Onların imanını təqlid edin
O, təmiz ibadəti müdafiə edirdi
İLYAS Karmel dağının yamacı ilə yuxarı qalxan camaata baxırdı. Dan yeri yenicə sökülsə də, onların yoxsulluq və ehtiyac içində olduqlarını görmək çətin deyildi. Üç il yarım davam edən quraqlıq öz təsirini göstərmişdi.
Onların arasında Yehovanın peyğəmbəri İlyasa nifrətlə alışıb yanan Baalın 450 peyğəmbəri təşəxxüslə yeriyirdi. Mələkə İzevel Yehovanın bir çox xidmətçilərini qətlə yetirmişdi, ancaq bu adam hələ də Baala ibadət etməmək qətiyyətini qoruyurdu. Görəsən, o nə qədər dözə biləcəkdi? Yəqin həmin kahinlər fikirləşirdilər ki, İlyas təkbaşına bu qədər adamın qarşısında dura bilməz (1 Padşahlar 18:3, 19, 20). Axav padşah da öz arabasında gedirdi. Heç o da İlyası sevmirdi.
Böyük izdihamın içində həqiqi ibadətin yeganə tərəfdarı olan bu peyğəmbəri qarşıda möhtəşəm bir gün gözləyirdi. İlyas camaatı izləyərkən, xeyirlə şər arasında indiyədək görünməmiş qarşıdurma baş vermək üzrə idi. Bəs o hansı hissləri keçirirdi? «Duyğuları bizimkinə bənzər bir adam» olan İlyasa qorxu hissi yad deyildi (Yaqub 5:17). Ancaq bir şeyə əmin ola bilərik: imansız insanların, dönük padşahın və həmin qatil kahinlərin əhatəsində İlyas özünü tamamilə tənha hiss edirdi (1 Padşahlar 18:22).
İsraili belə böhranlı vəziyyətə nə gətirib çıxarmışdı? Bu hadisədən biz nə öyrənə bilərik? Müqəddəs Kitab bizi Allahın sadiq xidmətçilərinə baxıb, onların ‘imanını təqlid etməyə’ çağırır (İbranilərə 13:7). Gəlin indi İlyasın nümunəsini araşdıraq.
Uzunsürən mübarizənin zirvəsi
İlyas ömrünün çoxunu vətəninin və xalqının malik olduğu ən dəyərli şeyin kənara atılaraq, ayaqlar altında tapdalandığını çarəsizlik içində müşahidə etməklə keçirib. Belə ki, İsrail uzun müddət idi ki, həqiqi dinlə yalan din, Yehova Allaha ibadətlə ətraf xalqların bütpərəstliyi arasında mübarizə meydanına çevrilmişdi. İlyasın günlərində bu mübarizə daha da şiddətləndi.
Axav padşah Sidon padşahının qızı İzevellə evlənmişdi. İzevel İsrail torpağında Baala ibadəti yaymağa və Yehovaya ibadətin kökünü kəsməyə qəti qərarlı idi. Axav onun təsiri altına çox tez düşdü. O, Baal üçün məbəd və qurbangah tikdirdi və bu bütə ibadətin geniş yayılmasına təkan verdi. Bununla o, Yehovanı bərk qəzəbləndirdi (1 Padşahlar 16:30-33)a.
Baala ibadət Yehovanı nə üçün qəzəbləndirirdi? Çünki bunun nəticəsində israillilər yoldan çıxaraq, həqiqi Allahdan üz döndərmişdilər. Bu, həm də pozğun və qəddar din idi. Bu ibadətə qadın və kişi məbəd fahişəliyi, cinsi əxlaqsızlığa yol verilən eyş-işrət məclisləri, hətta uşaqların qurban gətirilməsi də daxil idi. Yehova İlyası Axavın yanına göndərir ki, quraqlıq olacağını bildirsin. Allahın peyğəmbəri sonunu xəbər verənə qədər quraqlıq davam edəcəkdi (1 Padşahlar 17:1). İlyas Axava görünüb, camaatı və Baal peyğəmbərlərini Karmel dağına yığmağı söyləyənə kimi bir neçə il keçdi.
Bu mübarizə bu gün bizim üçün hansı mənanı daşıyır? Bəziləri düşünə bilərlər ki, Baala ibadət haqqında hekayətin bizə heç bir aidiyyəti yoxdur. Çünki indi heç yanda Baal üçün tikilən qurbangahlara və məbədlərə rast gəlinmir. Lakin bu, sadəcə qədim tarix deyil (Romalılara 15:4). «Baal» sözünün mənası «sahib» və ya «ağa» deməkdir. Yehova Öz xalqına Onu «baal», yəni ‘ər və sahib’ (YD) kimi seçməyi tapşırmışdı (Yeşaya 54:5). Yəqin siz razılaşacaqsınız ki, insanlar hələ də Küll-İxtiyar Allahdan başqa müxtəlif ağalara xidmət edirlər. Əslində, insanlar həyatlarını Yehova Allaha deyil, pula, işə, əyləncəyə, eyş-işrətə və ya saysız-hesabsız başqa allahlardan birinə həsr etməklə özlərinə ağa seçmiş olurlar (Matta 6:24; Romalılara 6:16). Buna görə, Baala ibadəti səciyyələndirən işlər müəyyən mənada bu gün də tərəqqi etməkdədir. Keçmişdə Yehova ilə Baal arasında gedən bu mübarizə kimə xidmət edəcəyimizə dair müdrik seçim etməyimizə kömək edə bilər.
Onlar hansı mənada əyilirdilər?
Karmel dağının küləkli zirvəsindən geniş mənzərə açılır: oradan İsrailin Qişon vadisindən Livan dağlarının yaxınlığındakı Böyük dənizə (Aralıq dənizi) qədər uzanan ərazi görünürb. Ancaq həmin həlledici gündə günəş çıxdıqca acınacaqlı mənzərə peyda olurdu. Yehovanın bir zamanlar İbrahimin övladlarına verdiyi münbit torpaq indi cansız vəziyyətdə idi. Allahın ağılsız xalqının xaraba qoyduğu torpağı günəşin qızmar şüaları yandırırdı! Camaat bir yerə yığılanda İlyas onların yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin» (1 Padşahlar 18:21).
İlyasın «nə vaxta qədər iki tərəfə əyiləcəksiniz?» sualı nə demək idi? Həmin adamlar ya Yehovaya, ya da Baala ibadət etməli olduqlarını başa düşmürdülər. Onların fikrincə, hər iki Allaha ibadət edə bilərdilər, həm iyrənc ayinləri ilə Baalı razı sala bilər, həm də Yehova Allahın lütfünü diləyə bilərdilər. Yəqin onlara elə gəlirdi ki, Baal onların məhsuluna, mal-qarasına xeyir-dua verəcək, ‘Ordular Rəbbi’ Yehova isə onları döyüşdə müdafiə edəcək (1 Şamuel 17:45). Onlar, bizim dövrümüzdə də bir çoxlarının nəzərdən qaçırdığı vacib həqiqəti unutmuşdular: Yehova Ona edilən ibadəti heç kimlə bölüşmür. O, xidmətçilərindən tam sədaqət tələb edir və buna layiqdir. Ona ibadət etməklə yanaşı başqa allahlara da ibadət etmək Ona məqbul deyil, hətta təhqiramizdir! (Çıxış 20:5).
Beləliklə həmin israillilər eyni zamanda iki yolla getməyə çalışan adam kimi ‘əyilirdilər’. Bu gün bir çoxları eyni səhvi təkrar edirlər; onlar başqa «baal»ların həyatlarına daxil olmasına yol verərək, Allaha ibadəti bir kənara qoyurlar! İlyasın xalqı ‘əyilməyə’ son qoymağa çağırması, bizə həyatda nəyi birinci yerə qoyduğumuzu və ibadətimizi yenidən yoxlamağa kömək edə bilər.
Həlledici sınaq
Sonra İlyas sınaq keçirməyi təklif edir. Sınaq öz-özlüyündə çox sadə idi. Baalın kahinləri qurbangah quraraq, qurbanı üstünə qoymalı, sonra da dua edib öz allahlarından od göndərməyi xahiş etməli idilər. İlyas da eyni şeyi edəcəkdi. O dedi: «Hansı odla cavab verərsə, Allah odur». İlyas kimin həqiqi Allah olduğunu çox yaxşı bilirdi. Onun imanı o qədər güclü idi ki, tərəddüd etmədən Baalın peyğəmbərlərini irəli buraxdı. Qarşı tərəfin birinci olaraq qurban üçün buğa seçməsinə və Baala müraciət etməsinə yol verərək, İlyas onlar üçün hərtərəfli şərait yaratdıc (1 Padşahlar 18:24, 25).
Bizim zəmanədə möcüzələr baş vermir. Ancaq Yehova dəyişilməyib. İlyas qədər biz də Ona arxalana bilərik. Məsələn, başqaları Müqəddəs Kitabın təlimləri ilə razılaşmayanda, biz onlara fikirlərini söyləməyə şərait yaratmaqdan qorxmamalıyıq. İlyas kimi biz də problemlərin həllində həqiqi Allaha ümid edə bilərik. Bu isə özümüzə deyil, Onun ‘islah üçün’ nəzərdə tutulan ilhamlanmış Kəlamına etibar etmək deməkdir (2 Timoteyə 3:16).
Baalın peyğəmbərləri qurbanı hazırlayıb, allahlarını çağırmağa başladılar: «Ey Baal, bizə cavab ver!» Dəqiqələr, saatlar keçir, onlar isə hələ də qışqırırdılar. «Ancaq heç səs-soraq olmadı», — deyə Müqəddəs Kitab xəbər verir. Günorta olanda İlyas onları lağa qoymağa başladı ki, bəlkə Baal fikrə gedib, ona görə cavab vermir, yaxud ayaqyolundadır, bəlkə də yatıb, oyatmaq lazımdır. İlyas kinayə ilə fırıldaqçılara tövsiyə etdi: «Onu uca səslə çağırın». O, Baala ibadətin gülünc olduğunu görür və istəyirdi ki, Allahın xalqı da onun yalan olduğunu başa düşsün (1 Padşahlar 18:26, 27).
İlyasın sözlərindən sonra Baalın kahinləri daha da azğınlaşdılar, «uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar». Bunun da xeyri olmadı! «Nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi» (1 Padşahlar 18:28, 29). Əslində, Baal mövcud deyildi. O, insanları Yehovadan döndərmək üçün Şeytanın uydurması idi. Keçmişdə olduğu kimi, indi də Yehovadan başqa nəyi isə ağa seçən insanın ümidləri boşa çıxır, hətta rüsvay olur (Məzmur 25:3; 115:4-8).
Sınağın nəticəsi
Günortadan sonra İlyasın növbəsi gəldi. O, Yehovanın dağılmış qurbangahını bərpa etdi. Şübhə yoxdur ki, onu təmiz ibadətin düşmənləri dağıtmışdılar. İlyas 12 daşdan istifadə etməklə, ola bilsin, onqəbiləli İsrail xalqına xatırlatmaq istəyirdi ki, onlar on iki qəbilənin hamısına verilən qanuna hələ də tabe olmalıdırlar. Sonra qurbanı hazırladı və güman ki, yaxınlıqda yerləşən Aralıq dənizindən su gətizdirib qurbanın və odunların üstünə tökdürdü. O, hətta qurbangahın ətrafında xəndək qazdırıb, içini su ilə doldurdu. O öz Allahına o dərəcədə arxayın idi ki, Baalın peyğəmbərləri üçün necə hərtərəfli şərait yaratmışdısa, Yehova üçün də vəziyyəti o qədər qəlizləşdirmişdi (1 Padşahlar 18:30-35).
Hər şey hazır olandan sonra İlyas dua etdi. İlyasın sadə, eyni zamanda dolğun duası onun üçün nəyin ən vacib olduğunu göstərdi. İlk növbədə o istədi ki, ‘İsrailin Allahının’ Baal deyil, Yehova olduğu hamıya məlum olsun. İkinci istəyi isə o oldu ki, hər kəs onun Yehovanın xidmətçisi olduğunu bilsin; bütün hörmət və izzət Allaha verilməli idi. Duanın sonunda İlyas Yehovadan xalqın ‘ürəyini Özünə tərəf döndərməsini’ diləməklə göstərdi ki, hələ də onların qayğısına qalır (1 Padşahlar 18:36, 37). İmansızlıqları ucbatından yaranan acınacaqlı vəziyyətə baxmayaraq, İlyas hələ də onları sevirdi. Biz də Allahın adı üçün, o cümlədən həlimlik və mərhəmət təzahür etdirərək, köməyə ehtiyacı olanlar üçün şəxsən dua edirikmi?
Duadan qabaq camaatda sual yarana bilərdi ki, görəsən Yehova da Baal kimi saxtamı çıxacaq. Ancaq duadan sonra fikirləşməyə vaxt qalmadı. Müqəddəs Kitabda hadisə belə təsvir olunur: «O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb yaxdı və xəndəkdə olan suyu uddu» (1 Padşahlar 18:38). Necə də heyrətamiz cavab idi! Bəs xalq necə hay verdi?
Hamı uca səslə dilləndi: «Yehova həqiqi Allahdır, Yehova həqiqi Allahdır» (1 Padşahlar 18:39, YD). Nəhayət ki, onlar həqiqəti gördülər. Ancaq onlar hələ imanlarını göstərməmişdilər. Açığını desək, duaya cavab olaraq göydən odun düşdüyünü görəndən sonra Yehovanın həqiqi Allah olduğunu qəbul etmək, hələ iman təzahür etdirmək demək deyil. Buna görə də, İlyas imanlarını göstərmələri üçün onlardan başqa bir şey etmələrini istədi. O onlardan çox illər əvvəl etməli olduqları şeyi — Yehovanın qanununa tabe olmalarını istədi. Allahın qanununda deyilirdi ki, yalançı peyğəmbərlər və bütpərəstlər öldürülməlidir (Qanunun təkrarı 13:5-9). Baalın kahinləri bilərəkdən Yehova Allahın niyyətlərinə qarşı çıxdıqları üçün Onun qatı düşmənləri idilər. Bəs onlar mərhəmətə layiq idilərmi? Məgər onlar diri-diri yandırılaraq Baala qurban gətirilən günahsız körpələrə mərhəmət göstərirdilər? (Süleymanın məsəlləri 21:13; Yeremya 19:5). Xeyr, bu insanlar mərhəmətə layiq deyildilər. Buna görə də, İlyas onların öldürülməsini əmr etdi və onlar öldürüldülər (1 Padşahlar 18:40).
Bəzi müasir tənqidçilər Karmel dağındakı sınağın sonunda baş verənləri mühakimə edirlər. Bəziləri narahat ola bilərlər ki, birdən dini fanatiklər dini dözülməzlik nəticəsində törədilən zorakılıqlara haqq qazandırmaq üçün bu hadisəni əllərində rəhbər tutarlar. Təəssüflər olsun ki, bu gün zorakı dini fanatiklərin sayı həddindən artıq çoxdur. Ancaq İlyas fanatik deyildi. O, ədalətli hökmü Yehovanın adından çıxış edərək icra etmişdi. Bundan başqa həqiqi məsihçilər bilirlər ki, onlar İlyas kimi davranaraq pislərə qarşı silah qaldıra bilməzlər. Məsih yer üzünə gələndən sonra onun bütün davamçıları üçün olan norma İsanın Peterə dediyi sözlərdə əks olunur: «Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır» (Matta 26:52). Yehova gələcəkdə hökmünü Oğlunun vasitəsilə icra edəcək.
Həqiqi məsihçinin məsuliyyəti imanlı həyat sürməkdir (Yəhya 3:16). İlyas kimi sadiq insanları təqlid etmək belə yaşamağa kömək edəcək. O, yalnız Yehovaya ibadət edirdi və başqalarını da buna səsləyirdi. O, Şeytanın insanları Yehovadan döndərmək üçün istifadə etdiyi dinin yalan olduğunu cəsarətlə ifşa edirdi. O öz gücünə və bacarığına arxalanmır, işləri Yehovanın yoluna qoyacağına inanırdı. İlyas, həqiqətən də, təmiz ibadəti müdafiə edirdi. Gəlin hər birimiz onun imanını təqlid edək!
[Haşiyələr]
a İlyasla Axav arasında bundan əvvəl baş verənlər haqqında əlavə məlumatı «Gözətçi Qülləsi»nin 1992-ci il, 1 aprel sayındakı (rus.) «İlyasın imanına bənzər imanın varmı?» adlı məqalədən tapa bilərsiniz.
b Dənizdən əsən külək Karmel dağının yamacları boyunca yuxarı qalxaraq özü ilə tez-tez yağış və şeh gətirdiyi üçün dağ adətən yamyaşıl və bitki örtüyü ilə zəngin olurdu. Baalın yağış verdiyi fərz edildiyi üçün, görünür, bu yer ona ibadətdə mühüm rol oynayırdı. Buna görə də çılpaq, yağış üzü görməyən Karmel dağı Baala ibadətin yalan olduğunu ifşa etmək üçün əlverişli yer idi.
c Diqqət yetirin ki, İlyas qurbana «od vurmayın» dedi. Bəzi tədqiqatçıların sözlərinə görə, bütpərəstlər hərdən altında gizli boşluq olan qurbangahlardan istifadə edirdilər ki, camaat odun fövqəltəbii yolla yandığını fikirləşsin.
[20-ci səhifədəki çərçivə]
Yehovadan başqa ağa seçmək məyusluğa gətirib çıxarır
[21-ci səhifədəki şəkil]
«Yehova həqiqi Allahdır!»