Yettayın sadiqliyini təqlid edin
«EY KÜLL-İXTİYAR Rəbb Allah! Sənin əməllərin böyük və xariquladədir. Ey millətlərin Hökmdarı! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən [«sadiqsən», YD]». Göylərdə ‘canavara və onun surətinə qalib gələnlər’ tərəfindən oxunan bu mahnı diqqəti Allahın sadiqliyinə yönəldir (Vəhy 15:2-4). Yehova xidmətçilərinin Onun bu gözəl keyfiyyətini təqlid etmələrini istəyir.
Digər tərəfdən isə, Şeytan İblis əlindən gələni edir ki, Allahın yer üzündəki xidmətçilərini ibadət etdikləri Allahın məhəbbətindən ayırsın. Buna baxmayaraq, çoxları ən ağır vəziyyətlərdə belə Allaha sadiqliklərini qoruyub saxlamışdılar. Bu cür sadiqliyi yüksək qiymətləndirdiyi üçün Yehovaya necə də minnətdarıq! Müqəddəs Yazılar bizi əmin edir ki, Yehova «ədaləti sevir, heç zaman möminləri [yəni sadiqləri] tərk etmir» (Məz. 37:28). Sadiqliyimizi qorumağa kömək etmək üçün O, Öz Kəlamında bir çox sadiq insanların nümunələrini yazdırmışdır. Onlardan biri qatlı Yettayın nümunəsidir.
Yadelli və yurdundan sürgün olunmuş adam
Yettay, ehtimal ki, nəhəng Qolyatın və İsrailin digər vahiməli düşmənlərinin doğma şəhəri olan Filişt diyarının tanınmış Qat şəhərindən idi. Bu təcrübəli cəngavər haqqında ilk dəfə Avşalom Davud padşaha qarşı üsyan qaldıran zaman xatırlanır və onun haqqında əlavə heç bir məlumat verilmir. Yettay və onun ardınca gedən 600 filiştli Yerusəlim yaxınlığında sürgündə yaşayırdılar.
Ola bilsin, Yettayın və onun adamlarının vəziyyəti Davuda 600 israilli əsgərlə birgə qaçaq düşərək Filişt ərazisində və Qat padşahı Akişin torpaqlarında məskunlaşdığı günləri xatırlatdı (1 Şam. 27:2, 3). Atası Davuda qarşı Avşalomun üsyan qaldırdığını görən Yettay və adamları necə davranacaqlar? Onlar Avşalomun tərəfinə keçəcək, bitərəf qalacaq, yoxsa Davudun tərəfini tutacaqlar?
Təsəvvür edin: Davud Yerusəlimdən qaçaraq «Uzaq ev» mənasını daşıyan Beyt-merhak adlanan yerə gəlir. Ehtimal ki, bu ev Qidron vadisini keçməmiş Zeytun dağına tərəf gedən yolda yerləşən Yerusəlimin sonuncu evi idi (2 Şam. 15:17, KM). Burada Davud nə qədər güclü orduya malik olduğunu nəzərdən keçirir. Budur, təkcə sadiq israillilər deyil, eyni zamanda keretlilər və peletlilər də onunladır. Üstəlik, bütün qatlılar — Yettay və onun 600 döyüşçüsü də oradadır (2 Şam. 15:18).
Davud Yettaya can yandıraraq dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla [ehtimal ki, Avşalomla] qal. Sən ki yadellisən və öz yurdundan əsir aparılmış [«sürgün edilmiş», KM] adamsan, qayıt öz yerinə. Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun» (2 Şam. 15:19, 20).
«Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq»,— deməklə Yettay sadiq qalmağa qəti qərarlı olduğunu göstərdi (2 Şam. 15:21). Ola bilsin, bu sözlər Davuda ulu nənəsi Rutun dediklərini xatırlatdı (Rut 1:16, 17). Yettayın bu sözlərindən mütəəssir olan Davud dedi: «Onda gəl,— Qidron vadisini — keç». Bu sözlərdən sonra «Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi» (2 Şam. 15:22).
«Bizə təlim olaraq»
Romalılara 15:4 ayəsində deyilir ki, ‘bundan əvvəl yazılanların hamısı bizə təlim olaraq yazılıb’. Özümüzdən soruşmaq yaxşı olardı: «Yettayın nümunəsindən nə öyrənə bilərəm?» Gəlin görək, onu Davuda sadiq qalmağa təşviq edən nə idi. Yadelli olmasına və Filişt diyarından sürgün edilməsinə baxmayaraq, o, Yehovanın yaşayan Allah olduğunu və Davudu Yehovanın məsh olunmuşu kimi qəbul edirdi. İsraillilərlə filiştlilər arasında mövcud olan ədavətə baxmayaraq, Yettayda kin deyilən şey yox idi. Yettay Davuda sadəcə filiştli cəngavər olan Qolyatı və onun bir çox həmvətənlərini öldürən bir insan kimi baxmırdı (1 Şam. 18:6, 7). Yettay Davuda Yehovanı sevən bir şəxs kimi baxır və şübhəsiz ki, onun gözəl keyfiyyətlərinə diqqət yetirirdi. Öz növbəsində Davud da Yettaya böyük hörmətlə yanaşırdı. Elə buna görə də, Davud Avşalomun ordusuna qarşı həlledici döyüşdə qatlı Yettayı ordusunun üçdə birinə başçı təyin etdi (2 Şam. 18:2).
Mədəni, irqi, yaxud etnik fərqlər ucbatından insanlar arasında mövcud olan mənfi rəylərə və ədavətə baxmayaraq, biz də başqalarının yaxşı xüsusiyyətlərini görməyə çalışmalıyıq. Davudla Yettay arasındakı münasibət göstərir ki, bizim Yehovanı tanımağımız və Ona olan məhəbbətimiz bu kimi maneələri aşmağa kömək edəcək.
Yettayın nümunəsi üzərində düşünərək biz özümüzdən soruşa bilərik: «Böyük Davud olan Məsih İsaya mən də bu cür sədaqət göstərirəmmi? Padşahlığın təbliğində və şagird hazırlamaq işində səylə iştirak etməklə sədaqətli olduğumu göstərirəmmi?» (Mat. 24:14; 28:19, 20). «Sadiqliyimi sübuta yetirmək üçün nələrə dözməyə hazıram?»
Yettayın sadiqliyi üzərində düşünmək ailə başçıları üçün də faydalı olacaq. Yettayın Davuda olan sadiqliyi və Allahın məsh olunmuş padşahı ilə yerimək qərarı onun adamlarına da öz təsirini göstərmişdi. Eynilə ailə başçılarının həqiqi ibadəti dəstəkləmək üçün qəbul etdikləri qərarlar ailənin digər üzvlərinə də təsir edər, hətta müvəqqəti çətinliklər belə törədə bilər. Bununla belə, Müqəddəs Kitab bizi əmin edir ki, Yehova ‘sədaqətlilərlə sədaqətlidir’ (Məz. 18:25).
Davudla Avşalom arasındakı döyüşdən sonra Müqəddəs Yazılarda Yettay haqqında heç bir məlumat verilmir. Allahın Kəlamında onun haqqında yazılan məlumat qısa olsa da, Davudun çətin anları Yettayın necə insan olduğunu aydın göstərir. Müqəddəs Kitabda Yettayın xatırlanması göstərir ki, Yehova Ona sədaqətli olanları unutmur və mütləq mükafatlandırır (İbr. 6:10).