Yetkinliyə doğru tərəqqi et — «Yehovanın möhtəşəm günü yaxındır»
«Kamilliyə [«yetkinliyə», YD] doğru tərəqqi edək» (İBR. 6:2).
1, 2. Necə oldu ki, Yerusəlimdə və Yəhudeyada yaşayan məsihçilərin ‘dağlara qaçmaq’ imkanı yarandı?
İSA yer üzündə olanda şagirdləri ona yaxınlaşıb soruşdular: «Sənin gəlişinə [«iştirakına», YD] və dövrün sonuna əlamət nə olacaq?» Cavab olaraq İsanın söylədiyi peyğəmbərlik ilk dəfə birinci əsrdə yerinə yetdi. İsa sonun çox yaxın olduğuna işarə edəcək qeyri-adi bir hadisədən danışdı. Həmin hadisəni gördükdə ‘Yəhudeyada olanlar dağlara qaçmalı’ idilər (Mat. 24:1-3, 15-22). Bəs İsanın şagirdləri həmin əlaməti sezərək onun göstərişinə uyğun hərəkət edəcəkdilərmi?
2 Təxminən 30 ildən sonra, eramızın 61-ci ilində həvari Pavel Yerusəlimdə və onun ətrafında yaşayan ibrani məsihçilərə ciddi və ayıldıcı məktub yazdı. Pavel və onun həmimanlıları ‘böyük məşəqqətin’ başlanğıcına işarə edəcək hadisəyə cəmi beş il qalmasından xəbərsiz idilər (Mat. 24:21). Eramızın 66-cı ilində Sestiy Qallın rəhbərliyi altında Roma qoşunları Yerusəlimi zəbt etmək üzrə idi. Lakin gözlənilmədən onlar geri çəkildilər və məsihçilərin təhlükəsiz bir yerə qaçmaq imkanı yarandı.
3. Pavel ibrani məsihçilərə hansı nəsihəti vermişdi və nəyə görə?
3 Baş verən hadisələri sezmək və qaçmaq üçün həmin məsihçilər fərasətə və ruhani anlayışa malik olmalı idilər. Lakin bəziləri ‘ağır eşidirdilər’. Onlar «südə» möhtac olan ruhani körpələrə bənzəyirdilər. (İbranilərə 5:11-13 ayələrini oxu.) Hətta uzun müddət həqiqətdə yeriyən bəzi məsihçilərdə tədricən ‘yaşayan Allahdan uzaqlaşdıqlarını’ göstərən əlamətlər müşahidə olunurdu (İbr. 3:12). O fəlakətli ‘günün yaxınlaşdığı’ müddətdə bəzilərində yığıncaq görüşlərini buraxmaq «adət» halına çevrilmişdi (İbr. 10:24, 25). Pavel yerində olaraq nəsihət verdi: «Məsih haqqındakı ibtidai elmi geridə buraxıb, kamilliyə [yəni yetkinliyə] doğru tərəqqi edək» (İbr. 6:2).
4. Ruhən ayıq qalmaq nəyə görə vacibdir və bunda bizə nə kömək edəcək?
4 Biz İsanın peyğəmbərliyinin son icrası dövründə yaşayırıq. «Yehovanın möhtəşəm günü — Şeytanın bütün sisteminin məhv olunacağı gün — yaxındır» (Sef. 1:14, YD). Həmişəkindən daha çox ruhən möhkəm və ayıq olmaq lazımdır (1 Pet. 5:8). Biz həqiqətən də belə edirikmi? Məsihçi yetkinliyi hansı zəmanədə yaşadığımızı nəzərdən qaçırmamağa kömək edəcək.
Məsihçi yetkinliyi nədir?
5, 6. a) Ruhani yetkinlik özünə nəyi daxil edir? b) Yetkinliyə doğru tərəqqi etmək üçün bizdən hansı iki sahədə səy göstərmək tələb olunur?
5 Pavel birinci əsrdəki ibrani məsihçiləri yetkinliyə doğru tərəqqi etməyə təşviq etməklə yanaşı, həmçinin onlara ruhani yetkinliyin nə olduğunu izah etmişdi. (İbranilərə 5:14 ayəsini oxu.) Yetkin insanlar yalnız ‘südlə’ kifayətlənmirlər. Onlar «qüvvətli yemək»lə qidalanırlar. Buna görə də həm «ibtidai», həm də «dərin» həqiqətləri bilirlər (1 Kor. 2:10). Üstəlik, onlar bildiklərini tətbiq etməyin sayəsində hisslərini alışdıraraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə etmişlər. Qərar qəbul etmək lazım gələndə bu, onlara həmin məsələyə dair hansı Müqəddəs Kitab prinsiplərinin münasib olduğunu və onları necə tətbiq etməli olduqlarını görməyə kömək edir.
6 Pavel yazmışdı: «Biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın» (İbr. 2:1). Biz heç özümüz də bilmədən imandan ‘ayrıla’, yəni uzaqlaşa bilərik. Lakin ruhani həqiqətlərə ‘daha çox diqqətlə qulaq asmaqla’ bundan qaçınmaq mümkündür. Bu səbəbdən hər birimiz özümüzdən soruşmalıyıq: «Mən hələ də ilk təlimlərimi araşdırıram? Mən bunu mexaniki və vərdiş üzrəmi edirəm? Sözün əsil mənasında ruhən necə tərəqqi edə bilərəm?» Yetkinliyə doğru tərəqqi etmək üçün bizdən ən azı iki sahədə səy göstərmək tələb olunur. Biz Allahın Kəlamını yaxşı bilməli və itaətkarlığı öyrənməliyik.
Allahın Kəlamını yaxşı bilməliyik
7. Allahın Kəlamını yaxşı bilməklə hansı faydanı əldə edə bilərik?
7 Pavel yazmışdı: «Südlə bəslənən hər kəs salehlik haqqındakı kəlamda təcrübəsizdir; çünki o, körpə uşaqdır» (İbr. 5:13). Yetkinliyə nail olmaq üçün biz Allahın kəlamı, yəni bizə ünvanladığı xəbərlə yaxından tanış olmalıyıq. Bu xəbər Onun Kəlamında — Müqəddəs Kitabda olduğu üçün biz Müqəddəs Yazıları və ‘sadiq və ağıllı qulun’ nəşrlərini səylə araşdırmalıyıq (Mat. 24:45-47). Allahın düşüncə tərzinə bu şəkildə yiyələnmək hisslərimizi tərbiyə etməkdə bizə kömək edə bilər. Orkida adlı bir məsihçinin nümunəsini nəzərdən keçirək. Bacı deyir: «Müqəddəs Kitabı gündəlik oxumağa dair xatırlatmaların həyatıma böyük təsiri olub. Müqəddəs Kitabı əvvəldən axıracan iki ilə oxuyub qurtardım, buna baxmayaraq, sanki Yaradanla ilk dəfə idi tanış olurdum. Mən Onun yollarını, nəyi sevib-sevmədiyini, nə dərəcədə qüdrətli və müdrik olduğunu öyrəndim. Müqəddəs Kitabı hər gün oxumağın sayəsində həyatımın ən çətin anlarına tab gətirdim».
8. Allahın Kəlamı bizə necə təsir edə bilər?
8 Müqəddəs Kitabı gündəlik oxumaqla bu xəbərin bizə ‘təsir’ etməsinə imkan veririk. (İbranilərə 4:12 ayəsini oxu.) Belə mütaliə daxili mənliyimizi formalaşdırar və nəticədə biz Yehovanı daha çox məmnun edə bilərik. Şəxsən sən Müqəddəs Kitabı daha çox oxumağa və üzərində düşünməyə ehtiyac duyursanmı?
9, 10. Allahın Kəlamında təcrübəli olmaq özünə nəyi daxil edir? Nümunə çəkin.
9 Müqəddəs Kitabı yaxşı bilmək sadəcə orada yazılanlarla tanış olmaq mənasını daşımır. Pavelin günlərindəki ruhani körpələr Allahın Kəlamından tamamilə xəbərsiz deyildilər. Lakin onlar Allahın Kəlamından öyrəndiklərini tətbiq etmədikləri üçün heç bir fayda əldə etmirdilər. Onlar həyatlarında qərarlar qəbul edərkən Müqəddəs Yazılardakı prinsipləri əldə rəhbər tutmurdular, buna görə də təcrübəsiz idilər.
10 Allahın Kəlamında təcrübəli olmaq orada deyilənləri bilməklə yanaşı, öyrəndiklərimizi əməldə tətbiq etməyi də özünə daxil edir. Keyl adlı bacımızın nümunəsi bunu etməyin necə mümkün olduğunu göstərir. Keyl ilə iş yoldaşı arasında mübahisə olmuşdu. Bəs problemi həll etmək üçün o nə etdi? O deyir: «Həmin an Romalılara 12:18 ayəsindəki: “Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun” sözlərini xatırladım. Mən ona işdən sonra görüşüb söhbət etməyi təklif etdim». Onlar problemi həll etməyə müvəffəq oldular və Keylin bu addımı əməkdaşına dərin təəssürat bağışladı. Keyl davam edir: «Mən başa düşdüm ki, Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə heç vaxt yanılmarıq».
İtaətkarlığı öyrənməliyik
11. Xüsusilə də dözülməz anlarda itaətkar olmağın çətin olduğunu nə göstərir?
11 Müqəddəs Kitabdan öyrəndiklərimizi tətbiq etmək xüsusilə də dözülməz anlarda çətin ola bilər. Məsələn, Yehova İsrail oğullarını Misir əsarətindən azad edəndən qısa müddət sonra onlar ‘Musa ilə münaqişə etməyə’ və Yehovanı ‘sınamağa’ başladılar, çünki onların içməyə suları yox idi (Çıx. 17:1-4). Allahla əhd bağladıqdan və: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik»,— dedikdən heç iki ay keçməmişdi ki, israillilər Allahın bütpərəstliyə dair əmrini pozdular (Çıx. 24:3, 12-18; 32:1, 2, 7-9). Buna səbəb Musanın göstəriş alanadək uzun müddət Xorev dağından qayıtmadığını görüb qorxuya düşmələri idimi? Ola bilər ki, onlar amaleqlilərin yenidən hücum edəcəyini və əllərini yuxarı qaldırması sayəsində onlara qələbə qazandıran Musa olmasa, köməksiz qalacaqlarını düşünürdülər (Çıx. 17:8-16). Səbəb nə olursa-olsun, israillilər ‘itaət etmək istəmədilər’ (Həv. iş. 7:39-41). Pavel məsihçiləri Vəd edilmiş diyara daxil olmaq üzrə olan israillilərin ‘itaətsizlik nümunəsinə uymamaları’ üçün var qüvvələri ilə ‘çalışmağa’ təşviq edirdi (İbr. 4:3, 11).
12. İsa itaətkarlığı necə öyrəndi və bu, hansı faydanı gətirdi?
12 Yetkinliyə doğru tərəqqi etmək Yehovaya itaətkarlıq göstərmək üçün əlimizdən gələni etməyi tələb edir. İsa Məsihin nümunəsindən göründüyü kimi, adətən çəkdiyimiz iztirablar bizə itaətkar olmağı öyrədir. (İbranilərə 5:8, 9 ayələrini oxu.) İsa yer üzünə gəlməzdən öncə Atasının itaətində idi. Amma yer üzündə Onun iradəsini yerinə yetirmək üçün fiziki və mənəvi iztirablara qatlaşmalı idi. İsa çəkdiyi iztirablarda göstərdiyi itaətkarlıq sayəsində ‘kamala çatdı’ və bu, onu Allahın onun üçün nəzərdə tutduğu yeni mövqeyə — Padşah və Baş Kahin vəzifəsinə hazırladı.
13. İtaətkarlığı öyrənib-öyrənmədiyimiz nədən görünür?
13 Bəs bizim haqqımızda nə demək olar? Hətta dözülməz problemlərlə üzləşəndə belə Yehovaya itaət etməyə qəti qərarlıyıqmı? (1 Peter 1:6, 7 ayələrini oxu.) Allahın əxlaqa, dürüstlüyə, dilimizi yüyənləməyə, Müqəddəs Yazıları oxuyub araşdırmağa, məsihçi görüşlərində və təbliğ işində iştirak etməyə dair verdiyi göstərişlər aydındır (Yeşua 1:8; Mat. 28:19, 20; Efes. 4:25, 28, 29; 5:3-5; İbr. 10:24, 25). Bədbəxtliklərlə üzləşəndə belə, bu sahələrdə Yehovaya itaətkarlıq göstəririkmi? İtaətkar olmağımız yetkinliyə doğru tərəqqi etməyimizin əlamətidir.
Məsihçi yetkinliyi nə üçün faydalıdır?
14. Yetkinliyə doğru tərəqqi etməyin müdafiə olduğunu göstərən nümunə gətirin.
14 ‘Hər cür həssaslığı itirən’ dünyada xeyirlə şəri ayırd etmək üçün hisslərini alışdırmaq məsihçi üçün əsil müdafiədir (Efes. 4:19). Məsələn, Müqəddəs Yazılara əsaslanan nəşrləri müntəzəm olaraq oxuyan və qiymətləndirən Ceyms adlı qardaşın nümunəsinə nəzər salaq. Onun düzəldiyi işdə bütün kollektiv qadınlardan ibarət idi. O deyir: «Onların əksəriyyətinin heç bir əxlaq normalarına riayət etmədikləri aydın görünürdü, ancaq digərlərindən fərqli olaraq, işçilərdən biri hörmətə layiq davranır və sanki Müqəddəs Kitab həqiqəti ilə maraqlanırdı. İş otaqlarının birində onunla tək qalanda o, mənə sarıldı. Əvvəlcə bunu bir zarafat kimi qəbul etdim, ancaq sonra gördüm ki, onu dayandırmaq olmur. O an yadıma iş yerində eyni vəziyyətlə üzləşən qardaşın nümunəsi düşdü. Onun haqqında «Gözətçi Qülləsi»ndə oxumuşdum. Elə həmin məqalədə Yusif və Potifarın arvadının nümunəsi də gətirilirdib. Mən dərhal qızı itələdim və o, otaqdan çıxıb qaçdı» (Yar. 39:7-12). Ceyms heç bir pis şey baş vermədiyinə görə çox sevinirdi, çünki vicdanını təmiz saxlaya bilmişdi (1 Tim. 1:5).
15. Yetkinliyə doğru tərəqqi etmək simvolik ürəyimizi necə möhkəmləndirə bilər?
15 Yetkinliyin daha bir faydası ondan ibarətdir ki, o, simvolik ürəyimizi möhkəmləndirir və bizi ‘fərqli və yad təlimlərə qapılmaqdan’ qoruyur. (İbranilərə 13:9 ayəsini oxu.) Ruhani tərəqqiyə can atanda diqqətimiz ‘ən üstün dəyərlərə’ cəmlənir (Filip. 1:9, 10). Bununla da rifahımız üçün etdiyi hər şeyə görə Allaha minnətdarlığımız artır (Rom. 3:24). ‘Əqlən kamil olan’ məsihçi bu cür minnətdarlıq hissi təzahür etdirməklə yanaşı, həmçinin Yehova ilə sıx münasibətə malikdir (1 Kor. 14:20).
16. Bir bacıya ‘ürəyini möhkəmləndirməkdə’ nə kömək etdi?
16 Luiz adlı bacı etiraf edir ki, vəftizdən sonra bir müddət ərzində əsas məqsədi başqalarını razı salmaq idi. O deyir: «Düzdür, heç bir səhvə yol vermirdim, amma ürəyim Yehovaya xidmət etmək arzusu ilə alışıb-yanmırdı. Tezliklə anladım ki, Yehovaya malik olduğum hər şeyi verdiyimi hiss etmək üçün hansısa dəyişikliklər etməliyəm. Yehovaya bütün ürəklə xidmət etmək həyatımda etməli olduğum ən böyük dəyişiklik idi». Bu cür səy göstərməyin sayəsində Luizin ‘ürəyi möhkəmləndi’ və səhhəti ilə bağlı ciddi problemlə üzləşəndə bunun ona böyük köməyi oldu (Yaq. 5:8). Luiz deyir: «Güclü mübarizə aparmağıma baxmayaraq, Yehovaya yaxınlaşmağa müvəffəq oldum».
‘Ürəkdən itaət et’
17. İtaətkarlıq birinci əsrdə nəyə görə xüsusilə vacib idi?
17 Pavelin ‘kamilliyə doğru tərəqqi edin’ məsləhəti birinci əsrdə Yerusəlimdə və Yəhudeyada yaşamış məsihçilərin həyatını xilas etmişdi. Bu məsləhətə diqqət yetirənlər İsanın verdiyi əlaməti görmək və ‘dağlara qaçmaq’ üçün dərin ruhani anlayışa malik idilər. Onlar «viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə tikildiyini», yəni Roma qoşunlarının Yerusəlimi mühasirəyə aldığını və şəhərə girdiklərini görəndə başa düşdülər ki, qaçmaq vaxtıdır (Mat. 24:15, 16). İsanın peyğəmbərlik xəbərdarlığına diqqət yetirən məsihçilər Yerusəlim məhv olmazdan öncə şəhəri tərk etdilər və kilsə tarixçisi Yevsevinin sözlərinə görə, Gileadın dağlıq bölgəsində yerləşən Pella şəhərində məskunlaşdılar. Onlar Yerusəlimin tarixində baş vermiş ən dəhşətli fəlakətdən qaça bildilər.
18, 19. a) Bizim günlərdə itaətkar olmaq nəyə görə vacibdir? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
18 Misli-bərabəri olmayan ‘böyük məşəqqətin olacağına’ dair İsanın peyğəmbərliyi dünya miqyasında yerinə yetəndə yetkinliyə doğru tərəqqi etməyin sayəsində hasil olan itaətkarlıq eynilə bizim də həyatımızın xilasında vacib rol oynayacaq (Mat. 24:21). Biz gələcəkdə ‘sadiq nökərbaşıdan’ alacağımız istənilən hər bir vacib göstərişə itaətkarlıqla riayət edəcəyikmi? (Luka 12:42). ‘Ürəkdən itaət etməyi’ öyrənmək necə də zəruridir! (Rom. 6:17).
19 Yetkinliyə nail olmaq üçün bizdən hisslərimizi tərbiyə etmək tələb olunur. Biz Allahın Kəlamını və itaətkarlığı yaxşı öyrənməklə buna müvəffəq ola bilərik. Yetkinliyə doğru tərəqqi etmək gənclər üçün xüsusi çətinliklər yaradır. Növbəti məqalədə bu çətinliklərin öhdəsindən məharətlə gəlməyin necə mümkün olduğunu nəzərdən keçirəcəyik.
[Haşiyələr]
a Bəzi adlar dəyişdirilib.
b «Gözətçi Qülləsi»nin 1999-cu il 1 oktyabr sayındakı «Günaha qətiyyətlə “yox” deyək» (rus.) adlı məqaləyə baxın.
Siz nə öyrəndiniz?
• Ruhani yetkinlik özünə nəyi daxil edir və biz buna necə nail ola bilərik?
• Allahın Kəlamında təcrübəli olmaq yetkinliyə doğru tərəqqi etməkdə hansı rolu oynayır?
• İtaətkarlığı necə öyrənirik?
• Yetkinlik bizə hansı faydanı gətirir?
[10-cu səhifədəki şəkil]
Müqəddəs Kitab məsləhətlərinə əməl etmək problemlərin öhdəsindən yetkin bir insan kimi gəlməyə kömək edir
[12-ci səhifədəki şəkil]
İsanın göstərişinə əməl edən erkən məsihçilər canlarını xilas etdilər