Yanlış düşüncə tərzinə müqavimət göstərin!
ÇOX əsrlər bundan əvvəl, hörmət sahibi olan qəbilə başçısı Əyyubun başına çoxlu bədbəxtliklər gələn zaman, üç dostu Elifaz, Bildad və Sofar yanına gəlib, dərdinə şərik olmaq və onu ovutmaq istədilər (Əyyub 2:11). Aralarında daha çox sözü keçən və ehtimal ki, ən böyüyü Elifaz idi. Sözə birinci o başladı və onun digərlərinə nisbətən deməyə sözü daha çox idi. Elifaz hər üç nitqində hansı düşüncə tərzini əks etdirdi?
Bir dəfə yaşadığı fövqəltəbii hadisə haqda xatırlayaraq, Elifaz deyir: «Qarşımdan bir ruh keçdi, bütün tüklərimi ürpətdi. Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, sükunətin içindən bir səs eşitdim» (Əyyub 4:15, 16). Elifazın düşüncəsinə tə’sir edən hansı «ruh» idi? Ondakı tənqidi əhval-ruhiyyədən görünür ki, bu, qətiyyən Allahın saleh mələyi ola bilməzdi (Əyyub 4:17, 18). Həmin ruh pis ruhani varlıq idi. Əks təqdirdə, Yehova Elifazı və onun üç dostunu yalan sözlərinə görə məzəmmət etməzdi (Əyyub 42:7). Bəli, Elifaz cinlərin tə’siri altında idi. Onun sözlərində Allaha tamamilə yad olan düşüncə tərzi əks olunurdu.
Elifazın bu sözlərinin arxasında hansı niyyəti görmək olar? Özümüzü yanlış düşüncə tərzindən qorumaq nəyə görə vacibdir? Və biz bu cür mənfi fikirlərə necə müqavimət göstərə bilərik?
«Allah bəndələrinə güvənmir»
Elifazın nitqinin hər üçündə də belə bir fikir irəli sürülür: Allah o dərəcədə tələbkar və fikrindən dönməzdir ki, xidmətçilərindən kiminsə Onu razı sala bilməsi mümkün deyil. Elifaz Əyyuba deyir: «Allah bəndələrinə güvənmir, mələklərində belə, səhv görür» (Əyyub 4:18). Sonra isə Elifaz Allah haqqında əlavə edir: ‘Allah müqəddəslərinə belə, e’tibar etmir, göylər belə, Onun gözündə təmiz deyil’ (Əyyub 15:15). O, hətta belə bir sual da verir: «Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır?» (Əyyub 22:3). Bildad isə Elifazın sözlərini təkrar edir: ‘Onun gözündə ay belə, parlaq deyil, ulduzlar belə, pak deyil’ (Əyyub 25:5).
Bu cür fikirlərdən özümüzü qorumalıyıq. Əks təqdirdə, Allahın bizdən mümkün olmayan şeylər tələb etdiyini düşünməyə başlaya bilərik. Buna bənzər baxışlar Yehova ilə qiymətli münasibətlərimizi alt-üst edir. Bəs bu kimi fikirlərə yol verəriksə, müəyyən məsləhət aldıqda necə münasibət göstərəcəyik? Belə vəziyyətdə xeyirxah bir məsləhəti həlimliklə qəbul etmək əvəzinə, ola bilsin, ürəyimizdə ‘Rəbbə hiddətlənəcək’ və Ondan inciyəcəyik (Süleymanın məsəlləri 19:3). Bu zaman ruhaniliyimiz üçün həqiqətən ciddi təhlükə yarana bilər!
«İnsan Allaha fayda verə bilərmi?»
Allahın qəddar və fikrindən dönməz olduğunu düşünmək insanların Onun gözündə heç bir dəyərə malik olmaması fikrindən irəli gəlir. Üçüncü dəfə nitq söyləyən zaman Elifaz soruşur: «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?» (Əyyub 22:2). Elifaz, insanın Allahın gözündə lazımsız olduğunu düşünürdü. Bildad da buna bənzər fikir söyləyir: «Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?» (Əyyub 25:4). Belə sözlərlə onlar Əyyubun, adi bir insan olduğuna baxmayaraq, özünün Allahın qarşısında saleh olduğunu düşünməsini mühakimə edirdilər.
Bu gün bə’ziləri özlərini lazımsız və heç nəyə yaramayan hesab edərək mə’yusluğa qapılırlar. Ehtimal ki, buna səbəb onların aldıqları tərbiyə, həyatın gərginliyi, yaxud da milli-etnik nifrət hissləri olmuşdur. Ancaq Şeytan və onun cinləri insanın alçaldığını və ruhdan düşdüyünü görəndə həzz alırlar. Hər şeyə Qadir olan Allahı razı salmaq cəhdinin əbəs olduğuna insanı inandıra bildikdən sonra, onu büdrətmək asandır. Vaxt keçdikcə, həmin insanı ‘axın ayıra’, hətta ‘yaşayan Allahdan uzaqlaşadıra’ bilər (İbranilərə 2:1; 3:12).
Yaş və sağlamlıqla əlaqədar problemlər ortaya çıxdıqda insana elə gələ bilər ki, onların indi Allahın Padşahlığı naminə etdikləri gənc, sağlam və qüvvətli olduğu zaman etdikləri ilə müqayisədə dəyərsizdir. Allahın lütfünü qazanmaq üçün göstərdiyimiz sə’yin əbəs olduğuna bizi kimin inandırmaq istədiyini yadda saxlamaq vacibdir. Bunu edən Şeytan və onun cinləridir. Bu kimi fikirlərə müqavimət göstərməliyik.
Mənfi fikirlərə necə müqavimət göstərə bilərik?
Şeytan Əyyubu çox bəlalara düçar etdi. Ancaq Əyyub dedi: «Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, son nəfəsimə qədər kamilliyimdən [nöqsansızlığımdan] əl çəkməyəcəyəm» (Əyyub 27:5). Allahı sevdiyi üçün, nəyin bahasına olursa-olsun, Əyyub Ona olan sədaqətini qoruyub saxlamağa qərarlı idi. O, öz qərarında qəti idi. Zərərli fikirlərlə mübarizədə Allahın məhəbbətinin bütün dərinliyini dərk etmək və Yaradanımıza minnətdar olmaq çox vacibdir. Biz də Allaha olan məhəbbətimizi möhkəmləndirməliyik. Bunun üçün müntəzəm olaraq Allahın Kəlamını öyrənməli və dua vasitəsilə oxuduqlarımızın üzərində düşünməliyik.
Misal üçün, Yəhya 3:16 ayəsində deyilir: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi». Yehovanın insanlara olan məhəbbəti ölçüyə gəlməzdir, O, bunu dəfələrlə sübut edib. Keçmişdəki nümunələr üzərində düşünəndə Yehovaya olan məhəbbətimiz və minnətdarlığımız artır, bu isə bizə lazımsız, cansıxıcı fikirlərlə mübarizədə kömək edir.
Sodom və Homorraya hökm kəsilən zaman, Yehovanın İbrahimlə necə rəftar etdiyini xatırlayın. İbrahim düz səkkiz dəfə Allaha Onun verdiyi qərarlarla bağlı suallar verdi. Lakin Yehova heç bir dəfə də olsun onu məzəmmət etmədi və ona əsəbiləşmədi. Əksinə, Onun sözləri İbrahimə rahatlıq və təsəlli verdi (Yaradılış 18:22-33). Daha sonra, Allah Lutu ailəsi ilə birlikdə Sodomdan çıxaran zaman, o, dağlara deyil, yaxınlıqdakı şəhərə qaçmağı xahiş etdi. Yehova cavab verdi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram» (Yaradılış 19:18-22). Bu hadisələrdən Yehova haqqında nə öyrənirik? Məgər O, zalım, qəddar və insanlardan həddindən artıq tələb edən Allaha oxşayırmı? Xeyr. Əksinə, bu hadisələr Küll-İxtiyar Allahın insanlara qarşı nə qədər comərd, mərhəmətli və xeyirxah olduğuna əmin edir.
Harunun, Davudun və İsrail padşahı Menaşşenin nümunəsi, Allahın bizdə günahlar axtardığına və Onu razı salmağın mümkün olmadığına dair irəli sürülən fikrin yalan olduğunu sübut edir. Harun üç dəfə ciddi səhvə yol vermişdi. O, qızıl dana düzəltmiş, Musaya qarşı üsyan qaldıran bacısına qoşulmuş və Merivada Yehovaya izzət verməmişdi. Bununla belə, Allah ondakı hər bir yaxşı şeyi qiymətləndirdi və həyatının sonuna qədər baş kahin olaraq qalmasına izin verdi (Çıxış 32:3, 4; Saylar 12:1, 2; 20:9-13).
Davud padşah ağır günahlar işlətmişdi. O, zina etmiş, günahsız insanı öldürmək üçün plan qurmuş və qanunsuz olaraq əhalini siyahıya almışdı. Lakin Yehova onun peşmançılığını nəzərə aldı və Padşahlıq əhdinə sadiq qalaraq, Davudun ömrünün sonunadək padşahlıq etməsinə icazə verdi (2 Şamuel 12:9; 1 Salnamələr 21:1-7).
Yəhudi padşahı Menaşşe Baala qurbangahlar ucaldır, oğullarını oddan keçirir, spiritizmə göz yumur və Allahın mə’bədinin həyətlərində yalançı allahlara qurbangahlar tikdirirdi. Lakin daha sonra səmimi qəlbdən tövbə edəndə, Yehova onu bağışladı, əsirlikdən qurtardı və padşahlıq hakimiyyətini ona geri qaytardı (2 Salnamələr 33:1-13). Məgər Allahı razı salmaq mümkün olmasaydı, O bu qədər işləri edərdimi? Əlbəttə yox!
İttihamçının özü günahkardır
Şeytanın özünə xas olan xüsusiyyətləri Yehovaya aid etməsi təəccüblü deyil. O, amansız və qəddardır. Bunu, qədimdə yalançı allahlara ibadət edənlərdən öz uşaqlarını qurban gətirmələrinin tələb olunmasından aydın görmək olar. Dönük israillilər öz oğul və qızlarını odda yandırırdılar, halbuki belə bir şey Yehovanın heç ağlına belə gəlməmişdi (Yeremya 7:31).
İnsanlarda çatışmazlığı axtaran Yehova deyil, Şeytandır. Vəhy 12:10 ayəsində Şeytan «qardaşlarımızın ittihamçısı, onları Allahımızın önündə gecə və gündüz ittiham edən» adlanır. Digər tərəfdən isə, məzmurçu Yehova haqqında belə tərənnüm etmişdi: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan» (Məzmur 130:3, 4).
Yanlış düşüncə tərzinin mövcud olmayacağı bir vaxt
Kim bilir, Şeytan İblis və onun cinləri göydən atılanda, mələklər necə də böyük yüngüllük hiss etmişlər! (Vəhy 12:7-9). Bundan sonra pis ruhlar Yehovanın mələklərdən ibarət olan ailəsinə artıq zərər vura bilmirdilər (Daniel 10:13).
Tezliklə yer üzündə bütün insanlar şadlanacaqlar. Əlində dibsiz dərinliklərin açarı və böyük zəncir olan göydən enən bir mələk, Şeytanı və onun cinlərini zəncirləyəcək və dibsiz dərinliklərə atacaq, yə’ni zərərsiz hala salacaq (Vəhy 20:1-3). Bunların hamısı insanların həyatını necə də yüngülləşdirəcək!
Hələlik isə, biz yanlış düşüncə tərzinə müqavimət göstərməliyik. Əgər bu kimi fikirlərin gizlicə şüurumuza daxil olduğunu görürüksə, onları rədd etmək və Yehovanın bizi necə çox sevdiyi haqda düşünmək lazımdır. Onda ‘Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərimizi və düşüncələrimizi qoruyacaqdır’ (Filipililərə 4:6, 7).
[30-cu səhifədəki şəkil]
Lut Küll-İxtiyar Allahın insanlara qarşı nə qədər comərd, mərhəmətli və xeyirxah olduğunu öyrəndi.
[32-ci səhifədəki şəkil]
Əyyub yanlış düşüncə tərzinə müqavimət göstərdi.