Oxucularımız soruşur...
Xoşbəxtlik ailə qurmaqdan asılıdır?
Müqəddəs Kitab həyatdan tam məmnunluq duymaq və xoşbəxt olmaq üçün ailə qurmağın şərt olduğunu öyrədirmi? İlk baxışdan elə görünə bilər ki, Allahın Kəlamı bu fikri dəstəkləyir. Belə bir fikrin yaranmasına nə səbəb ola bilər?
«Yaradılış» kitabına əsasən, Allah ilk insan olan Adəmin tək olmasının yaxşı olmadığını görüb ona «münasib olan bir köməkçi», Həvvanı yaratdı (Yaradılış 2:18). «Münasib olan» ifadəsi tamamlayan mənasını daşıyır. Bu ayəni oxuyan bəziləri belə bir qənaətə gələ bilərlər ki, əgər kişi və ya qadın ailə həyatı qurmayıbsa, deməli, o natamamdır. Üstəlik, Müqəddəs Kitabın digər yerlərində nikah sevinc və xoşbəxtlik mənbəyi kimi təsvir olunur. Rut haqdakı hekayə buna bir nümunədir.
Bəs bu o deməkdirmi ki, Allahın bugünkü xidmətçiləri ailə həyatı qurub oğul-uşaq sahibi olmasalar, həyatdan məmnunluq duya, xoşbəxt və tam ola bilməzlər? Xeyr, bu heç də belə deyil! Məsələn, ömrünün sonuna qədər subay qalan İsa peyğəmbər özünü natamam və ya bədbəxt hiss etmirdi. Yer üzündə yaşayanlar arasında ən müdrik insan olan İsa peyğəmbər «xoşbəxt Allah» Yehovanın şəxsiyyətini mükəmməl şəkildə əks etdirirdi (1 Timoteyə 1:11; Yəhya 14:9). İsa bu dünyada xoşbəxtlik üçün gərəkli olan şeyləri sadalayanda ailə qurmağı ora daxil etməmişdi (Matta 5:1—12).
Onda elə çıxır ki, Müqəddəs Kitab öz-özünə zidd gedir? Əsla! Bunun üçün biz nikah quruluşunun Yehovanın niyyətində oynadığı rolu bilməliyik. Allahın təsis etdiyi nikah sevinc, məhrəm münasibətlər və dinclik bəxş edən quruluşdur, bəzən bu quruluş Onun niyyətinin müəyyən cəhətlərinin yerinə yetməsində vacib rol oynayırdı. Məsələn, Allahın Adəm və Həvva ilə bağlı niyyəti o idi ki, onlar törəyib çoxalsınlar və yer üzünü bürüsünlər (Yaradılış 1:28). Nə Adəm, nə də Həvva ayrılıqda Allahın bu niyyətini həyata keçirə bilməzdilər. Onlar bir-birlərinə lazım idilər və xüsusi tərzdə bir-birilərini tamamlayırdılar.
Yehovanın qədim İsrail xalqı ilə də bağlı niyyəti vardı və bu niyyətin həyata keçməsində nikah və ailə həyatı xüsusi rol oynayırdı. Allah istəyirdi ki, Onun xalqının sayı çox olsun və düşmənlər onlara güc gəlməsin. Həmçinin Yehovanın niyyətinə sadiq insanları günah və ölümün əsarətindən azad etmək üçün Yəhuda qəbiləsindən Məsihin gəlməsi də daxil idi (Yaradılış 49:10). Buna görə həmin dövrdəki sadiq qadınlar ailə qurub övlad sahibi olmağı özlərinə xüsusi şərəf bilirdilər, əks halda, bu, onlar üçün böyük dərd və rüsvayçılıq olardı.
Bəs indiki dövr barədə nə demək olar? Başlanğıcda Allahın verdiyi «yer üzünü bürüyün» əmri insanlarla dolan bu planetdə yaşayan müasir xidmətçilərinin üzərinə ailə qurub övlad sahibi olmaq öhdəçiliyi qoyurmu? Xeyr! (Matta 19:10—12). Üstəlik, bəşəriyyəti ölüm və günahdan azad edən Məsihlə bağlı peyğəmbərliklər artıq yerinə yetdiyi üçün Allahın onun nəsil şəcərəsini və bu Xilaskarın doğulacağı xalqı qorumağına daha ehtiyac yoxdur. Belə isə Allahın xidmətçilərinin nikaha və subaylığa dair nöqteyi-nəzəri necə olmalıdır?
Doğrudan da, həm subaylıq, həm də nikah Allahdan olan ənamdır. Məlumdur ki, birinə uyğun gələn ənam digərinə uyğun gəlməyə bilər. Nikah müqəddəs quruluşdur; o, məhəbbət, dostluq və ailə üçün möhkəm təməl ola bilər. Eyni zamanda, Müqəddəs Kitabda açıq-aşkar deyilir ki, qeyri-kamil dünyada evlənənlərin problemləri olacaq, yəni belələri «yeni çətinliklərlə üzləşəcəklər». Subaylığa gəldikdə isə, Yaradanımız Yehovanın gözündə bu, rüsvayçılıq və ya dərd ediləsi məsələ deyil. Əksinə, Onun Kəlamında deyilir ki, nikahla müqayisədə subaylığın müəyyən üstün cəhətləri var (1 Korinflilərə 7:28, 32—35).
Gördüyümüz kimi, Müqəddəs Kitabın nikaha və subaylığa dair nöqteyi-nəzəri tarazlıdır. Nikahın və ailənin Banisi olan Yehova subay və ya evli olmasından asılı olmayaraq, bütün xidmətçilərinin xoşbəxt olmasını və həyatdan məmnunluq duymasını istəyir.