Keçmişdən ibrət götürək
«Bütün bunlar ibrət kimi... bu dövrün sonunda yaşayan bizlər üçün xəbərdarlıq məqsədilə yazılıb» (1 KOR. 10:11).
1, 2. Nəyə görə Yəhudanın dörd padşahının səhvlərini nəzərdən keçirəcəyik?
TƏSƏVVÜR EDİN yolla gedəndə bir nəfərin büdrəyib yıxıldığını görürsünüz. Çox ehtimal ki, həmin yerdən ehtiyatla keçəcəksiniz. Eynən başqalarının səhvinə nəzər salmaq da bizə onlardan ibrət götürməyə kömək edər. Bu prinsipi ibadətimizə də aid etmək olar. Biz başqalarının, həmçinin Müqəddəs Kitabda adı çəkilən insanların səhvlərindən dərs götürürük.
2 Ötən məqalədə haqqında söz açılan dörd Yəhuda padşahı Yehovaya sidqi-ürəkdən ibadət edirdi. Amma onlar həyatlarında çoxlu səhvlər də buraxıblar. Onların səhvlərindən hansı ibrət dərsini götürə bilərik və nə edə bilərik ki, eyni səhvləri təkrarlamayaq? Gəlin bu padşahların səhvlərini nəzərdən keçirək, bununla da bizə nəsihət olaraq əvvəlcədən yazılanlardan faydalanaq. (Romalılara 15:4 ayəsini oxuyun.)
İNSAN HİKMƏTİNƏ ARXALANAN UÇURUMA YUVARLANAR
3—5. a) Asanın ürəyi bütünlüklə Allaha bağlı olsa da, o, hansı səhvə yol verdi? b) Başa ilə bağlı məsələdə Asanın insana güvənməsinə nə səbəb ola bilərdi?
3 Əvvəlcə gəlin Asa padşahın nümunəsini nəzərdən keçirək və görək Allahın sözləri həyatımıza necə təsir edə bilər. Bir milyonluq Həbəş ordusu Yəhudaya yürüş edəndə Asa Yehova Allaha güvənmişdi. Amma İsrail padşahı Başa Asanın məmləkəti ilə həmsərhəd olan Rama şəhərini möhkəmləndirməyə başlayanda o, başqa cür davrandı (2 Saln. 16:1—3). Bu dəfə o, öz ağlına güvənərək Aram padşahı Bənhədada bəxşiş göndərdi ki, Başanın üstünə hücum etsin. Asanın bu planı baş tutdumu? Müqəddəs Kitabda yazılıb: «Başa bunları eşidən kimi Ramadakı tikintini dayandırdı» (2 Saln. 16:5). Deyəsən, Asanın planı uğurlu oldu. Amma bu, ilk baxışdan belə görünür.
4 Görəsən, Asanın bu hərəkəti barədə Yehova nə fikirləşirdi? Asa Allahına güvənmədiyi üçün Yehova elçisi Hənani vasitəsilə onu töhmət etdi. (2 Salnamələr 16:7—9 ayələrini oxuyun.) Hənani dedi: «Bundan sonra həmişə müharibə içində olacaqsan». Asa öz məqsədinə çatdı, Başa geri çəkildi, amma hakimiyyətinin sonuna kimi Asa da, xalqı da müharibə şəraitində yaşadı.
5 Ötən məqalədə qeyd olunduğu kimi Yehova Asanın ürəyini yoxlamış, onun ürəyinin bütünlüklə Yaradanına bağlı olduğunu görmüşdü (1 Pad. 15:14). Qeyri-kamil olsa da, Asa Allahın gözündə sadiq insan idi. Bununla belə, o, yanlış qərarının acısını yaşadı. Nəyə görə Başa ilə bağlı məsələdə Asa Yehovaya yox, insana, Bənhədadla özünə güvəndi? Bəlkə, o fikirləşirdi ki, Yehovadan kömək istəməkdənsə, diplomatik gediş etsə və ya hərbi taktika işlətsə, daha yaxşı olar? Bəlkə, kimsə ona səhv məsləhət vermişdi?
6. Asanın səhvlərindən hansı ibrət dərsini götürürük? Nümunə çəkin.
6 Asanın nümunəsi bizi özümüzü yoxlamağa təşviq edir. Adətən, böyük problemlə üzləşəndə biz dərhal Yehovadan kömək istəyirik. Bəs gündəlik həyatda rastlaşdığımız xırda məsələlərdə necə davranırıq? Biz öz ağlımıza güvənib problemi öz bildiyimiz yolla həll edirik? Yoxsa Yehovaya güvənib Onun Kəlamından məsləhət axtarır və onlara əməl etməyə çalışırıq? Tutalım, yığıncaq görüşlərinə və toplantılara gedəndə ailəniz sizə qarşı çıxır. Bu halda problemi düzgün şəkildə həll etmək üçün siz Yehovadan məsləhət və kömək istəyirsiniz. İndi təsəvvür edin, işsiz qalmısınız, təzə iş tapmaq isə çox çətindir. İş müsahibəsi zamanı hər həftə ibadət görüşünə gedəcəyinizi deyəcəksiniz? Hansı problemlə üzləşiriksə üzləşək, gəlin məzmurçunun sözlərini xatırlayaq: «Yolunu Yehovaya tapşır, Ona güvən, O, sənin işini hasil edər» (Zəb. 37:5).
PİS DOSTLUĞUN TƏSİRİ
7, 8. Yəhuşafat hansı səhvlərə yol verdi və nəticəsi nə oldu? (Məqalənin əvvəlindəki şəklə baxın.)
7 Görək Asanın oğlu Yəhuşafat nə etmişdi. Onun çox gözəl xüsusiyyətləri var idi. Yəhuşafat Allaha güvənərək çoxlu savab işlər görmüşdü. Lakin o da, bəzən, ağılsız qərarlar verirdi. Misal üçün, o, şimal padşahlığının padşahı Əhəblə qohum olmuşdu. Həmçinin Mikay peyğəmbərin xəbərdarlığına əhəmiyyət verməyib Əhəblə birgə aramilərə qarşı döyüşə çıxmışdı. Döyüş zamanı Yəhuşafat canını zorla ölümdən qurtarır. Sonra o, Yerusəlimə qayıdır (2 Saln. 18:1—32). Onda Yəhu peyğəmbər ona deyir: «Pis adama kömək etməklə, Yehovaya nifrət edənləri sevməklə düzgün iş görürsən?» (2 Salnamələr 19:1—3 ayələrini oxuyun.)
8 Bu hadisə, Yəhuşafata dərs oldumu? Təəssüf ki, yox. O, Yehovanı sevsə də, Onu razı salmağa çalışsa da, Əhəblə bağlı məsələdə başına gələnlərdən dərs götürmədi və Yəhu peyğəmbərin xəbərdarlığına məhəl qoymadı. Yəhuşafat daha bir səhvə yol verdi, Allahın düşməni ilə, Əhəbin oğlu zalım padşah Əhəzya ilə ittifaq bağladı. Yəhuşafatla Əhəzya birlikdə Tarşişə gedən gəmilər düzəltmişdilər. Amma gəmilər qəzaya uğrayıb mənzilbaşına çatmadı (2 Saln. 20:35—37).
9. Pis dostluq həyatımıza necə təsir edə bilər?
9 Yəhuşafatın hadisəsi bizi həyatımızı təhlil etməyə təşviq edir. Əslində, Yəhuşafat yaxşı padşah idi. O, Allahı razı salan işlər görürdü və Ona sidqi-ürəkdən ibadət edirdi (2 Saln. 22:9). Lakin pis dostları ona mənfi təsir etdi. Məsəllər 13:20 ayəsində yaxşı yazılıb: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar». Yəhuşafatın Əhəblə qurduğu sıx münasibət az qala onun ölümünə səbəb olmuşdu. Biz insanlara Allahın yolunu tutmağa kömək etmək istəyirik. Ancaq yadda saxlamalıyıq ki, Yehovaya xidmət etməyən insanla sıx ünsiyyətdə olmaq təhlükəlidir.
10. a) Ailə qurmaq istəyənlər Yəhuşafatın hadisəsindən nə öyrənə bilərlər? b) Pis dostluqla bağlı nəyi yadda saxlamalıyıq?
10 Yəhuşafatdan hansı ibrət dərsini götürə bilərik? Ola bilsin, yığıncaqda özünə ürəyincə olan həyat yoldaşı tapa bilmədiyinə görə məsihi Yehovanı sevməyən insana meyil salmağa başlayır. Ya da qohumları «hələ ki, yaşın keçməyib evlən» deyərək onu ailə qurmağa məcbur edir. Çox ehtimal ki, bir bacının dediyi növbəti sözlər bəzilərimizin də ürəyindən keçib: «İnsan sevib-sevilmək istəyir, ona həmdəm olan insana ehtiyac duyur». Bəs belə vəziyyətlərdə məsihi necə davransın? Yəhuşafatın hadisəsi bizə kömək edə bilər. Adətən, o, Yehovadan məsləhət istəyirdi (2 Saln. 18:4—6). Amma Yehovanı sevməyən insanla, Əhəblə yoldaşlıq edəndən sonra başqa cür davrandı. Yəhuşafat bir şeyi unutmamalı idi: Yehova sidqi-ürəkdən Ona bağlı olan insanları axtarır ki, onların «rifahı üçün gücünü göstərsin». Bizim dövrdə də «Yehova bütün yer üzünü nəzərdən keçirir» və bizim rifahımız üçün gücünü göstərməyə hazırdır (2 Saln. 16:9). O, bizi çox gözəl başa düşür və ürəkdən sevir. Əgər siz ürəyinizcə olan insanla ailə qurmaq istəyirsinizsə, inanırsınızmı ki, Yehova bundan agahdır və sizə kömək etmək istəyir? Əmin olun, vaxtı çatanda Yehova sizi muradınıza çatdıracaq!
ÜRƏYİNİZİ QÜRURDAN QORUYUN
11, 12. a) Hizqiyyənin ürəyindəkilər necə üzə çıxdı? b) Hizqiyyə Yehovanın qəzəbindən necə qurtuldu?
11 Hizqiyyədən götürdüyümüz ibrət dərsi ürəklə bağlıdır. Ürəkləri araşdıran Yehova Allah bir hadisə vasitəsilə Hizqiyyənin ürəyindəkiləri üzə çıxarmışdı. (2 Salnamələr 32:31 ayəsini oxuyun.) Padşah ağır xəstəliyə tutulanda Yehova onun sağalacağına əlamət vermişdi. Babil əyanları bu əlamət haqqında, kölgənin on pillə dala düşməsi barədə məlumat almaq üçün öz elçilərini Hizqiyyənin yanına göndərir (2 Pad. 20:8—13; 2 Saln. 32:24). Onda Yehova Hizqiyyəni «tək buraxdı ki», görsün o nə edəcək. Hizqiyyə ağılsız davranıb babillilərə bütün xəzinəsini göstərdi. Beləcə, onun ürəyindəkilər üzə çıxdı.
12 Görünür, Hizqiyyənin ürəyində qürur baş qaldırmışdı. Müqəddəs Kitabda buna nəyin səbəb olduğu yazılmayıb. Ola bilsin, o, Aşşur ordusu üzərində qələbə çaldığı və ya möcüzəvi şəkildə sağaldığı üçün qürurlanmışdı. Bəlkə də bu qürura səbəb qazandığı var-dövlət, şan-şöhrət olmuşdu. Səbəbi dəqiq bilməsək də, bir şey dəqiqdir: Hizqiyyə «ona edilən yaxşılığın qarşısında naşükürlük etdi». O, duasında dediyi kimi Allaha sidqi-ürəkdən xidmət etsə də, hərdən Allaha xoş getməyən işlər görürdü. Lakin sonra Hizqiyyə «qürurunu sındırdı», bununla da özünü və xalqı Yehovanın qəzəbindən qurtardı (2 Saln. 32:25—27; Zəb. 138:6).
13, 14. a) Yehova bizi nə vaxt «tək buraxa bilər»? b) Tərif eşidəndə necə münasibət göstərməliyik?
13 Hizqiyyənin hadisəsindən nə öyrənirik? Əvvəlcə gəlin görək Hizqiyyənin qüruru nə vaxt üzə çıxdı? Yehova Sinaxeribi məğlub edəndən və Hizqiyyəni ölümcül xəstəlikdən sağaldandan dərhal sonra. Biz hansısa vacib tapşırığı yerinə yetirəndən sonra, Yehova bizi də «tək buraxa bilər» ki, ürəyimizdəkilər üzə çıxsın. Misal üçün, qardaş zəhmət çəkib məruzə hazırlayır, bacı-qardaşlara təqdim edir. Sonra çoxları yaxınlaşıb onu tərifləyir. Bu halda qardaş tərifə necə münasibət göstərəcək?
14 Tərif eşidəndə həmişə İsa Məsihin sözlərini yadımıza salmalıyıq: «Siz də sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə öhdəmizə düşən işi gördük”» (Luka 17:10). Hizqiyyə qürurlu olduğu üçün «ona edilən yaxşılığın qarşısında naşükürlük etdi». Bundan da özümüz üçün dərs götürürük: Yehovanın bizim üçün etdiyi yaxşılıqlar barədə düşünmək bizi Onun nifrət etdiyi xüsusiyyətlərdən qoruyacaq. Biz dilimizlə Yehovaya həmişə şükürlər oxumalıyıq. Axı O, bizə kömək etmək üçün Kəlamını və müqəddəs ruh verib.
QƏRAR VERMƏZDƏN ƏVVƏL YAXŞI DÜŞÜNÜN
15, 16. Nəyə görə Yuşiyyə Yehovanın müdafiəsindən məhrum oldu və həyatını itirdi?
15 Nəhayət, gəlin görək Yuşiyyə padşahın başına gələnlər bizə nə öyrədir. Görək, onun süqutuna və ölümünə nə səbəb olmuşdu? (2 Salnamələr 35:20—22 ayələrini oxuyun.) Misir hökmdarı Neho Yuşiyyəyə nə qədər desə də ki, davası onunla deyil, Yuşiyyə qulaq asmayıb Neho ilə döyüşə çıxdı. Müqəddəs Kitabda yazılıb ki, Neho Allahın sözlərini deyirdi. Bəs onda niyə Yuşiyyə sözə baxmayıb Neho ilə savaşdı? Müqəddəs Kitabda bu sualın cavabı yoxdur.
16 Bəlkə Neho yalan danışırdı? Yuşiyyə necə əmin ola bilərdi ki, Neho, doğrudan da, Allahın sözlərini deyir? Yehovanın peyğəmbəri Ərəmyadan soruşa bilərdi (2 Saln. 35:23, 25). Amma Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, o, bunu etdi. Həmçinin Neho Karxemişə gedirdi, Yerusəlimə qarşı savaşmırdı, onun davası başqası ilə idi. Üstəlik, Neho nə Yehovaya, nə də Onun xalqına rişxənd etməmişdi. Aydındır ki, Nehoya qarşı çıxmaqla Yuşiyyə ağılsızlıq etdi. Bəs buradan nə öyrənirik? Problemlə üzləşəndə yaxşı olardı ki, məsələ ilə bağlı Yehovanın fikrini öyrənək.
17. Problem yarananda Yuşiyyənin səhvini təkrarlamamaq üçün nə etməliyik?
17 Problem yarananda, ilk öncə, fikirləşməliyik görək bu vəziyyətə Müqəddəs Kitabdakı hansı prinsip uyğun gəlir və ona uyğun davranmalıyıq. Ola bilsin, bəzi məsələlərlə bağlı dərindən araşdırma aparmaq, hətta ağsaqqalla məsləhətləşmək qərarına gələrik. Ağsaqqal bizə Müqəddəs Kitabın başqa prinsipləri üzərində düşünməyə kömək edə bilər. Misal üçün, əri imanda olmayan bir bacı həftənin müəyyən bir günü təbliğə çıxmağı planlaşdırır. Bacı dərk edir ki, hər bir məsihiyə təbliğ etmək tapşırılıb (Həv. 4:20). Amma əri onun həmin gün evdə qalmasını istəyir, deyir ki, onlar çoxdandır bir yerdə vaxt keçirmirlər. Ola bilsin, bacının yadına növbəti prinsiplər düşür: biz Allaha itaət etməliyik və şagird hazırlamalıyıq (Mət. 28:19, 20; Həv. 5:29). Amma bacı başçılıq prinsipini də nəzərə almalı və hikmətli olmalıdır (Efes. 5:22—24; Filip. 4:5). Əri ondan nə istəyir: ümumiyyətlə təbliğə getməyə qoymur, yoxsa sadəcə həmin gün onunla vaxt keçirməyini istəyir? Biz həm Allahın iradəsini yerinə yetirməliyik, həm vicdanımızı təmiz saxlamalıyıq.
ALLAHA SİDQİ-ÜRƏKDƏN XİDMƏT EDİN VƏ SEVİNC DUYUN
18. Bu məqalədə adı çəkilən dörd padşahın nümunəsi üzərində düşünmək sizə nədə kömək edə bilər?
18 Qeyri-kamil olduğumuz üçün biz də bu məqalədə adı çəkilən dörd padşahın səhvini təkrarlaya bilərik: 1) özümüz də bilmədən insan hikmətinə arxalanarıq; 2) Yehovanı sevməyən insanla sıx münasibət qurarıq; 3) qürurlu olarıq və 4) Yehovadan məsləhət almamış qərar qəbul edərik. Nə yaxşı ki, Yehova bu padşahlar kimi, bizdə də yaxşı şeyləri görür! Yehova həmçinin bizim Onu nə qədər sevdiyimizi, Ona sidqi-ürəkdən xidmət etmək istədiyimizi görür. Buna görə də O, bu cür nümunələr vasitəsilə bizi ciddi səhvlərdən qoruyur. Gəlin bu nümunələr üzərində düşünək və köməyinə görə Yehovaya minnətdar olaq!