TƏLİM MƏQALƏSİ 49
Başqaları ilə rəftar barədə «Lavililər» kitabından nə öyrənirik?
«Başqasını özünüzü sevdiyiniz kimi sevin» (LAV. 19:18).
NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»
İCMALa
1, 2. Ötən məqalədə nəyi araşdırdıq və bu məqalədə nə haqda danışacağıq?
ÖTƏN məqalədə biz Lavililər 19-cu fəsildən faydalı məsləhətləri araşdırdıq. Məsələn, 3-cü ayədən gördük ki, Yehova israillilərə valideynlərinə hörmət etməyi buyurmuşdu. Öyrəndik ki, biz bu gün valideynlərimizin ruhani, mənəvi və fiziki tələbatlarının qeydinə qalaraq bu məsləhətə əməl edə bilərik. Elə həmin ayədə Yehova xalqına şənbə ilə bağlı qanunu xatırladır. Araşdırdıq ki, şənbəyə riayət etmək bizdən tələb olunmasa da, ibadətimizlə bağlı məsələlərə müntəzəm olaraq vaxt ayırmaqla buradakı prinsipi həyatımızda tətbiq edə bilərik. Belə etməklə biz göstəririk ki, Lavililər 19:2 və 1 Butrus 1:15 ayələrində buyrulduğu kimi, müqəddəs olmağa can atırıq.
2 Bu məqalədə Lavililər 19-cu fəsli araşdırmağa davam edəcəyik. Görək bu fəsildən fiziki qüsuru olanlara anlayış göstərməklə, işgüzar məsələlərdə dürüst olmaqla və insanlara məhəbbət göstərməklə bağlı nə öyrənirik. Biz müqəddəs olmaq istəyirik, çünki Allah müqəddəsdir. Buna görə də gəlin görək bu fəsildən nə öyrənirik.
FİZİKİ QÜSURLU İNSANLARA ANLAYIŞ GÖSTƏRƏK
3, 4. Lavililər 19:14 ayəsinə əsasən, israillilər karlarla və korlarla necə rəftar etməli idi?
3 Lavililərə 19:14 ayəsini oxuyun. Yehova istəyirdi ki, xalqı fiziki qüsuru olanlara anlayışla yanaşsın. Məsələn, buyurmuşdu ki, kar insanı lənətləməsinlər, yəni ona qarğış edib, başına pis bir şeyin gəlməsini diləməsinlər. Kar adamla bu cür davranmaq böyük insafsızlıq idi. Axı o, onun haqqında deyilənləri eşitmirdi. Buna görə də özünü müdafiə edə bilməzdi.
4 Bundan əlavə, 14-cü ayədə deyilir ki, Allahın xidmətçiləri «kor adamı yıxmaq üçün ayağının altına heç nə» qoymamalı idilər. Bir mənbədə deyilir: «Qədimdə Yaxın Şərqdə fiziki qüsuru olanları istismar edirdilər, onlarla qəddar davranırdılar». Ola bilərdi ki, hansısa düşüncəsiz insan kor adama xətər yetirmək, yaxud onu ələ salmaq üçün ayağının altına nəsə qoysun. Necə də rəhmsiz hərəkət idi! Bu əmr vasitəsilə Yehova xalqına başa salmaq istəyirdi ki, onlar fiziki qüsurlu insanlara şəfqət göstərməlidir.
5. Fiziki qüsurlu insanlara necə şəfqət göstərə bilərik?
5 İsa Məsih fiziki qüsuru olanlara şəfqət göstərirdi. Yadınızdadırsa, o, Vəftizçi Yəhyaya ismarıc göndərəndə belə demişdi: «Korların gözləri açılır, topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir». İsanın möcüzələrini görən camaat Allaha alqış oxuyurdu (Luka 7:20—22; 18:43). Məsihilər İsadan örnək alaraq qüsurlu insanlara şəfqətlə yanaşırlar. Onlara xeyirxahlıq, anlayış və səbir göstərirlər. Düzdür, Yehova bizə möcüzə göstərmək qabiliyyəti verməyib. Amma bizə fiziki və ruhani cəhətdən kor olan insanlara xoş müjdəni bəyan etmək şərəfi nəsib edib. Beləcə, bu insanlar öyrənirlər ki, Cənnətdə bəşəriyyət fiziki və ruhani cəhətdən tamamilə sağlam olacaq (Luka 4:18). Bu xoş xəbər artıq çoxlu sayda insanı Allahı mədh etməyə təşviq edib.
İŞGÜZAR MƏSƏLƏLƏRDƏ DÜRÜST OLAQ
6. Lavililər 19-cu fəsildə yazılanlar On əmrdə deyilənləri başa düşməyə necə kömək edir?
6 Lavililər 19-cu fəslin bəzi ayələrində On əmrdə deyilənlər daha geniş yazılıb. Məsələn, səkkizinci əmrdə qısaca olaraq deyilir: «Oğurluq etməyin» (Çıx. 20:15). Kimsə düşünə bilərdi ki, əgər başqasına məxsus olan şeyi heç vaxt götürməyibsə, deməli, bu əmrə əməl edir. Amma, ola bilsin, o, başqa yolla oğurluq edirdi.
7. Tacir oğurlamaqla bağlı səkkizinci əmri hansı hərəkəti ilə pozmuş olardı?
7 Tutaq ki, hansısa tacir öyünürdü ki, heç kimin heç nəyini oğurlamayıb. Bəs onun işi barədə nə demək olar? Həmişə dürüst davranır? Lavililər 19:35, 36 ayələrində Yehova demişdi: «Nəyinsə uzunluğunu, enini və həcmini ölçərkən əyrilik etməyin. Tərəziniz, çəki daşınız, maye və bərk məhsullar çəkmək üçün işlətdiyiniz qablar düzgün olmalıdır». Tacir müştəriləri aldatmaq məqsədi ilə əyri tərəzidən və ya başqa düz olmayan ölçü qablarından istifadə edirdisə, bir növ, onlardan oğurluq edirdi. Lavililər 19-cu fəslin digər ayələri bunu açıq-aydın göstərir.
8. Lavililər 19:11—13 ayələrindəki təfsilatlar yəhudilərə səkkizinci əmrin məğzini başa düşüb, əməl etməyə necə kömək etmişdi və bu bizə necə kömək edə bilər?
8 Lavililər 19:11—13 ayələrini oxuyun. Lavililər 19:11 ayəsi belə sözlərlə başlayır: «Oğurluq etməyin». 13-cü ayədə göstərilir ki, oğurluq etməklə iş məsələsində nadürüstlük etmək bir-biri ilə əlaqəlidir. Orada deyilir: «Heç kimə fırıldaq gəlməyin». Beləliklə, iş məsələlərində fırıldaqçılıq etməklə oğurluq, soyğunçuluq etmək eyni şeydir. Səkkizinci əmrdə oğurlamamaqla bağlı qanun verilmişdi, «Lavililər» kitabındakı təfsilatlar isə yəhudilərə qanunun məğzini başa düşüb, əməl etməyə kömək edirdi. Yehovanın nadürüstlüyə və oğurluğa necə yanaşdığı haqqında düşünməyin bizə də böyük xeyri var. Özümüzdən soruşa bilərik: «Lavililər 19:11—13 ayələrinə əsasən, həyatımda elə sahə varmı ki, dürüst davranıb-davranmadığımı nəzərdən keçirməliyəm? Bəlkə, işimlə bağlı məsələlərdə nədəsə dəyişiklik etməliyəm?»
9. Lavililər 19:13 ayəsindəki qanun işçiləri necə qoruyurdu?
9 Başqa bir sahədə də dürüst olmaq lazımdır. Buna sahibkar olan məsihilər diqqət yetirməlidir. Lavililər 19:13 ayəsi belə sözlərlə yekunlaşır: «Muzdlu işçinin haqqını səhərə qədər özünüzdə saxlamayın». İsraildə insanlar, əsasən, kənd təsərrüfatı ilə məşğul olurdu və muzdlu işçilərə hər günün sonunda zəhmət haqqı verilirdi. İşçiyə gündəlik pul verilməsə idi, həmin gün ailəsinin çörəkpulusu olmayacaqdı. Yehova belə izah etmişdi: «Çünki ehtiyac içindədir, gözünü zəhmət haqqına dikib» (Qan. 24:14, 15; Mət. 20:8).
10. Lavililər 19:13 ayəsindən nə öyrənirik?
10 Bu gün sahibkarlar əsas etibarilə hər gün yox, ayda bir və ya iki dəfə əməkhaqqı verirlər. Bununla belə, Lavililər 19:13 ayəsindəki prinsip bizim dövrümüzə də aiddir. Bəziləri işçiləri ilə haqsız davranır, onlara çəkdikləri zəhmətin müqabilində qat-qat aşağı pul verirlər. Onlar bilir ki, bu işçilərin başqa çıxış yolu yoxdur, çarəsizlikdən belə az maaşa da işləyəcəklər. Belə sahibkarlar, bir növ, «muzdlu işçinin haqqını» özlərində saxlayırlar. Əlbəttə, sahibkar olan məsihi işçilərinə qarşı bu cür haqsız davranmamalıdır. İndi isə gəlin görək Lavililər 19-cu fəsildən daha nə öyrənirik.
BAŞQASINI ÖZÜMÜZÜ SEVDİYİMİZ KİMİ SEVƏK
11, 12. İsa Məsih Lavililər 19:17, 18 ayələrindən sitat gətirərək nəyi vurğulamışdı?
11 Bizim insanlarla necə rəftar etməyimiz Allah üçün önəmlidir və O istəyir ki, biz insanlara zərər vurmamaqla yanaşı, başqa bir şey də edək. Bunu Lavililər 19:17, 18 ayələrindən görmək olar. (Ayələri oxuyun.) Yehova açıq-aydın deyir: «Başqasını özünüzü sevdiyiniz kimi sevin». Bu cür davranmaq Yehovanı razı salmaq istəyən məsihi üçün mütləqdir.
12 Görün İsa Məsih Lavililər 19:18 ayəsində yazılan əmrin vacibliyini necə vurğulamışdı. Bir dəfə fərisilər ondan soruşmuşdular: «Tövratda ən böyük əmr hansıdır?» İsa cavabında demişdi ki, Allahımız Yehovanı bütün qəlbimizlə, bütün varlığımızla və bütün ağlımızla sevmək «birinci və ən böyük əmrdir». Sonra İsa Lavililər 19:18 ayəsini sitat gətirərək demişdi: «İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”» (Mət. 22:35—40). Başqasına məhəbbət göstərməyin saysız-hesabsız yolları var. Lavililər 19-cu fəsildən bunlardan bəzilərini öyrənə bilərik.
13. Yusifin hadisəsi bizə Lavililər 19:18 ayəsini başa düşməyə necə kömək edir?
13 Başqasına məhəbbət göstərməyin bir yolu Lavililər 19:18 ayəsində yazılan məsləhətə əməl etməkdir. Orada deyilir: «Qisas almayın... Kin saxlamayın». Yəqin, əksəriyyətimiz elə insanlar tanıyırıq ki, onlar sinif yoldaşına, iş yoldaşına, qohumuna, ailə üzvünə kin saxlayır, hətta bu, illərlə davam edir! Yadınızdadırsa, Yusifin qardaşları ona kin bəsləyirdi. Axırda bu, onların Yusiflə amansız davranmasına gətirib çıxardı (Yar. 37:2—8, 25—28). Yusif isə onlarla tamam fərqli davrandı. O, səlahiyyət sahibi olanda qardaşlarından qisas almaq üçün əlinə fürsət düşmüşdü, amma onlara mərhəmət göstərdi. O, kin saxlamadı. Onun hərəkəti Lavililər 19:18 ayəsində yazılan məsləhətə uyğun idi (Yar. 50:19—21).
14. Lavililər 19:18 ayəsinin əsasında duran prinsiplərin bu gün də qüvvədə olduğunu nə göstərir?
14 Yusifin kin saxlamaması, qisas almaması, bunun əksinə olaraq, başqalarını bağışlaması Allahı razı salmaq istəyən məsihilər üçün gözəl nümunədir. İsa da şagirdlərinə öyrətdiyi duada bunu vurğulamışdı. O təşviq etmişdi ki, bizə qarşı günah işləyənləri bağışlayaq (Mət. 6:9, 12). Eynilə həvari Bulus da dindaşlarına növbəti məsləhəti vermişdi: «Əzizlərim, siz qisasınızı almayın» (Rom. 12:19). Həmçinin onları təşviq etmişdi: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (Kol. 3:13). Yehovanın prinsipləri dəyişmir. Lavililər 19:18 ayəsindəki qanunun əsasında duran prinsiplər bu gün də qüvvədədir.
15. Xətrimizə dəyən insanı bağışlamağa və baş verənləri unutmağa hansı nümunə kömək edə bilər?
15 Gəlin bir nümunəyə baxaq. Qəlb yarasını fiziki yaraya bənzətmək olar. Bəzi yaralar yüngül olur, bəziləri isə dərin. Məsələn, zərfi açanda, ola bilər ki, kağız barmağınızı kəssin. Həmin yer sizi incitsə də, bu çox çəkməyəcək, yara sağalacaq. Bir-iki günə heç yadınıza da düşməyəcək ki, hara kəsilmişdi. Eynilə, ola bilər ki, dostumuz sözü və ya hərəkəti ilə xətrimizə dəyib. Biz onu asanlıqla bağışlaya bilirik. Lakin elə yaralar var ki, dərindir. Ola bilsin, həkim yaraya tikiş vurub və sarıyıb. Əgər biz həmin yaraya tez-tez əl vursaq, özümüz-özümüzü incidəcəyik. Əfsuslar olsun ki, bəzən kimsə qəlbimizi bərk yaralayanda özümüzə qarşı belə bir şey etmiş oluruq. İnsanın hərəkətini, necə xətrimizə dəydiyini bütün günü beynimizdə fırladırıq. Kin saxlayan insan yalnız özünə zərər vurur. Yaxşı olar ki, o, Lavililər 19:18 ayəsində yazılan məsləhətə əməl etsin.
16. Lavililər 19:33, 34 ayələrinə əsasən, Yehova israillilərin yadellilərlə necə rəftar etməsini istəyirdi və biz bundan nə öyrənirik?
16 Yehova israillilərə insanları sevməyi buyuranda O, təkcə onların milliyətindən olan insanları nəzərdə tutmurdu. Onlar həmçinin aralarında yaşayan yadelliləri də sevməli idi. Lavililər 19:33, 34 ayələrində Yehova bunu açıq-aydın demişdi. (Ayələri oxuyun.) Onlar yadellilərə «yerli adam kimi» yanaşmalı idilər və onları da özlərini sevdiyi kimi sevməli idilər. Məsələn, israillilər həm kasıb-kusuba, həm də qəriblərə yerə tökülən başaqları yığmağa icazə verməli idilər (Lav. 19:9, 10). Qəribləri sevməklə bağlı prinsip bu gün məsihilərə də aiddir (Luka 10:30—37). Hansı mənada? Bütün dünyada milyonlarla mühacir var və ola bilsin, sizə yaxın ərazidə də mühacirlər yaşayır. Çox vacibdir ki, bu kişilərlə, qadınlarla və uşaqlarla hörmətlə davranaq.
LAVİLİLƏR 19-CU FƏSİLDƏ VURĞULANMAYAN MÜHÜM İŞ
17, 18. a) Lavililər 19:2 və 1 Butrus 1:15 ayələri bizi nəyə təşviq edir? b) Həvari Butrus bizi hansı mühüm işi görməyə təşviq etmişdi?
17 Həm Lavililər 19:2 ayəsi, həm də 1 Butrus 1:15 ayəsi Allahın xalqını müqəddəs olmağa təşviq edir. Lavililər 19-cu fəsildə Allahın rəğbətini qazanmağımıza kömək edəcək çoxlu ayə var. Biz cəmi bir neçə ayəni araşdırıb öyrəndik ki, nələri etməyə son qoymalıyıq, nələri isə etməliyikb. İncildən görə bilərik ki, Yehova bu gün bizim də bu prinsiplərə əməl etməyimizi istəyir. Amma həvari Butrus Yehovanın bizdən gözlədiyi daha bir şeyi vurğulamışdı.
18 Biz müntəzəm olaraq Allaha ibadət edirik, çoxlu yaxşı işlər görürük, amma həvari Butrus məsihilərin etməli olduğu bir şeyi xüsusilə qeyd etmişdi. O, bütün məsihiləri hər bir işlərində müqəddəs olmağa təşviq etməzdən öncə belə sözlər demişdi: «Ağlınızı fəaliyyət üçün qurşaqlayın» (1 But. 1:13, 15). Hansı fəaliyyət üçün? Butrus demişdi ki, Məsihin məsh olunmuş qardaşları onları çağıranın «əzəmətli sifətlərini bəyan» edəcəklər (1 But. 2:9). Bu gün bütün məsihilər bu mühüm işdə iştirak edə bilərlər və bu insanlara etdiyimiz ən böyük yaxşılıqdır. Təbliğ və təlim işində müntəzəm olaraq iştirak etmək Allahın müqəddəs xalqına verilmiş xüsusi bir şərəfdir (Mark 13:10). Lavililər 19-cu fəsildəki prinsiplərə var gücümüzlə əməl etməklə sübut edirik ki, Allahı və insanları sevirik. Həmçinin göstəririk ki, hər bir işimizdə müqəddəs olmaq istəyirik.
NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz
a Biz Musanın qanunu altında deyilik. Amma orada bizim etməli və etməməli olduğumuz çox şey vurğulanır. Onlar haqqında öyrənmək bizə kömək edəcək ki, insanları sevək və Allahı razı salaq. Bu məqalədə də Lavililər 19-cu fəsli araşdıracağıq və görəcəyik ki, daha nə öyrənə bilərik.
b Bu və öncəki məqalədə biz ayrı-seçkiliklə, kimisə şərləməklə, qanın istifadəsi ilə, həmçinin spiritizmlə, baxıcılıqla və cinsi əxlaqsızlıqla bağlı ayələri araşdırmadıq (Lav. 19:15, 16, 26—29, 31). Bu sayın «Oxucuların sualları» adlı rubrikasına baxın.
c ŞƏKLİN İZAHI. Bir qardaş eşitmə qüsuru olan qardaşın həkimlə danışmasına vasitəçilik edir.
d ŞƏKLİN İZAHI. Bir qardaş işçisinə maaş verir.
e ŞƏKLİN İZAHI. Bacı onu incidən kiçik yaranı asanlıqla unudur. Bəs o, daha dərin yaranı da belə unudacaq?