TƏLİM MƏQALƏSİ 44
Yehova sizə xüsusi məhəbbət bəsləyir
«[Yehovanın] məhəbbəti əbədidir» (ZƏB. 136:1).
NƏĞMƏ 108 Allahın sevgisi
İCMALa
1. Yehova bizi nəyə təşviq edir?
MƏHƏBBƏT göstərmək Yehovaya xoşdur (Mik. 7:18). O istəyir ki, xidmətçiləri də məhəbbət göstərsin. O bizi buna təşviq edir. Amma əvvəlcə bu xüsusiyyətə nələrin daxil olduğunu bilməliyik.
2. Xesed nədir?
2 Müqəddəs Kitabın bir çox yerində «məhəbbət» kimi tərcümə olunan söz ibrani dilində xesed sözüdür. Bu sözün mənası nədir? Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin lüğətində deyilir ki, xesed özünə «məhəbbət, öhdəlik, sədaqət və bağlılıq hisslərini daxil edir». Həmçinin bu söz xeyirxahlıq, yaxşılıq, lütf kimi də tərcümə edilib. «Çox vaxt bu sözlə Allahın insanlara bəslədiyi məhəbbət təsvir edilir. Həmçinin insanlar arasındakı münasibətlərə aid işlənir». Məhəbbət təzahür etdirməkdə Yehova ən ali nümunədir. Bu məqalədə öyrənəcəyik ki, Yehova insanlara qarşı bu xüsusiyyəti necə təzahür etdirir. Növbəti məqalədə isə danışacağıq ki, Yehovanın xidmətçiləri olan bizlər Ondan örnək alaraq bir-birimizə qarşı necə məhəbbət göstərə bilərik.
YEHOVA «MƏHƏBBƏTİ BOL OLAN» ALLAHDIR
3. Yehova Musa peyğəmbərə Özü barədə nəyi bəyan etmişdi?
3 İsraillilər Misirdən çıxandan qısa müddət sonra Yehova Musa peyğəmbərə adını və xüsusiyyətlərini bəyan etmişdi. O demişdi: «Yehova, Yehova, rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah. Minlərcə nəsillərə məhəbbət göstərən, təqsiri, asiliyi və günahları bağışlayan... Allah» (Çıx. 34:6, 7). Belə gözəl sözlərlə Yehova məhəbbət xüsusiyyəti haqda vacib bir məqamı vurğulamışdı. Hansı məqamı?
4, 5. a) Yehova Özünü necə təsvir edib? b) Biz hansı sualları araşdıracağıq?
4 Yehova sadəcə məhəbbətli Allah olduğunu yox, «məhəbbəti bol olan» Allah olduğunu vurğulayır. Bu ifadəyə Müqəddəs Kitabda dəfələrlə rast gəlinir (Say. 14:18; Nəh. 9:17; Zəb. 86:15; 103:8; Yuil 2:13; Yun. 4:2). Bütün ayələrdə bu ifadə yalnız və yalnız Yehovaya aid işlənir. İnsana aid isə heç bir yerdə istifadə edilmir. Yehovanın məhəbbət xüsusiyyətini dəfələrlə vurğulaması maraqlı məqamdır. Göründüyü kimi, məhəbbət xüsusiyyəti Yehova üçün çox önəmlidirb. Davud padşah əbəs yerə növbəti sözləri deməmişdi: «Ey Yehova, Sənin məhəbbətin göylərə çatır... Pərvərdigara, məhəbbətin necə də əzizdir! Bəşər oğulları qanadlarının kölgəsinə sığınar» (Zəb. 36:5, 7). Yehovanın məhəbbəti, Davud kimi, sizin üçün də dəyərlidir?
5 Yehovanın məhəbbətinin nə olduğunu daha dərindən anlamaq üçün iki sualı araşdıracağıq: 1) Yehova kimlərə xüsusi məhəbbət göstərir? 2) Yehovanın məhəbbətdən qaynaqlanan işlərindən biz necə faydalanırıq?
YEHOVA KİMLƏRƏ XÜSUSİ MƏHƏBBƏT GÖSTƏRİR?
6. Yehova kimlərə xüsusi məhəbbət göstərir?
6 Yehova kimlərə xüsusi məhəbbət göstərir? Müqəddəs Kitabda deyilir ki, biz çox şeyi sevə bilərik. Məsələn, «əkinçiliyi», «tərbiyəni», «biliyi», «eyş-işrəti», «hikməti» və sairə (2 Saln. 26:10; Məs. 12:1; 21:17; 29:3). Amma xesed dedikdə əşyaya və ya məfhuma yox, yalnız insanlara bəslənən məhəbbət nəzərdə tutulur. Yehova bu xüsusiyyəti hər kəsə qarşı göstərmir, Onunla xüsusi münasibətdə olanlara qarşı göstərir. Allahımız dostlarına qarşı sədaqətlidir. Onlarla bağlı gözəl niyyəti var və onlara olan məhəbbəti heç vaxt tükənmir.
7. Yehova bütün insanları sevdiyini necə göstərib?
7 Düzdür, Yehova bütün bəşəriyyəti sevir. İsa Məsih Nikodem adlı bir nəfərə demişdi: «Allah dünyanı [bəşəriyyəti] o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:1, 16; Mət. 5:44, 45).
8, 9. a) Nəyə görə Yehova xidmətçilərinə məhəbbət göstərir? b) İndi nə haqda danışacağıq?
8 Ancaq yuxarıda qeyd olunduğu kimi, Yehova yalnız Onunla möhkəm münasibətdə olan kəslərə, Öz xidmətçilərinə xüsusi məhəbbət göstərir. Bunu Davud padşahın və Dənyal peyğəmbərin dediyi sözlərdən aydın görmək olar. Məsələn, Davud padşah demişdi: «Səni tanıyanlardan məhəbbətini... əsirgəmə». «Yehovanın məhəbbəti isə əbədiyyən Ondan qorxanlarladır». Dənyal peyğəmbər isə belə demişdi: «Səni sevib əmrlərinə riayət edənlərə məhəbbət göstərən... Allah Yehova!» (Zəb. 36:10; 103:17; Dən. 9:4). Bu sözlərdən görmək olar ki, Yehova xidmətçilərinə ona görə məhəbbət göstərir ki, xidmətçiləri Onu tanıyır, sevir, əmrlərinə riayət edir və Ondan qorxurlar. Yehova Ona düzgün şəkildə ibadət edənlərə, Öz xidmətçilərinə xüsusi məhəbbət göstərir.
9 Biz Yehovaya xidmət etməyə başlamazdan öncə O, bütün insanları sevdiyi kimi, bizi də sevirdi (Zəb. 104:14). Amma Yehovanın xidmətçisi olandan sonra O bizə xüsusi məhəbbət göstərir. Belə ki, O, hər bir xidmətçisinə belə bir əminlik verir: «Məhəbbətim üstündən qalxmayacaq» (Əşy. 54:10). Doğrudan da, Davud da öz həyatından görmüşdü ki, «Yehova Öz sadiq bəndəsini» ucaldır (Zəb. 4:3). Bəs Yehovanın məhəbbətinin qarşılığında biz nə etməliyik? Məzmurçu demişdi: «Ağıllı kimdirsə, qoy bunları nəzərə alsın, Yehovanın xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət etsin» (Zəb. 107:43). Bu məsləhəti Yehova verir, buna görə də gəlin görək O, xidmətçilərinə xeyirxahlığı, məhəbbəti hansı üç sahədə göstərir və bunun bizə hansı faydası var.
YEHOVANIN MƏHƏBBƏTDƏN QAYNAQLANAN İŞLƏRİNDƏN BİZ NECƏ FAYDALANIRIQ?
10. Yehovanın məhəbbətinin tükənməz olmasından biz necə faydalanırıq? (Zəbur 31:7).
10 Allahın məhəbbəti tükənməzdir. 136-cı məzmurun ilk ayəsində deyilir: «Yehovaya şükür edin! O, kəramətlidir, məhəbbəti əbədidir» (Zəb. 136:1). «Məhəbbəti əbədidir» ifadəsi bu məzmurda 26 dəfə vurğulanır. Bu məzmuru başdan-ayağa oxuyanda adam Yehovanın xalqına nə qədər yollarla məhəbbət göstərdiyinə məəttəl qalır. Dəfələrlə təkrarlanan «məhəbbəti əbədidir» ifadəsi Yehovanın xalqına olan məhəbbətinin dəyişməz olduğuna əmin edir. Yehovanın Öz xidmətçilərindən hələm-hələm əlini üzmədiyini bilmək çox ruhlandırıcıdır! Yehova Ona xidmət edən insanlara bağlı qalır, xüsusilə də darda olan vaxtlarında onların yanında olur. Bizə faydası: Yehovanın bizə bağlı olduğunu bilmək bizə sevinc və güc verir ki, çətinliklərə tab gətirək və həyata aparan yolda yeriməyə davam edək. (Zəbur 31:7 ayəsini oxuyun.)
11. Zəbur 86:5 ayəsinə əsasən, Yehovanı xidmətçilərini bağışlamağa nə təşviq edir?
11 Allah məhəbbətindən irəli gələrək bağışlayır. Yehova görəndə ki, günah işləyən insan tövbə edib, öz pis əməllərindən əl çəkib, məhəbbətindən irəli gələrək onu bağışlayır. Davud Yehova haqda demişdi: «Bizimlə günahlarımıza görə rəftar etmir, təqsirlərimizə görə payımıza düşən cəzanı vermir» (Zəb. 103:8—11). Davud vicdan əzabının necə ağır yük olduğunu bilirdi. Amma eyni zamanda o görmüşdü ki, Yehova bağışlayan Allahdır. Yehovanı xidmətçilərini bağışlamağa nə təşviq edir? Cavab Zəbur 86:5 ayəsində yazılıb. (Ayəni oxuyun.) Bəli, Davud duasında dediyi kimi, Yehova xidmətçilərini bağışlayır, çünki Onu çağıranlara qarşı məhəbbəti boldur.
12, 13. Keçmiş səhvlərimizə görə vicdan əzabı çəkiriksə, bizə nə kömək edə bilər?
12 Günah işləyəndə vicdan əzabı çəkməyimiz normaldır, hətta bu, yaxşıdır. Bu bizi tövbə etməyə və səhvimizi düzəltməyə təşviq edir. Amma Yehovanın bəzi xidmətçiləri keçmişdə etdikləri səhvlərə görə özlərini çox günahkar hiss edirlər. Onlar Allahdan əfv diləyib, ürəkdən tövbə etsələr də, yenə də düşünürlər ki, Allah onları bağışlamaz. Ola bilsin, siz də bu cür hisslər keçirirsiniz. Onda Yehovanın Öz xidmətçilərinə məhəbbət göstərməyə hazır olduğunu bilməyin sizə çox köməyi olacaq.
13 Bizə faydası. Qeyri-kamil olsaq da, Yehovaya təmiz vicdanla xidmət edə bilərik. Çünki «Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir» (1 Yəh. 1:7). Etdiyiniz səhvlərə görə ruhdan düşəndə unutmayın ki, Yehova tövbə edən insanı bağışlamağa hazırdır. O, bunu çox istəyir. Davud Yehovanın məhəbbəti ilə bağışlamağa hazır olmasını belə əlaqələndirmişdi: «Göylər yerdən nə qədər ucadırsa, məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür. Şərq qərbdən nə qədər uzaqdırsa, günahlarımızı bizdən o qədər uzaqlaşdırdı» (Zəb. 103:11, 12). Doğrudan da, Yehova comərdliklə əfv edir (Əşy. 55:7).
14. Davudun sözlərinə əsasən, Yehovanın məhəbbəti bizi necə müdafiə edir?
14 Allahın məhəbbəti bizi ruhani cəhətdən qoruyur. Davud duasında demişdi: «Pənahgahım Sənsən, məni bəladan qoruyarsan, məni qurtuluş sədaları ilə dövrələyərsən... Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər» (Zəb. 32:7, 10). Qədimdə şəhəri əhatə edən divarlar insanları qoruduğu kimi, Yehovanın da məhəbbəti divartək bizi əhatə edərək Onunla münasibətlərimizə zərər vuracaq hər şeydən qoruyur. Bundan əlavə, Yehova məhəbbəti ilə bizi Özünə tərəf çəkir (Ərm. 31:3).
15. Nəyə görə Yehovanın məhəbbətini pənahgaha, istehkama bənzətmək olar?
15 Davud Yehovanın Öz xalqını qoruduğunu göstərmək üçün başqa bir bənzətmədən də istifadə etmişdi. O yazmışdı: «Allah məhəbbət Allahıdır, mənim qalamdır O!» Davud Yehova haqda həmçinin növbəti sözləri demişdi: «O, mənim xeyirxahımdır! Odur istehkamım, pənahgahım, xilaskarım, qalam, qalxanım» (Zəb. 59:17; 144:2). Davud Yehovanın məhəbbətini qalaya, istehkama bənzədir. Dünyanın harasında yaşayırıqsa yaşayaq, Yehovanın xidmətçisi olduğumuz müddətdə, Onunla dəyərli münasibətlərimizi qorumaq üçün lazım olan hər şeylə bizi təmin edəcək. Bizə eyni əminliyi 91-ci məzmur verir. Bu məzmurun yazarı demişdi: «Yehovaya deyərəm: “Pənahgahım, istehkamım, Allahım Sənsən”» (Zəb. 91:1—3, 9, 14). Musa peyğəmbər də buna bənzər təsvirlə Yehovanı «sığınacağı» adlandırmışdı (Zəb. 90:1, haş.). Bundan əlavə, ömrünün sonuna yaxın Musa peyğəmbər qəlboxşayan bir bənzətmədən istifadə etmişdi. O yazmışdı: «Ta bineyi-qədimdən Allah pənah yeridir, səni əbədi qolları üstündə gəzdirir» (Qan. 33:27). «Səni əbədi qolları üstündə gəzdirir» ifadəsi bizə Yehova haqda nə deyir?
16. Yehova bizə necə kömək edir? (Zəbur 136:23).
16 Yehovaya pənahgahımız kimi yanaşanda özümüzü təhlükəsizlikdə hiss edirik. Amma bəzən olur ki, ruh düşkünlüyünə qapılırıq və heç cür dirçələ bilmirik. Belə vaxtlarda Yehova bizdən ötrü nə edir? (Zəbur 136:23 ayələrini oxuyun.) O bizi qollarına alıb, ehmalca qaldırır və kömək edir ki, yenidən ayaq üstə duraq (Zəb. 28:9; 94:18). Bizə faydası: Biz bilirik ki, hər zaman Yehovaya arxalana bilərik. Bu bizə iki sahədə kömək edir. Birincisi, bilirik ki, harada yaşamağımızdan asılı olmayaraq, pənah yerimiz var. İkincisi, səmavi Atamız bizim qayğımıza qalır.
ALLAHIN MƏHƏBBƏTİ BİZDƏ ƏMİNLİK HASİL EDİR
17. Yehovanın məhəbbəti sayəsində nəyə əminik? (Zəbur 33:18—22).
17 Araşdırdığımız kimi, əmin ola bilərik ki, sınaqlarla üzləşərkən Yehova bizə dayaq olacaq, sadiq qalmağımıza kömək edəcək (2 Kor. 4:7—9). Ərəmya peyğəmbər demişdi: «Yehovanın məhəbbətinə görə məhv olmadıq. Onun mərhəməti tükənməzdir» (Mərs. 3:22). Biz əmin ola bilərik ki, Yehova heç vaxt məhəbbətini bizdən əsirgəməyəcək. Məzmurçu da demişdi: «Yehovanın gözü Ondan qorxanların, Ondan məhəbbət umanların üzərindədir». (Zəbur 33:18—22 ayələrini oxuyun.)
18, 19. a) Biz nəyi yadda saxlamalıyıq? b) Növbəti məqalədə nə haqda danışacağıq?
18 Nəyi yadda saxlamalıyıq? Biz Yehovaya xidmət etməyə başlamazdan öncə O, bütün insanları sevdiyi kimi, bizi də sevirdi. Amma Onun xidmətçisi olandan sonra bizə həmçinin xüsusi məhəbbət göstərməyə başladı. Bu məhəbbətindən irəli gələrək, O bizi güclü qolları ilə qucaqlayıb müdafiə edir. Yehova həmişə bizə yaxın olacaq və bizimlə bağlı gözəl vədlərini həyata keçirəcək. O istəyir ki, biz əbədiyyət boyu Onun dostu olaq! (Zəb. 46:1, 2, 7). Buna görə də hansı sınaqla üzləşiriksə üzləşək, Yehova bizə güc verəcək ki, sadiq qalaq.
19 Biz öyrəndik ki, Yehova xidmətçilərinə məhəbbətini hansı yollarla ifadə edir. O istəyir ki, biz də bir-birimizə xüsusi məhəbbət göstərək. Bəs bunu necə edə bilərik? Növbəti məqalədə bu haqda danışacağıq.
NƏĞMƏ 136 Yehovadan bol mükafat
a Məhəbbət nədir? Yehova bu xüsusiyyəti kimlərə göstərir və həmin insanlar bunun faydasını necə görür? Bu və növbəti məqalədə bu sualların cavabını araşdıracağıq.
b Yehovanın məhəbbəti bol olan Allah olduğu fikri digər ayələrdə də vurğulanır. (Nəhəmya 13:22; Zəbur 106:7; 145:8; Mərsiyələr 3:32 ayələrinə baxın.)
c ŞƏKLİN İZAHI. Yehova xidmətçiləri də daxil olmaqla, bütün bəşəriyyətə sevgisini göstərir. Şəkillərin üzərindəki dairələr Yehovanın məhəbbətini hansı yollarla ifadə etdiyini göstərir. Oğlunu uğrumuzda fəda etməsi məhəbbətinin ən böyük ifadəsidir.
d ŞƏKLİN İZAHI. Yehova Onun xidmətçisi olanlara və fidyə qurbanlığına iman gətirənlərə xüsusi yanaşır. Yehova bütün bəşəriyyəti sevdiyi kimi, onları da sevməklə yanaşı, onlara xüsusi məhəbbət göstərir. Şəkildə Yehovanın Öz məhəbbətini ifadə etdiyi bəzi sahələr göstərilir.