” (Yaradılış 2:16, 17, MKŞ). Bir Yaradan kimi, Yehovanın Öz yaratdıqları üçün əxlaq normaları tə’yin etməyə və onlar üçün xeyirlə şərin nə olduğunu müəyyən etməyə haqqı vardı. Bu əmr məntiqəuyğun idi, çünki Adəm və Həvva sərbəst olaraq bağdakı qalan bütün meyvələrdən yeyə bilərdilər. Onlar özləri üçün şəxsi əxlaq normalarını tə’yin etmək əvəzinə, bu əmri yerinə yetirərək, Yehovanın ədalətli hakimiyyətinə ehtiram etdiklərini göstərə bilərdilər.
10 İblis ilk insanları Allahdan uzaqlaşdırmaq niyyətinə düşmüşdü. Onları şirnikdirib öz tərəfinə çəkmək üçün Şeytan yalana əl atdı. Kuklaçının kukladan istifadə etdiyi kimi, İblis də ilandan istifadə edərək Həvvadan soruşdu: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” Həvva Allahın əmrinə istinad etdikdə, Şeytan bəyan etdi: “Yox, ölməzsiniz”. Sonra Yehovaya pis niyyətlər aid edərək dedi: “Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız” (Yaradılış 3:1-5, MKŞ). Bununla Şeytan iddia etdi ki, guya Allah Öz yaratdığı varlıqlardan nə isə yaxşı bir şey gizlədir. Bu, həmişə həqiqəti söyləyən və məhəbbətli səmavi Atamız Yehovaya qarşı necə də iyrənc böhtandır!
11 Həvva ağaca yenidən nəzər saldı, indi onun meyvələri daha cazibəli görünürdü. O, meyvəni qoparıb yedi. Sonra isə əri öz seçimini edib Allaha qarşı bu günahlı itaətsizlikdə ona qoşuldu (Təkvin 3:6). Həvva aldadılmış olsa da, Adəmlə bərabər hər ikisi Şeytanın bəşəriyyət üzərində hökmranlıq etmək niyyətinə tərəf çıxdılar. Beləliklə, onlar Şeytanla əlbir oldular (Romalılara 6:16; 1 Timoteyə 2:14).
12 Adəmlə Həvvanı etdikləri hərəkətə görə cəza gözləyirdi. Onlar nə Allah kimi oldular, nə də xüsusi bilik əldə etdilər. Bunun əvəzinə utandılar və gizləndilər. Yehova Adəmi məs’uliyyətə cəlb edib belə bir hökm kəsdi: “Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki ondan götürülmüsən; ona görə ki yerin torpağısan, torpağa da çevriləcəksən” (Yaradılış 3:19, MKŞ). Ulu valideynlərimiz xeyirlə şəri bilmə ağacından yedikləri “gün” Allah tərəfindən mühakimə olunub, Onun gözündə öldülər. Onlar Cənnətdən qovuldular və sonunda ölümə aparan yola qədəm qoydular.
GÜNAH VƏ ÖLÜM BƏŞƏRİYYƏTƏ NECƏ YAYILDI?
13 Şeytan, şübhəsiz ki, insanların sitayişini əldə etmək istəyinə nail ola bildi. Lakin o, öz xidmətçilərinin həyatını qorumaqda acizdir. Adəmlə Həvva günah etdiklərinə görə artıq kamilliyi öz nəsillərinə verə bilmədilər. Daş üzərində oyulmuş yazı kimi, günah da ulu valideynlərimizin genində dərin həkk olundu. Buna görə də, onlar dünyaya yalnız qeyri-kamil uşaqlar gətirə bildilər. Adəmlə Həvvanın uşaqlarının hamısı onların günahından sonra doğulduqları üçün, öz valideynlərindən günah və ölümü miras aldılar (Məzmur 51:5; Romalılara 5:12).
14 Ancaq bu gün çoxları özlərini günahlı hesab etmirlər. Dünyanın bə’zi yerlərində miras alınmış günah haqqında ümumiyyətlə heç bir təsəvvür yoxdur. Lakin bu günahın mövcud olmadığı demək deyil. Üzü his-pas içində olan uşaq özünün təmiz olduğunu iddia edə bilər, lakin güzgüyə baxdıqdan sonra, o, bunu dana bilməz. Qədim israillilər də Musa peyğəmbərin vasitəsilə Allahın Qanununu aldıqları zaman belə bir uşağa bənzəyirdilər. Qanun günahın mövcud olduğunu aydın şəkildə göstərirdi. “Qanun vasitə olmasaydı, günahı dərk etməzdim” deyə, həvari Pavel izah edir (Romalılara 7:7-12). Güzgüdə özünə baxan uşaq kimi, israillilər də Qanun güzgüsündə özlərinə baxdıqda, Yehovanın gözündə natəmiz olduqlarını görə bilirdilər.
15 Əgər biz Allah Kəlamının güzgüsünə baxıb, onda yazılan normalara diqqət yetiririksə, öz qeyri-kamilliyimizi görürük (Yaqub 1:23-25). Məsələn, Matta 22:37-40 ayələrində İsa Məsihin Allaha və yaxınlarına olan məhəbbət haqqında öz şagirdlərinə dediklərinə nəzər salın. İnsanlar əksər hallarda bu hədəfə düşə bilmirlər! Çoxları Allaha və yaxınlarına məhəbbət göstərmədikdə heç vicdan əzabı belə çəkmirlər (Luka 10:29-37).
ŞEYTANIN FİTNƏLƏRİNDƏN QORUNUN!
16 Şeytan bizi günahlı həyat tərzinə meyl etdirməyə çalışır (1 Yəhya 3:8). Onun fitnələrinin qurbanı olmaqdan qaçınmaq mümkündürmü? Bəli, amma bunun üçün günahlı meyllərlə mübarizə aparmaq gərəkdir. Bunu etmək asan deyil, çünki hər birimizdə günah etməyə anadangəlmə güclü meyl var (Efeslilərə 2:3). Pavel bu meyllə mübarizə aparırdı? Nəyə görə? Ona görə ki, günah onda yaşayırdı. Əgər Allahın lütfünü qazanmaq istəyiriksə, biz də anadangəlmə günahlı meyllərimizlə mübarizə aparmalıyıq (Romalılara 7:14-24; 2 Korinflilərə 5:10).
17 Şeytan bizi həmişə aldatmağa və Allahın qanunlarını pozmağa vadar etməyə çalışdığı üçün günahla mübarizə aparmaq bizə bir o qədər də asan deyil (1 Peter 5:8). Pavel məsihçi qardaşları üçün narahat olaraq demişdir: “İlan Həvvanı öz hiyləgərliyi ilə necə aldatdısa, qorxuram ki, sizin düşüncələriniz, necə olursa-olsun, Məsihə olan sadə və təmiz sədaqətinizdən uzaqlaşaraq, pozulsun” (2 Korinflilərə 11:3). Şeytan bu gün də eyni hiylələrə əl atır. O, Yehovanın xeyirxahlığına və Onun əmrlərinə tabe olmağın fayda gətirdiyinə dair şübhə oyatmağa çalışır. İblis miras aldığımız günahlı meyllərimizdən istifadə etməyə və bizi məğrurluq, tamahkarlıq, nifrət və qabaqcadan yaranmış yanlış fikir yoluna yönəltməyə çalışır.
18 İblisin bizə tə’sir göstərmək üçün istifadə etdiyi üsullardan biri, onun hakimiyyəti altında olan dünyadır (1 Yəhya 5:19). Əgər biz ehtiyatlı olmasaq, bu dünyanın əxlaqsız və vicdansız adamları bizi günahlı həyat tərzinə və Allahın əxlaq normalarına e’tinasızlıq göstərməyə təhrik etməyə çalışacaqlar (1 Peter 4:3-5). Çoxları Allahın qanunlarına e’tinasızlıq göstərir və vicdan əzabına məhəl qoymayaraq, onu kütləşdirirlər (Romalılara 2:14, 15; 1 Timoteyə 4:1, 2). Bə’ziləri isə vaxt keçdikcə əvvəllər, hətta qeyri-kamil vicdanlarının yol vermədiyi işləri görməyə başlayırlar (Romalılara 1:24-32; Efeslilərə 4:17-19).
19 Bu dünyada əxlaqca təmiz həyat yaşamağın özü artıq az iş deyil. Lakin Yaradanımızı razı salmaq üçün bu kifayət etmir. Biz Allaha inanmalı və Onun qarşısında məs’uliyyət hiss etməliyik (İbranilərə 11:6). Şagird Yaqub yazırdı: “Yaxşılıq etməyi bilən, amma etməyən günah işlədir” (Yaqub 4:17). Bəli, Allaha və Onun əmrlərinə bilə-bilə əhəmiyyət verməyən kəs günah işlədir.
20 Çox güman ki, Şeytan insanları təhrik edəcəkdir ki, sizin Müqəddəs Kitabı öyrənməyinizə və Allah haqqında bilik əldə etməyinizə müqavimət göstərsinlər. Ümidvarıq ki, bu cür müqavimətlər sizin düzgün davranmağınıza mane olmayacaqdır (Yəhya 16:2). İsanın xidməti ərzində bir çox rəislər ona iman etsələr də, başqalarının onlardan kənar gəzəcəklərindən qorxaraq, bunu gizlədirdilər (Yəhya 12:42, 43). Şeytan Allah haqqındakı biliyə can atan hər bir insanı amansız şəkildə qorxutmağa çalışır. Lakin siz Yehovanın etdiyi hər bir işi həmişə yadda saxlamalı və onları qiymətləndirməlisiniz. Və kim bilir, bəlkə göstərdiyiniz sə’yin sayəsində bunu, hətta sizə müqavimət göstərənlər də başa düşəcək və qiymətləndirəcəklər.
21 Nə qədər ki, qeyri-kamilik, günah edəcəyik (1 Yəhya 1:8). Lakin buna baxmayaraq, apardığımız mübarizədə tək deyilik. Bəli, şərir olan İblis Şeytanla apardığımız bu mübarizədən qalib çıxa bilərik (Romalılara 5:21). İsa yer üzündəki xidmətinin sonunda öz davamçılarını növbəti sözlərlə cəsarətləndirdi: “Dünyada kədəriniz olacaqdır; amma cəsur olun, Mən dünyaya qalib gəldim” (Yəhya 16:33). Allahın köməyi ilə, hətta qeyri-kamil insanlar belə dünyaya qalib gələ bilərlər. Şeytanın, ona qarşı duran və ‘Allaha tabe olan’ kəslərin üzərində heç bir hakimiyyəti yoxdur (Yaqub 4:7; 1 Yəhya 5:18). Daha sonra görəcəyimiz kimi, Allah günah və ölümün köləsindən azad olmağımız üçün tədbir görmüşdür.
BİLİYİNİZİ YOXLAYIN
• Şeytan İblis kimdir?
• İnsanlar nəyə görə qocalır və ölürlər?
• Günah nədir?
• Şeytan insanları Allaha qarşı bilə-bilə günah işlətməyə necə yönəldir?
[Öyrənilmə üçün olan suallar]
1. İnsan həyatına dair alimlər nəyi izah etməkdə acizdirlər?
2. Həyatın qısa olduğunu görən bə’zi insanlar nə edirdilər?
3. a) İnsanlar nəyə görə əbədi yaşamaq istəyirlər? b) Ölüm haqqında hansı sualları aydınlaşdırmaq lazımdır?
4. İsanın sözlərinə görə insanların ölümünə səbəb olan cinayətkar kimdir?
5. a) Nəticədə Şeytan İblis adını alan şəxsiyyətin mənşəyi haqqında nə mə’lumdur? b) “Şeytan” və “İblis” sözləri nə deməkdir?
6. Nəyə görə Şeytan Allaha qarşı üsyan etdi?
7. a) İnsanlar nə üçün ölürlər? b) Günah nədir?
8. Şeytan insanların ibadətinə nail olmaq üçün nə etdi?
9. Allah ilk insana nə buyurdu və bu nəyə görə məntiqəuyğun idi?
10. a) Şeytan insanları öz tərəfinə çəkmək üçün onlara necə yaxınlaşdı? b) Şeytan Yehovaya hansı niyyətləri aid etdi? c) Şeytanın Allaha qarşı etdiyi üsyan barədə siz nə düşünürsünüz?
11. Adəm və Həvva Şeytanla necə əlbir oldular?
12. İnsanların Allaha qarşı üsyanı nə ilə nəticələndi?
13. Günah bütün bəşəriyyətə necə yayıldı?
14. a) Günahlı olduqlarını inkar edən insanlar kimə bənzəyirlər? b) İsraillilərin günahlı olduqları onlara necə aşkar oldu?
15. Allah Kəlamının güzgüsünə baxdıqda nə aydın olur?
16. Şeytanın fitnələrinin qurbanı olmamaq üçün nə etmək lazımdır və bu nəyə görə asan deyil?
17. Günahlı meyllərimizlə apardığımız mübarizəni çətinləşdirən nədir?
18. Şeytan bizi günahlı həyat tərzinə təhrik etmək üçün bu dünyadan necə istifadə edir?
19. Nəyə görə sadəcə əxlaqca təmiz həyat yaşamaq kifayət etmir?
20. Şeytan sizə düzgün davranmaqda necə mane ola bilər, lakin bu cür müqavimətə qarşı durmaq üçün sizə nə kömək edə bilər?
21. Dünyaya və öz günahlı meyllərimizə necə qalib gələ bilərik?
[54-cü səhifədəki şəkil]