DƏRS 50
Yehova Yəhuşafatı qoruyur
Yəhuda padşahı Yəhuşafat ölkədəki Baal qurbangahlarını və bütlərini dağıdır. Yəhuşafat istəyir ki, xalq Yehovanın qanunlarını bilsin. Buna görə də o, əmirləri və lavililəri Yəhudanın hər yerinə göndərir ki, xalqa Yehovanın qanunlarını öyrətsinlər.
Qonşu xalqlar Yehovanın yəhudalıların tərəfində olduğunu bildiklərinə görə ora hücum etməyə qorxurlar. Onlar hətta Yəhuşafat padşaha bəxşişlər gətirirlər. Ancaq sonradan muabilər, əmunilər və Sair ərazisinin sakinləri Yəhudaya qarşı müharibə elan edirlər. Yəhuşafat başa düşür ki, Yehovanın köməyinə möhtacdır. O, bütün kişiləri, qadınları və uşaqları Yerusəlimə toplayır. Yəhuşafat hamının qarşısında dua edib deyir: «Yehova, Sən olmasan, qələbə qazana bilmərik. Nə olar, bizə yol göstər».
Yehova onlara cavab verir: «Qorxmayın. Sizə kömək edəcəyəm. Səf qurun, durub gözləyin, görün Yehova sizi necə xilas edir». Görəsən, Yehova onları necə xilas edir?
Səhəri gün Yəhuşafat məzmur oxuyan kişilər seçir və onlara deyir ki, ordunun önündə getsinlər. Onlar Yerusəlimdən çıxıb Təquh adlanan döyüş meydanına gedirlər.
Məzmur oxuyanlar Yehovaya ucadan həmd edirlər. Yehova Öz xalqı üçün döyüşür. O, əmunilərlə muabilər arasına qarışıqlıq salır. Onlar bir-birilərinə hücum edirlər. Düşmənlərin hamısı ölür. Ancaq Yehova Yəhuda xalqını müdafiə edir. Bütün qonşu xalqlar baş verənləri eşidir və bilir ki, Yehova Öz xalqını hələ də qoruyur. Yehova öz xalqını necə xilas edir? Müxtəlif üsullarla. Həm də ki, bunu etmək üçün Yehovanın insanların köməyinə ehtiyacı yoxdur.
«Bu dəfə siz döyüşməyəcəksiniz. Səf qurun, durub gözləyin, görün Yehova sizi necə xilas edir» (2 Salnamələr 20:17)