Yehovanın Kəlamı canlıdır
«Ezra» kitabından diqqətəlayiq fikirlər
MÜQƏDDƏS YAZILARIN «Ezra» kitabı «İkinci Salnamələr» kitabında bəhs edilən hadisələrin davamıdır. Onun yazıçısı kahin Ezra öz kitabına Fars padşahı Kirin çıxardığı fərmandan bəhs etməklə başlayır. Bu fərmana əsasən, Babilə sürgün olunmuş yəhudilərə vətənə qayıtmağa icazə verilirdi. Təsvir olunan hadisələr özlərini orada yaşayan xalqlarla ləkələyən yəhudiləri təmizləmək üçün Ezranın müəyyən ölçülərə əl atması ilə sona çatır. Ümumiyyətlə, kitab b. e. ə. 537-ci ildən b. e. ə. 467-ci ilədək olan 70 illik dövrü əhatə edir.
Ezranın bu kitabı yazmaqda məqsədi — Yehovanın Öz xalqını Babil əsarətindən azad etməyə və Yerusəlimdə həqiqi ibadəti bərpa etməyə dair verdiyi və’di necə yerinə yetirdiyini göstərməkdir. Bu səbəbdən, Ezra yalnız bu və’dlərlə əlaqəsi olan hadisələri vurğulayır. «Ezra» kitabında, Allahın xalqının qeyri-kamilliyinə və bütün müqavimətlərə baxmayaraq, mə’bədin və həqiqi ibadətin bərpa edilməsindən danışılır. Biz də o dövrə bənzər bir zəmanədə yaşadığımız üçün bu kitab bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün bir çoxları «Rəbbin dağına» axışır və bütün yer üzü ‘Rəbbin izzətinin biliyi ilə dolmaq’ üzrədir (Yeşaya 2:2, 3; Habaqquq 2:14).
MƏ’BƏD BƏRPA OLUNUR
Kirin yəhudilərin azadlığa buraxılması haqqında verdiyi fərmana cavab olaraq 50 000 əsir yəhudi vali Zerubbabilin və ya Şeşbassarın rəhbərliyi altında Yerusəlimə qayıdır. Onlar dərhal əvvəlki bünövrəsi üzərində qurbangahı quraraq Yehovaya qurbanlar təqdim edirlər.
Növbəti ildə israillilər Yehovanın mə’bədinin bünövrəsini qoyurlar. Düşmənlər mə’bədin bərpasına maneçilik törədir və nəticədə işin dayandırılması haqqında padşahın əmrinə nail olurlar. Peyğəmbərlər Haqqay və Zəkəriyyə xalqı ürəkləndirirlər; beləliklə, onlar, qadağan olunmasına baxmayaraq, mə’bədin tikintisini davam etdirirlər. Kir tərəfindən verilən dəyişməz Fars fərmanına zidd getməyə qorxan düşmənlər çıxılmaz vəziyyətdə qaldılar. Saraydakı dəftərxana axtarılaraq Kirin «Allahın Yerusəlimdəki mə’bədi barədə» verdiyi fərman üzə çıxarılır (Ezra 6:3). İş maneəsiz davam etdirilir və sona çatır.
Müqəddəs Kitab suallarına cavablar:
1:3-6 — Bə’zi israillilərin vətənə qayıdan könüllülərə qoşulmaması imanlarının zəifliyindənmi irəli gəlirdi? Ola bilər, bə’ziləri maddi mənfəət güddükləri və həqiqi ibadəti qiymətləndirmədikləri üçün Yerusəlimə qayıtmaq istəmirdilər. Lakin bu bütün hallarda belə deyildi. Hər şeydən əvvəl, Yerusəlimə qədər olan 1 600 kilometrlik məsafəni qət etmək dörd-beş aya başa gəlirdi. Bundan başqa, 70 il baxımsız qalmış torpaqda məskən salmaq və orada bərpa işləri görmək çox böyük qüvvə tələb edirdi. Buna görə də, bə’zilərinin qayıtmasına xəstəlik, qocalıq və ailə öhdəçilikləri kimi əlverişsiz şəraitlər mane olurdu.
2:43 (KM) — Netinimlər kimlər idilər? Bunlar mə’bəd qulluqçuları kimi xidmət edən qeyri-yəhudi mənşəli insanlar idi. Onların arasında Yeşuanın günlərində israillilərlə sülh bağlayan giveonluların nəsilləri və ‘Levililərə kömək etmək üçün Davudla başçılarının tə’yin etdikləri mə’bəd qulluqçuları’ var idi (Ezra 8:20).
2:55 — Süleymanın ə’yanlarının nəsilləri kimlər idilər? Onlar Yehovaya xidmətdə xüsusi imtiyazlara malik olan qeyri-israillilər idilər. Ola bilər ki, bu insanlar mirzə və ya ilahiyyatçı kimi mə’bəddə xidmət edir və ya rəhbərliklə bağlı vəzifələr tuturdular.
2:61-63 — Yehovadan cavab almaq lazım gəldikdə işlədilən Urim və Tummimdən sürgündən qayıdanlar istifadə edirdilərmi? Nəsil şəcərəsini müəyyən edə bilməyən, lakin kahin nəslindən olduğunu iddia edənlər Urim və Tummimdən istifadə edərək öz iddialarının həqiqiliyini sübut edə bilərdilər. Ezra sadəcə olaraq bunun belə bir üsulla mümkün olduğunu xatırladır. Urim və Tummimin o dövrdə və ondan sonra istifadə olunduğuna dair Müqəddəs Yazılarda heç bir mə’lumat yoxdur. Yəhudi rəvayətinə görə Urim və Tummim b. e. ə 607-ci ildə mə’bədin dağılması ilə yoxa çixdi.
3:12 — Nə üçün ‘əvvəlki mə’bədi görmüş bir çox qocalar’ ağladılar? Onlar Süleymanın tikdiyi əvvəlki mə’bədin əzəmətini xatırlayırdılar. İndi onların qarşısındakı yeni mə’bədin bünövrəsi əvvəlki ilə müqayisədə ‘gözləri önündə sanki bir heç’ idi (Haqqay 2:2, 3). Onların sə’yləri əvvəlki mə’bədin əzəmətini qaytaracaqmı? Bu fikir onları mə’yus etdiyi üçün onlar ağlayırdılar.
3:8-10; 4:23, 24; 6:15, 16 — Mə’bəd neçə ilə bərpa olundu? Mə’bədin bünövrəsi b. e. ə. 536-cı ildə — yəhudilərin ‘gəlişlərinin ikinci ilində’ qoyuldu. Tikinti padşah Artaxşaştanın günlərində, b. e. ə. 522-ci ildə dayandırıldı. Tikinti b. e. ə. 520-ci il, padşah Daranın hakimiyyətinin ikinci ilinədək qadağan olunmuşdu. Mə’bədin tikintisi onun hakimiyyətinin altıncı ili, b. e. ə. 515-ci ildə başa çatdırıldı. («537-467-ci illərdə hakimiyyətdə olan Fars padşahları» adlı çərçivəyə baxın.) Beləliklə, mə’bəd təxminən 20 ilə tikilib qurtardı.
4:8–6:18 — «Ezra» kitabının bu hissəsi nə üçün arami dilində yazılmışdır? Bu hissə əsas e’tibarı ilə dövlət mə’murları ilə padşahların bir-birinə yazdıqları məktubların nüsxəsindən ibarətdir. Ezra onları o dövrün iqtisadi və siyasi dili olan arami dilində yazılmış ictimai qaynaqlardan köçürmüşdü. Müqəddəs Kitabın Ezra 7:12-26, Yeremya 10:11 və Daniel 2:4b-7:28 hissələri də sami dilləri qrupuna daxil olan arami dilində yazılmışdır.
Bizim üçün ibrət dərsləri:
1:2. Yeşayanın təxminən 200 il əvvəl etdiyi peyğəmbərliklər yerinə yetdi (Yeşaya 44:28). Yehovanın Kəlamındakı peyğəmbərliklər həmişə həyata keçir.
1:3-6. Babildə qalan bə’zi israillilər kimi, Yehovanın bir çox xidmətçiləri tammüddətli xidmətdə iştirak etmək imkanında olmasalar və ya daha çox tələbat olan yerdə xidmət edə bilməsələr də, bu cür xidmət növündə iştirak edə bilənləri ruhlandırır və Padşahlığın təbliği və şagird hazırlamaq işini könüllü ianələr vasitəsilə dəstəkləyirlər.
3:1-6. Sürgündən dönən sadiq yəhudilər b. e. ə. 537-ci ilin yeddinci ayında (sentyabr, oktyabr aylarına müvafiq gələn tişri ayı) ilk qurbanlarını təqdim etdilər. Padşah Navuxodonosor Yerusəlimə b. e. ə. 607-ci ilin beşinci ayında daxil olmuş (iyul, avqust aylarına müvafiq olan ab ayı) və şəhəri yandıraraq onu viran etmişdi (2 Padşahlar 25:8-17). Qabaqcadan deyildiyi kimi, Yerusəlimin 70 illik viranəlik dövrü məhz tə’yin olunmuş vaxtda sona yetdi (Yeremya 25:11; 29:10). Yehovanın Kəlamında əvvəlcədən söylənilən hər bir şey həmişə həyata keçir.
4:1-3. Sadiq yəhudilər yalan dinlərə e’tiqad edənlərlə əlbir iş görmək təklifini rədd etdilər, çünki onlar başa düşürdülər ki, bu gələcəkdə onları həqiqi ibadətdən yayındıra bilərdi (Çıxış 20:5; 34:12). Yehovanın xidmətçiləri bu gün də buna bənzər şəkildə dinlərarası fəaliyyətə qoşulmurlar.
5: 1-7; 6:1-12. Yehova hadisələri Öz xalqının xeyrinə olaraq istiqamətləndirə bilər.
6:14, 22. Yehovanın işində sə’ylə iştirak etməklə biz Onun rəğbətini və xeyir-duasını qazana bilərik.
6:21. O dövrdə yəhudilərin vətənində yaşayan samariyalılar və bütpərəst tə’sirə uğrayan yəhudilər Yehovanın işindəki irəliləyişin şahidi olduqda həyatlarında dəyişikliklər etməyə təşviq olundular. Biz də Allahın tapşırdığı işdə, yə’ni Padşahlığın təbliğində şövqlə iştirak etməli deyilikmi?
EZRA YERUSƏLİMƏ GƏLİR
Yehovanın bərpa edilmiş mə’bədinin təntənəli surətdə həsr edilməsindən əlli il keçib. Eramızdan əvvəl 468-ci ildir. Ezra ianə edilmiş vəsaiti götürərək Babildə yaşayan yəhudilərin bə’ziləri ilə birlikdə Yerusəlimə yola düşür. Bəs Yerusəlimdə vəziyyət necədir?
Rəhbərlər Ezraya deyirlər: ‘Kahinlərlə Levililər daxil olmaqla İsrail xalqı ətraflarındakı xalqların... iyrənc adətlərinə uyub özlərini onlardan fərqləndirməyiblər’. Üstəlik, «rəhbərlərlə mə’murlar bu xəyanətə ilk yol açmışlar» (Ezra 9:1, 2). Ezra son dərəcə sarsılmışdır. Onu ‘ürəkli olub, işə başlamağa’ təşviq edirlər (Ezra 10:4). O, islahedici ölçülər götürür və xalq buna müsbət münasibət göstərir.
Müqəddəs Kitab Suallarına cavablar:
7:1, 7, 11 — Bu ayələrin hamısı tikinti işlərini dayandıran Artaxşastayamı aiddir? Xeyr. Artaxşasta iki Fars padşahına verilən ad və ya tituldur. Onlardan biri b. e. ə. 522-ci ildə mə’bəd işinin dayandırılmasını əmr edən Bardiya və ya Qaumatadır. Ezra Yerusəlimə gələndə isə hakimiyyətdə Artaxşasta I Əliuzun idi.
7:28–8:28 — Nə üçün Babildəki bir çox yəhudilər Ezra ilə Yerusəlimə qayıtmağa meylli deyildilər? Birinci qrup yəhudilərin vətənə dönməsindən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Yerusəlim hələ də seyrək məskunlaşmışdı. Yerusəlimə qayıtmaq çətin və təhlükəli şəraitdə yeni həyata başlamaq demək idi. Ola bilsin ki, Babildə maddi cəhətdən çiçəklənən yəhudilərə Yerusəlim heç bir cəlbedici maddi nailiyyət təklif etmirdi. Bundan əlavə, onları təhlükəli səyahət gözləyirdi. Geri dönmək üçün onlardan cəsarət, Yehovaya möhkəm iman və həqiqi ibadətə sə’y tələb olunurdu. Hətta Ezra da ‘üzərində olan Yehovanın əlindən qüvvət alırdı’. Onun çağırışına 1 500 ailə — təxminən 60 000 adam hay verdi. Ezra əlavə addımlar atdıqdan sonra 38 Levili və 220 Netinim də onlara qoşuldu.
9:1, 2 — Ətraf xalqlardan olan insanlarla nikaha girmək nə dərəcədə təhlükəli idi? Dirçəlmiş xalq Məsih gələnədək həqiqi ibadəti qorumalı idi. Başqa xalqdan olanlarla nikah həqiqi ibadət üçün real təhlükə idi. Bə’zilərinin bütpərəstlərlə nikaha girməsi üzündən, Yəhudi xalqı bu xalqlar içində əriyib itə və nəticədə həqiqi ibadət yer üzündən silinə bilərdi. Belə olduqda Məsih hansı xalqa göndəriləcəkdi? Təəccüblü deyil ki, Ezra baş verənləri gördükdə bərk sarsıldı!
10:3, 44 — Nə üçün arvadlarla birlikdə uşaqları da atdılar? Əgər uşaqlar qalsaydılar, o zaman qovulmuş qadınlar övladlarının arxasınca qayıda bilərdilər. Bundan əlavə, ümumiyyətlə, balaca uşaqların ana qayğısına ehtiyacı vardır.
Bizim üçün ibrət dərsləri:
7:10. Ezra Müqəddəs Yazıları çalışqanlıqla tədqiq edir və öyrəndiklərini məharətlə xalqa izah edirdi. Bununla o, bizə gözəl nümunə qoymuşdur. Ezra, duanın köməyilə ürəyini Yehovanın qanunlarını öyrənməyə hazırlamışdı. Bunu edərkən Ezra əsas diqqətini Yehovanın dediklərinə yönəldirdi. O, öyrəndiklərini tətbiq edir və başqalarına öyrətməklə məşğul olurdu.
7:13. Yehova istəyir ki, Ona xidmət etməyə bizi ürəyimiz təşviq etsin.
7:27, 28; 8:21-23. Ezra Yehovaya e’tibar edirdi, Yerusəlimə uzun və təhlükəli səyahətə başlamazdan əvvəl Allaha səmimi qəlbdən yalvarırdı. Yehovaya izzət gətirmək naminə özünü təhlükəyə belə atmağa hazır idi. Biz ondan nümunə götürməli deyilikmi?
9:2. Biz «Rəbbə bağlı» adamla ailə qurmaq xəbərdarlığına ciddi yanaşmalıyıq (1 Korinflilərə 7:39).
9:14, 15. Pis dostluq Yehovanın bizdən narazı qalmasına gətirib çıxara bilər.
10:2-12, 44. Yadelli qadınlarla evlənən yəhudilər təvazökarlıqla tövbə edərək səhvlərini düzəltdilər. Onların əhval-ruhiyyəsi və davranışı bizim üçün nümunədir.
Yehova Öz və’dlərinə əməl edir
«Ezra» kitabı bizim üçün böyük mə’na kəsb edir. Tə’yin olunmuş vaxtda Yehova xalqını Babil əsarətindən xilas etmək və Yerusəlimdə həqiqi ibadəti bərpa etmək və’dlərini yerinə yetirdi. Bütün bunlar bizim Yehovaya və Onun və’dlərinə olan imanımızı möhkəmləndirmirmi?
«Ezra» kitabındakı nümunələr haqqında düşün. Ezra və həqiqi ibadəti bərpa etmək üçün Yerusəlimə qayıdanlar nümunəvi sədaqət göstərmişlər. Bu kitabda, həmçinin Allahdan qorxan yadellilərin və tövbə edən günahkarların təvazökarlığı vurğulanır. Həqiqətən də, «Ezra» kitabı ‘Allahın kəlamının canlı və tə’sirli’ olduğuna dair inandırıcı sübutlar təqdim edir (İbranilərə 4:12).
[10-cu səhifədəki cədvəl/şəkil]
537-467-ci illərdə hakimiyyətdə olan Fars padşahları
Böyük Kir (Ezra 1:1) b. e. ə. 530-cu ildə ölüb.
Kambiz və ya Axaşveroş (Ezra 4:6) b. e. ə. 530-522-ci illər.
Artaxşasta—Bardiya və ya (Ezra 4:7) b. e. ə. 522. (Cəmi
Qautama yeddi ay hakimiyyətdə olduqdan
sonra qətlə yetirilmişdir.)
Dara I (Ezra 4:24) b. e. ə. 522-486-cı illər.
Kserks və ya Axaşveroş b. e. ə. 486-475-ci illər.
(B. e. ə. 496-cı ildən 486-cı
ilədək Dara I ilə birlikdə
idarə etmişdir.)
Artaxşasta Əliuzun (Ezra 7:1) b. e. ə. 475-424-cü illər.
[Haşiyə]
«Ezra» kitabında Kserksin adı çəkilmir. O, Müqəddəs Yazıların «Ester» kitabında Axaşveroş adı ilə xatırlanır.
[Şəkil]
Axaşveroş
[9-cu səhifədəki şəkil]
Kir
[9-cu səhifədəki şəkil]
Kirin silindri əsirləri vətənlərinə qaytarmaq siyasətindən bəhs edir.
[İcazə ilə]
Silindr: Photograph taken by courtesy of the British Museum
[12-ci səhifədəki şəkil]
Ezranın nəyin sayəsində məharətli müəllim olduğunu bilirsənmi?