Levililərin duasından nə öyrənirik?
«Qoy Sənin izzətli adına həmd olsun» (NEH. 9:5).
1. Allahın xalqının hansı toplantısını nəzərdən keçirəcəyik və hansı sualların üzərində düşünməliyik?
«AYAĞA qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin!» Müqəddəs Kitabda ən uzun dualardan birinə aid olan bu təsirli sözlər Allahın qədim xalqı toplaşıb birlikdə dua edərkən deyilmişdi (Neh. 9:4, 5). Bu toplantı b. e. ə. 455-ci ildə, Yəhudi təqvimi ilə yeddinci ayın, tişri ayının 24-də Yerusəlimdə keçirilmişdi. Bu xüsusi gündən əvvəl baş vermiş hadisələri nəzərdən keçirdikcə özünüzdən soruşun: «Levililərin hansı yaxşı vərdişi sayəsində bu toplantı müvəffəqiyyətli keçmişdi? Levililərin bu duasından daha nə öyrənə bilərəm?» (Məz. 141:2).
ƏLAMƏTDAR AY
2. Yerusəlimin divarlarının bərpasından sonra toplaşmış israillilər bizə hansı nümunəni qoyublar?
2 Yuxarıda bəhs edilən toplantıdan bir ay əvvəl yəhudilər Yerusəlimin divarlarının bərpasını başa vurmuşdular (Neh. 6:15). Allahın xalqı bu işi cəmi 52 gün ərzində tamamlamış və artıq onların öz ruhani tələbatlarını ödəmək üçün başları açılmışdı. Yeni ayın, tişri ayının birində xalq şəhər meydanında Ezranın və digər levililərin Allahın Qanununu ucadan oxuyub izah etmələrini dinləmək üçün toplaşdı . Bütün «dinləyib anlaya bilən»lər də daxil olmaqla, ailələrin hamısı yığışıb «səhər açılandan günortaya qədər» qulaq asdılar. Onlar rahat Padşahlıq zalında keçirilən yığıncaq görüşlərində iştirak edən bizlərə necə də gözəl nümunə qoyublar! Ancaq heç elə olurmu ki, bəzən görüş zamanı fikriniz yayınır və əhəmiyyətsiz şeylər haqda düşünürsünüz? Belə olan halda, sadəcə qulaq asmaqla kifayətlənməyib dinlədiklərini ürəkdən qəbul edən və Allahın Qanununu pozan bir xalq olduqlarına görə ağlamağa başlayan qədim israillilərin nümunəsinə yenidən nəzər salın (Neh. 8:1—9).
3. İsraillilər hansı göstərişə tabe oldular?
3 Bununla belə, bu, xalq qarşısında günahların etiraf edilməsi mərasimi deyildi. Bu gün bayram günü olduğundan Yehovaya xalqının sevinib-şadlanmasını istəyirdi (Say. 29:1). Buna görə də Nehemya xalqa dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir». Tərifəlayiqdir ki, xalq itaətkarlıq göstərdi və həmin gün böyük şənliyə çevrildi (Neh. 8:10—12).
4. a) İsrailin ailə başçıları nə etdilər və nəyi aydınlaşdırdılar? b) Çardaqlar bayramının ən əlamətdar məqamı nə oldu?
4 Ertəsi gün ailə başçıları xalqın Allahın Qanununu daha yaxşı necə icra edə biləcəyini müzakirə etmək üçün bir yerə toplaşdılar . Müqəddəs Yazıları araşdırarkən onlar gördülər ki, yeddinci ayın, tişri ayının 15-dən 22-ə kimi Çardaqlar bayramı keçirilməli və təntənəli toplantı ilə yekunlaşmalıdır. Buna görə də onlar hazırlıq görməyə başladılar . Yeşuanın günlərindən bəri Çardaqlar bayramı bu cür təntənəli şəkildə keçirilməmişdi, o gün «çox böyük sevinc» oldu. Bu bayramın ən əlamətdar məqamı Allahın Qanununun «birinci gündən sonuncu günə qədər hər gün» xalq qarşısında oxunması idi (Neh. 8:13—18).
ETİRAF GÜNÜ
5. Levililər xalqın adından Yehovaya dua etməzdən qabaq xalq nə etdi?
5 Bayramdan iki gün sonra israillilərin günahlarını etiraf etmək vaxtı idi. Bu, yeyib-içmək günü deyildi. Əksinə, Allahın xalqı kədərlərini ifadə etmək üçün oruc tutub çul geyindi. Allahın Qanunu səhər tezdən təxminən üç saat ərzində yenidən xalq qarşısında oxundu. Günortadan isə onlar «günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar» . Sonra levililər xalqın adından Yehovaya ürəkdən dua etdilər (Neh. 9:1—4).
6. Levililər nəyin sayəsində dərinmənalı dua edə bilmişdilər və biz bundan nə öyrənirik?
6 Şübhəsiz, levililərin Allahın Qanununu müntəzəm oxumaları onlara bu dərinmənalı duaya hazırlaşmağa kömək etmişdi. İlk on ayədə diqqət Yehovanın işlərinə və keyfiyyətlərinə yönəldilir. Duanın qalan hissəsində Allahın «böyük [mərhəməti]» dönə-dönə vurğulanır və israillilərin bu cür münasibətə layiq olmadıqları aydın etiraf edilir (Neh. 9:19, 27, 28, 31). Dua etməzdən əvvəl, levililər kimi, Allahın Kəlamı üzərində hər gün düşünərək Yehovanın bizimlə danışmasına yol versək, bizim də dualarımız təravətli və mənalı olacaq (Məz. 1:1, 2).
7. Levililər Allahdan nə xahiş etmişdilər və biz bundan nə öyrənirik?
7 Bu duada yalnız bir sadə xahiş var. Bu xahiş duanın axırında, 32-ci ayədə yazılıb: «Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin». Bununla levililər bizə öz dualarımızda şəxsi tələbatlarımız haqda söz açmazdan öncə, Yehovaya həmd və şükr etməyə dair gözəl nümunə qoyublar.
ALLAHIN İZZƏTLİ ADINA HƏMD EDİLİR
8, 9. a) Levililər öz dualarını hansı sözlərlə başladılar? b) Levililərin duasından hansı iki səmavi ordunun Yehovaya həmd etdiyi görünür?
8 Bu cür gözəl dualar etmələrinə baxmayaraq, levililər təvazökar idilər və dərk edirdilər ki, onların sözləri Yehovanın layiq olduğu həmdi tam ifadə edə bilməz. Buna görə də onlar Allahın xalqının adından təvazökarlıqla Yehovaya yalvarmağa başladılar: «Qoy Sənin izzətli adına həmd olsun... bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın!» (Neh. 9:5).
9 Levililər öz dualarına belə davam edirlər: «Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!» (Neh. 9:6). Bəli, Yehova Allah saysız-hesabsız qalaktikalardan ibarət kainatı yaradıb. Kainat kimi, bizim gözəl planetimiz də möhtəşəmdir: Allah yer üzündəki hər şeyi heyrətamiz çeşidlikdə olan və öz növünə görə çoxalan canlıların yaşayışını təmin etmək kimi valehedici bacarıqla yaradıb. «Göylər [ordusu]» kimi də təsvir olunan Allahın müqəddəs mələkləri bütün bunların şahidi olublar (1 Pad. 22:19; Əyyub 38:4, 7). Bundan əlavə, mələklər «xilası miras alacaq» günahlı insanlara xidmət edərək təvazökarlıqla Allahın iradəsini yerinə yetirirlər (İbr. 1:14). Mələklər Yehovaya nizamlı ordu kimi xidmət edən bizlərə necə də möhtəşəm nümunə qoyublar! (1 Kor. 14:33, 40).
10. Allahın İbrahimlə rəftarından nə öyrənirik?
10 Sonra levililər 99 yaşına kimi arvadı Saraydan uşağı olmayan İbramla Allahın necə rəftar etdiyindən söz açdılar. Yehova onun adını dəyişib «millətin atası» mənasını verən İbrahim adını verdi (Yar. 17:1—6, 15, 16). Allah həmçinin İbrahimə nəslinin Kənan diyarını miras alacağını vəd etdi. Adətən, insanlar verdikləri sözü unudurlar, Yehova isə heç vaxt unutmur. Bunu levililərin duasından da görmək olar: «Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin. Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların... diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən» (Neh. 9:7, 8). Gəlin biz də həmişə sözümüzün üstündə durmağa çalışaraq ədalətli Allahımızı təqlid edək (Mat. 5:37).
YEHOVANIN İŞLƏRİ BƏYAN EDİLİR
11, 12. Yehovanın adının mənası nədir və O, İbrahimin nəsli ilə rəftarında Öz adının mənasına uyğun necə davrandı?
11 Yehova adının «olmasına səbəb Olan» mənasını daşıması Onun Öz vədlərini addımbaaddım həyata keçirdiyini göstərir. Bunun bariz sübutunu İbrahimin Misir köləliyində olan nəsli ilə Allahın necə rəftar etməsindən görmək olar. Həmin vaxt bütün xalqın azad olub Vəd edilmiş diyara daxil olması qeyri-mümkün görünürdü. Lakin Allah Öz vədini ardıcıl olaraq həyata keçirməklə sübut etdi ki, O, yeganə və izzətli Yehova adına layiqdir.
12 Nehemyanın qələmə aldığı duada Yehova barəsində deyilir: «Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin. Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin. Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın». Sonra isə Yehovanın Öz xalqı üçün daha nələr etdiyi barədə deyilir: «Sən oranın əhalisini — Kənanlıları onlara... təslim etdirdin... Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər» (Neh. 9:9—11, 24, 25).
13. Yehova israillilərin ruhani ehtiyaclarının qeydinə necə qalmışdı, ancaq onlar nə etdilər?
13 Öz niyyətini həyata keçirmək üçün Allah bir çox başqa addımlar da atmışdı. Misal üçün, israillilər Misirdən çıxdıqdan dərhal sonra Yehova onların ruhani ehtiyaclarının qeydinə qalmışdı. Levililər bunu Allaha dualarında vurğulamışdılar: «Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin» (Neh. 9:13). Yehova israillilərin Vəd edilmiş diyarı miras alan bir xalq kimi Onun müqəddəs adını layiqincə daşıya bilmələri üçün onlara təlim verirdi, ancaq onlar öyrəndikləri yaxşı şeylərdən üz çevirdilər. (Nehemya 9:16—18 ayələrini oxu.)
CƏZA TƏLƏB OLUNURDU
14, 15. a) Yehovanın günahlı xalqına mərhəmət göstərdiyi nədən görünürdü? b) Allahın seçdiyi xalqı ilə münasibətindən nə öyrənirik?
14 Levililərin duasında israillilərin Sina dağında Allahın Qanununu tutacaqlarına dair verdikləri vəddən çox keçməmiş etdikləri iki ciddi günahdan da söz açılır. Buna görə də onlar haqlı olaraq ölümə layiq görüldülər. Bununla belə, levililər öz dualarında Yehovaya həmd edirdilər: «Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın... Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi» (Neh. 9:19, 21). Bu gün də Yehova bizi Ona sədaqətlə xidmət etməyimiz üçün hər şeylə təmin edir. Gəlin biz heç vaxt səhrada həlak olan minlərlə üsyankar və imansız israillilərə oxşamayaq. Belə ki, bütün bunlar «dövrlərin sonunda yaşayan bizləri qorumaq məqsədilə yazılıb» (1 Kor. 10:1—11).
15 Təəssüflər olsun ki, Vəd edilmiş diyara daxil olduqdan sonra israillilər kənanlıların əxlaqsızlıqla və vəhşiliklə dolu ibadətlərini mənimsədilər. Buna görə də Yehova seçilmiş xalqının qonşu xalqlar tərəfindən sıxışdırılmasına yol verdi. Ancaq tövbə edəndə Yehova mərhəmət göstərib onları bağışlayır və düşmənlərindən müdafiə edirdi. O, bunu «dəfələrlə» etmişdi. (Nehemya 9:26—28, 31 ayələrini oxu.) Levililər etiraf etdilər: «Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin» (Neh. 9:30).
16, 17. a) Əsirlikdən qayıdan israillilərin vəziyyəti Vəd edilmiş diyarda olan əcdadlarının vəziyyətindən nə ilə fərqlənirdi? b) İsraillilər nəyi etiraf etdilər və nəyə söz verdilər?
16 Hətta əsirlikdən qayıdan israillilər belə itaətsizlik yolu ilə getdilər. Bəs fərq nədə idi? Cavabı levililərin duasındakı növbəti sözlərdən görmək olar: «Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik. Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur... Böyük zülm içindəyik» (Neh. 9:36, 37).
17 Levililər bu cür zülmə yol verən Allahın ədalətsiz olduğunumu düşünürdülər? Əlbəttə, yox! «Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik», — deyə onlar etiraf etdilər (Neh. 9:33). Sonra isə bu səmimi dua xalqın indən belə Allahın Qanununa əməl edəcəyinə dair tam qətiyyətlə verdiyi vədlə yekunlaşdı. (Nehemya 9:38 ayəsini oxu; 10:29.) Sonda yazılı sənəd üzərində bağlanan bu əhd yəhudilərin 84 başçısı tərəfindən möhürləndi (Neh. 10:1—27).
18, 19. a) Allahın yeni dünyasında yaşamaq üçün nə etməliyik? b) Biz nə haqda dua etməyə son qoymamalıyıq və nə üçün?
18 Yehovanın salehliklə dolu yeni dünyasında yaşamaq üçün Onun tərbiyəsinə ehtiyac duyuruq. «Məgər elə oğul var ki, atası onu cəzalandırmasın?» — deyə həvari Pavel soruşur (İbr. 12:7). Allaha sədaqətlə xidmət etməklə və müqəddəs ruhun bizə düzəliş etməsinə imkan verməklə biz Onun rəhbərliyinə tabe olmuş oluruq. Bundan əlavə, əgər biz ciddi günaha yol verəriksə, əmin ola bilərik ki, ürəkdən tövbə etdiyimiz və təvazökarlıqla cəzanı qəbul etdiyimiz təqdirdə, Yehova bizi bağışlayacaq.
19 Tezliklə Yehova Öz adı naminə israilliləri Misirdən çıxararkən gördüyü işlərdən daha möhtəşəm işlər görəcək (Yez. 38:23). Bundan əlavə, əmin ola bilərik ki, Yehovanın qədim xalqı Vəd edilmiş diyarı miras aldığı kimi, Ona sədaqətlə xidmət edən bütün məsihçilər də Allahın salehliklə dolu yeni dünyasına daxil olacaqlar (2 Pet. 3:13). Qarşıda bizi belə gözəl gələcək gözlədiyindən gəlin heç vaxt dualarımızda Allahın adını izzətləndirməyə son qoymayaq. Növbəti məqalədə isə Allahın xeyir-dualarını indi və əbədiyyət boyu əldə etməyimizə kömək edəcək başqa bir duanı nəzərdən keçirəcəyik.