Yehovanın Kəlamı canlıdır
«Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
ERAMIZDAN əvvəl 1117-ci ildir. Yeşuanın Və’d edilmiş diyarı zəbt etdiyi vaxtdan təxminən üç yüz il keçir. İsrailin ağsaqqalları Yehovanın peyğəmbərinin yanına qeyri-adi bir xahişlə gəlirlər. Onları dinlədikdən sonra peyğəmbər Allaha duada müraciət edir. Yehova ağsaqqallara istədiklərini etməsinə izn verir. Beləliklə də İsrailin tarixində hakimlər dövrü başa çatır və padşahlar dövrü başlanır. İsrail xalqının tarixindəki bu dönüş nöqtəsi zamanı baş verən həyəcanlandırıcı hadisələri Müqəddəs Kitabın «Birinci Şamuel» kitabından oxumaq olar.
Şamuel, Natan və Qad tərəfindən qələmə alınan bu kitab 102 illik dövrü — eramızdan əvvəl 1180-1078-ci illəri əhatə edir (1 Salnamələr 29:29). Bu kitabda İsrailin dörd rəhbərindən danışılır. Onlardan ikisi hakim, ikisi isə padşah idi; ikisi Yehovaya itaət edir, ikisi isə etmirdi. Biz iki nümunəvi qadınla və cəsur, amma həlim döyüşçü ilə tanış oluruq. Buna bənzər nümunələr bizə təqlid etməyimizə və ya qaçınmamıza dair qiymətli ibrət dərsləri verir. Buna görə də «Birinci Şamuel» kitabı bizim düşüncə tərzimizə və həyatımıza tə’sir göstərə bilər (İbranilərə 4:12).
ELİDƏN SONRA ŞAMUEL HAKİM OLUR
Yığım bayramı gəlib çatır. Ramada yaşayan Xanna böyük sevinc içindədira. Yehova onun dualarına cavab vermiş və Xannanın oğlu olmuşdur. Və’dini yerinə yetirmək üçün Xanna oğlu Şamueli Yehovanın ibadətgahında xidmət etməyə verir. Uşaq «kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə» başlayır (1 Şamuel 1:24; 2:11). Şamuel hələ gənc ikən Yehova ona müraciət edir və Elinin evinə kəsilən hökmü e’lan edir. Şamuel böyüdükcə bütün İsrail xalqı onu Yehovanın peyğəmbəri kimi qəbul etməyə başlayır.
Vaxt keçir və filiştlilər İsraillə müharibəyə başlayır. Onlar müqəddəs sandığı ələ keçirir və Elinin hər iki oğlunu öldürürlər. «Qırx il İsrail xalqına hakimlik etmiş» Eli bu xəbəri eşidəndə ölür (1 Şamuel 4:18). Sandığa yiyələnmələri filiştlilər üçün fəlakətlə nəticələnir və onlar sandığı israillilərə qaytarırlar. Artıq İsraildə Şamuel hakimlik edir və ölkədə əmin-amanlıq hökm sürür.
Müqəddəs Kitab suallarına cavablar:
2:10 — İsrail xalqının insan padşahı olmadığı bir vaxtda, nəyə görə Xanna duasında dedi ki, Yehova «Öz padşahına qüvvət verəcək»? Musanın qanununda, İsraillilərin insan padşahı olacağı qabaqcadan deyilmişdi (Qanunun təkrarı 17:14-18). Yaqub ölüm yatağında peyğəmbərlik etmişdir: «Padşahlıq əsası [Padşahlıq hakimiyyətinin simvolu] Yəhudanın əlindən getməyəcək» (Yaradılış 49:10). İsraillilərin ulu valideyni Saraya gəldikdə isə, Yehova demişdir: «Xalqların padşahları ondan doğulacaq» (Yaradılış 17:16). Beləliklə, Xanna gələcək padşah haqqında dua edirdi.
3:3 — Həqiqətənmi Şamuel Ən Müqəddəs yerdə yatırdı? Yox. Şamuel Qohatın kahin olmayan nəslindən gələn bir levili idi (1 Salnamələr 6:33-38). Buna görə də ona ‘müqəddəs əşyalara baxmağa’ icazə verilmirdi (Saylar 4:17-20). Müqəddəs məskəndə onun ayaq basa biləcəyi yeganə yer Hüzur çadırının həyəti idi. Şamuel burada yata bilərdi. Çox ehtimal ki, Eli də həyətdə yatırdı. «Allahın sandığı olan yer» ifadəsi yəqin ki, Müqəddəs məskənin olduğu yerə aiddir.
7:7-9, 17 — Qanuna görə qurbanları müntəzəm olaraq Yehovanın tə’yin etdiyi yerdə gətirmək lazım idisə, nəyə görə Şamuel yandırma qurbanını Mispada gətirdi və qurbangahı Ramada tikdi? (Qanunun təkrarı 12:4-7, 13, 14; Yeşua 22:19). Müqəddəs sandıq Şilodakı Hüzur çadırından aparıldıqdan sonra, orada artıq Yehovanın zühurunun zahiri əlamətləri yox idi. Buna görə də, Şamuel Allahın nümayəndəsi kimi yandırma qurbanını Mispada gətirdi, qurbangahı Ramada tikdi. Görünür, Yehova bunu bəyəndi.
Bizim üçün ibrət dərsləri:
1:11, 12, 21-23; 2:19. Xannanın duaya üstünlük verməsi, həlimliyi, Yehovanın xeyirxahlığına görə olan minnətdarlığı və güclü ana məhəbbəti Allahdan qorxan bütün qadınlar üçün nümunədir.
1:8. Başqalarını ürəkləndirməkdə Elqana bizə gözəl nümunə verdi (Əyyub 16:5). Xanna kədər içində olanda, Elqana onu ittiham etmədən soruşdu: «Axı niyə kədərlisən?» Bu, Xannanı öz hisslərini bölüşməyə təşviq etdi. «Mən sənə on oğuldan da artıq deyiləmmi?» deməklə, Elqana onu sevdiyinə əmin etdi.
2:26; 3:5-8, 15, 19. Allahın tapşırdığı işi sədaqətlə yerinə yetirməklə, ruhani tə’limdən faydalanmaqla, nəzakətli və hörmətcil olmağa çalışmaqla biz də Rəbbin və insanların gözündə ‘hörmət qazanarıq’.
4:3, 4, 10. Rəbbin Əhd sandığı olan müqəddəs əşya belə, qorunmaq üçün tilsim kimi xidmət edə bilmədi. Biz ‘özümüzü bütlərdən qorumalıyıq’ (1 Yəhya 5:21).
İSRAİLİN İLK PADŞAHI — MÜVƏFFƏQİYYƏT, YOXSA MÜVƏFFƏQİYYƏTSİZLİK?
Şamuel Yehovaya ömrü boyu sədaqətlə xidmət edir, onun oğulları isə Yehovanın yolları ilə getmirlər. İsrailin ağsaqqalları özlərinə insan padşahı istəyəndə, Yehova onlarla razılaşır. Yehovanın rəhbərliyinə riayət edərək, Şamuel Binyamin qəbiləsindən olan yaraşıqlı Şaulu padşah olmaq üçün məsh edir. Şaul ammonluları məğlub edərək öz taxtını möhkəmləndirir.
Şaulun şücaətli oğlu Yonatan filiştlilərin ordusunu darmadağın edir. Böyük filişt ordusu İsrailə hücum edir. Təlaş içində olan Şaul itaətsizlik göstərərək özbaşına yandırma qurbanı gətirir. Yonatan təkcə silahdarını götürərək filiştlilərin keşik dəstəsinə hücum edir. Lakin atasının düşünmədən verdiyi and onun qələbə əhvalını pozur. Şaul ‘ətrafdakı bütün düşmənlərinə qarşı döyüşür’ (1 Şamuel 14:47). Amaleqliləri məğlub etdikdən sonra, Yehovanın əmrini pozur və məhv edilməyə «həsr olunmuş» şeyləri məhv etmir (Levililər 27:28, 29). Nəticədə Yehova Şaulu bir padşah kimi rədd edir.
Müqəddəs Kitab suallarına cavablar:
9:9 — «O vaxt peyğəmbərləri görücü adlandırırdılar» ifadəsi nə deməkdir? Ehtimal ki, bu, Şamuelin və İsrail padşahlarının dövründə peyğəmbərlərin rolunun daha böyük əhəmiyyət kəsb etdiyini bildirir. «Görücü» sözü tədricən «peyğəmbər» sözü ilə əvəz edildi. Şamuel İsraildə birinci peyğəmbər hesab olunur (Həvarilərin işləri 3:24).
14:24-32, 44, 45 — Yonatan Şaulun andını pozaraq bal yediyi üçün Allahın iltifatını itirdimi? Görünür, buna görə Yonatan Allahın qəzəbinə düçar olmadı. Əvvəla, o, atasının andı haqqında heç nə bilmirdi. Bundan əlavə, Şaulun yanlış sə’ydən və ya padşahlıq hakimiyyətini düzgün başa düşmədən verdiyi and, ancaq xalqın zərərinə idi. Məgər Yehova bu cür andı bəyənə bilərdimi? Yonatan andı pozaraq günah işlətdiyi üçün cəzasını çəkməyə hazır olsa da bağışlandı.
15:6 — Nəyə görə qenlilər Şaulun xüsusi rəğbətini qazandılar? Qenlilər Musanın qayınatasının oğulları idilər. İsraillilər Sina dağından yola düşdükləri zaman qenlilər onlara kömək etmişdilər (Saylar 10:29-32). Qenlilər bir müddət «Yəhudalılarla birgə» Kən’an torpağında yaşamışdılar (Hakimlər 1:16). Qenlilər bir qədər sonradan amaleqlilərin və digər xalqların arasında yaşasalar da, israillilərlə yaxşı münasibətdə qaldılar. Bunda görə də Şaul onları əfv etdi.
Bizim üçün ibrət dərsləri:
9:21; 10:22, 27. Başlanğıcda «yaramaz adamlar» Şaulu padşah kimi qəbul etməyəndə, təvazökarlıq və həlimlik onu ehtiyatsız hərəkətlərdən qoruyurdu. Allaha məqbul olan bu keyfiyyətlər yanlış hərəkətlərdən necə də e’tibarlı müdafiədir!
12:20, 21. Heç zaman puç şeylərə bel bağlamayın. İnsanlara, bütlərə, dövlətlərin hərbi qüvvələrinə ümid bəsləməyin. Bütün bunların sizi Yehovaya xidmətdən yayındırmasına yol verməyin.
12:24. Yehovanın qarşısında ehtiramlı qorxunu qorumaq və Ona bütün qəlbdən xidmət etmək üçün, Onun keçmişdə və hazırda xalqı naminə ‘necə əzəmətli işlər gördüyü’ üzərində düşünmək lazımdır.
13:10-14; 15:22-25, 30. İtaətsizlikdə və ya məğrurluqda əks olunan lovğalıqdan qorunun (Süleymanın məsəlləri 11:2).
GƏNC ÇOBAN PADŞAH SEÇİLİR
Şamuel Yəhuda qəbiləsindən olan Davudu gələcəkdə padşah olmaq üçün məsh edir. Qısa müddətdən sonra Davud filiştli nəhəng Qolyatı sapandla atdığı yeganə daşla öldürür. Davudla Yonatan arasında sıx dostluq telləri yaranır. Şaul Davudu döyüşçülərinə başçı tə’yin edir. Davud çoxlu qələbə qazanır və İsrailli qadınlar oxuyur: «Şaul qırdı minləri, Davudsa on minləri» (1 Şamuel 18:7). Qısqanclıqla dolu olan Şaul Davudu öldürmək istəyir. Baş tutmayan üç cəhddən sonra Davud qaçır və gizlənir.
Tə’qib olunduğu illər ərzində Davud Şaula iki dəfə rəhm edir. O həm də gözəl Aviqaillə qarşılaşır və nəticədə onunla evlənir. Filiştlilər İsrailin üzərinə hücum edəndə Şaul Yehovaya müraciət edir, lakin Yehova onu eşitmir. Şamuel ölüb, əli hər yerdən üzülən Şaul isə cindar qadına müraciət edir və filiştlilərlə savaşda öldürüləcəyini öyrənir. Oğulları döyüşdə həlak olur, özü isə ağır yaralanır. Hekayət Şaulun müvəffəqiyyətsizliyə uğrayıb ölməsi ilə başa çatır. Davud isə hələ də gizlənir.
Müqəddəs Kitab suallarına cavablar:
16:14 — Şaula əzab verən şər ruh nə idi? Şaulu qəlb rahatlığından məhrum edən onun ürəyinin və ağlının pis əhval-ruhiyyəsi, yə’ni pislik etmək üçün daxildən baş qaldıran meylləri idi. Yehova müqəddəs ruhunu Şaulun üzərindən götürəndə, o, müqəddəs ruhun müdafiəsindən məhrum olundu və öz pis əhval-ruhiyyəsinin tə’siri altına düşdü. Pis ruhun Şaula tə’sir etməsinə məhz Yehovanın yol verdiyi üçün, o ruh ‘Rəbbin şər ruhu’ adlandırılmışdır.
17:55 — 1 Şamuel 16:17-23 ayələrində yazılanları nəzərə alsaq, Şaul Davudun kimin oğlu olduğunu nəyə görə soruşdu? Şaul sadəcə olaraq onun atasının adını soruşmurdu, daha doğrusu o, böyük qəhrəmanlıq göstərən və nəhəng Qolyatı öldürən gəncin atasının necə insan olduğunu bilmək istəyirdi.
Bizim üçün ibrət dərsləri:
16:6, 7. İnsanlara xarici görünüşlərinə görə qiymət vermək əvəzinə, onlara Yehovanın gözü ilə baxmağa çalışmalıyıq.
17:47-50. Biz müasir qolyatların düşmənçilik və tə’qiblərdən qorxmamalıyıq, çünki apardığımız «döyüş Rəbbindir».
18:1, 3; 20:41, 42. Əsl dostları Yehovanı sevənlərin arasında tapmaq olar.
21:12, 13 Yehova istəyir ki, çətinliklərlə mübarizədə biz öz ağlımızdan və qabiliyyətlərimizdən istifadə edək. Onun Kəlamı isə bizə uzaqgörənlik, bilik və dərrakə verir (Süleymanın məsəlləri 1:4). Biz həm də tə’yin olunmuş məsihçi ağsaqqalların yardımına malikik.
24:6; 26:11 Davud Yehovanın məsh edilmişlərinə münasibətdə hörmətcil davranışa dair gözəl nümunə verir.
25:23-33. Aviqailin ağıllı davranışı təqlid edilməyə layiqdir.
28: 8-19. İnsanları aldatmaq və onlara zərər gətirmək üçün, pis ruhlar ölülərin cildinə girə bilərlər. Biz spiritizmin hər bir növündən qaçınmalıyıq (Qanunun təkrarı 18:10-12).
30:23, 24. Saylar 31:27 ayəsinə əsaslanan bu qərar onu göstərir ki, Yehova ən kiçik işlərdə belə yığıncağı dəstəkləyənləri qiymətləndirir. Gəlin etdiyimiz hər bir şeyi ‘insanlar üçün yox, Rəbb üçün edir kimi, canla-başla edək’ (Koloslulara 3:23).
‘Qurbandan daha yaxşı’ olan nədir?
Eli, Şamuel, Şaul və Davud haqqında oxuduqlarımızdan hansı ibrət dərslərini götürə bilərik? «İtaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Çünki asilik falçılığa bərabər günahdır, inadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir» (1 Şamuel 15:22, 23). Bu danılmaz həqiqətdir.
Padşahlıq haqqındakı təbliğ işində iştirak etmək və insanlara Məsihin şagirdi olmaqda kömək etmək necə də böyük şərəfdir! Yehovaya «ağzımızdan çıxan Şükürləri» təqdim edərək, Onun Kəlamının və yer üzündəki təşkilatının vasitəsilə verdiyi rəhbərliyinə riayət etmək üçün var qüvvəmizlə çalışmalıyıq (Huşə 14:2; İbranilərə 13:15).
[Haşiyə]
a «Birinci Şamuel» kitabında xatırlanan ərazilərin coğrafi mövqeyini Yehovanın Şahidləri tərəfindən nəşr olunmuş «“Gözəl torpağa” baxın» (rus.) broşürasının 18-19-cu səhifələrində görmək olar.
[31-ci səhifədəki şəkil]
İsrailin birinci padşahı təvazökar və həlim insandan məğrur və lovğa hökmdara çevrildi.
[32-ci səhifədəki şəkil]
Müasir qolyatların düşmənçilikləri ilə qarşılaşanda nəyə əmin ola bilərik?