Yehovanın xeyir-dualarını səylə axtarın
‘Allah Onu cidd-cəhdlə axtaranlara mükafat verir’ (İBR. 11:6).
1, 2. a) Bir çox insanlar Allahın xeyir-dualarını necə axtarırlar? b) Nəyə görə xüsusilə biz Yehovanın xeyir-dualarını axtarmalıyıq?
«QOY Allah sənə xeyir-dua versin!» Bəzi ölkələrdə asqıran insanın tamamilə yad adamların dilindən bu sözləri eşitməsi adi haldır. Müxtəlif dinlərin ruhaniləri insanlara, heyvanlara və cansız əşyalara xeyir-dua verirlər. Bir çoxları xeyir-dualar almaq ümidi ilə müqəddəs hesab olunan yerləri ziyarət edirlər. Siyasətçilər isə Allahdan xalqları üçün xeyir-dua diləyirlər. Necə düşünürsünüz, belə xahişlər etmək münasibdirmi? Ümumiyyətlə, Allahdan xeyir-dua diləməyin mənası var? Bəs Allah kimlərə xeyir-dua verir və nəyə görə?
2 Yehova qabaqcadan demişdi ki, axır günlərdə bütün xalqlardan Özü üçün təmiz və sülhpərvər bir xalq təşkil edəcək; bu xalq, nifrətə və müqavimətlərə baxmayaraq, Padşahlıq haqqında xoş xəbəri yerin ucqarlarınadək bəyan edəcək (Yeşaya 2:2—4; Mat. 24:14; Vəhy 7:9, 14). Allahın xalqının üzvü olmaq böyük məsuliyyətdir. Bu məsuliyyəti üzərlərinə götürənlər Allahın xeyir-dualarını almaq istəyirlər, həm də buna ehtiyacları var, çünki bunsuz uğur qazanmaq qeyri-mümkündür (Məz. 127:1). Bəs biz Allahın xeyir-dualarını necə ala bilərik?
İtaətkarlıq bol-bol xeyir-dualar gətirir
3. İsraillilər itaətkar olduqları təqdirdə nə əldə edəcəkdilər?
3 Süleymanın məsəlləri 10:6, 7 ayələrini oxu. Vəd edilmiş diyara daxil olmazdan əvvəl Yehova israillilərə demişdi ki, Onun sözünə riayət etdikləri təqdirdə, onları müdafiə edəcək, firavan yaşamalarının qayğısına qalacaq və mütləq xeyir-dualandıracaq (Qanun. t. 28:1, 2).
4. Əsil itaətkarlıq nədir?
4 İsraillilər Allaha hansı əhval-ruhiyyə ilə itaət etməli idilər? Musanın Qanununda deyilirdi ki, xalq Yehovaya ‘sevinclə və xoşluqla itaət etməsə’, bu, Onun narazılığına səbəb olacaq. (Qanunun təkrarı 28:45—47 ayələrini oxu.) Heyvanlar və cinlər qeyri-iradi şəkildə itaətkarlıq göstərirlər, lakin Yehova bundan daha böyük itaətkarlığa layiqdir (Mark 1:27; Yaq. 3:3). Allaha ürəkdən itaətkarlıq göstərmək məhəbbətin təzahürüdür. Belə itaətkarlığın səciyyəvi cəhəti Yehovanın əmrlərinin ağır olmamasına və «Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə» iman etməkdən irəli gələn sevincdir (İbr. 11:6; 1 Yəh. 5:3).
5. Yehovanın vədinə etibar etmək israillilərə Qanununun təkrarı
5 Gəlin Qanunun təkrarı 15:7, 8 ayələrinə (Oxu) nəzər salaq və görək, israillilər bu qanuna riayət etməklə Yehovanın sözünə qulaq asdıqlarını və Ona etibar etdiklərini necə göstərə bilərdilər. Həmin qanunu candərdi yerinə yetirən israilli kasıb soydaşına əl tutmuş olsa da, bu, Allahın xalqı arasında yaxşı münasibətlərin və gözəl ab-havanın olmasına gətirib çıxarardımı? Ən əsası, belə davranmaqla israilli Yehovanın Öz xidmətçilərinin qayğısına qalmağa qadir olduğuna iman etdiyini və Onun səxavətliliyini əks etdirmək imkanını qiymətləndirdiyini göstərmiş olardımı? Çətin ki! Allah səmimi-qəlbdən səxavət göstərən insanın ürəyinin vəziyyətini görürdü və söz vermişdi ki, əl atdığı hər işə bərəkət verəcək (Qanun. t. 15:10). Allahın bu vədinə iman edən israilli Onun qanununa ürəkdən riayət edir, bunun da sayəsində çoxlu xeyir-dualar biçirdi (Sül. məs. 28:20).
15:7, 8 ayələrindəki qanuna riayət etməyə necə kömək edirdi?
6. İbranilərə 11:6 ayəsi bizi nəyə əmin etməlidir?
6 İbranilərə 11:6 ayəsinə əsasən, Yehovadan xeyir-dua almaq üçün Onun mükafat verdiyinə iman etmək hələ azdır. Fikir verin ki, Yehova yalnız Onu «cidd-cəhdlə axtaranlara» mükafat verir. Bu ayədə istifadə olunan yunan sözü məqsədyönlü şəkildə səy göstərməyi nəzərdə tutur. Bu ayə bizi əmin edir ki, var gücümüzlə çalışsaq, xeyir-dua alacağıq. Bu xeyir-duaları bizə verən «yalan danışmayan» vahid həqiqi Allahdır (Tit. 1:2). O, minilliklər ərzində vədlərinin tamamilə etibara layiq olduğunu sübut etmişdir. Onun sözləri heç vaxt boşa çıxmır, həmişə yerinə yetir (Yeşaya 55:11). Buna görə də biz tam əmin ola bilərik ki, əsil iman təzahür etdirdiyimiz təqdirdə mükafatsız qalmayacağıq.
7. İbrahimin nəslindən olan ‘övlad’ vasitəsilə xeyir-dualar almaq üçün bizdən nə tələb olunur?
7 İsa Məsih İbrahimin nəslindən olan ‘övladın’ əsas, məsh olunmuş məsihçilər isə ikinci dərəcəli hissəsini təşkil edir. Onlara «Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək”» tapşırılıb (Qalat. 3:7—9, 14, 16, 26—29; 1 Pet. 2:9). Biz İsa Məsihin öz əmlakının idarəsini tapşırdığı insanların rəhbərliyini qəbul etmiriksə, Yehova ilə yaxşı münasibətlər quracağımızı ağlımızdan belə keçirməməliyik. «Sadiq və ağıllı nökər»in köməyi olmadan biz nə Allahın Kəlamında oxuduqlarımızın məğzini tam başa düşə, nə də ki onları tətbiq edə bilərdik (Mat. 24:45—47). Müqəddəs Yazılardan öyrəndiklərimizi həyatımızda tətbiq ediriksə, Allahdan xeyir-dualar alacağımıza əmin ola bilərik.
Diqqətiniz Allahın iradəsində olsun
8, 9. Yaqub Yehovanın vədinə uyğun olaraq necə davrandı?
8 Allahın xeyir-dualarını almaq üçün böyük səy göstərmək lazım olduğunu eşidəndə, yəqin ki, ilk olaraq yadınıza Yaqubun nümunəsi düşür. O, Allahın İbrahimə verdiyi vədin necə yerinə yetəcəyini bilməsə də, zərrə qədər də şübhə etmirdi ki, Yehova onun babasının nəslini artıracaq və onlar gələcəkdə böyük bir xalq olacaqlar. Eramızdan əvvəl 1781-ci ildə Yaqub özünə həyat yoldaşı tapmaq üçün Xarana yola düşdü. Onun məqsədi sadəcə olaraq gözəl-göyçək həmdəm tapmaq yox, uşaqlarına yaxşı ana olacaq və Yehovaya ibadət edən ruhən yetkin bir qızla ailə qurmaq idi.
9 Müqəddəs Kitabda Yaqubun qohumu Rəhiləyə rast gəldiyini oxuyuruq. O, Rəhiləni sevdi və onun üçün atası Lavana yeddi il xidmət etməyə razılıq verdi. Bu, sadəcə olaraq unudulmaz eşq macərası deyildi. Yaqubun hər şeyə qadir olan Yehova Allahın babası İbrahimə verdiyi, sonra da atası İshaqa təkrarən söylədiyi vəddən xəbəri vardı (Yar. 18:18; 22:17, 18; 26:3—5, 24, 25). İshaq da, öz növbəsində, oğlu Yaquba demişdi: «Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalqlar törəsin; İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı — qərib kimi yaşadığın torpağı irs olaraq alasan» (Yar. 28:3, 4). Beləliklə, yaxşı qız tapıb ailə qurmaq üçün Yaqubun göstərdiyi səylər Yehovanın verdiyi vədə etibar etməsindən irəli gəlirdi.
10. Nəyə görə Yehova Yaquba ürəkdən xeyir-dua verdi?
10 Yaqub ailəsi üçün var-dövlət toplamaq barədə düşünmürdü. O, bütün fikrini Yehovanın vədinə və Onun iradəsinin yerinə yetirilməsinə cəmləmişdi. Yaqub Allahın xeyir-dualarını almaq üçün, maneələrə baxmayaraq, əlindən gələni etmək əzmində idi. O, ahıl yaşlarına qədər bu əzmini qoruyub saxladı və Yehova buna görə ona xeyir-dua verdi. (Yaradılış 32:24—29 ayələrini oxu.)
11. Yehovanın bizə açıqladığı niyyətini bilərək bütün gücümüzü nəyə yönəltməliyik?
11 Biz də, Yaqub kimi, Yehovanın Öz niyyətini necə həyata keçirəcəyini bütün təfsilatları ilə bilmirik. Bununla belə, Allahın Kəlamını araşdırmağımızın sayəsində «Yehovanın günü»ndə nələrin baş verəcəyinə dair ümumi təsəvvürümüz var (2 Pet. 3:10, 17). Misal üçün, biz həmin günün nə vaxt gələcəyini bilməsək də, o günün astanasında yaşadığımızdan xəbərdarıq. Biz inanırıq ki, Allahın Kəlamında deyildiyi kimi, qalan qısa vaxt ərzində şahidlik etməklə həm özümüzü, həm də bizi dinləyənləri xilas etmiş olacağıq (1 Tim. 4:16).
12. Biz nəyə əmin olmalıyıq?
12 Biz yaxşı başa düşürük ki, son istənilən an gələ bilər; Yehova xoş xəbərin yer üzündə yaşayan hər bir insana ayrı-ayrılıqda çatdırılana qədər gözləmək fikrində deyil (Mat. 10:23). Bundan əlavə, xoş xəbəri səmərəli şəkildə təbliğ etməyimiz üçün bizə yaxşı rəhbərlik verilir. Əlimizdə olan hər bir vəsaitdən istifadə edərək bu tapşırığı imanla və var gücümüzlə yerinə yetiririk. Biz təbliğ etdiyimiz ərazidə nə qədər insanın xoş xəbərə hay verəcəyini qabaqcadan deyə bilmərik. (Vaiz 11:5, 6 ayələrini oxu.) Bizim işimiz təbliğ etməkdir və bu zaman tam əmin ola bilərik ki, Yehova xeyir-duasını bizdən əsirgəməyəcək (1 Kor. 3:6, 7). O, bütün səylərimizi görür və müqəddəs ruhu vasitəsilə bizə lazımi rəhbərliyi təqdim edəcək. Buna zərrə qədər də olsun şübhə etməməliyik (Məz. 32:8).
Müqəddəs ruhun rəhbərliyini axtarın
13, 14.Müqəddəs ruhun Allahın xidmətçilərinə lazımi bacarıq verdiyi nədən görünür?
13 Tutalım, biz düşünürük ki, hansısa tapşırığı yerinə yetirmək və ya təbliğ etmək üçün lazımi bacarığımız yoxdur. Belə olan halda Yehovadan xahiş edə bilərik ki, hər hansı bir bacarığımızı təkmilləşdirmək üçün bizə Öz müqəddəs ruhundan versin. (Luka 11:13 ayəsini oxu.) Əvvəlki şəraitimizdən və təcrübəmizdən asılı olmayaraq, Allahın ruhu bizə hal-hazırkı iş və ya tapşırıq üçün lazım olan bacarıq və keyfiyyətlərə yiyələnməyə kömək edə bilər. Məsələn, Allahın ruhu Misirin köləliyindən təzəcə çıxmış, maldarlıqla məşğul olan və ümumiyyətlə döyüş təcrübələri olmayan israillilərə düşmənləri məğlub etmək üçün güc vermişdi (Çıx. 17:8—13). Bir qədər sonra elə həmin ruh Musanın Allahdan aldığı plan üzrə müqəddəs məskəni tikmək kimi ustalıq tələb edən işi görmək üçün Besalel ilə Oholiava lazımi bacarıq verdi (Çıx. 31:2—6; 35:30—35).
14 Müasir dövrdə təşkilatda çap işinə başlamaq zərurəti yarananda bu qüdrətli ruh Allahın xidmətçilərinə böyük dəstək oldu. O vaxtlar mətbəənin nəzarətçisi olan Robert Martin yazdığı məktubda 1927-ci ilədək əldə olunan nailiyyətlərdən söz açır: «Rəbbimiz qapını vaxtında üzümüzə açdı və böyük rotasiya (çap) maşını bizim əlimizə — onun quruluşundan və necə işlədiyindən xəbəri olmayan əllərə düşdü. Lakin Rəbbimiz özünü tamamilə Ona həsr edən bəndələrinə necə kömək etməyi yaxşı bilir... Bir neçə həftədən sonra biz onu işə salmağa müvəffəq olduq və o, indiyədək işləyir; heç istehsalçılar da ağıllarına gətirə bilməzdilər ki, bu maşın belə bir işi görməyə qadirdir». Yehova bu gün də xidmətçilərinin bu cür səylərinə xeyir-dua verir.
15. Romalılara 8:11 ayəsi şirnikdirici təsirlərlə və cismani arzularla mübarizə aparanları necə ruhlandıra bilər?
15 Yehovanın ruhu müxtəlif cür fəaliyyət göstərir. Allahın bütün xidmətçilərinə əlçatan olan bu ruhun köməyi ilə onlar böyük maneələri aşa bilərlər. Bəs əgər şirnikdirici təsirlər və cismani arzularla mübarizə aparırıqsa, onda necə? Pavelin Romalılara 7:21, 25 və 8:11 ayələrindəki sözləri bizə güc verə bilər. Həqiqətən də, «İsanı diriltmiş Şəxsin ruhu» cismani arzularla mübarizədə qalib gəlməyimiz üçün bizə də güc verməyə qadirdir. Bu sözlər ruhla məsh olunmuş məsihçilərə ünvanlansa da, onun əsasını təşkil edən prinsip Allahın bütün xidmətçilərinə aiddir. Həyat qazanmaq üçün hər birimiz Məsihə iman gətirməli, düzgün olmayan cismani arzuları öldürməli və ruhun rəhbərliyinə əsasən yaşamalıyıq.
16. Allahdan müqəddəs ruh almaq üçün bizdən nə tələb olunur?
16 Əlimizi əlimizin üstünə qoyub Allahdan müqəddəs ruh alacağımıza ümid edə bilərikmi? Xeyr. Allahdan müqəddəs ruh diləməklə yanaşı, biz bu ruhun təsiri altında yazılan Kəlamı ilə qidalanmalıyıq (Sül. məs. 2:1—6). Bundan əlavə, Allahın müqəddəs ruhu məsihçi yığıncağında fəaliyyət göstərir. Hər bir məsihçi görüşündə iştirak etməklə «ruhun yığıncaqlara nə dediyini» eşitmək istədiyimizi göstərmiş oluruq (Vəhy 3:6). Üstəlik, öyrəndiklərimizi təvazökarlıqla tətbiq etməliyik. Süleymanın məsəlləri 1:23 ayəsində bizə məsləhət verilir: «Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim». Bəli, Allah Öz müqəddəs ruhunu yalnız Ona bir Hökmdar kimi «itaət edənlərə» verir (Həv. iş. 5:32).
17. Allahın səylərimizə xeyir-dua verməsinin bizə təsirini nə ilə müqayisə etmək olar?
17 Allahdan xeyir-dualar almaq üçün bizdən səy göstərmək tələb olunsa da, yadda saxlamalıyıq ki, bu, Yehovanın Öz xalqına bol-bol gözəl ənamlar verməsinin yeganə səbəbi deyil. Onun səylərimizə xeyir-dua verməsinin bizə təsirini sağlam qidanın orqanizmimizə gətirdiyi fayda ilə müqayisə etmək olar. Allah orqanizmimizi elə yaradıb ki, biz yediyimiz şeylərdən həzz ala, həm də onlardan qidalı maddələr əldə edə bilirik. Qidanı verən də Odur. Biz nə yediyimiz ərzaqlarda qidalı maddələrin necə əmələ gəldiyini axıra qədər başa düşür, nə də ki çoxlarımız onların bədənimizdə necə enerjiyə çevrildiyini izah edə bilirik. Təkcə onu bilirik ki, belə bir proses gedir, bizə isə onları qəbul etmək qalır. Əgər biz tərkibində bəsləyici maddələr olan qidalar qəbul edəriksə, bunun faydası daha çox olar. Eynilə, Yehova əbədi həyatı əldə etmək istəyənlərin qarşısına müəyyən tələblər qoyur və bu tələblərə cavab verməyimiz üçün bizə kömək əlini uzadır. Bəli, işin çox hissəsini görən Yehovadır və buna görə O, həmdə layiqdir. Bununla belə, biz Allahdan xeyir-dua almaq üçün iradəsinə uyğun davranaraq Onunla əməkdaşlıq etməliyik (Haq. 2:18, 19).
18. Siz nə etmək əzmindəsiniz və nəyə görə?
18 Sizə həvalə olunan hər bir işi canla-başla görün. Hər şeydə Yehovaya güvənin və O, sizin işinizi avand edəcək (Mark 11:23, 24). Belə etdiyiniz təqdirdə əmin ola bilərsiniz ki, «axtaran tapır» (Mat. 7:8). Ruhla məsh olunmuşların mükafatı göylərdə ‘həyat tacı’ olacaq (Yaq. 1:12). İbrahimin nəslindən olan övlad vasitəsilə xeyir-dualar almağa səy göstərən Məsihin ‘başqa qoyunları’ isə onun növbəti sözlərini eşidəndə sevincdən cuşa gələcəklər. O demişdi: «Ey Atamın xeyir-duasını almış bəndələr! Gəlin, əzəldən bəri sizin üçün hazırlanmış padşahlığı miras alın» (Yəh. 10:16; Mat. 25:34). Bəli, «Rəbdən bərəkət alan ölkəni [«yeri», KM] mülk olaraq alacaq,.. orada əbədi məskən salacaq» (Məz. 37:22, 29).
İzah edə bilərsinizmi?
• Əsil itaətkarlıq nə deməkdir?
• Allahın xeyir-dualarını almaq üçün bizdən nə tələb olunur?
• Allahın müqəddəs ruhunu almaq üçün nə etməliyik və bu ruh bizə hansı faydanı gətirə bilər?
[9-cu səhifədəki şəkillər]
Yaqub Yehovadan xeyir-dua almaq üçün mələklə güləşdi.
Sən də xeyir-dua almaq üçün səy göstərirsənmi?
[10-cu səhifədəki şəkil]
Allahın ruhu Besalel ilə Oholiava lazımi bacarıq verdi