TƏLİM MƏQALƏSİ 48
Gözləriniz düz gələcəyə baxsın
«Gözlərin düz qabağa baxsın, nəzərin irəli zillənsin» (MƏS. 4:25).
NƏĞMƏ 77 Qaranlıq dünyada ümid işığı
İCMALa
1, 2. Məsəllər 4:25 ayəsindəki məsləhətə necə əməl edə bilərik? Nümunə çəkin.
NÖVBƏTİ vəziyyətləri təsəvvür edin. Yaşlı bacı keçmişdə olan xoş günlərini xatırlayır. İndi həyatı çətin olsa da, o, Yehova üçün əlindən gələni edir (1 Kor. 15:58). Hər gün özünü əzizləri ilə birlikdə yeni dünyada təsəvvür edir. İkinci vəziyyət: Dindaşı bir bacının xətrinə dəysə də, o, kin saxlamamaq qərarına gəlir (Kol. 3:13). Üçüncü vəziyyət: Qardaş keçmişdə etdiyi səhvin fərqindədir, amma diqqətini bundan sonra Yehovaya sadiq qalmağa cəmləyib (Zəb. 51:10).
2 Bu üç vəziyyətdə hansı oxşarlıq var? Onlar keçmişdə olanları unutmasa da, keçmişlə yaşamır. Əksinə, gözləri düz qabağa, gələcəyə baxır. (Məsəllər 4:25 ayəsini oxuyun.)
3. Nəyə görə gələcəyə baxmalıyıq?
3 Nəyə görə gələcəyə baxmaq vacibdir? Necə ki, insan arxaya baxa-baxa irəli gedə bilməz, eynilə, biz də daim keçmişdə olanları düşünsək, Yehovaya xidmətdə irəli gedə bilməyəcəyik (Luka 9:62).
4. Bu məqalədə nəyi araşdıracağıq?
4 Bu məqalədə keçmişlə yaşamağımızab səbəb olan üç tələdən danışacağıq: 1) keçmişin xiffəti, 2) incik qalmaq və 3) özünü hədsiz qınamaq. Hər tələni araşdırarkən öyrənəcəyik ki, Müqəddəs Kitab prinsipləri bizə «arxada qalan şeylər» haqqında düşünməyib, «irəlidəki şeylərə» can atmağa necə kömək edə bilər (Filip. 3:13).
KEÇMİŞİN XİFFƏTİ
5. Vaiz 7:10 ayəsində hansı tələ haqqında xəbərdarlıq var?
5 Vaiz 7:10 ayəsini oxuyun. Diqqət yetirdinizsə, bu ayədə deyilmir ki, «əvvəlki günlər yaxşı idi» demək səhvdir. Gözəl xatirələr Yehovanın ənamıdır. Ayədə belə yazılıb: «Demə: “Əvvəlki günlər indikindən yaxşı idi”». Başqa sözlə, əvvəlki vəziyyətimizi indiki ilə müqayisə etmək və indi hər şeyin betər olduğunu düşünmək tələdir. Bu ayə başqa bir tərcümədə belə səslənir: «Demə: “Əvvəlki günlər indikindən qat-qat yaxşı idi”».
6. Ötən günlərimizin daha yaxşı olduğunu daim düşünmək nəyə görə müdrik olmazdı? Nümunə çəkin.
6 Oturub-durub əvvəlki günlərimizin indikindən daha yaxşı olduğunu düşünmək nəyə görə müdrik olmazdı? Çünki keçmişin xiffətini çəksək, yalnız yaxşı şeyləri xatırlayacağıq, çəkdiyimiz əziyyətləri isə unudacağıq. Gəlin qədim İsrail xalqını yadımıza salaq. Misirdən çıxandan sonra onlar oradakı çətin həyatlarını tez bir zamanda unutdular. Təkcə orada yedikləri yaxşı yeməkləri xatırlayırdılar. Onlar deyirdi: «Heyif o günlərdən! Vaxt var idi Misirdə havayı balıq yeyirdik, hələ xiyarı, qarpızı, kəvəri, soğan-sarımsağı demirik!» (Say. 11:5). Doğrudan onlar o yeməkləri «havayı» yeyirdilər? Xeyr. Bu onlara baha başa gəlirdi; Misirdə onlarla qul kimi davranırdılar, çox zülm edirdilər (Çıx. 1:13, 14; 3:6—9). Amma onlar sonralar çəkdikləri əzabları unutdular, keçmişin xiffətini çəkməyə başladılar. İsraillilər Yehovanın onlar üçün etdiyi xeyirxah işlər haqda düşünmək əvəzinə, ötən günlərin həsrəti ilə yaşayırdı. Onların bu davranışı Yehovaya ağır getdi (Say. 11:10).
7. Bir bacıya keçmişin xiffətini çəkməməyə nə kömək etdi?
7 Bəs biz bu tələyə düşməmək üçün nə edə bilərik? Gəlin bir bacının nümunəsinə baxaq. O, 1945-ci ildə Bruklindəki Beyteldə xidmət etməyə başlamışdı. Bir neçə il keçəndən sonra o, bir beytelli qardaşla ailə qurdu və onlar birgə uzun illər xidmət etdilər. Lakin 1970-ci illərin ortalarında bacının yoldaşı xəstələndi. Bacı deyir ki, yoldaşı ölümünə az qaldığını biləndə ona gözəl məsləhət vermişdi. Onun itkiyə tab gətirə bilməsi üçün belə demişdi: «Bizim xoşbəxt nikahımız olub. Belə bir nikah hər adama nəsib olmur». O, bacını təşviq edərək demişdi: «Xatirələrin həmişə səninlə olacaq, amma keçmişinlə yaşama. Zaman yaralarını sağaldacaq. Acıqlı qalma, özünü yazıqlama. Sevin ki, Yehovaya xidmətdə xoşbəxt, nemətlərlə dolu günlər keçirmişik... Xatirələr Yehovanın ənamıdır». Necə də gözəl məsləhətdir!
8. Bir bacı keçmişlə yaşamamağın xeyrini necə görüb?
8 Bacımız bu məsləhətə qulaq asdı. O, ölümünə qədər, 92 yaşına qədər Yehovaya sədaqətlə xidmət etdi. Ölümündən bir neçə il öncə bacı demişdi: «Yehovaya tamvaxtlı xidmətdə keçirdiyim 63 ilə boylananda deyə bilərəm ki, mən, həqiqətən də, xoşbəxt ömür sürmüşəm». Bacı bunun səbəbini belə izah edir: «Xoşbəxt olmaq üçün əsasımız var, çünki biz möhtəşəm qardaşlığın əhatəsindəyik və birgə yerüzü cənnətdə yaşamaq, Yaradanımıza, tək gerçək Allahımız Yehovaya əbədiyyən ibadət etmək ümidimiz var»c. Bacının diqqətini gələcəyə cəmləməsi bizim üçün gözəl nümunədir.
İNCİK QALMAQ
9. Lavililər 19:18 ayəsində göstərildiyi kimi, bağışlamaq nə vaxt bizim üçün çətin ola bilər?
9 Lavililər 19:18 ayəsini oxuyun. Adətən dindaşımız, qohumumuz və ya dostumuz bizimlə pis rəftar edəndə bağışlamaq daha çətin olur. Məsələn, dindaşı bir bacını yanlış olaraq pul oğurlamaqda günahlandırmışdı. Sonradan o üzr istəsə də, bacı baş verənləri unuda bilmirdi. Siz də belə hisslər keçirmisiniz? Eyni vəziyyətlə üzləşməsək də, yəqin çoxlarımızda olub ki, kimdənsə incimişik və onu heç vaxt bağışlamayacağımızı düşünmüşük.
10. Ürəyimizdə inciklik qalarsa, nə edə bilərik?
10 Ürəyimizdə inciklik qalarsa, nə edə bilərik? Əvvəla unutmamalıyıq ki, Yehova hər şeyi görür. O, başımıza gələn hər bir şeydən, o cümlədən haqsızlıqla üzləşərkən keçirdiyimiz hisslərdən agahdır (İbr. 4:13). Bizim əzab çəkdiyimizi görmək Yehova üçün ağırdır (Əşy. 63:9). O vəd edir ki, haqsızlıq ucbatından çəkdiyimiz istənilən zərəri aradan qaldıracaq (Vəhy 21:3, 4).
11. Bağışlamağın bizə hansı xeyri var?
11 Həmçinin yadda saxlamalıyıq ki, bağışlamaq özümüzün xeyrinədir. Haqsız yerə günahlandırılan bacı məhz bunu başa düşdü. Bir müddət sonra o, ürəyindən inciklik hissini çıxara bildi. Bacı anladı ki, biz başqalarını bağışlayanda Yehova da bizi bağışlayır (Mət. 6:14). Düzdür, bacı dindaşının bu hərəkətinə haqq vermədi, amma o, incikliyi ürəyindən çıxarıb atdı. Nəticədə bacı özünü daha xoşbəxt hiss etdi və diqqətini Yehovaya xidmətə cəmləyə bildi.
ÖZÜNÜ HƏDSİZ QINAMAQ
12. 1 Yəhya 3:19, 20 ayələrindən nə öyrənirik?
12 1 Yəhya 3:19, 20 ayələrini oxuyun. Hamımız bəzən özümüzü günahkar hiss edirik. Məsələn, bəziləri həqiqəti öyrənməzdən əvvəl, bəziləri isə vəftizdən sonra etdikləri səhvə görə özlərini qınayırlar (Rom. 3:23). Əlbəttə, biz istəyirik ki, Allahın bəyəndiyi kimi davranaq, amma «hər birimiz dəfələrlə səhv edirik» (Yaq. 3:2; Rom. 7:21—23). Özümüzü günahkar hiss etməyimiz, xoş hiss olmasa da, bunun xeyri var. Çünki bu hiss bizi hərəkətimizi düzəltməyə və bir də səhvimizi təkrarlamamağa təşviq edə bilər (İbr. 12:12, 13).
13. Özümüzü həddən artıq qınamaq nəyə görə təhlükəlidir?
13 Lakin, ola bilər ki, özümüzü həddən artıq qınayaq: tövbə etsək də, Yehova bizi bağışladığını göstərsə də, özümüzü yenə də günahlandıraq. Bu hiss təhlükəlidir (Zəb. 31:10; 38:3, 4). Nəyə görə? Keçmiş günahlarına görə vicdan əzabından qurtula bilməyən bir bacının nümunəsinə baxaq. O deyir: «Mənə elə gəlirdi ki, Yehovaya xidmətdə çox çalışmağa dəyməz, artıq mənim üçün gecdir». Bacının hissləri çoxlarımıza tanışdır. Ehtiyatlı olmalıyıq ki, özümüzü həddindən artıq qınayıb, Şeytanın tələsinə düşməyək. İşdir, Yehova bizi bağışladığı halda, biz özümüzü bağışlamayıb xidmətimizi dayandırsaq, Şeytanın sevinməsinə səbəb olarıq! (2 Korinflilərə 2:5—7, 11 ayələri ilə əlaqələndirin.)
14. Yehovanın bizi bağışladığına necə əmin ola bilərik?
14 Amma yenə də bizi bir sual narahat edə bilər: «Haradan bilim ki, Yehova məni bağışlayıb?» Əslində, bu sualı verməklə suala cavab da vermiş oluruq. Uzun illər öncə «Gözətçi qülləsi»ndə yazılmışdı: «Ola bilsin, biz əvvəlki həyat tərzimizdən qalan və düşündüyümüzdən daha dərinə kök salan hansısa pis vərdişimizə görə dəfələrlə büdrəyir və yıxılırıq... Ümidsizliyə qapılmayın. Düşünməyin ki, bağışlanmaz günah işləmisiniz. Şeytan sizin məhz belə fikirləşməyinizi istəyir. Kədərlənməyiniz, məyus olmağınız artıq sübut edir ki, vəziyyətiniz ümidsiz deyil. Təvazökar və səmimi şəkildə Yehovaya üz tutub sizi bağışlamasını, pak etməsini və kömək göstərməsini diləməkdən heç vaxt yorulmayın. Uşaq eyni səhvi neçə dəfə etməsindən asılı olmayaraq, hər dəfə atasının üstünə qaçdığı kimi, siz də Yehovaya sığının. O, lütf göstərib sizə comərdliklə kömək edəcək»d.
15, 16. Bəziləri Yehovanın onları bağışladığını dərk edəndə hansı hissləri keçirib?
15 Bir çox bacı-qardaşımız Yehovanın onları bağışladığını başa düşəndə təsəlli tapıb. Məsələn, bir neçə il bundan öncə bir qardaşa «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasından oxuduğu məqalənin köməyi dəymişdi. Orada bir bacının sözləri yazılmışdı; bacı keçmişdə səhvlər etdiyi üçün düşünürdü ki, Yehova onu sevə bilməz. O, vəftiz olandan uzun illər sonra da bu cür hisslərlə mübarizə aparırdı. Lakin fidyə üzərində dərindən düşündükcə fikri dəyişməyə başladıe.
16 Bu bacının hadisəsi qardaşa necə kömək etdi? Qardaş yazır: «Gənc vaxtlarımda pornoqrafiya aludəçiliyim var idi, bununla mübarizə aparırdım. Bu yaxınlarda bu hal yenidən təkrarlandı. Ağsaqqallardan kömək istədim və problemin öhdəsindən xeyli gəldim. Ağsaqqallar məni Yehovanın məhəbbətinə və mərhəmətinə əmin etdilər. Amma bəzən hələ də özümü dəyərsiz hiss edirəm, düşünürəm ki, Yehova mənim kimi insanı sevməz. Bacının hadisəsinin mənə böyük köməyi dəyib. İndi dərk edirəm ki, Yehovanın məni bağışlamasının mümkün olmadığını düşünməklə, bir növ, deyirəm ki, Onun Oğlunun qurbanlığı mənim günahlarımı örtə bilməz. Bu məqaləni kəsib götürdüm ki, hər dəfə dəyərsizlik hissi məni çulğayanda onu oxuyub üzərində düşünüm».
17. Bulusa özünü həddən artıq günahkar hiss etməməyə nə kömək etmişdi?
17 Bu kimi hadisələr bizə həvari Bulusu xatırladır. Məsihi olmazdan öncə o, çoxlu ciddi günahlar işləmişdi. Etdiyi əməlləri unutmasa da, Bulus oturub-durub bu haqda düşünmürdü (1 Tim. 1:12—15). O, Məsihin canını şəxsən onun uğrunda qurban verdiyini hesab edirdi (Qal. 2:20). Beləcə, qoymadı ki, günah hissi onu yeyib-bitirsin, əksinə, bütün diqqətini Yehovaya xidmətdə əlindən gələni etməyə cəmlədi.
GƏLƏCƏKLƏ YAŞAYIN!
18. Bu məqalədən nə öyrəndik?
18 Bu məqalədə araşdırdığımız tələlərlə bağlı nə öyrəndik? 1) Xoş xatirələr Yehovanın ənamıdır; bununla belə, ötən günlərimiz nə qədər yaxşı olsa da, gələcəkdə yeni dünyada həyatımız daha yaxşı olacaq. 2) Kimsə bizim qəlbimizi yaralasa da, onu bağışlamaq kömək edəcək ki, diqqətimizi xidmətə cəmləyək. 3) Özümüzü həddən artıq qınamaq Yehovaya xidmətdən sevinc duymağımıza əngəl ola bilər. Buna görə də həvari Bulus kimi, Yehovanın bizi bağışladığına inanmalıyıq.
19. Haradan bilirik ki, yeni dünyada acı xatirələr bizə əzab verməyəcək?
19 Bizim əbədi yaşamaq imkanımız var! Yeni dünyada acı xatirələr bizə əzab verməyəcək. Həmin dövrlə bağlı Müqəddəs Kitabda yazılıb: «Köhnə şeylər yada düşməyəcək» (Əşy. 65:17). Bir düşünün: bəzilərimiz Yehovaya uzun illər xidmət edib qocalsaq da, yeni dünyada cavanlaşacağıq (Əyy. 33:25). Buna görə də gəlin keçmişlə yaşamayaq! Gözümüzü gələcəkdəki həyata zilləyək və orada yaşamaq üçün əlimizdən gələni edək!
NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq
a Keçmişi xatırlamaq yaxşıdır. Amma keçmişə ilişib qalsaq, hal-hazırda əlimiz çox şeydən soyuyar, yaxud gələcəkdə alacağımız nemətləri unudarıq. Bu məqalədə keçmişlə yaşamağımıza səbəb olan üç tələ barədə danışılır. Bu tələlərə düşməməyimizə kömək edəcək Müqəddəs Kitab prinsiplərinə və bacı-qardaşların nümunəsinə nəzər salacağıq.
b BƏZİ İFADƏLƏRİN İZAHI. Bu məqalədə «keçmişlə yaşamaq» deyilərkən, insanın fikri-zikrinin ancaq keçmişdə olması, yəni daima bu haqda danışması, onu xəyalında canlandırması və ya o vaxtkı günlərinin daha yaxşı olduğunu düşünməsi nəzərdə tutulur.
c «Gözətçi qülləsi» jurnalının 2004-cü il 1 iyul sayının 23—29 səhifələrinə (rus.) baxın.
d «Gözətçi qülləsi» jurnalının 1954-cü il 15 fevral sayının 123-cü səhifəsinə (ing.) baxın.
e «Gözətçi qülləsi» jurnalının 2011-ci il 1 avqust sayının 20—21 səhifələrinə (rus.) baxın.
f ŞƏKLİN İZAHI: Keçmişin xiffəti, incik qalmaq və özünü hədsiz qınamaq dartdığımız ağır yük kimidir, həyata aparan yolda irəliləməyimizə mane olur.
g ŞƏKLİN İZAHI: Bizə yük olan hisslərdən qurtulsaq, yüngüllük hiss edəcəyik, xoşbəxt və güclü olacağıq. O zaman irəli gedə biləcəyik.