FƏSİL 15
Allaha şərəf gətirən bir ailə qurmaq
TUTAQ Kİ, ev tikməyi qərara almısınız. Əvvəlcə siz torpaq alacaq, sonra isə yeni evi xəyalınızda canlandıracaqsınız. Əgər sizin lazımi alətləriniz və inşaatçılıq təcrübəniz yoxdursa, onda necə? Belə halda göstərdiyiniz sə’y necə də əbəs olardı!
2 Xoşbəxt ailə qurmaq ümidi ilə nikaha daxil olanların bir çoxu bunun üçün nə lazımi “alətlər”, nə də təcrübə əldə edirlər. Artıq toydan tez sonra mənfi xüsusiyyətlər ortaya çıxır. Dava-dalaşlar və mübahisələr adi hala çevrilir. Uşaqlar dünyaya gəldikdə isə gənc valideynlər dərk edirlər ki, nikahla olduğu kimi, uşaqların tərbiyəsilə bağlı da lazımi bilikləri yoxdur.
3 Xoşbəxtlikdən, Müqəddəs Kitab bizə kömək edə bilər. Müqəddəs Kitabın prinsipləri, xoşbəxt ailə qurmağa kömək edən alətlərə bənzəyir (Süleymanın məsəlləri 24:3). Gəlin görək bu necə mümkün ola bilər.
XOŞBƏXT NİKAH QURMAQ ÜÇÜN LAZIM OLAN “ALƏTLƏR”
4 Ərlə arvad bir-birlərinə nə qədər uyğun gəlsələr də, həyata olan nöqteyi-nəzərləri fərqlidir, onların hər birinin öz uşaqlığı və öz ailəsi olmuşdur. Buna görə də toydan sonra bə’zi problemlər qaçılmazdır. Onları necə həll etmək olar? Ev tikərkən inşaatçılar arxitektorun layihəsinə riayət edirlər. Onlar verilən rəhbərliyə tabe olmalıdırlar. Müqəddəs Kitabda xoşbəxt ailə qurmağa dair Allahın göstərişləri verilir. Gəlin onlardan bə’zilərini nəzərdən keçirək.
5 Sadiqlik. İsa demişdir: “Allahın birləşdirdiyini insan ayırmamalıdır”a (Matta 19:6). Həvari Pavel yazmışdır: “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (İbranilərə 13:4). Beləliklə, nikahda olan insanlar Allah qarşısında məs’uliyyət hiss etməli və öz həyat yoldaşlarına sadiq qalmalıdırlar (Təkvin 39:7-9).
6 Sadiqlik nikahı qoruyur və ona şərəf gətirir. Sadiq ər-arvadlar bilirlər ki, nə baş verir-versin, onlar bir-birlərini dəstəkləyəcəklər (Vaiz 4:9-12). Onlar, ilk çətinlik yaranan kimi nikahı pozan şəxslərdən necə də fərqlənirlər! Həmin insanlar dərhal belə qənaətə gəlirlər ki, “həyat yoldaşı seçimində yanılıblar”, “artıq bir-birlərini sevmirlər” və yeganə çıxış yolu — başqa birisini axtarıb tapmaqdır. Lakin bu cür nöqteyi-nəzər onların emosional cəhətdən yetkin insan olmalarına mane olur. Əslində bir-birlərinə sadiq olmayan ərlə arvad yeni nikahda da eyni problemlərlə üzləşə bilərlər. Tutaq ki, bir adamın gözəl evi var, lakin birdən damın sızdığını aşkar edir. Əlbəttə ki, o, dərhal başqa evə köçmək əvəzinə, onu tə’mir etməyə çalışacaqdır. Həyat yoldaşını dəyişmək də ailə problemlərinin həlli demək deyil. Əgər çətinliklər yaranırsa, nikahı tez bir zamanda pozmaq haqqında düşünmək əvəzinə, var qüvvənizlə onu qorumağa çalışın. Bu cür sadiqlik nikahı müdafiə edir və qoruyub saxlayır.
7 Ünsiyyət. Müqəddəs Kitabın bir məsəlində deyilir: “Öyüd olmayan yerdə təşəbbüslər boşa çıxar” (Süleymanın məsəlləri 15:22). Lakin ünsiyyət etmək bə’zi ər-arvadlar üçün çətin olur. Nəyə görə? Ona görə ki, insanların ünsiyyətə olan tələbatları müxtəlifdir. Bu çox vaxt ciddi anlaşılmazlığa və mə’yusluğa gətirib çıxarır. Buna səbəb tərbiyə ola bilər. Məsələn, bə’ziləri valideynlərinin daima dalaşdıqları mühitdə tərbiyə alıblar. İndi onlar böyüyüb və artıq özləri nikaha qədəm qoyublar, lakin öz həyat yoldaşları ilə sakit və mülayim danışmağı bacarmırlar. Buna baxmayaraq, eviniz daima “münaqişə” ilə dolu olmasın deyə, müəyyən tədbirlər görmək olar (Süleymanın məsəlləri 17:1). Müqəddəs Kitab “yeni mənliyi” geyinməyin vacibliyini vurğulayır, çünki yeni mənlik qəzəbə, çığırtıya və təhqirlərə yol vermir (Efeslilərə 4:22-24, 31).
8 Münaqişə yarandıqda siz nə edə bilərsiniz? Əgər vəziyyət gərginləşirsə, ən yaxşısı Süleymanın məsəlləri 17:14 (MKŞ) ayəsində yazılmış məsləhətə riayət etməkdir: “Dava başlanmamış münaqişəni tərk et”. Bəli, siz söhbəti hər ikinizin də qəzəbi yatandan sonraya saxlaya bilərsiniz (Vaiz 3:1, 7). Hər necə olsa da, “eşitməkdə iti, söz söyləməkdə təmkinli və qəzəbdə təmkinli” olmağa çalışın (Yaqub 1:19). Sizin məqsədiniz mübahisədə qalib gəlmək yox, vəziyyəti həll etməkdir (Təkvin 13:8, 9). Elə söz və ifadələr seçməyə çalışın ki, həm sizi, həm də həyat yoldaşınızı sakitləşdirsin (Süleymanın məsəlləri 12:18; 15:1, 4; 29:11). Bundan əlavə, qəzəbinizi üst-üstə yığmayın, həyat yoldaşınızla birlikdə təvazökarlıqla Allaha dua edib Ondan kömək diləyin (Efeslilərə 4:26, 27; 6:18).
9 Müqəddəs Kitabın bir məsəlində deyilir: “Hikmətlinin ürəyi dilinə tərbiyə verir, ağzındakı müdrik sözləri artıq edir” (Süleymanın məsəlləri 16:23, MKŞ). Əslində müvəffəqiyyətli ünsiyyətin açarı dildə deyil, ürəkdədir. Öz həyat yoldaşınıza necə yanaşırsınız? Müqəddəs Kitab məsihçilərə tövsiyə edir ki, onlar “başqalarının dərdlərinə şərik” olsunlar (1 Peter 3:8). Həyat yoldaşınız hər hansı səbəblər üzündən güclü narahatçılıq keçirən zaman, siz onun dərdinə şərik olmağa hazırsınızmı? Əgər belədirsə, onda lazımi sözlər tapa biləcəksiniz (İşaya 50:4).
10 Hörmət və ehtiram. Məsihçi ərlərə öz arvadları ilə ‘iltifatla davranmaq, zəif cins olduqlarından onlara hörmət göstərmək’ buyurulub (1 Peter 3:7). Arvadına hörmət göstərmək, onu qiymətləndirmək deməkdir. Arvadı ilə “iltifatla davranan” ər, onun hisslərinə dərin anlayışla yanaşır, onun gücünü, dərketmə qabiliyyətini nəzərə alır və ləyaqətinə hörmət edir. Ər, həmçinin Yehovanın qadınlara olan münasibətini və başqalarının onlarla necə davranmaq istədiyini öyrənməyə çalışmalıdır.
11 Fərz edək ki, evinizdə çox qiymətləndirdiyiniz zərif vaza var. Siz onunla xüsusilə ehtiyatlı davranmağa çalışmazdınızmı? Buna bənzər şəkildə, Peter “zəif cins” ifadəsini istifadə etmişdir. Bu müqayisə məsihçini öz arvadına qayğı göstərməyə və onunla incə davranmağa təşviq etməlidir.
12 Bəs Müqəddəs Kitab qadınlara hansı məsləhəti verir? Pavel yazmışdır: “Arvad isə ərinə ehtiram etsin” (Efeslilərə 5:33). Arvad üçün, ərinin ona hörmət etdiyini və onu nəcib məhəbbətlə sevdiyini hiss etmək vacib olduğu kimi, ərin də öz arvadı tərəfindən hörmətə ehtiyacı var. Hörmətcil qadın ərinin məsihçi olub-olmamasından asılı olmayaraq, onun çatışmazlıqları barədə başqalarına danışmayacaq. Qadın ərini nə təklikdə, nə də başqalarının yanında tənqid edərək onun ləyaqətini alçaltmayacaqdır (1 Timoteyə 3:11; 5:13).
13 Bu o demək deyil ki, qadın öz fikrini söyləyə bilməz. Əgər onu nə isə narahat edirsə, o bunu nəzakətlə deyə bilər (Təkvin 21:9-12). Qadının öz fikrini ərinə bildirməsi, ona top atmaq kimi bir şeydir. Qadın topu elə ata bilər ki, əri onu asanlıqla tuta bilsin, yaxud da var qüvvəsi ilə elə atar ki, bununla ona zərbə vura bilər. Ərlə arvadın bir-birini ittiham etməkdən qaçınması, sakit və mehribancasına söhbət etməyə çalışması daha yaxşıdır! (Matta 7:12; Koloslulara 4:6; 1 Peter 3:3, 4).
14 Gördüyümüz kimi, Müqəddəs Kitabın prinsipləri xoşbəxt ailə qurmaq üçün dəyərli kömək təqdim edir. Bəs əgər həyat yoldaşınız Müqəddəs Kitabda deyilənlərə maraq göstərmirsə, onda necə? Buna baxmayaraq, çox şey sizin Allah haqqındakı biliyi həyata keçirməyinizdən asılıdır. Peter yazmışdır: “Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər” (1 Peter 3:1, 2). Əlbəttə ki, bu, arvadları Müqəddəs Kitaba e’tinasız yanaşan ərlərə də aiddir. Həyat yoldaşınızın davranışından asılı olmayaraq, Müqəddəs Kitab prinsiplərinin sizə müsbət tə’sir göstərməsinə yol verin. Allah haqqındakı bilik həmçinin sizin daha yaxşı valideyn olmağınıza da kömək edə bilər.
UŞAQLARI ALLAH HAQQINDAKI BİLİYƏ MÜVAFİQ TƏRBİYƏ ETMƏK
15 Əgər kiminsə mişarı və ya çəkici varsa, bu heç də onun bacarıqlı dülgər olduğu demək deyil. Eləcə də, əgər kiminsə uşaqları varsa, bu onun təcrübəli valideyn olduğunu göstərmir. Çox vaxt valideynlər ya bilərəkdən, ya da bilmədən, uşaqları özləri tərbiyə olunduqları kimi tərbiyə edirlər. Beləliklə, yanlış tərbiyə üsulları nəsildən-nəslə ötürülür. İsrailin qədim bir atalar sözü belə səslənir: “Atalar kal üzüm yedilər və oğulların dişləri qamaşdı”. Lakin Müqəddəs Yazılarda deyilir ki, insan valideynlərinin qoyduğu yolla getmək məcburiyyətində deyil. O, başqa yol, yə’ni Yehovanın qanunlarına müvafiq olan yolu seçə bilər (Hezekiel 18:2, 14, 17).
16 Yehova məsihçi valideynlərdən gözləyir ki, onlar öz övladlarına düzgün rəhbərlik təqdim edib, onlara lazımi qayğı göstərsinlər. Pavel yazırdı: “Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir” (1 Timoteyə 5:8). Necə də güclü sözlərdir! Allah qorxusuna malik olan insan üçün ailəsini dolandırmaq, yə’ni uşaqlarının fiziki, ruhani və emosional qayğısına qalmaq böyük şərəf və məs’uliyyətdir. Müqəddəs Kitabda valideynlərin uşaqlarının inkişafı üçün gözəl mühit yaratmasına kömək edən prinsiplər var. Onlardan bə’zilərini nəzərdən keçirək.
17 Yaxşı nümunə olun. İsrailli valideynlərə buyurulmuşdu: “Onları [Allahın sözlərini] oğullarının zehninə yaxşıca qoyacaqsan və evində oturduğun və yolda yeridiyin və yatdığın və qalxdığın zaman bunlar haqqında danışacaqsan”. Valideynlər uşaqlarına Yehovanın qanunlarını öyrətməli idilər. Amma bu əmrdən qabaq belə deyilirdi: “Bu gün sənə əmr etməkdə olduğum bu sözlər sənin ürəyində olacaqlar” (Təsniyə 6:6, 7). Bəli, valideynlər özlərində olmayan şeyi övladlarına verə bilməzlər. Əgər Allahın qanunlarının övladlarınızın ürəyində olmasını istəyirsinizsə, hər şeydən əvvəl onların sizin ürəyinizdə olmasının qeydinə qalmalısınız (Süleymanın məsəlləri 20:7; Luka 6:40 ilə müqayisə edin).
18 Sevdiyinizə əmin edin. İsa vəftiz olan zaman Yehova bəyan etmişdi: “Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam” (Luka 3:22). Bununla, Yehova Oğluna olan iltifatını aydın şəkildə bildirib, onu sevdiyinə əmin edərək qəbul etdi. Sonralar İsa öz Atasına demişdir: “Dünya yaranmazdan əvvəl Məni sevdin” (Yəhya 17:24). Buna görə də, Allah qorxusuna malik olan valideynlər kimi, övladlarınıza məhəbbətinizi ifadə etməkdən və onları əzizləməkdən çəkinməyin, bunu tez-tez etməyə çalışın. Heç vaxt unutmayın ki, “məhəbbət... ruhən inkişaf etdirir” (1 Korinflilərə 8:1).
19 Tərbiyə. Müqəddəs Kitab məhəbbət dolu tərbiyənin vacibliyini vurğulayır (Süleymanın məsəlləri 1:8). Uşaqların tərbiyəsinə e’tinasız yanaşan valideynlərin kədərli nəticələrlə üzləşəcəkləri qaçılmazdır. Lakin valideynləri başqa bir ifratçılıqdan çəkindirmək də lazımdır. Pavel yazırdı: “Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar mə’yus olmasınlar” (Koloslulara 3:21). Valideynlər öz övladlarına daima yersiz irad tutmaqdan, onların səhvlərini üzlərinə vurmaqdan və göstərdikləri sə’yi tənqid etməkdən çəkinməlidirlər.
20 Səmavi Atamız Yehova Allah, düzgün tərbiyə üsuluna dair bizə nümunədir. O, cəzalandıran zaman heç vaxt ifrata qapılmır. Allah Öz xalqına demişdi: “Səni ölçü ilə cəzalandıracağam” (Yeremya 46:28). Valideynlər bu sahədə Yehovanı təqlid etməlidirlər. Həddini aşan, habelə nəsihət və tərbiyənin ilk məqsədini itirən cəza tədbiri, sözsüz ki, uşaqları hirsləndirəcək.
21 Valideynlər tərbiyə üsullarının nə dərəcədə effektli olduğunu necə müəyyən edə bilərlər? Onlar özlərindən soruşa bilərlər: “Bu, uşağa necə tə’sir göstərdi?” Cəza uşağa dərs olmalıdır. Uşaq nəyə görə cəzalandırıldığını başa düşməlidir. Valideynlər, həmçinin cəzanın nəticəsini qabaqcadan görməlidirlər. Əlbəttə, hər bir uşaq cəzalandırıldıqda əvvəlcə inciyir (İbranilərə 12:11). Lakin islahedici tədbirlər uşağı heç zaman qorxutmamalı, həmçinin o, özünün tərk edildiyini və ya düzəlməz olduğunu hiss etməməlidir. Yehova Öz xalqını cəzalandırmazdan qabaq demişdi: “Qorxma... çünki mən səninlə bərabərəm” (Yeremya 46:28). Bəli, islahedici tədbir elə tətbiq olunmalıdır ki, uşaq onu sevdiyinizi və onun qayğısına qaldığınızı başa düşsün.
“SAĞLAM MƏSLƏHƏT”LƏR ƏLDƏ ETMƏK
22 Biz Yehovaya minnətdar ola bilərik ki, xoşbəxt ailə qurmaq üçün bizə lazımi “alətləri” verir. Lakin bu alətlərə sadəcə malik olmaq kifayət deyil. Biz onlardan düzgün istifadə etməliyik. Məsələn, öz alətlərindən düzgün istifadə etməyi hələ tam bacarmayan ustanı götürək. Olsun ki, o, bə’zi alətləri öz yerində işlətmir. Son nəticədə bu, yəqin ki, işin keyfiyyətinə tə’sir edəcəkdir. İndi siz, ailənizdə mövcud olan çatışmazlıqlara, ehtimal ki, nəzər yetirdiniz. Onların bə’zilərindən azad olmaq o qədər də asan olmayacaq. Lakin Müqəddəs Kitabın məsləhətinə riayət etməyə dəyər: “Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, dərrakəli adam sağlam məsləhət alsın” (Süleymanın məsəlləri 1:5, MKŞ).
23 Allah haqqında bilik əldə etməyə davam etsəniz, sağlam məsləhətlər tapacaqsınız. Ailə həyatına dair Müqəddəs Kitab prinsiplərinə diqqət yetirin və əgər lazım gələrsə, dəyişikliklər edin. Özlərini gözəl həyat yoldaşı və valideyn kimi tanıdan yetkin məsihçilərdən nümunə götürün. Onlarla söhbət edin. Bundan əlavə, dualarınızda öz problemlərinizi Yehovaya söyləyin (Məzmur 55:22; Filipililərə 4:6, 7). Allah Ona şərəf gətirəcək xoşbəxt bir ailə qurmaqda sizə kömək edəcəkdir.
[Haşiyə]
a Müqəddəs Kitaba əsasən, boşanıb yenidən ailə qurmaq üçün yeganə səbəb — “zina”, yə’ni nikahdan kənarda cinsi əlaqədir (Matta 19:9).
BİLİYİNİZİ YOXLAYIN
• Sadiqlik, ünsiyyət, ehtiram və hörmət nikahın xoşbəxt olmasına necə kömək edir?
• Valideynlər övladlarını sevdiklərinə necə əmin edə bilərlər?
• Uşaqların düzgün tərbiyəsinə nələr daxildir?
[Öyrənilmə üçün olan suallar]
1-3. Nəyə görə bə’zi insanlar nikahla və uşaqların tərbiyəsi ilə bağlı problemləri həll edə bilmirlər və bu məsələdə Müqəddəs Kitab necə kömək edir?
4. Nikahda nəyə görə problemlər yaranır və Müqəddəs Kitabda hansı məsləhətlər verilir?
5. Müqəddəs Kitabda sadiqliyin vacibliyi necə vurğulanır?
6. Sadiqlik nikahı qorumağa necə kömək edir?
7. Nəyə görə ünsiyyət etmək çox vaxt ərlə arvad üçün çətin olur, amma “yeni mənliyi” geyinsək, vəziyyət necə dəyişə bilər?
8. Münaqişə yarandıqda nəyi yadda saxlamaq yaxşıdır?
9. Nəyə görə demək olar ki, ünsiyyətin açarı ürəkdədir?
10, 11. 1 Peter 3:7 ayəsindəki məsləhəti ər necə tətbiq edə bilər?
12. Arvad ərinə necə ehtiram göstərə bilər?
13. Fikrimizi necə sakitcə ifadə edə bilərik?
14. Əgər həyat yoldaşınız Müqəddəs Kitab prinsiplərini həyata keçirmək istəmirsə, siz nə etməlisiniz?
15. Nəyə görə yanlış tərbiyə üsulları nəsildən-nəslə ötürülür və bu vəziyyəti necə dəyişmək olar?
16. Ailənin qeydinə qalmaq nəyə görə vacibdir və bu özünə nəyi daxil edir?
17. Allahın qanununu uşaqların ürəyinə necə qoymaq olar?
18. Məhəbbəti ifadə etməkdə Yehova hansı gözəl nümunəni verdi?
19, 20. Uşaqların düzgün tərbiyəsi özünə nəyi daxil edir və valideynlər Yehovadan nə öyrənə bilərlər?
21. Valideynlər tərbiyə üsullarının nə dərəcədə effektli olduğunu necə müəyyən edə bilərlər?
22, 23. Xoşbəxt ailə qurmaq üçün sağlam məsləhətləri haradan tapa bilərsiniz?
[147-ci səhifədəki şəkil]