«İşiniz üçün mükafat alacaqsınız»
ORDUSUNUN önündə gedən padşah Asa at belində sürətlə çaparaq Yəhuda dağlarından sahilyanı vadiyə enir. Vadinin genişləndiyi yerdə Asa ayaq saxlayıb nəfəsini dərir. Aşağıda olduqca böyük düşmən ordusu düşərgə salıb! Kuşluların, yəni efiopiyalıların sayı bir milyondur. Asanın ordusu isə bu nəhəng ordunun yarısından bir az çoxdur.
Döyüşün astanasında Asa daha çox nə barədə düşünür? Sərkərdələrinə göstərişlər vermək, qoşunlarını ürəkləndirmək, yoxsa ailəsinə məktub yazmaq barədə? Xeyr! Belə bir ağır vəziyyətlə üz-üzə qalan Asa dua edir!
Onun duasını və bundan sonra baş verən hadisələri nəzərdən keçirməzdən öncə, gəlin Asanın necə insan olduğuna baxaq. Onu bu cür davranmağa nə təşviq etdi? Onun Allahın ona kömək edəcəyinə ümid etməsi üçün əsas var idimi? Asanın hekayəsindən Yehovanın xidmətçilərinə necə xeyir-dua verməsi barədə nə öyrənirik?
ASANIN TARİXÇƏSİ
İsrail iki padşahlığa bölünəndən 20 il sonra bütpərəst ayin və adət-ənənələrə qapılan Yəhuda artıq tamamilə pozulmuşdu. Asa eramızdan əvvəl 977-ci ildə taxta çıxanda hətta saray əyanları belə kənanlıların məhsuldarlıq allahlarına ibadət etməkdən çəkinmirdilər. Lakin Asanın hökmranlığı barədə Allah tərəfindən ilhamlandırılan salnamələrdə deyilir ki, o, «Allahı... [Yehovanın] gözündə yaxşı və doğru olan işlər etdi». Asa «özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi» (2 Saln. 14:2, 3). Üstəlik, o, din naminə «məbəd fahişəliyi ilə məşğul olan kişiləri» Yəhudadan qovdu. Asa bu kimi təmizlik işləri aparmaqla kifayətlənmədi. O həm də xalqı atalarının Allahı Yehovanı axtarmağa, eləcə də qanun və əmrlərinə əməl etməyə təşviq etdi (1 Pad. 15:12, 13; 2 Saln. 14:4).
Asanın həqiqi ibadət üçün qeyrət çəkməsindən razı qalan Yehova mükafat olaraq hökmranlıq etdiyi illər ərzində ona sülh bəxş etdi. Buna görə padşah demişdi: «Biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Xalq bu vəziyyətdən Yəhuda padşahlığının şəhərlərini möhkəmləndirmək üçün istifadə etdi. «Onlar beləcə uğurla tikdilər», — deyə Müqəddəs Kitabda qeyd edilir (2 Saln. 14:1, 6, 7).
DÖYÜŞ MEYDANINDA
Asanın tarixçəsini nəzərə alsaq, Müqəddəs Yazılarda xatırlanan ən böyük ordu ilə üz-üzə gəldiyi zaman onun dua etməsi bizi təəccübləndirməməlidir. Asa bilirdi ki, Allah imandan irəli gələn addımları mükafatlandırır. Duasında Asa Yehovadan kömək dilədi. O dərk edirdi ki, əgər Allaha və Onun köməyinə güvənərsə, düşmənlərin nə qədər çox və nə dərəcə qüdrətli olması artıq heç bir rol oynamayacaq. Bu məsələ Yehovanın adı ilə bağlı olduğu üçün Asa məhz bunu əsas tutaraq Ona müraciət etdi. Padşah duasında dedi: «Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin» (2 Saln. 14:11). O, sanki, belə deyirdi: «Ey Yehova, efiopiyalılar Sənə hücum edirlər. Qoyma ki, fani insanlar xalqını qırmaqla adını bədnam etsin». Bundan sonra «Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı» (2 Saln. 14:12).
Bu gün Yehovanın xalqı çoxlu qüdrətli düşmənlərlə üzləşir. Biz hərfi mənada əlimizə silah alaraq onlarla döyüş meydanında vuruşmuruq. Bununla belə, əmin ola bilərik ki, Yehova Onun adı naminə ruhani müharibədə mübarizə aparan bütün sadiq xidmətçilərinə qələbə bəxş edəcək! Bizim ruhani müharibəmizə dünyanı öz ağuşuna alan əxlaqi pozğunluğa müqavimət göstərmək, şəxsi zəifliklərimizlə mübarizə aparmaq, yaxud da ailəmizi pis təsirlərdən qorumaq kimi cəhdlər daxil ola bilər. Üzləşməyimiz bədbəxtliklərdən asılı olmayaraq, biz Asanın duasından təsəlli tapa bilərik. Onun qələbəsi Yehovanın qələbəsi idi. Bu, Yehovaya tam güvənən bütün insanların Ondan nə gözləyə biləcəyini göstərir. Heç kim və heç nə Yehovanın qarşısında dura bilməz.
RUHLANDIRICI SÖZLƏR VƏ XƏBƏRDARLIQ
Asa döyüşdən qayıdanda qarşısına Azarya çıxdı. Bu peyğəmbər onu həm ruhlandırdı, həm də ona xəbərdarlıq etdi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər... Siz cəsarətli olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız» (2 Saln. 15:1, 2, 7).
Bu sözlər imanımızı möhkəmləndirə bilər və göstərir ki, Yehovaya sadiq olduğumuz müddətdə O, hər zaman bizimlə olacaq. Allaha kömək üçün fəryad edəndə əmin ola bilərik ki, O, bizi eşidir. Azarya demişdi: «Cəsarətli olun». Adətən, düzgün olanı etmək üçün cəsarət tələb olunur, ancaq biz bilirik ki, Yehovanın köməyilə bunu bacaracağıq.
Asanın nənəsi Maaka «Aşera üçün iyrənc bir büt düzəltmişdi». Asa üçün çətin olmasına baxmayaraq, o, nənəsini «mələkəlikdən» məhrum etdi, üstəlik, həmin bütü yandırıb külə döndərdi (1 Pad. 15:13). Asa əzmkarlıq və cəsarətlə davrandığına görə Allah tərəfindən xeyir-dualandırıldı. Biz də, qohumlarımızın Allaha sadiq olub-olmamalarından asılı olmayaraq, Yehovaya və Onun saleh qanunlarına bağlı qalmaqda əzmli olmalıyıq. Əgər belə etsək, Yehova sadiq davranışımıza görə bizi mükafatlandıracaq.
Dönük onqəbiləli İsrail padşahlığının bir çox sakinləri Yehovanın Asa ilə olduğunu görəndə Yəhudaya axışmağa başladılar. Bunun şahidi olmaq da Asa üçün bir mükafat idi. Təmiz ibadət onlar üçün o qədər əziz idi ki, Yehovanın xidmətçiləri arasında yaşamaq xatirinə onlar evlərindən belə imtina etməkdən vaz keçmədilər. Asa və bütün Yəhuda Yehovanı «bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün» sevinclə Onunla əhd kəsdilər. Yehova da, öz növbəsində, xalqına «Özünü göstərmişdi» və «onlara hər tərəfdən dinclik vermişdi» (2 Saln. 15:9—15). Salehliyi sevənlər həqiqi ibadəti qəbul edəndə bizim də ürəyimiz fərəhlə dolur!
Lakin peyğəmbər Azaryanın Asaya söylədi sözlərin başqa tərəfi də var idi. Peyğəmbər padşaha xəbərdarlıq etmişdi: «[Yehovanı] tərk etsəniz, O da sizi tərk edər». Qoy heç vaxt bu, bizim başımıza gəlməsin, çünki bunun nəticəsi çox acınacaqlı ola bilər (2 Pet. 2:20—22). Müqəddəs Kitabda Yehovanın nəyə görə Asaya belə xəbərdarlıq etdiyinin səbəbi açıqlanmır. Amma padşah bu xəbərdarlığı qulaqardına vurdu.
«AĞILSIZLIQ ETDİN»
Asanın hökmranlığının 36-cı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi. Baaşa Yerusəlimdən 8 kilometr şimalda yerləşən Rama şəhərini möhkəmləndirməyə başladı. Ehtimal ki, o, bunu təbəələrinin Asanın və təmiz ibadətin tərəfinə keçmələrinin qarşısını almaq məqsədilə etmişdi. Efiopiyalılar ölkəyə hücum edəndə Asa Yehovadan kömək istəmişdi. Bu dəfə də Ona müraciət etmək əvəzinə, o, insanlara üz tutdu. Asa Suriya padşahına bəxşişlər göndərdi və ondan onqəbiləli İsrail padşahlığına hücum etməyi xahiş etdi. Suriyalılar bir neçə dəfə israillilərə hücum etdikdən sonra Baaşa Ramadan geri çəkildi (2 Saln. 16:1—5).
Asanın bu hərəkətini bəyənməyən Yehova bunu ona demək üçün yanına peyğəmbər Xananini göndərdi. Asa Yehovanın efiopiyalıları darmadağın etməsindən sonra başa düşməli idi ki, Yehovanın «gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin». Ola bilsin, Asa pis məsləhət almışdı, yaxud Baaşanın və onun ordusunun təhlükəli olduğunu hesab etmirdi və fikirləşirdi ki, onun öhdəsindən təkbaşına da gələ bilər. Səbəb nə olursa-olsun, Asa insan düşüncəsinə qapıldı və Yehovaya güvənmədi. Buna görə də Xanani ona dedi: «Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq» (2 Saln. 16:7—9).
Bu sözləri eşidən Asa bərk qəzəbləndi və peyğəmbəri zindana atıb «ayağına kündə vurdu» (2 Saln. 16:10, YD). Ola bilərmi ki, Asa bu cür düşünsün: «Allaha uzun illər sədaqətlə xidmət edən mənim kimi adam heç məzəmmətə layiqdir?» Bəlkə, qocalmış padşah artıq sağlam məntiq yürüdə bilmirdi? Müqəddəs Kitabda bu barədə heç nə deyilmir.
Hökmranlığının 39-cu ilində Asa şiddətli ayaq ağrılarına tutuldu. Müqəddəs Kitabda deyilir: «[Asa] xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı». Görünür, bu vaxt o, ruhani sağlamlığına artıq fikir vermirdi. Ehtimal ki, məhz belə vəziyyətdə və düşüncə tərzi ilə Asa padşahlığının 41-ci ilində öldü (2 Saln. 16:12—14).
Görünür, Asanın gözəl xüsusiyyətləri və təmiz ibadətin qeyrətini çəkməsi onun səhvlərini üstələyirdi. O, Yehovaya ibadət etməkdən heç vaxt əl çəkməmişdi (1 Pad. 15:14). Onun həyatına məhz bu yöndən baxsaq, nə öyrənə bilərik? Biz keçmişdə Yehovanın bizə necə kömək etdiyinin üzərində düşünməyin vacib olduğunu dərk etməliyik, çünki belə qiymətli xatirələr bizə yeni sınaqlarla üzləşəndə Ondan duada kömək diləməyə təşviq edəcək. Bununla belə, biz düşünməməliyik ki, əgər uzun müddət Allaha sədaqətlə xidmət ediriksə, Müqəddəs Kitab məsləhətlərinə ehtiyacımız yoxdur. Əvvəllər Yehovaya sadiq qalmağımızdan asılı olmayaraq, biz səhv edəndə O, bizə düzəliş verəcək. Biz Onun məsləhətlərini mülayim şəkildə qəbul etməliyik ki, onlardan yararlana bilək. Ən vacibi isə odur ki, səmavi Atamıza sadiq olduğumuz müddətdə O, həmişə bizimlə olacaq. Yehovanın gözləri bütün yer üzünü seyr edir ki, Ona sadiq olanları tapsın. Allah belə insanları Öz gücündən onların xeyri üçün istifadə etməklə mükafatlandırır. Yehova bunu Asa üçün etmişdi və bizim üçün də edə bilər.
[9–cu səhifədəki yazı]
Yehova ruhani müharibədə iştirak edən sadiq xidmətçilərini mükafatlandırır
[10–cu səhifədəki yazı]
Yehovanın gözündə düzgün olanı etmək üçün cəsarət lazımdır