Valideynlər, ailənizin tələbatlarının qeydinə qalın
«Kim öz yaxınlarının... qeydinə qalmırsa, o, imanı inkar etmişdir» (1 TİMOTEYƏ 5:8).
1, 2. a) Məsihçi görüşlərində ailələri görmək bizi nə üçün ruhlandırır? b) Yığıncaq görüşlərinə vaxtında gəlmək üçün ailələr hansı çətinliklərlə üzləşirlər?
MƏSİHÇİ yığıncağında görüş başlamazdan əvvəl ətrafımıza nəzər salsaq, valideynlərinin yanında oturan səliqəli və yaxşı geyinmiş uşaqları görə bilərik. Məgər bu cür ailələrin Yehovanı və bir-birlərini sevdiyini görmək xoş deyilmi? Amma unutmayaq ki, uşaqlarla bərabər yığıncaq görüşlərinə vaxtında gəlmək üçün valideynlərdən çoxlu sə’y tələb olunur.
2 Valideynlərin əksəriyyətinin başı bütün günü qarışıq olur, yığıncaq görüşləri olan axşamlar isə evin işi lap aşıb daşır. Yemək bişirmək, ev işlərini görmək, ev tapşırıqlarını hazırlamaq lazımdır. Əsas yük də valideynlərin üzərinə düşür. Onlar diqqət yetirməlidirlər ki, hamı təmiz, tox və evdən vaxtında çıxmağa hazır olsun. Əlbəttə, uşaqlar məhz gözləmədiyimiz bir anda bizə sürpriz edə bilərlər. Böyük uşaq oynayarkən şalvarını cırır, balaca yemək yeyəndə üstünü batırır. Hələ uşaqların dalaşmağını demirik (Süleymanın məsəlləri 22:15). Bunların nəticəsi nə olur? Valideynlər hər şeyi yaxşı planlaşdırsalar da, vəziyyət çox zaman tamamilə başqa cür ola bilər. Buna baxmayaraq, ailə Padşahlıq Zalına, demək olar ki, həmişə görüş başlamazdan xeyli qabaq gəlib çatır. Belə ailələri illər boyunca hər həftə yığıncaqda görmək və uşaqların böyüyərək Yehova Allaha xidmət etdiklərinin şahidi olmaq bizi necə də ruhlandırır!
3. Yehovanın ailələri yüksək qiymətləndirdiyini haradan bilirik?
3 Bəli, valideyn olmaq asan deyil. Amma bu nə qədər üzücü olsa da, siz valideynlər əmin ola bilərsiniz ki, Yehova göstərdiyiniz sə’yi yüksək qiymətləndirir. Ailə quruluşunun təməlini Yehova Allah Özü qoyub. Onun Kəlamı olan Müqəddəs Kitabda deyilir ki, hər ailə öz adına, yə’ni mövcudluğuna görə Yehovaya borcludur (Efeslilərə 3:14, 15). Deməli, valideynlər öz vəzifələrini düzgün tərzdə yerinə yetirməyə çalışanda kainatın Hökmdarını izzətləndirirlər (1 Korinflilərə 10:31). Məgər bu böyük şərəf deyilmi?! Buna görə də Yehovanın valideynlərə verdiyi bu tapşırığa diqqət yetirmək yaxşı olardı. Bu məqalədə biz ailənin tələbatlarını tə’min etməyin yolları haqqında danışacağıq. Gəlin görək hansı üç sahədə Allah valideynlərdən ailələrinin qeydinə qalmalarını gözləyir.
Maddi tələbatların tə’min edilməsi
4. Ailədə uşaqların tələbatlarını tə’min etmək üçün Yehova hansı tədbiri görüb?
4 Həvari Pavel yazırdı: «Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir» (1 Timoteyə 5:8). Pavel burada kimi nəzərdə tuturdu? Adətən ailənin başçısı olan ataları. Allah qadına da vacib bir vəzifə verib: o, ərin köməkçisidir (Yaradılış 2:18). Müqəddəs Kitab yazılan dövrlərdə qadınlar ailələrinin qeydinə qalmaqda ərlərinə kömək edirdilər (Süleymanın məsəlləri 31:13, 14, 16). Əlbəttə, ailədə hər iki valideynin olmasını və ailəyə atanın başçılıq etməsini hamı arzu edir. Amma təəssüflər olsun ki, bu gün natamam ailələrə əvvəlkindən daha tez-tez rast gəlmək olura. Lakin qeyd etmək lazımdır ki, uşaqlarını tək böyüdən məsihçi valideynlər də ailələrinin qeydinə çox gözəl qalırlar.
5, 6. a) Ailəsinin maddi tələbatlarının qeydinə qalan valideyn hansı çətinliklərlə üzləşir? b) Məsihçilər dünyəvi işə düzgün münasibət bəsləməklə çətinliklərin öhdəsindən necə gələ bilərlər?
5 Pavel 1 Timoteyə 5:8 ayəsində ailəni hansı cəhətdən tə’min etmək haqqında danışırdı? Kontekstdən aydın olur ki, o, ailənin maddi ehtiyaclarını tə’min etməyi nəzərdə tuturdu. Bu gün ailə başçıları ailələrini maddi cəhətdən tə’min etmək üçün bir çox çətinliklərlə qarşılaşırlar. İşsizliyin artması, iş yerində ixtisara düşmək və bahaçılıq kimi iqtisadi çətinliklər dünyanın bütün ölkələrində geniş yayılıb. Bu cür çətinliklərin öhdəsindən gəlməkdə valideynlərə nə kömək edə bilər?
6 Ailəni tə’min edən valideyn Yehovanın ona vacib bir iş tapşırdığını yaxşı yadında saxlamalıdır. Pavelin ilhamlanmış sözlərindən görünür ki, bu əmrə riayət etməyi bacaran, amma bunu etməkdən boyun qaçıran kişi ‘imanı inkar etmiş’ adamla birdir. Məsihçi belə bir insan olmamaq üçün əlindən gələni edəcək. Təəssüflər olsun ki, bu gün bir çox insanlar öz yaxınlarına qarşı ‘şəfqətsizdirlər’ (2 Timoteyə 3:1, 3). Saysız-hesabsız ailə başçıları öz atalıq borclarını yerinə yetirməkdən boyun qaçıraraq ən çətin anda ailələrini tərk edirlər. Amma məsihçi ərlər ailələrinin qeydinə qalmağa bu cür daşürəklə və başdansovma yanaşmırlar. Onlar zəhmətə bu dünyanın nöqteyi-nəzəri ilə baxmırlar. İşlərinin sayəsində həm ailələrinin qeydinə qalır, həm də Yehova Allahın ürəyini sevindirirlər. Bu səbəbdən, gördükləri az prestijli işə ləyaqətlərini tapdalayan bir şey kimi baxmırlar.
7. Valideynlər nə üçün İsanın nümunəsinin üzərində düşünməlidirlər?
7 Ailə başçıları İsanın mükəmməl nümunəsi üzərində düşünsələr fayda əldə edərlər. Xatırlayaq ki, Müqəddəs Kitab peyğəmbərliyində İsa «Əbədi Ata» adlandırılır (Yeşaya 9:6, 7). «Sonuncu Adəm» olan İsa, əslində «ilk insan olan Adəmi» əvəz edir və ona inananların atası olur (1 Korinflilərə 15:45). İsa Adəm kimi eqoist, öz mənfəətini güdən ata olmadığı üçün onu nümunəvi ata adlandırmaq olar. Müqəddəs Kitab onun haqqında belə deyir: «Biz məhəbbəti bunda dərk etdik ki, Məsih Öz canını bizim üçün fəda verdi» (1 Yəhya 3:16). Bəli, İsa öz həyatını könüllü olaraq bütün insanlar üçün qurban verdi. Həmçinin o, hər gün, hətta kiçik şeylərdə belə başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tuturdu. Valideynlər, sizin də bu cür fədakarlıqla ailələrinizin qeydinə qalmağınızı müşahidə etmək çox xoşdur.
8, 9. a) uşların fədakarlıqla öz balalarının qeydinə qalmasından valideynlər nə öyrənə bilərlər? b) Bir çox məsihçi valideynlər fədakarlıq ruhunu necə göstərirlər?
8 Valideynlər İsanın inadkar israillilərə dediyi sözlərdəki qərəzsiz məhəbbətindən çox şey öyrənə bilərlər: «Toyuq öz cücələrini qanadları altına topladığı kimi, Mən də sənin övladlarını neçə dəfə toplamaq istədim» (Matta 23:37). İsa burada toyuğun balalarını qanadları altına necə aldığını gözəl təsvir edir. Doğrudan da, valideynlər toyuğun analıq instinktindən çox şey öyrənə bilərlər. Toyuq cücələrini bəladan qorumaq üçün hətta özünü təhlükəyə atmağa belə hazırdır. Hər gün quşların nə ilə məşğul olduqlarını müşahidə etmək də çox maraqlıdır. Onlar yorulmadan ora-bura uçaraq yem axtarırlar. Bərk yorulsalar da, dimdiklərində gətirdikləri yemi yumurtadan təzəcə çıxmış ac balalarının ağzına tökürlər. Onlar da yemi udub balaca dimdiklərini yenidən açırlar. Yehovanın yaratdığı məxluqlardan çoxunun öz balalarının qeydinə qalmaları göstərir ki, onlar «instinktiv hikmətə» malikdirlər (Süleymanın məsəlləri 30:24, YD).
9 Eynilə məsihçi valideynlər də, harada yaşamalarına baxmayaraq, fədakarlıqla ailə üzvlərinin qeydinə qalırlar. Valideynlər, siz uşaqlarınıza bir şey olmasın deyə, hər əziyyətə qatlaşmağa razısınız. Bundan başqa, ailəni tə’min etmək xatirinə hər gün müəyyən qurbanlar verməyə hazırsınız. Sizlərdən bir çoxları ağır, yorucu zəhmətlə çörək pulu qazanmaq üçün səhər tezdən durur. Ailənizi keyfiyyətli qida ilə, uşaqlarınızı təmiz geyim, münasib evlə tə’min etmək və onlara yaxşı təhsil vermək üçün əlinizdən gələni edirsiniz. Bunu siz yorulmadan günbəgün, ilbəil edirsiniz. Əmin ola bilərsiniz ki, Yehova göstərdiyiniz fədakarlığı və dözümlüyü yüksək qiymətləndirir (İbranilərə 13:16). Eyni zamanda unutmayın ki, ailənizin bundan daha vacib tələbatları da var və onları siz tə’min etməlisiniz.
Ruhani tələbatların tə’min edilməsi
10, 11. İnsan tələbatlarından ən vacibi hansıdır və məsihçi valideynlər bu tələbatı tə’min etmək üçün ilk növbədə nə etməlidirlər?
10 Ruhani tələbatları tə’min etmək maddi tələbatları tə’min etməkdən daha vacibdir. İsa demişdi: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Matta 4:4; 5:3). Valideynlər, ailənizin ruhani tələbatlarını tə’min etmək üçün nə edirsiniz?
11 Bu haqda söz düşəndə, yəqin Qanunun təkrarı 6:5-7 ayələri qədər tez-tez sitat gətirilən ayə yoxdur. Zəhmət olmasa, Müqəddəs Kitabınızı açıb bu ayələri oxuyun. Fikir verdinizsə, ilk növbədə valideyn özü Yehova ilə münasibətlərini inkişaf etdirməli, Ona məhəbbət bəsləməli və Onun sözlərini bütün ürəyi ilə qəbul etməlidir. Bəli, siz Müqəddəs Kitabı dərindən araşdırmalı, onu müntəzəm surətdə oxumalı və üzərində düşünməlisiniz. Yalnız belə olduqda Yehovanın yollarını, prinsiplərini və qanunlarını başa düşəcək və onları sevəcəksiniz. Nəticədə ürəyiniz füsünkar Müqəddəs Kitab həqiqətləri ilə dolacaq, sevinciniz və Yehovaya olan məhəbbətiniz daha da artacaq. Beləliklə, uşaqlarınıza yalnız xeyirli olan şeylər öyrədəcəksiniz (Luka 6:45).
12. Valideynlər Müqəddəs Kitab həqiqətlərini uşaqlarının şüuruna yaxşı-yaxşı yeritməkdə İsadan necə nümunə götürə bilərlər?
12 Ruhani cəhətdən möhkəm olan valideynlər Qanunun təkrarı 6:7 ayəsindəki məsləhətə riayət edərək Yehovanın sözlərini imkan düşən kimi övladlarının ‘şüuruna yaxşı-yaxşı yeridəcəklər’. «Şüura yaxşı-yaxşı yeritmək» bir şeyi təkrarlayaraq öyrətmək deməkdir. Yehova yaxşı bilir ki, hamımızın, xüsusən də uşaqların öyrənməsi üçün təkrar çox vacibdir. Bu səbəbdən, İsa təbliğ edərkən tez-tez təkrardan istifadə edirdi. Məsələn, o, şagirdlərinə təvazökar olmağı, qürur və rəqabətin isə məsihçiyə yaraşmadığını öyrədərkən, eyni prinsipi müxtəlif yollarla təkrar edirdi. O, şagirdləri ilə fikir yürüdür, misallar çəkir və onları şəxsi nümunəsi ilə də öyrədirdi (Matta 18:1-4; 20:25-27; Yəhya 13:12-15). Maraqlıdır ki, İsa şagirdləri ilə həmişə təmkinlə davranırdı. Eyni şəkildə, valideynlər də uşaqlarına əsas həqiqətləri öyrətməyin üsullarını tapmalı və uşaq Yehovanın prinsiplərini mənimsəyib, həyata keçirənədək bu prinsipləri yorulmadan təkrarlamalıdırlar.
13, 14. Valideynlər hansı imkan və vəsaitlərdən istifadə edib uşaqlarına Müqəddəs Kitab həqiqətlərini aşılaya bilərlər?
13 Ailəvi öyrənmə bu cür tə’lim verməyə gözəl imkan yaradır. Müntəzəm, ruhlandırıcı və maraqlı Müqəddəs Kitab öyrənməsi ailənin ruhani sağlamlığına zəmanətdir. Bütün dünyada məsihçi ailələr bu cür öyrənmələri yüksək qiymətləndirir. Onlar Yehovanın təşkilatının verdiyi ədəbiyyatlardan istifadə edir və orada verilən məsləhətləri uşaqlarının tələbatlarına uyğunlaşdırırlar. «Böyük Müəllimdən öyrən» və «Gənclərin sualları. Praktiki məsləhətlər»b kimi qiymətli kitablar uşaqlarının ruhani tələbatlarını tə’min etməkdə bir çox valideynlərin əlindən tutmuşdur. Bununla belə, ailəvi öyrənmə uşaqlara tə’lim vermək üçün yeganə imkan deyil.
14 Qanunun təkrarı 6:7 ayəsindən gördüyümüz kimi, uşaqlarla ruhani söhbətlər aparmaq üçün çoxlu imkanlar var. Məsələn, birlikdə harasa gedərkən, ev işlərilə məşğul olarkən və ya birgə dincələrkən uşaqlarınızın ruhani tələbatlarını tə’min etməyə gözəl imkan yaranır. Əlbəttə, uşaqlarınıza durmadan Müqəddəs Kitab həqiqətləri haqqında «mə’ruzə oxumağa» gərək yoxdur. Əksinə, ruhani şeylər barəsində söhbət edərək onları ruhlandırmağa çalışın. Məsələn, «Oyanın!» jurnalında müxtəlif mövzularda məqalələr dərc olunur. Bu cür məqalələrin köməyilə siz Yehovanın yaratdığı heyvanlar, gözəl təbiət, müxtəlif xalqların adət və ən’ənələri haqqında söhbətlər apara bilərsiniz. Belə söhbətlərin sayəsində uşaqlarınız «sadiq və ağıllı qul»un verdiyi ədəbiyyatları daha da maraqla oxuyacaq (Matta 24:45-47).
15. Valideynlər təbliğ xidmətinin maraqlı və dəyərli bir iş olduğunu anlamaqda uşaqlarına necə kömək edə bilərlər?
15 Uşaqlarınızla inkişafetdirici söhbətlər edəndə, onların daha bir ruhani tələbatı tə’min olunur. Məsihçi uşaqlar imanları haqqında başqalarına məharətlə danışmağı öyrənməlidirlər. Onlarla «Gözətçi Qülləsi» və ya «Oyanın!» jurnallarından hər hansı maraqlı bir fikri müzakirə edib, bu mə’lumatı təbliğdə necə tətbiq edə biləcəkləri haqqında danışa bilərsiniz. Məsələn, uşaqlara belə sual vermək olar: «Yehova haqqında bu gözəl fikirləri daha çox insan bilsəydi ə’la olardı, elə deyilmi? Necə düşünürsən, bu fikri insanlara necə çatdıra bilərik ki, onlar da maraqlansın?» Belə söhbətlərin sayəsində, uşaqlar öyrəndikləri şeyləri başqaları ilə daha həvəslə bölüşəcəklər. Bundan başqa, uşaqlar bu cür söhbətləri təbliğ zamanı necə tətbiq etdiyinizi görəndə, təbliğin maraqlı, böyük sevinc və məmnunluq gətirən bir iş olduğuna öz təcrübələrində əmin olacaqlar (Həvarilərin işləri 20:35).
16. Uşaqlar valideynlərinin dualarını dinləməklə nə öyrənə bilərlər?
16 Valideynlər uşaqlarının ruhani tələbatlarını birlikdə dua etməklə də tə’min edirlər. İsa şagirdlərinə dua etməyi öyrətmiş və onlarla birlikdə dəfələrlə dua etmişdir (Luka 11:1-13). Bir təsəvvür edin, Yehovanın Oğlu ilə dua etmək nə deməkdir! Bu dualardan onlar nə qədər şey öyrənirdilər! Eynilə uşaqlarınız da sizin dualarınızdan çox şey öyrənə bilər. Məsələn, onlar öyrənə bilər ki, Yehova ürəyimizdən gələn duaları eşidir və hansı çətinliyimiz olursa-olsun Ona dua vasitəsilə müraciət etməyimizi istəyir. Bəli, uşaqlarınız sizin dualarınızdan həyati vacib həqiqəti öyrənəcəklər: onlar da səmavi Ataları ilə qarşılıqlı münasibət qura bilərlər (1 Peter 5:7).
Emosional tələbatların tə’min edilməsi
17, 18. a) Müqəddəs Kitab uşaqlara məhəbbət bəsləməyin vacibliyini necə göstərir? b) Məhəbbətlərini ifadə etməkdə atalar Yehovadan nə öyrənə bilərlər?
17 Uşaqların daha bir tələbatı da var: bu, emosional tələbatdır və ona barmaqarası baxmaq olmaz. Allahın Kəlamı göstərir ki, bu tələbat çox vacibdir və valideynlər onu da tə’min etməlidirlər. Məsələn, qadınlar gərək «uşaqlarını sevsinlər». Müqəddəs Kitab gənc anaların «tə’limə» ehtiyacları olduğunu göstərir, yə’ni hər ana bu vəzifəyə şüurlu surətdə və dərrakə ilə yanaşmalıdır (Titusa 2:4). Doğrudan da, uşağa məhəbbət göstərmək çox vacibdir. Bu, onun bütün həyatına gözəl tə’sir göstərəcək və uşaq sevməyi öyrənəcək. Amma valideyn uşağına məhəbbət göstərməyəndə, bu, bir çox ürək ağrılarına səbəb olur. Valideynin belə davranış tərzi göstərir ki, o, qeyri-kamilliyimizə baxmayaraq, bizi böyük məhəbbətlə sevən Yehova Allahdan nümunə götürmür (Məzmur 103:8-14).
18 Yehova insanları sevməkdə də təşəbbüsü Öz üzərinə götürür. 1 Yəhya 4:19 ayəsində deyilir: «O bizi birinci sevmişdir». Siz atalar, Yehovadan xüsusilə nümunə götürməli və uşaqlarınızla aranızda olan məhəbbət bağlarını daha da möhkəmləndirmək üçün addımlar atmalısınız. Müqəddəs Kitab atalara tövsiyə edir ki, uşaqları «mə’yus olmasınlar» deyə, onları hirsləndirməsinlər (Koloslulara 3:21). Valideynlərin onları sevmədiyini və qiymətləndirmədiyini bilmək qədər heç bir şey uşaqlara belə pis tə’sir etmir. Məhəbbətlərini göstərməkdən çəkinən atalar yaxşı olardı ki, Yehovanın şəxsən verdiyi nümunəni unutmasınlar. Yehova Öz oğlunu sevdiyinə və ondan razı qaldığına əmin etmək üçün, hətta göylərdən belə danışırdı (Matta 3:17; 17:5). İsanın bundan sonra nə qədər ruhlandığını təsəvvür edə bilərsiniz! Eynilə, valideynlər də uşaqlarını məhəbbətlərinə və onlardan razı olduqlarına səmimiyyətlə əmin etsələr, bu, uşaqları mə’nəvi cəhətdən gücləndirəcək və onların özlərinə inamları daha da artacaq.
19. Uşaqlara tərbiyə vermək nə üçün vacibdir və məsihçi valideynlər bu məsələyə tarazlı şəkildə necə yanaşa bilərlər?
19 Əlbəttə, valideyn öz məhəbbətini sadəcə sözlərlə əks etdirməməlidir. Məhəbbət ilk növbədə əməllərlə ifadə olunur. Bəli, valideynlər maddi və ruhani cəhətdən ailələrini tə’min etməklə, uşaqlarını sevdiklərini göstərirlər. Amma çalışmaq lazımdır ki, uşaqlar bunun ilk növbədə məhəbbətdən irəli gəldiyini başa düşsünlər. Ata-ana məhəbbəti uşaqlara tərbiyə verməkdə də özünü göstərməlidir. İbranilərə 12:6 ayəsində gözəl vurğulanır: «Rəbb sevdiyini tərbiyə edər». Amma tərbiyə verməyə laqeydlik edən valideyn, uşağına ‘nifrət etdiyini’ göstərir (Süleymanın məsəlləri 13:24). Yehova bu məsələyə tarazlı şəkildə yanaşır və sevdiklərini həmişə ‘ədalətlə tərbiyələndirir’ (Yeremya 46:28). Qeyri-kamil valideynlərə isə tərbiyə məsələsinə tarazlı şəkildə yanaşmaq həmişə asan olmur. Buna baxmayaraq, valideynlər, əlinizdən gələni əsirgəməyin. Uşağınız yalnız sevgi dolu, amma eyni zamanda dönə-dönə verilən nəsihətlərin sayəsində xoşbəxt və səmərəli həyata nail ola bilər (Süleymanın məsəlləri 22:6). Məgər hər bir məsihçi valideyn uşağını məhz bu cür görmək istəməzdimi?
20. Valideynlər uşaqlarına ‘həyatı seçmək’ üçün ən yaxşı imkanı necə verə bilərlər?
20 Siz, valideynlər, ailənizin maddi, ruhani və emosional tələbatlarını tə’min edəndə, Yehova da tapşırığınızın öhdəsindən yaxşı gəldiyinizə görə sizə bol-bol xeyir-dualar verəcək. Belə etməklə, övladlarınıza ‘həyatı seçib yaşaya bilmələri’ üçün ən gözəl imkanı verirsiniz (Qanunun təkrarı 30:19). Yehovaya xidmət etməyi özlərinə həyat yolu seçən və böyüyəndən sonra da bu yoldan dönməyən uşaqlar valideynlərinə böyük sevinc gətirirlər (Məzmur 127:3-5). Bu sevincin ömrü əbədi olacaq! Bəs siz, gənc oğlan və qızlar, artıq indidən Yehovanı necə izzətləndirə bilərsiniz? Bu mövzunu növbəti məqalədə müzakirə edəcəyik.
[Haşiyələr]
a Məqalədə «ailəni tə’min edən» dedikdə atalar nəzərdə tutulsa da, bu prinsipləri uşaqlarını tək böyüdən məsihçi analar da tətbiq edə bilər.
b Yehovanın Şahidləri tərəfindən bir çox dillərdə dərc olunur.
Necə cavab verərdiniz?
Valideynlər uşaqlarının
• maddi
• ruhani
• emosional tələbatlarını tə’min etmək üçün nə edə bilərlər?
[8-ci səhifədəki şəkil]
Bir çox quşlar balalarını tə’min etmək üçün yorulmadan çalışırlar.
[10-cu səhifədəki şəkil]
Valideynlər ilk növbədə Yehova ilə öz münasibətlərini möhkəmləndirməlidirlər.
[10 və 11-ci səhifələrdəki şəkil]
Valideynlər uşaqlarına Yaradan haqqında danışmaq üçün çoxlu imkanlar tapa bilərlər.
[12-ci səhifədəki şəkil]
Uşaqlar valideynlərin onlardan razı qaldığını biləndə möhkəmlənir və özlərinə inamları artır.