Yehovanın Kəlamı canlıdır
«Zəbur» kitabının birinci hissəsindən diqqətəlayiq fikirlər
YARADANIMIZ Yehova Allaha həsr edilmiş həmd kitabına sizcə, hansı ad yaraşardı? Əlbəttə ki, «Zəbur» və ya həmd nəğmələri! Müqəddəs Yazılara daxil olan kitablar arasında ən böyüyü olan «Zəbur» kitabı Allahın gözəl keyfiyyətlərindən, möhtəşəm işlərindən bəhs edən, habelə saysız-hesabsız peyğəmbərliklərdən ibarət nəğmələr toplusudur. Nəğmələrin əksəriyyəti çətinliklərlə qarşılaşan yazıçıların hisslərini əks etdirir. Burada İsrail tarixinin minillik dövrü — Musa peyğəmbərin günlərindən başlayaraq Babil əsarətindən sonrakı dövr əhatə edilir. Kitabı Musa, Davud padşah və başqaları yazmışlar. Kitabı hazırkı şəkildə kahin Ezra tərtib etmişdir.
«Zəbur» kitabı ən’ənəvi olaraq 5 topluya və ya hissəyə bölünür: 1) Məzmur 1-41; 2) Məzmur 42-72; 3) Məzmur 73-89; 4) Məzmur 90-106; və 5) Məzmur 107-150. Bu məqalədə birinci toplu nəzərdən keçirilir. Birinci topluya daxil olan məzmurların üçünü çıxmaq şərti ilə qalan hamısını Davud padşah yazmışdır. 1, 10, və 33-cü məzmurların yazarları mə’lum deyil.
«ALLAHIM QAYAMDIR»
Birinci məzmur göstərir ki, Yehovanın qanunundan zövq alan adam xoşbəxtdir, ikincisində isə Padşahlıqdan bəhs edilira. Bu məzmurlar qrupunun əsasını Allaha yalvarışlar təşkil edir. 3-5, 7, 12, 13 və 17-ci məzmurların mövzusu düşmənlərdən xilas olmaq üçün yalvarışlardır. 8-ci məzmur insanın kiçikliyi ilə müqayisədə Yehovanın böyüklüyünü vurğulayır.
Məzmurlarında Yehova Allahı xalqının Himayədarı kimi təsvir edən Davud oxuyurdu: «Allahım qayamdır, Ona pənah gətirəcəyəm» (Məzmur 18:2). Yehova 19-cu məzmurda Yaradan və Qanunverici, 20-də Xilaskar, 21-də isə məsh etdiyi Padşahının Xilaskarı kimi təsvir edilir. O, Böyük Çoban kimi 23-cü, əzəmətli Padşah kimi isə 24-cü məzmurda təsvir edilir.
Müqəddəs Kitab suallarına cavablar:
2:1, 2 — Millətlərin düşündüyü «boş şeylər» nədir? «Boş şeylər» dedikdə bəşəri dövlətlərin hakimiyyəti əldən verməmək üçün çəkdikləri narahatçılıq nəzərdə tutulur. Nəyə görə bu ‘boş şey’ adlanır? Çünki onların niyyəti puça çıxacaq. Doğrudanmı ümmətlər ‘Rəbbə və Onun məsh etdiyinə qarşı birləşməklə’ uğur qazanacaqlarını düşünürlər?
2:7 — Söhbət Rəbbin hansı fərmanından gedir? Fərman — Yehova Allahın sevimli Oğlu İsa Məsihlə Padşahlıq haqqında bağladığı əhddir (Luka 22:28, 29).
2:12, (KM) — Millətlərin hökmdarları hansı mə’nada ‘Oğulu öpməlidirlər’? Qədimdə dostlar öz sədaqətlərini öpüşlə ifadə edirdilər. Həmçinin qonaqları da öpüşlə salamlayırdılar. Dünyanın hökmdarları ‘Oğulu öpün’ əmrinə tabe olub, onu Xilaskar Padşah kimi salamlamalı, qəbul etməlidirlər.
3:giriş sözlər — Bə’zi məzmurların əvvəlində yazılan başlıq və ya giriş sözlər hansı rolu oynayır? Başlıqda adətən yazıçının adı və məzmurun hansı şəraitdə yazıldığı haqda mə’lumat verilir. 3-cü məzmur buna bir misaldır. Giriş sözlər, həmçinin nəğmənin hansı musiqi aləti üçün yazıldığını bildirir (məzmur 4 və 5) və musiqiçilərə onu necə ifa etmələri barədə göstərişlər verir (məzmur 6).
3:2 — «Sela» nədir? Elə hesab olunur ki, bu söz solo və ya xor oxunanda, həmçinin musiqi alətləri çalınanda düşünmək üçün edilən pauzanı bildirir. Sonuncu fikri daha da vurğulamaq üçün pauzadan istifadə olunurdu. Məzmurları ucadan oxuyarkən «sela» sözünü oxumağa ehtiyac yoxdur.
11:3 — Bu ayədə söhbət hansı təməllərin dağıdılmasından gedir? İnsan cəmiyyəti aşağıdakı təməllər üzərində dayanıb: qanun, intizam və ədalət məhkəməsi. Bütün bunlar nizamsız halda olanda cəmiyyətdə qatma-qarışıqlıq yaranır, haqq-ədalət yerinə ədalətsizlik hökm sürür. Belə şəraitdə «salehlər» Allaha bütün ürəkləri ilə güvənməlidirlər (Məzmur 11:4-7).
21:3 — ‘Saf qızıldan tac’ nəyi bildirir? Məzmurda tacın həqiqi və ya simvolik olması haqda heç nə deyilmir. O, Davudun çoxsaylı qələbələrinə görə qazandığı izzəti təmsil edə bilərdi. Hər necə olsa da, bu ayə İsanın 1914-cü ildə Yehovadan aldığı padşahlıq tacına işarə edən bir peyğəmbərlik idi. Tacın qızıldan olması İsanın hakimiyyətinin ən mükəmməl hakimiyyət olduğunu bildirir.
22:1, 2 — Davud nə üçün Yehovanın onu tərk etdiyini düşünürdü? Düşmənləri Davudu o qədər sıxışdırırdılar ki, ‘köksündəki ürəyi sanki mum kimi əriyirdi’ (Məzmur 22:14). Ola bilər, ona elə gəlirdi ki, Yehova onu tərk edib. Dirəkdən asılan İsa da eyni hissləri keçirirdi (Matta 27:46). Davudun sözləri çıxılmaz vəziyyətə düşmüş insanın normal reaksiyasını əks etdirir. Məzmur 22:16-21 ayələrində yazılmış duadan görünür ki, Davud Allaha inamını itirməmişdi.
Bizim üçün ibrət dərsləri:
1:1. Yehovanı sevməyənlərlə sıx dostluq əlaqələri qurmaqdan özümüzü gözləməliyik (1 Korinflilərə 15:33).
1:2. Çalışaq, elə gün olmasın ki, ruhani şeylər haqqında düşünməyək (Matta 4:4).
4:4. Əsəbiləşəndə və ya acıqlı olanda, ən yaxşısı dilimizi saxlamaqdır ki, sonradan dediyimiz sözlər üçün peşmançılıq çəkməyək (Efeslilərə 4:26).
4:5. Ürəyin niyyətləri düz olanda, davranış Yehovanın tələblərinə uyğun gələndə, gətirilən ruhani qurbanları «salehlik qurbanları» adlandırmaq olar.
6:5. Yaşamaq üçün bundan gözəl səbəb ola bilərmi? (Məzmur 115:17).
9:12, (KM). Yehova Allah qatili cəzalandırmaq üçün ‘tökülmüş qanı araşdırır’. O, ‘məzlumların fəryadını unutmur’.
15:2, 3; 24:3-5. Yehova Allahın xidmətçiləri yalnız həqiqəti söyləməli, yalan andlardan, böhtan və dedi-qodulardan uzaq durmalıdırlar.
15:4. Əgər verdiyimiz və’d Müqəddəs Kitab prinsiplərinə zidd getmirsə, nə qədər çətin olsa da, əlimizdən gələni etməliyik ki, sözümüzün üstündə durub onu yerinə yetirək.
15:5. Yehovanın xidmətçisi puldan pis niyyətlə istifadə etməkdən özünü gözləməlidir
17:14, 15, (KM). Bu dünyanın adamları bütün həyatlarını firavan yaşamağa, övladlarını ayağa qaldırmağa və onlara miras yığmağa həsr edirlər. Davudun isə həyatda əsas qayğısı Allahın ‘üzünə baxmaq’, yə’ni lütfünə sahib olmaq üçün, yaxşı ad qazanmaq idi. «Oyananda», yə’ni Yehovanın şəxsən ona verdiyi və’dlərini və müdafiəsini düşünəndə, Davud Yehovanı ‘görməklə doyurdu’, yə’ni Allahın onunla olduğuna sevinirdi. Davud kimi, biz də ürəyimizi ruhani xəzinələrə bağlamalı deyilikmi?
19:1-6. Danışıb-düşünə bilməyən xilqət Yehovanı izzətləndirirsə, görün onda həm danışa, həm düşünə, həm də ibadət edə bilən bizlər Yehovanı nə qədər izzətləndirməliyik! (Vəhy 4:11).
19:7-11. Yehovanın qayda-qanunlarının bizə necə də böyük faydası var!
19:12, 13. Səhvlər və özündən razı hərəkətlər günahdır.
19:14. Yalnız əməllərimizə deyil, söz və düşüncələrimizə də fikir verməliyik.
«[«Nöqsansızlığıma görə», YD] məndən möhkəm yapışdın»
Bu topluya daxil olan məzmurlarda Davud Yehovanın qarşısında nöqsansızlığını qorumağı çox istədiyini və bunun üçün nə qədər sə’y göstərdiyi haqda oxuyur: «Mən isə... [«nöqsansızlığımda», YD] gəzirəm» (Məzmur 26:11). Günahlarına görə əfv olunmaq üçün dua edərkən o deyirdi: «E’tiraf etməyəndə bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü» (Məzmur 32:3). Yehova Allaha sadiq olanlara Davud bu sözləri ünvanlayır: «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məzmur 34:15).
37-ci məzmurdakı məsləhətlərin israillilərə çox faydası olmuşdu. Bu sistemin ‘axır günlərində’ yaşayan müasir məsihçilər üçün də həmin məsləhətlərin faydası çoxdur (2 Timoteyə 3:1-5). İsa Məsih haqda peyğəmbərlik edən Məzmur 40:7, 8 ayələrində yazılıb: «Budur, gəlmişəm, Sənin tumarında məndən yazılıb. Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir». Birinci topluya daxil olan sonuncu məzmur, Bat-Şeva ilə günahından sonrakı ağır illərdə Davudun Yehovadan kömək diləməsi haqqındadır. Davud oxuyur: «[«Nöqsansızlığıma görə», YD] məndən möhkəm yapışdın» (Məzmur 41:12).
Müqəddəs Kitab suallarına cavablar:
26:6 — Davud kimi biz də, məcazi dildə desək, Yehovanın qurbangahının başına necə dolana bilərik? Qurbangah Yehovanın, bəşəriyyəti günahdan təmizləmək üçün İsa Məsihin ödədiyi fidiyə qurbanlığını məmnuniyyətlə qəbul etməsinin rəmzidir (İbranilərə 8:5; 10:5-10). Bu qurbanlığa iman gətirməklə Yehovanın qurbangahının başına dolanmış oluruq.
29:3-9 — Yehovanın səsinin insanı lərzəyə salan tufana bənzədilməsi nəyi ifadə edir? Yehovanın dəhşət doğuran gücünü!
31:23 — Təkəbbürlü insan hansı mə’nada layiq olduğunu alır? ‘Layiq olduğunu almaq’ cəza almaq deməkdir. Saleh insan bilmədən etdiyi səhvinə görə cəzanı Yehovadan öyüd-nəsihət formasında alır. Səhv yoldan dönməyən təkəbbürlü insan isə ‘layiq olduğunu’, yə’ni ciddi cəzanı artıqlaması ilə alır (Süleymanın məsəlləri 11:31; 1 Peter 4:18).
33:6, (KM) — Yehovanın ‘ağzının nəfəsi’ ifadəsi nə deməkdir? Nəfəs Allahın fəal qüvvəsinə və ya müqəddəs ruhuna işarədir. Fiziki səmanı yaratmaq üçün Allah bu qüvvədən istifadə etmişdir (Yaradılış 1:1, 2). Qüvvətlə üfürülən nəfəs tək, Allah Öz müqəddəs ruhunu müəyyən işləri görmək üçün uzaq məsafəyə göndərə bilər.
35:19 — Davudun ‘qoyma mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun’ xahişi nə deməkdir? Düşmənlərin bir-birinə göz vurması, Davuda qarşı qurduqları məkrli planlarının həyata keçməsindən ləzzət almalarına işarədir. Davud Allahdan xahiş edirdi ki, bu baş verməsin.
Bizim üçün ibrət dərsləri:
26:4. Bizim tərəfimizdən müdrik hərəkət olardı ki, internet söhbət otaqlarında öz kimliyini gizlədənlərlə, məktəbdə, yaxud da iş yerində yalandan bizim dostumuz olduqlarını deyənlərlə, üzdən səmimi görünən dönüklərlə və ikili həyat tərzi sürənlərlə yaxın əlaqə qurmayaq.
26:7, 12; 35:18; 40:9. Məsihçi yığıncaq görüşlərində Yehova Allaha həmd etməliyik.
26:8; 27:4. Məsihçi görüşlərinə gəlməyi sevirikmi?
26:11. Nöqsansızlıq yolunda yeriməkdə tam qətiyyətli olduğunu bildirən Davud, qurtuluşu, yə’ni satın alınması üçün də Allaha dua edirdi. Qeyri-kamilliyə baxmayaraq, hər bir insan Allah qarşısında nöqsansızlığını qoruya bilər.
29:10. «Daşan sular» üzərində oturan Yehova Allah Öz gücünü mükəmməl şəkildə idarə edir.
30:5. Yehova Allahın başlıca keyfiyyəti qəzəb yox, məhəbbətdir.
32:9. Yehova Allah istəmir ki, biz cilov və qamçı ilə idarə olunan qatıra və ya uzunqulağa bənzəyək. Əksinə, istəyir ki, iradəsini dərk edərək Ona tabe olaq.
33:17-19. Nə qədər qüdrətli olsa da, insan tərəfindən yaradılmış heç bir sistem bəşəriyyəti xilas edə bilməz. Bizim ümidimiz Yehovaya və Onun Padşahlığına olmalıdır.
34:10. Bu ayə Padşahlığın maraqlarını həyatda birinci yerə qoyanlar üçün güc mənbəyidir.
39:1, 2. Pis niyyətli adam həmimanlılarımıza zərər yetirmək üçün bizdən mə’lumat almaq istəsə, ‘dilimizi yüyənləyib dinməmək’ hər cəhətdən müdrik hərəkət olar.
40:1, 2. Yehovaya ümid etməyimiz ruh düşkünlüyü ilə mübarizədə bizə güc verəcək, ‘çamırlı quyudan, lilli bataqlıqdan çıxmağımıza’ kömək edəcək.
40:5, 12. Əgər xeyir-duaların başımıza gələn bəlalardan, şəxsi zəifliklərimizdən qat-qat artıq, əslində saysız-hesabsız olduğunu unutmuruqsa, bizi heç nə əzə bilməyəcək.
‘Alqış olsun Rəbbə’
Məzmurların birinci toplusuna daxil olan 41 həmd nəğməsi insanı necə də ruhlandırır, ona nə qədər təsəlli verir! Ola bilər, siz sınaqlarla qarşılaşırsınız və ya vicdan əzabı çəkirsiniz. İnanın, Allahın qüdrətli Kəlamının bir hissəsi olan «Zəbur» kitabı sizi möhkəmləndirməyə və ruhlandırmağa qadirdir (İbranilərə 4:12). Bu məzmurlar həyat üçün e’tibarlı rəhbərlik mənbəyidir. Onları oxuduqca əmin oluruq ki, düşdüyümüz çətinliklərə baxmayaraq, Yehova bizi heç vaxt tərk etməyəcək.
Məzmurların birinci toplusu bu sözlərlə bitir: «Alqış olsun İsrailin Allahı Rəbbə əzəldən sonsuza qədər! Amin! Amin!» (Məzmur 41:13). Bu məzmurların üzərində dərindən düşündükdən sonra ürəyimizdə Yehovaya daha çox həmd etmək arzusu yaranmadımı?
[Haşiyə]
a 2-ci məzmurda yazılmış peyğəmbərliklər birinci dəfə Davudun günlərində yerinə yetmişdi.
[9-cu səhifədəki şərh]
Danışıb-düşünə bilməyən xilqət Yehovanı izzətləndirirsə, onda biz Yehovanı nə qədər izzətləndirməliyik!
[7-ci səhifədəki şəkil]
Birinci topluya daxil olan 41 məzmurdan çoxunu Davud yazmışdır.
[8-ci səhifədəki şəkil]
Yehova Allahın hansı məzmurda Dahi Çoban kimi təsvir edildiyini bilirsinizmi?
[10-cu səhifədəki şəkil]
Çalışın, elə gün olmasın ki, ruhani şeylər haqqında düşünməyəsiniz.
[İcazə ilə]
Stars: Courtesy United States Naval Observatory
[İcazə ilə]
Stars, pages 18 and 19: Courtesy United States Naval Observatory
[İcazə ilə]
Stars: Courtesy United States Naval Observatory