TƏLİM MƏQALƏSİ 4
Dindaşlarınızı doğmalarınız kimi sevin
«Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin» (ROM. 12:10).
NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»
İCMALa
1. Nəyə görə deyə bilərik ki, bu gün insanlar doğmalarını sevmir?
MÜQƏDDƏS KİTABDA peyğəmbərlik olunmuşdu ki, axırzamanda doğma insanların bir-birinə sevgisi soyuyacaq (2 Tim. 3:1, 3). Bu gün biz bu peyğəmbərliyin yerinə yetdiyinin şahidiyik. Məsələn, milyonlarla ailə dağılır, buna görə də tərəflər bir-birinə qarşı qəzəblidir, övladlar isə özlərini sevgidən məhrum hiss edir. Elələri də var ki, bir evdə yad insan kimi yaşayırlar. Bir ailə psixoloqu deyir: «Ana, ata və övladları bir-biri ilə bağlarını qoparıb, kompüterə, planşetə, telefona və videooyunlara bağlanıblar. Bir damın altında yaşasalar da, demək olar ki, bir-birini tanımırlar».
2, 3. a) Romalılara 12:10 ayəsinə əsasən, kimi nəvazişlə sevməliyik? b) Bu məqalədə nəyi araşdıracağıq?
2 Biz bu dünyanın məhəbbəti soyumuş insanlarına bənzəmək istəmirik (Rom. 12:2). Əksinə, istəyirik ki, ailə üzvlərimizi, o cümlədən yığıncaqdakı bacı-qardaşları nəvazişlə sevək. (Romalılara 12:10 ayəsini oxuyun.) Bəs nəvazişli məhəbbət nədir? Bu ifadə mehriban ailə üzvləri arasında olan güclü məhəbbəti təsvir edir. Biz ürəyimizdə ruhani ailəmizə, iman bacı-qardaşlarımıza bu cür məhəbbət yetişdirməliyik, onları nəvazişlə sevməliyik. Bunun sayəsində pak ibadətin vacib hissəsi olan birliyi qorumuş olacağıq (Mik. 2:12).
3 Gəlin görək bu cür məhəbbəti yetişdirmək və onu təzahür etdirmək üçün kimlərdən nümunə götürə bilərik.
YEHOVA ÇOX MEHRİBAN ALLAHDIR
4. Yaqub 5:11 ayəsində Yehovanın bizə sevgisi necə təsvir olunub?
4 Müqəddəs Kitabda Yehovanın gözəl xüsusiyyətləri barədə danışılır. Məsələn, orada deyilir ki, «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Təkcə bunu bilməyimiz özü-özlüyündə bizi Yehovaya yaxınlaşdırır. Həmçinin Müqəddəs Kitabda deyilir ki, «Yehova çox mehriban» Allahdır. (Yaqub 5:11 ayəsini oxuyun.) Bu, Yehovanın bizə olan hisslərinin nə qədər dərin olduğunu göstərir. Əlbəttə ki, bunu duymaq çox xoşdur!
5. Yehovanın bizə mərhəməti nədən görünür və Onun nümunəsindən necə örnək ala bilərik?
5 Yaqub 5:11 ayəsində Yehovanın mehriban olması ilə yanaşı, bizi Ona cəlb edən digər xüsusiyyəti, mərhəməti də vurğulanır (Çıx. 34:6). Yehovanın bizə mərhəmət göstərdiyi sahələrdən biri bizim günahlarımızı bağışlamasıdır (Zəb. 51:1). Müqəddəs Kitaba əsasən, mərhəmət hissi təkcə bağışlamaqla məhdudlaşmır. Mərhəmət kiminsə ağrı-acı çəkdiyini görən zaman insanın daxilində baş qaldıran güclü bir hissdir. Bu, insanı ona kömək etməyə təşviq edir. Yehova deyir ki, Onun bizə kömək etmək istəyi o qədər güclüdür ki, hətta ananın körpəsinə bəslədiyi hisslərdən də güclüdür (Əşy. 49:15). Ağrı-acı içində olanda Yehova mərhəmətindən irəli gələrək bizim dadımıza yetir (Zəb. 37:39; 1 Kor. 10:13). Bacı-qardaşlar bizi məyus edəndə onları bağışlamaqla, acıqlı qalmamaqla onlara mərhəmət göstərmiş oluruq (Efes. 4:32). Mərhəmət göstərməyin başlıca üsulu çətinliklərlə üzləşən bacı-qardaşlarımıza dəstək olmaqdır. Məhəbbətdən irəli gələrək başqalarına mərhəmət göstərəndə bu sahədə bizə gözəl örnək olan mehriban Allahımız Yehovadan nümunə götürmüş oluruq (Efes. 5:1).
«YONATANIN QƏLBİ DAVUDA BAĞLANDI»
6. Yonatanla Davudun dostluğu haqqında nə deyə bilərsiniz?
6 Müqəddəs Kitabda bir-birilərinə məhəbbət göstərən qeyri-kamil insanlardan bəhs olunur. Gəlin Yonatanla Davudun nümunəsinə baxaq. Müqəddəs Kitabda deyilir: «Yonatanın qəlbi Davuda bağlandı. Yonatan onu öz canı kimi sevməyə başladı» (1 İşm. 18:1). Yehova Talutun xələfi kimi Davudu məsh etmişdi. Bir müddət sonra Talutun ürəyində Davuda qarşı qəzəb oyandı, hətta onu bir neçə dəfə öldürməyə cəhd etdi. Lakin Talutun oğlu Yonatan atasının Davudu öldürmək cəhdlərinə qoşulmadı. Yonatan və Davud bir-birinə and içmişdi ki, həmişə dost qalacaqlar və bir-birinə dəstək olacaqlar (1 İşm. 20:42).
7. Yonatanla Davudun dostluğuna əngəl olacaq amillərdən biri hansı idi?
7 Yonatanla Davudun dostluğuna əngəl olacaq çox şey var idi. Bunlara rəğmən, onlar bir-birilə yaxın dost idi. Bu dostluq münasibətini də xüsusi edən məhz bu idi. Məsələn, Yonatan Davuddan təxminən 30 yaş böyük idi. Yonatan düşünmədi ki, belə cavan, həyat təcrübəsi az olan adam ona dost ola bilməz, əksinə, o, Davuda böyük rəğbət bəsləyirdi.
8. Sizcə, nəyin sayəsində Yonatan Davuda yaxşı dost idi?
8 Belə götürəndə, Yonatan Davuda paxıllıq edə bilərdi. O, təkid edə bilərdi ki, padşah oğlu olduğu üçün atasından sonra taxta çıxmağa onun haqqı çatır (1 İşm. 20:31). Amma Yonatan təvazökar insan idi və Yehovaya sadiq idi. Buna görə də Yehovanın Davudu gələcək padşah kimi seçməsini ürəkdən dəstəklədi. O, Davuda qarşı da sədaqətli idi. Baxmayaraq ki, onun bu hərəkəti Talutu qəzəbləndirirdi (1 İşm. 20:32—34).
9. Yonatan Davuda rəqibi kimi yanaşırdı? İzah edin.
9 Yonatan Davudu çox istəyirdi, onu özünə rəqib görmürdü. Yonatan bacarıqlı oxatan və cəsur döyüşçü idi. El arasında həm onun, həm də atası Talut haqqında deyirdilər ki, onlar «qartaldan çevik, aslandan güclü»dürlər (2 İşm. 1:22, 23). Buna görə də Yonatan döyüşlərdə göstərdiyi şücaətlə öyünə bilərdi. Amma Yonatan rəqabət aparan, xəbis insan deyildi. Əksinə, Yonatan Davudun cəsarətini, Yehovaya etibarını görüb, ona valeh olurdu. Məsələn, Davudun Calutu öldürdüyü hadisədən sonra Yonatan onu öz canı qədər çox istədi. Biz bacı-qardaşlarımızı nəvazişlə sevdiyimizi necə göstərə bilərik?
NƏVAZİŞLİ MƏHƏBBƏT TƏZAHÜR ETDİRƏK
10. Bir-birimizi «səmimi-qəlbdən, hərarətlə» sevmək nə deməkdir?
10 Müqəddəs Kitabda deyilir: «Bir-birinizi səmimi-qəlbdən, hərarətlə sevin» (1 But. 1:22). Yehova bu sahədə bizə nümunədir. Onun bizə məhəbbəti o qədər güclüdür ki, bizi sevməsinə heç nə əngəl ola bilməz (Rom. 8:38, 39). «Hərarətli» kimi tərcümə olunan yunan sözü «tam dartınmaq», «bütün gücünü sərf etmək» mənasını verir. Bəzən iman bacı-qardaşımızı doğmamız qədər sevmək üçün bir növ dartınmalı, bütün gücümüzü sərf etməliyik. Bəzən onlar bizi məyus etsə də, biz növbəti məsləhətə uyğun davranmalıyıq: «Məhəbbətlə bir-birinizə qarşı dözümlü olub sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa ürəkdən çalışın» (Efes. 4:1—3). Biz «sülhün birləşdirici telləri»ni qorumağa çalışsaq, bacı-qardaşların səhvlərinə diqqətimizi cəmləməyəcəyik. Əksinə, əlimizdən gələni edəcəyik ki, onlara Yehovanın gözü ilə baxaq (1 İşm. 16:7; Zəb. 130:3).
11. Nəyə görə bəzən bacı-qardaşlarımızı doğmalarımız kimi sevmək çətin ola bilər?
11 Bacı-qardaşları doğmamız kimi sevmək heç də həmişə asan olmur, xüsusilə də onların səhvini görəndə. Görünür, birinci əsrdəki bəzi məsihilər üçün də bu, çətin idi. Məsələn, Evodiya və Sintixi üçün «müjdə uğrunda [Bulusla] çiyin-çiyinə» xidmət etmək problem deyil idi, amma müəyyən səbəblərə görə, onlar bir-birilə yola gedə bilmirdi, buna görə də Bulus onlara tövsiyə edirdi ki, «Rəbbə xidmətdə həmfikir» olsunlar (Filip. 4:2, 3).
12. İman bacı-qardaşlarımıza qarşı ürəyimizdə nəvazişli məhəbbəti necə yetişdirə bilərik?
12 İman bacı-qardaşlarımıza qarşı ürəyimizdə nəvazişli məhəbbəti necə yetişdirə bilərik? Onları yaxından tanıdıqca daha yaxşı başa düşəcəyik, daha çox istəyəcəyik. Yaş və mədəniyyət yaxın münasibət qurmağımıza əngəl olmamalıdır. Unutmayaq ki, Yonatan Davuddan haradasa 30 yaş böyük idi. Buna baxmayaraq, o, Davudla yaxın dost olmuşdu. Yığıncağa bir göz gəzdirin, görün sizdən yaşca böyük və ya kiçik kiminlə dostluq edə bilərsiniz. Beləcə, siz göstərəcəksiniz ki, «bütün qardaşlığı» sevirsiniz (1 But. 2:17).
13. Nəyə görə bizdə yığıncaqda hamı ilə eyni dərəcədə yaxın olmaq alınmaya bilər?
13 Dindaşlarımızı nəvazişlə sevmək o deməkdirmi ki, yığıncaqdakı hər kəslə eyni dərəcədə yaxın dost olmalıyıq? Əlbəttə ki, xeyr. Bu, real deyil. Xasiyyətimiz tutuşduğu üçün kimlərləsə daha yaxın olmaq qəbahət deyil. İsa bütün həvarilərinə dost kimi baxırdı. Amma o, Yəhyanı xüsusilə çox istəyirdi (Yəh. 13:23; 15:15; 20:2). Bununla belə, İsa başqaları ilə Yəhya arasında ayrıseçkilik etmirdi. Məsələn, Yəhya ilə qardaşı Yaqub Allahın Padşahlığında ən şərəfli yerləri onlara verməyi xahiş edəndə İsa demişdi: «Kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm» (Mark 10:35—40). İsa Məsihdən örnək alaraq biz də yaxın dostlarımızla başqaları arasında ayrı-seçkilik etməməliyik (Yaq. 2:3, 4). Çünki belə etsək, parçalanma yarana bilər, bu isə məsihi yığıncağında yol verilməzdir (Yhd. 17—19).
14. Filippililərə 2:3 ayəsinə əsasən, rəqabət ruhuna yoluxmamağa bizə nə kömək edəcək?
14 Bir-birimizi doğmalarımıztək sevsək, yığıncaqda rəqabət ruhunun yaranmasına yol verməyəcəyik. Yonatan hər birimiz üçün gözəl örnəkdir. O, Davudu rəqib gözü ilə görüb, tax-tac uğrunda rəqabət aparmırdı. Bacı-qardaşların sahib olduğu bacarıqlara görə onları özünüzə rəqib görməyin. Əksinə, «təvazökar olub başqalarını özünüzdən üstün sayın». (Filippililərə 2:3 ayəsini oxuyun.) Unutmayın ki, yığıncağa hər kəs töhfə verir. Təvazökar olsaq, bacı-qardaşların gözəl xüsusiyyətlərini görəcəyik və onların nümunəsindən örnək alacağıq (1 Kor. 12:21—25).
15. Tanyagilin hadisəsindən nə öyrənirsiniz?
15 Həyatda qəfil çətinliklərlə üzləşəndə Yehova bacı-qardaşların məhəbbəti və əməli köməyi vasitəsilə bizə dayaq olur. Gəlin görək 2019-cu ildə Birləşmiş Ştatlarda «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı zamanı bir ailə ilə nə baş vermişdi. Üç uşaq anası olan Tanya bacı deyir ki, şənbə günü «toplantıdan evə qayıdarkən bir maşın idarəetməni itirib, onların yoluna çıxdı və maşınları ilə toqquşdu». Bacı başına gələnləri belə nəql edir: «Heç birimiz xəsarət almamışdıq. Təşviş içində maşından çıxıb, şossedə durduq. Bir də gördük ki, yolun qırağında duran bir nəfər bizə əl edib maşınına çağırır, çünki durduğumuz yer təhlükəli idi. Bu elə indicə toplantıdan qayıdan bir qardaşımız idi. Bizi görüb dayanan təkcə o deyildi. İsveçdən toplantıya gələn beş nəfər də bizi görüb dayanmışdı. Bacılar məni də, qızlarımı da bağırlarına basıb qucaqladılar. Buna elə ehtiyacımız var idi! Onları nə qədər dilə tutsaq da ki, bizə görə narahat olub yollarından qalmasınlar, yenə də bizi tək qoymadılar. Hətta təcili yardım gələndən sonra da onlar bizim yanımızda qaldılar. Bizi lazım olan hər şeylə təmin etdilər. Bu hadisə zamanı hər addımımızda Yehovanın məhəbbətini hiss etdik. Bundan sonra həm bacı-qardaşlarımızı daha çox sevdik, həm də Yehovaya minnətdarlığımız və məhəbbətimiz artdı». Ehtiyac anınızda dindaşınızın sizə necə nəvazişli məhəbbət göstərdiyi yadınızdadırmı?
16. Bir-birimizi nəvazişlə sevməyimiz üçün hansı səbəblərimiz var?
16 Bir-birimizi nəvazişlə sevmək hansı bəhrələri gətirir? Çətin anlarında bacı-qardaşlarımıza dayaq oluruq, Yehovanın xalqı arasında birliyi möhkəmləndiririk, İsanın şagirdi olduğumuzu sübut edirik və bu da səmimi qəlbli insanları pak ibadətə cəlb edir. Ən əsası isə «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olan Yehovanın adını ucaldırıq (2 Kor. 1:3). Gəlin hamımız bundan sonra da bacı-qardaşlarımıza qarşı ürəyimizdə məhəbbətimizi artıraq və əməldə təzahür etdirək!
NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq
a İsa Məsih demişdi ki, davamçıları aralarında olan məhəbbətdən tanınacaq. Biz hamımız bu tələbə uyğun yaşamağa çalışırıq. Bacı-qardaşlarımıza məhəbbətimizi artırmaq üçün onlara qarşı ürəyimizdə yaxın ailə üzvləri arasında olan məhəbbəti — nəvazişli məhəbbəti yetişdirməliyik. Bu məqalə bizə iman bacı-qardaşlarımızı bu cür sevməyə kömək edəcək.
b ŞƏKİLLƏRİN İZAHI: Danışan gənc qardaş vaxtilə yaşlı ağsaqqaldan çox şey öyrənib. Növbəti şəkildə yaşlı ağsaqqal cavan ağsaqqalı və yoldaşını evində qonaq edir.