Dirilmə ümidi sizin üçün gerçəkdirmi?
«Ölülərin dirilməsi olacaqdır» (HƏVARİLƏRİN İŞLƏRİ 24:15).
1. Nəyə görə ölüm qaçılmaz görünür?
«BU DÜNYADA mütləq olan heç bir şey yoxdur, ölümdən və vergilərdən başqa». 1789-cu ildə Amerikanın dövlət xadimi Bencamin Franklinin qələmə aldığı bu sözlər bə’zilərinə ağıllı görünmüşdü. Lakin bir çox vicdansız insanlar vergilərdən yayınır. Daha çox qaçılmaz görünən ölümdür. Öz gücümüzlə heç birimiz ölümdən qaça bilmərik. O, hamımızın izindədir və əvvəl-axır yaxalayacaq. Bəşəriyyətin ümumi məzarı əzizlərimizi acgözlüklə udur (Süleymanın məsəlləri 27:20). Lakin bir ümid bizə təsəlli verir.
2, 3. a) Nə üçün ölüm, bə’zilərinin düşündüyü kimi, qaçılmaz deyil? b) Bu məqalədə nə müzakirə olunacaq?
2 Yehovanın Kəlamı əsaslı ümid verir ki, ölənlər diriləcək, yə’ni yenidən həyata qayıdacaq. Bu, sadəcə xəyal deyil, kainatda heç bir qüvvə Yehovaya dirilmə ümidini gerçəkləşdirməyə mane ola bilməz. Bə’ziləri üçün ölüm, çoxlarının düşündüyü kimi, qaçılmaz deyil. Niyə? Çünki saysız-hesabsız ‘böyük izdiham’ tezliklə gələcək ‘böyük məşəqqətdən’ sağ çıxacaq (Vəhy 7:9, 10, 14). Onların əbədi yaşamaq ümidi olacaqdır. Deməli, ölüm onlar üçün qaçılmaz deyil. Üstəlik, o «yox ediləcək» (1 Korinflilərə 15:26).
3 «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» deyən Pavel kimi, biz də dirilmənin olacağına əmin olmalıyıq (Həvarilərin işləri 24:15). Gəlin dirilməyə aid üç sualı nəzərdən keçirək. Birincisi, dirilmənin mütləq olacağını haradan bilirik? İkincisi, dirilmə ümidi şəxsən sizə necə təsəlli verə bilər? Üçüncüsü, bu ümid indiki həyatınıza necə tə’sir göstərə bilər?
Dirilmə mütləq olacaq
4. Nəyə görə dirilmə Yehovanın niyyətində vacib yeri tutur?
4 Bir sıra amillər vardır ki, dirilmənin mütləq olacağına bizi əmin edir. Hər şeydən əvvəl dirilmə Yehovanın niyyətində vacib yeri tutur. Şeytan bəşəriyyəti qaçılmaz nəticəsi ölüm olan günaha sürüklədi. Buna görə İsa Şeytan haqqında demişdi: «O, başlanğıcdan insan qatili idi» (Yəhya 8:44). Lakin Yehova və’d etmişdir ki, ‘qadının’, yə’ni Onun arvadı timsalında çıxış edən səmavi təşkilatın Zürriyyəti olacaq və o, ‘qədim ilanın’ başını əzəcək, bununla da Şeytanın mövcudluğuna son qoyacaq (Yaradılış 3:1-6, 15, KM; Vəhy 12:9, 10; 20:10). Yehova Xilaskar Zürriyyətlə bağlı niyyətini tədricən açıqladıqca aydın oldu ki, Zürriyyət Şeytanı məhv etməkdən daha çox şey edəcək. Müqəddəs Yazılarda deyilir: «Allahın Oğlu da buna görə zühur etdi ki, iblisin əməllərini puç etsin» (1 Yəhya 3:8). Yehovanın İsa Məsih vasitəsilə puç etmək niyyətində olduğu Şeytanın əməllərinin ən başlıcası Adəmdən miras aldığımız günahın nəticəsi olan ölümdür. Bu baxımdan, İsanın fidiyə qurbanlığı və dirilmə çox böyük əhəmiyyət kəsb edir (Həvarilərin işləri 2:22-24; Romalılara 6:23).
5. Nəyə görə dirilmə Yehovanın adına izzət gətirəcək?
5 Yehova müqəddəs adını izzətləndirməyi qəti qərara alıb. Şeytan Yehovanın adına qara yaxmaqla yanaşı, yalanlar da uydurub. O, yalandan dedi ki, Adəmlə Həvva Allahın qadağan etdiyi meyvədən yesələr, ‘əsla ölməyəcəklər’ (Yaradılış 2:16, 17; 3:4). O vaxtdan Şeytan buna bənzər yalanlar yayıb, məsələn, guya insan öləndə ruhu yaşayır. Ancaq dirilmə vasitəsilə Yehova bütün bunların həqiqət olmadığını üzə çıxaracaq. Həmişəlik sübut olunacaq ki, həyatı qoruyan və onu insana qaytaran yalnız Yehovadır.
6, 7. Yehova insanların dirilməsinə necə yanaşır və Onun hissləri haqda haradan bilirik?
6 Yehova insanları diriltməyin həsrətindədir. Müqəddəs Kitab Yehovanın dirilməyə dair hansı hissləri keçirdiyini açıqlayır. Məsələn, gəlin sadiq Əyyubun Allahdan ilham alaraq dediyi sözlərinə nəzər salaq: «İnsan ölsə, dirilərmi? Növbəm çatanacan bu əzabdan [«icbari xidmətdən», YD] qurtulmaq üçün hər gün gözləyəcəyəm. Sən çağıranda cavab verəcəyəm, əllərinin bu işinin həsrətini çəkəcəksən» (Əyyub 14:14, 15). Bu nə deməkdir?
7 Əyyub bilirdi ki, öləndən sonra bir müddət qurtuluşunu gözləmək məcburiyyətində olacaq. Buna görə də həmin vaxtı ‘icbari xidmət’ adlandırdı. O, qurtuluşun mütləq gələcəyini bilirdi və buna şübhə etmirdi. Belə əminlik onda haradan idi? Əyyub Yehovanın hisslərindən xəbərdar idi: Yehova sadiq xidmətçisini yenidən görməyin ‘həsrətini çəkəcəkdi’. Bəli, Allah bütün saleh insanları həyata qaytarmaq arzusundadır. Yehova digər insanlara da Cənnətdə əbədi yaşamaq imkanını verəcək (Luka 23:43; Yəhya 5:28, 29). Dirilmə Allahın iradəsidirsə, kim ona əngəl ola bilər?
8. Yehova dirilməyə dair insanlara necə «sübut verdi»?
8 Yehova İsanı diriltməklə gələcəyə olan ümidimizin doğruluğuna dair sübut verdi. Pavel Afinada çıxış edəndə demişdi: «Allah elə bir gün tə’yin etdi ki, o gün seçdiyi Adam vasitəsi ilə dünyaya ədalətlə hökm edəcəkdir. Onu ölülərdən dirildərək, bütün insanlara bu barədə sübut verdi» (Həvarilərin işləri 17:31). Paveli dinləyənlərdən çoxu dirilmə haqqında eşidəndə kinayə ilə gülsə də, bə’ziləri iman gətirdi. Bəlkə də, onların diqqətini cəlb edən bu ümidin doğruluğuna dair sübut verilməsi idi. Yehova İsanı dirildəndə mö’cüzələrin ən möhtəşəmini göstərdi. O Öz Oğlunu qüdrətli ruhani şəxsiyyət kimi həyata qaytardı (1 Peter 3:18). İndi, dirilmiş İsa yerə gəlməzdən əvvəl olduğundan daha qüdrətli idi. Ölməz və Yehovadan sonra ən qüdrətli şəxsiyyət olan İsa hazırda Atasının möhtəşəm tapşırıqlarını yerinə yetirməyə qadirdir. İnsanların istər göylər, istərsə də yer həyatına dirilməsi məhz İsanın vasitəsilə mümkündür. O demişdir: «Dirilmə və həyat Mənəm» (Yəhya 5:25; 11:25). Oğlunu diriltməklə Yehova bütün saleh insanlara bu ümidin doğruluğuna dair sübut verdi.
9. Müqəddəs Kitab dirilmənin gerçək olduğunu necə göstərir?
9 Dirilmə insanların gözü qarşısında baş verirdi və bu barədə Allahın Kəlamında yazılıb. Müqəddəs Kitabda səkkiz nəfərin yenidən həyata insan kimi qayıtması bütün təfərrüatı ilə təsvir olunub. Bu mö’cüzələr gizlincə yox, açıq-aşkar, çox vaxt insanların gözü qarşısında edilmişdir. İsa dörd gün məzarda yatan Lazarı yas saxlayan ailə üzvlərinin, dostlarının, qohum-qonşularının gözü qarşısında diriltdi. Bu, İsanın Allah tərəfindən göndərildiyinə elə güclü sübut idi ki, onun düşmənləri Lazarın dirilməsini inkar etmirdilər. Əksinə, onlar nəinki İsaya, hətta Lazara da qarşı sui-qəsd hazırlayırdılar! (Yəhya 11:17-44, 53; 12:9-11). Bəli, dirilmənin mütləq olacağına əmin ola bilərik. Allah keçmişdəki dirilmələri Kəlamında yazdırıb ki, onları oxuyanda təsəlli alaq və imanımız möhkəmlənsin.
Dirilmə ümidi təsəlli verir
10. Müqəddəs Kitabda yazılan dirilmələrdən təsəlli almaq üçün nə etməliyik?
10 Ölüm qorxusu qarşısında təsəlli axtarırsınızmı? Onda Müqəddəs Kitabda qələmə alınan dirilmələr sizə kömək edər. Onları oxuyanda, üzərində düşünəndə, hadisələri gözünüzün önündə canlandıranda dirilmə sizin üçün daha gerçək olacaq (Romalılara 15:4). Bu, nağıl deyil. Dirildilənlər tarixin müəyyən dövründə, müəyyən yerlərdə yaşayan bizim kimi insanlar idilər. Gəlin qısaca bir nümunənin — Müqəddəs Kitabda qələmə alınmış ilk dirilmənin üzərində dayanaq.
11, 12. a) Sarfatda yaşayan dul qadının başına hansı fəlakət gəldi və onun ilk sözləri nə oldu? b) Yehova İlyasın vasitəsilə dul qadın üçün nə etdi?
11 Belə bir səhnəni təsəvvürünüzə gətirin. Bir neçə həftədir ki, İlyas peyğəmbər Sarfat şəhərində yaşayan dul qadının evinin yuxarı otağında qalır. Çətin zəmanədir. Quraqlıq, aclıq hökm sürür. Camaat qırılır. Yehova həlim dul qadını imanına görə mükafatlandırdı: onun bir dəfəlik yeməyi qalmışdı və balaca oğlu ilə birlikdə acından ölmək üzrə idi ki, Allah İlyasa mö’cüzə göstərmək üçün güc verdi, belə ki nə küpdə un tükəndi, nə də qabda yağ. Ancaq indi qadının başına bəla gəlir. Uşaq qəflətən xəstələnir və çox keçməmiş ölür. Yazıq dul qadının vəziyyətini təsəvvür edin! Ərsiz yaşamaq onsuz da çətin idi, bir tərəfdən də yeganə övladını itirdi. Baş verən faciədə o, İlyası və onun Allahı Yehovanı günahlandırır. Peyğəmbər nə edəcək?
12 İlyas dul qadını yanlış ittihamlarına görə məzəmmət etmir. O deyir: «Oğlunu mənə ver». İlyas uşağı yuxarı otağa aparıb, həyatının özünə qayıtması üçün təkrar-təkrar dua edir. Axırda Yehova onun duasına cavab verir. Nəfəsi özünə qayıdan uşağın sinəsi qalxanda İlyasın üzündəki sevinci bir təsəvvürünüzə gətirin! Uşaq gözlərini açır, onlarda həyat qığılcımları görünür. İlyas uşağı aşağı düşürüb, «bax oğlun sağdır» deyərək anasına qaytarır. Qadının sevinci aşıb-daşır: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır» (1 Padşahlar 17:8-24). İndi qadının Yehovaya və Onun elçisinə olan imanı daha möhkəmdir.
13. İlyasın dul qadının oğlunu diriltməsi nəyə görə bizə təsəlli gətirir?
13 Belə bir hadisənin üzərində düşünmək, sözsüz, sizə çox böyük təsəlli gətirir. Açıq-aydın görünür ki, Yehova düşmənimiz olan ölümü məğlub etməyə qadirdir. Ölülər diriləndə dul qadın kimi minlərlə insanın duyacağı sevinci təsəvvür edin! Yehova Oğlu vasitəsilə ölüləri dünya miqyasında dirildəndə göylərdə sevincin həddi-hüdudu olmayacaq (Yəhya 5:28, 29). Ölüm doğmalarınızdan kimisə aparıbmı? Yehovanın ölənləri diriltməyə qadir olduğunu və bunu edəcəyini bilmək necə də gözəldir!
Ümidin və həyat tərzin
14. Dirilmə ümidi həyatına necə tə’sir göstərə bilər?
14 Dirilmə ümidi sənin indiki həyat tərzinə necə tə’sir göstərə bilər? Çətinlik, problemlər, tə’qib və təhlükə ilə üzləşərkən bu ümid sənə güc verər. Şeytan istəyir ki, sən ölümdən o qədər qorxasan ki, nöqsansızlığını asanlıqla hansısa boş təhlükəsizlik və’dinə dəyişəsən. Unutma ki, Şeytan Yehovaya demişdi: «İnsan canına görə hər şeyini verər» (Əyyub 2:4). Bu sözlərlə Şeytan, sən də daxil olmaqla, hamımıza şər atıb. Doğrudanmı sən təhlükə ilə qarşılaşanda Allaha xidmət etməyi dayandıracaqsan? Dirilmə ümidi üzərində düşünərək sən həmişə səmavi Atamızın iradəsini yerinə yetirməyə əzmli olacaqsan.
15. Təhlükə ilə üzləşəndə İsanın Matta 10:28 ayəsində yazılan sözlərindən necə təsəlli ala bilərik?
15 İsa demişdi: «Bədəni öldürüb canı öldürə bilməyənlərdən... qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan qorxun» (Matta 10:28). Şeytanın və ya onun xidmətçilərinin önündə vahiməyə düşməməliyik. Düzdür, kimlərsə bizə zərər yetirə, hətta öldürə bilər. Lakin əllərindən gələn ən böyük pislik belə müvəqqətidir. Yehova sadiq xidmətçilərinə dəyən hər zərəri, hətta ölümü aradan qaldırmağa qadirdir və bunu mütləq edəcək. Biz yalnız Yehovadan qorxmalı, Ona dərin ehtiram bəsləməliyik. Yalnız O, həm bədənimizi, həm canımızı cəhənnəmdə məhv edərək, həyatımızı və gələcəyə olan ümidimizi əlimizdən almağa qadirdir. Xoşbəxtlikdən, O səninlə belə şeyin baş verməsini istəmir (2 Peter 3:9). Dirilmə ümidi sayəsində, Allahın xidmətçiləri olan bizlər özümüzü təhlükəsizlikdə hiss edirik. Nə qədər ki Yehovaya sadiqik, əbədi həyata ümid edə bilərik, Şeytan və onun tərəfdarları bunun qarşısında gücsüzdürlər (Məzmur 118:6; İbranilərə 13:6).
16. Dirilmə ümidi həyatda nəyə üstünlük verəcəyimizə necə tə’sir edir?
16 Dirilmə ümidi bizim üçün gerçək olsa, həyata münasibətimizi formalaşdıracaq. Biz dərk edirik ki, «yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik» (Romalılara 14:7, 8). Buna görə də nəyə üstünlük verəcəyimizi müəyyən edəndə Pavelin məsləhətinə riayət edirik: «Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin» (Romalılara 12:2). Bir çox insanlar hər ötəri istəyin, arzunun arxasınca qaçırlar. Həyat onlara qısa göründüyü üçün kef dalınca qaçmaqdan sanki ağıllarını itirmişlər və əgər nəcəsə ibadət edirlərsə də, bu, Allahın ‘kamil iradəsinə’ uyğun deyil.
17, 18. a) Yehovanın Kəlamında insan həyatının qısa olduğu necə göstərilir, ancaq Allah bizim üçün nə istəyir? b) Biz nəyə görə hər gün Yehovaya həmd etmək istəyirik?
17 Bəli, həyat indi qısadır. Təxminən 70-80 ilə «ömrümüz tez bitir, uçub gedir» (Məzmur 90:10). İnsanlar ot, kölgə, nəfəs kimi gəldi-gedərdirlər (Məzmur 103:15; 144:3, 4). Ancaq Allah istəmirdi ki, biz bir neçə ilə böyüyüb boya-başa çataq, dünyagörüşümüzü artıraraq yerdə qalan ömrümüzü xəstəlik, qocalıq içində keçirib ölümə doğru gedək. Yehova insanları əbədi yaşamaq istəyi ilə yaratdı. Müqəddəs Kitabda deyilir: «Əbədiyyəti də insanların ürəyinə qoydu» (Vaiz 3:11). Məgər Allah qəddardırmı ki, əvvəlcə bizə belə arzu versin, sonra isə onu əlçatmaz etsin? Xeyr, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O, ölən insanları dirildəcək və onlara əbədi həyat ümidini verəcək.
18 Dirilmə ümidi sayəsində, təhlükəsiz gələcəyi əldə edə bilərik. İndi bütün iste’dad və bacarığımızı inkişaf etdirməyin vaxtı deyil! Uçuruma gedən bu dünyadan «tam istifadə» etməməliyik (1 Korinflilərə 7:29-31; 1 Yəhya 2:17). Bizə həqiqi ümidi olmayan insanlardan fərqli olaraq, qiymətli ən’am verilib: biz bilirik ki, əgər Yehova Allaha sadiq qalsaq, əbədiyyət boyunca Onu izzətləndirəcək, həyatdan zövq alacağıq. Buna görə də, gəlin dirilmənin baş verəcəyinə bizi əmin edən Yehovaya hər gün həmd edək!
Necə cavab verərdiniz?
• Dirilməyə münasibətimiz necə olmalıdır?
• Dirilmənin mütləq olacağını nə göstərir?
• Dirilmə ümidi təsəlli gətirsin deyə, nə etmək lazımdır?
• Dirilmə ümidi həyat tərzinə necə tə’sir edə bilər?
[20-ci səhifədəki şəkil]
Əyyub bilirdi ki, Yehova salehləri diriltmək həsrətindədir.
[21-ci səhifədəki şəkil]
«Bax oğlun sağdır».