Allahdan qorx və xoşbəxt yaşa
«Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz» (MƏZMUR 34:9).
1, 2. a) Xristian dünyasında Allah qorxusuna dair hansı iki müxtəlif fikir mövcuddur? b) Bu məqalədə hansı sualları araşdıracağıq?
XRİSTİAN dünyasının bə’zi ruhaniləri Allahdan qorxmağı təbliğ edərkən onu əsas gətirirlər ki, guya Allah günahkarları əbədiyyən cəhənnəm odunda yandırır. Bu ehkam Allahın Kəlamına ziddir, belə ki, Müqəddəs Kitab Yehovanı sevən, ədalətli Allah kimi tanıdır (Yaradılış 3:19; Qanunun təkrarı 32:4; Romalılara 6:23; 1 Yəhya 4:8). Ancaq xristianlığın digər xadimləri isə başqa mövqedən çıxış edirlər. Onlar Allah qorxusunun heç adını belə çəkmirlər. Əksinə, onların öyrətdiyinə görə Allah həddindən artıq mülayimdir və demək olar ki, həyat tərzindən asılı olmayaraq hamı ona məqbuldur. Bu fikir də Müqəddəs Kitaba əsaslanmayıb (Qalatiyalılara 5:19-21).
2 Əslində Müqəddəs Kitab bizi Allahdan qorxmağa çağırır (Vəhy 14:7). Bu bizdə bə’zi sualları doğura bilər: sevən Allah nə üçün ondan qorxmağımızı istəyir? Biz Allahdan hansı mə’nada qorxmalıyıq? Allah qorxusunun hansı faydası var? 34-cü məzmuru araşdırmağa davam edərək bu suallara cavab tapacağıq.
Allahdan nə üçün qorxmalıyıq?
3. a) Allahdan qorxmaq sizin üçün nə deməkdir? b) Yehovadan qorxanlar nə üçün xoşbəxtdirlər?
3 Yaradan və kainatın Ali Hökmdarı olduğu üçün biz Yehovadan qorxmalıyıq (1 Peter 2:17). Ancaq bunu qəddar allahın qarşısında qorxudan tir-tir əsmək kimi başa düşmək lazım deyil. Allah qorxusu o deməkdir ki, biz Yehovanın şəxsiyyəti qarşısında dərin hörmətdən irəli gələrək qorxu duyur, Onu narazı salmaq istəmirik. Allah qorxusu insanı kədərə qərq etmir, vahiməyə salmır, əksinə, o, nəcib hissdir və insanın əhvalını açır. «Xoşbəxt Allah» Yehova həyat verdiyi insanların xoşbəxtliyini istəyir (1 Timoteyə 1:11, YD). Ancaq xoşbəxtliyimiz Allahın tələblərinə müvafiq yaşamağımızdan asılıdır. Bunun üçün çoxları gərək həyatında köklü dəyişikliklər etsin. Onların hamısı məzmurçu Davudun sözlərinin həqiqiliyinin şahidi olurlar: «Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər! Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz» (Məzmur 34:8, 9). Yehova ilə möhkəm münasibətləri olduğu üçün Allahdan qorxanlar heç bir dəyərli şeyə möhtac qalmırlar.
4. Davud və İsa insanları nəyə əmin edirdilər?
4 Diqqət yetirdinizsə, Davud öz adamlarını ‘müqəddəslər’ adlandırmışdı. Onlar Allahın müqəddəs xalqının üzvləri idilər. Davuda qoşulmaqla həm də həyatlarını təhlükəyə atmışdılar. Şaulun əlindən qaçmalı olsalar da, Davud arxayın idi ki, Yehova onların əsas ehtiyaclarını ödəyəcək. Davud yazırdı: «Gənc aslanlar ac-yalavac qaldılar, lakin Rəbbi axtaranlar heç bir yaxşı şeydən korluq çəkməzlər» (Məzmur 34:10). İsa da öz davamçılarını buna əmin etmişdi (Matta 6:33).
5. a) İsanın ardınca gedənlərin çoxu kimlər idi? b) Qorxuya dair İsa hansı məsləhəti vermişdi?
5 İsanı dinləyənlərin çoxu aşağı təbəqədən olan yoxsul yəhudilər idi. Buna görə də İsanın «onlara yazığı gəldi; zira çobanı olmayan qoyunlar kimi taqətsiz və dağınıq idilər» (Matta 9:36). Bəs belə sadə insanların İsanın ardınca getməyə cəsarəti çatacaqdımı? Bunun üçün onlara insanlardan deyil, Yehovadan qorxmaq lazım idi. İsa demişdi: «Bədəni öldürüb ondan sonra başqa bir şey etməyə qadir olmayanlardan qorxmayın; Ancaq kimdən qorxmalı olduğunuzu sizə izah edirəm: Məhv etdikdən sonra cəhənnəmə atmağa qadir Olandan qorxun; bəli, sizə deyirəm ki, Ondan qorxun. Məgər beş sərçə iki assariyə satılmırmı? Və Allahın yanında onlardan heç biri unudulmamışdır. Sizin başınızdakı saçların hamısı da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Luka 12:4-7).
6. a) İsanın hansı sözləri məsihçiləri möhkəmləndirir? b) Nə üçün İsa Məsih Allahdan qorxan insanlar içində ən gözəl nümunədir?
6 Yehovadan qorxanlar düşmənləri tərəfdən təzyiqə mə’ruz qalanda İsanın məsləhəti üzərində düşünə bilərlər: «Kim Məni insanlar qarşısında iqrar edərsə, İnsan Oğlu da onu Allahın mələkləri qarşısında iqrar edəcəkdir. Amma kim Məni insanlar qarşısında inkar edərsə, Allahın mələkləri qarşısında inkar olunacaqdır» (Luka 12:8, 9). Bu sözlər bütün məsihçiləri, xüsusilə də həqiqi ibadətin qadağan edildiyi ölkələrdə xidmət edənləri möhkəmləndirir. Onlar ehtiyatla davranaraq, məsihçi görüşlərində və xidmətdə Yehovaya durmadan həmd edirlər (Həvarilərin işləri 5:29). «Allah qorxusu» ilə əlaqədar bizim üçün ən gözəl nümunəni İsa qoyub (İbranilərə 5:7). Onun haqqında qabaqcadan deyilmişdi: «Rəbbin Ruhu... və Rəbb qorxusu ruhu onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq» (Yeşaya 11:2, 3). Allah qorxusunun gətirdiyi faydanı İsadan yaxşı bizə kim öyrədə bilər?!
7. a) Məsihçilər hansı də’vətə hay verirlər? b) Valideynlər Davudun nümunəsini necə izləyə bilərlər?
7 İsanın nümunəsini izləyib onun tə’limlərinə riayət edənlər Davudun «gəlin, ey övladlar, məni dinləyin, Rəbdən qorxmağı məndən öyrənin» də’vətinə hay vermiş olurlar (Məzmur 34:11). Davud öz adamlarına, adətən «övladlar» deyə müraciət edərdi, çünki onlar Davuda rəhbər gözü ilə baxırdılar. Davud isə öz tərəfindən davamçılarına ruhani cəhətdən kömək edirdi. O istəyirdi ki, aralarında vəhdət olsun və onlar Allahın lütfünü qazansınlar. Məsihçi valideynlər üçün bu necə də gözəl nümunədir! Yehova valideynlərə uşaqlarını ‘Rəbbin tərbiyə və nəsihəti ilə böyütmək’ səlahiyyətini verib (Efeslilərə 6:4). Valideynlər uşaqları ilə hər gün ruhani mövzular ətrafında söhbət edərək və Müqəddəs Kitabı onlarla müntəzəm öyrənərək onlara Yehovadan qorxmağa və xoşbəxt həyat yaşamağa kömək edirlər (Qanunun təkrarı 6:6, 7).
Allahdan qorxduğumuzu necə göstərə bilərik
8, 9. a) Allahdan qorxan insanın həyatı nə üçün gözəldir? b) Dili şərdən qorumaq nə deməkdir?
8 Yuxarıda qeyd edildiyi kimi Allah qorxusu bizi sevincdən məhrum etmir. Davud soruşur: ‘Kim həyatdan kam almaq istəyir, uzun ömür sürüb xoş gün görmək istəyir?’ (Məzmur 34:12). Sözsüz, uzun ömür sürüb, xoş gün görmək üçün Yehovadan qorxmaq vacibdir. Ancaq sadəcə «mən Allahdan qorxuram» demək asandır, ən əsası odur ki, bunu hərəkətlərimizlə göstərək. Buna görə də Davud Allah qorxusunu əməldə necə göstərməyi izah edir.
9 ‘Dilini şərdən, ağzını fırıldaq üçün işlətməkdən qoru’ (Məzmur 34:13). Məsihçilərə bir-biri ilə qardaş məhəbbətilə davranmağı tövsiyə edəndən sonra Həvari Peter Allahdan ilham alaraq 34-cü məzmurun bu ayəsini sitat gətirir (1 Peter 3:8-12). Dili şərdən qorumaq o deməkdir ki, biz qeybət edib şayiə yaymayacağıq. Əksinə, başqaları ilə söhbət edərkən həmişə ruhlandırıcı mövzular haqqında danışacağıq. Bundan əlavə biz cəsarətli olmağa və həqiqəti söyləməyə çalışmalıyıq (Efeslilərə 4:25, 29, 31; Yaqub 5:16).
10. a) Şərdən çəkinmək nə deməkdir? b) Yaxşılıq etməyə nə daxildir?
10 ‘Şərdən çəkinib yaxşılıq et, sülhü axtarıb ardınca get!’ (Məzmur 34:14). Biz Allahın nifrət etdiyi əməllərdən məsələn, cinsi əxlaqsızlıqdan, oğurluqdan, spiritizmdən, zorakılıqdan, sərxoşluqdan, narkotik maddələrdən istifadədən və özünə belə mənfur şeyləri daxil edən əyləncələrdən uzaq dururuq, pornoqrafiyaya baxmırıq (Efeslilərə 5:10-12). Bunun əvəzinə biz vaxtımızı yaxşılıq etməyə sərf edirik. Ən böyük yaxşılıq isə insanları xilas etmək üçün müntəzəm olaraq Padşahlığın təbliği və şagird hazırlamaq işində iştirak etməkdir (Matta 24:14; 28:19, 20). Biz həm də görüşlərə hazırlaşmaqla, onları buraxmamaqla, ümumdünya təbliğ işi üçün ianə etməklə, Padşahlıq Zalının qeydinə qalmaqla və imkansız məsihçilərə əl tutmaqla yaxşılıq edə bilərik.
11. a) Davud sülh haqqında dediklərini əməldə necə göstərmişdi? b) Yığıncaqda sülhü necə axtara bilərik?
11 Davud sülhü axtarmaqda bizə gözəl nümunə qoymuşdur. Şaulu öldürmək üçün onun əlinə iki dəfə fürsət düşmüşdü. Ancaq o, heç birində zorakılığa yol vermədi və sülhün əldə ediləcəyinə ümid edərək padşahla hörmətlə danışdı (1 Şamuel 24:8-11; 26:17-20). Yığıncaqda sülh təhlükə altında olanda biz nə edə bilərik? Bu halda ‘sülhü axtarıb ardınca getməliyik’. Beləliklə həmimanlımızla münasibətimizin gərginləşdiyini duyanda İsanın «əvvəlcə qardaşın ilə barış» məsləhətinə əməl edirik. Yalnız bundan sonra biz ibadətimizə davam edirik (Matta 5:23, 24; Efeslilərə 4:26).
Allah qorxusunun mükafatı boldur
12, 13. a) Allahdan qorxanlar bu gün hansı xeyir-duanı alırlar? b) Qısa müddətdən sonra, Allahın sadiq xidmətçiləri hansı gözəl mükafatı alacaqlar?
12 «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məzmur 34:15). Allahın Davudla rəftarından bu sözlərin həqiqət olduğu görünür. Biz bilirik ki, Yehovanın gözü bizim üstümüzdədir, ona görə də dərin sevinc hissi və qəlb rahatlığı duyuruq. Hətta böyük çətinliyə düşəndə belə, Onun ehtiyaclarımızı ödəyəcəyinə əminik. Tezliklə Maqoq ölkəsindən olan Qoq Allahın həqiqi xidmətçilərinə hücum edəcək və Yehovanın «dəhşətli günü» gələcək (Yoel 2:11, 31; Yezekel 38:14-18, 21-23). O zaman düşdüyümüz vəziyyətdən asılı olmayaraq, Davudun sözlərinin həqiqiliyinin şahidi olacağıq: «Salehlər fəryad çəkəndə Rəbb eşidir, onları bütün əzablardan azad edir» (Məzmur 34:17).
13 Həmin vaxt Yehovanın Öz böyük adını izzətləndirdiyini görmək necə də sevindirici olacaq! Ürəklərimiz əvvəlkindən də artıq dərin hörmət və qorxu hissi ilə dolacaq, düşmənlər isə rəzillik içində öləcəklər. «Rəbbin üzü şər iş görənlərə qarşıdır, yer üzündə onlardan nişanə qoymayacaq» (Məzmur 34:16). Allahın ədalətli yeni dünyasında yaşamaq üçün xilas olmaq necə də böyük mükafatdır!
Tab gətirməyə kömək edən və’dlər
14. Bəlalara baxmayaraq, tab gətirməyimizə nə kömək edəcək?
14 Allaha düşmən kəsilmiş pozğun dünyada Yehovaya daima itaət etmək üçün dözümlü olmalıyıq. İtaətkar olmaqda Allah qorxusunun köməyi çox böyükdür. Yaşadığımız çətin zəmanədə Yehovanın bə’zi xidmətçilərinin payına düşən əziyyətlər onların qəlbini sındırır və onları ruhən əzir. Ancaq onlar tam əmin olmalıdırlar ki, əgər Yehovaya bel bağlasalar, O, dözməyə kömək edəcək. Davudun sözləri bizə təsəlli verir: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır» (Məzmur 34:18). Davud ruhlandırıcı sözlərinə davam edərək deyir: «Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onları hər birindən qurtarır» (Məzmur 34:19). Bəlaların sayından asılı olmayaraq, Yehova onların hamısından bizi qurtarmağa qadirdir.
15, 16. a) Davud 34-cü məzmuru yazandan az sonra hansı bəladan xəbər tutdu? b) Sınaqlara tab gətirməyə bizə nə kömək edəcəkdir?
15 Davud 34-cü məzmuru yazandan az sonra Nov şəhərinin başına gələn bəladan xəbər tutur: Şaul camaatı və kahinlərin əksəriyyətini qılıncdan keçirmişdi. Yəqin bu, Davud üçün böyük zərbə oldu, çünki o başa düşdü ki, Şaulun qəzəbini məhz onun Nov şəhərinə getməsi alovlandırmışdı (1 Şamuel 22:13, 18-21). Şübhəsiz Davud kömək üçün Yehovaya üz tutdu və salehlərin gələcəkdə diriləcəyindən təskinlik tapdı (Həvarilərin işləri 24:15).
16 Dirilmə ümidi bizi də möhkəmləndirir. Biz bilirik ki, düşmənlərimiz bizə sağalmaz yara vura bilməzlər (Matta 10:28). Davud buna arxayın olduğunu belə ifadə edirdi: «Rəbb onların [salehlərin] hər bir sümüyünü qoruyur, heç biri zədələnməz» (Məzmur 34:20). Bu ayə, əsas e’tibarilə İsanın üzərində yerinə yetdi. İsa qəddarcasına qətlə yetirilsə də, heç bir sümüyü ‘sındırılmadı’ (Yəhya 19:36). Məzmur 34:20 ayəsini daha geniş tətbiq edəndə əmin oluruq ki, məsh olunmuşların və ‘başqa qoyunların’ üzləşdiyi sınaqlar nə qədər şiddətli olsa da, onlara sağalmaz yara vura bilməyəcək. Məcazi mə’nada desək, onların sümükləri heç vaxt sındırılmayacaq (Yəhya 10:16).
17. Allahın xalqına nifrət edənləri nə gözləyir?
17 Günahkarların aqibəti isə tamamilə başqa cür olacaq. Tezliklə onlar nə əkiblərsə, onu da biçəcəklər. «Pislər öz şəri ilə məhv olacaq, salehə nifrət edən məhkum olacaq» (Məzmur 34:21). Allahın xalqına usanmadan qarşı çıxanlar ən pis bəlaya düçar olacaqlar: İsa zühur edəndə onlar «əbədi həlak cəzası çəkəcəklər» (2 Saloniklilərə 1:9).
18. ‘Böyük izdiham’ hansı mə’nada artıq qurtulub və gələcəkdə onları nə gözləyir?
18 Davudun məzmurunun son sözləri bizi bir daha əmin edir: «Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur» (Məzmur 34:22). 40 illik hökmranlığının sonuna yaxın Davud demişdi: ‘[Rəbb] canımı bütün bəlalardan qurtarıb’ (1 Padşahlar 1:29). Allahdan qorxanlar Davud kimi tezliklə geriyə baxıb bütün günahlarından və sınaqlardan qurtulduqlarına sevinəcəklər. Artıq məsh olunmuşların çoxu öz səmavi mükafatlarını almışlar. Bütün millətlərdən olan ‘böyük izdiham’ indi Allaha xidmət etmək üçün İsanın yerdə qalan qardaşlarına qoşulur. Onlar Yehovanın qarşısında təmiz ada sahibdirlər, çünki İsanın qanının günahları yumağa qadir olduğuna iman gətirirlər. Məsihin Minillik Hökmranlığı dövründə onlar fidiyə qurbanlığından tam faydalanaraq kamilliyə çatacaqlar (Vəhy 7:9, 14, 17; 21:3-5).
19. ‘Böyük izdihamin’ üzvləri nə etmək əzmindədirlər?
19 Allaha ibadət edən ‘böyük izdiham’ nə üçün bu xeyir-duaları alacaq? Çünki onlar bundan sonra da Yehovadan qorxmaq, Ona ehtiramla xidmət etmək və tabe olmaq əzmindədirlər. Doğrudan da Allah qorxusu sayəsində artıq indidən həyatdan zövq alırıq və həqiqi həyatdan — Allahın yeni dünyasında yaşanacaq əbədi həyatdan bərk tuturuq (1 Timoteyə 6:12, 18, 19, haşiyə; Vəhy 15:3, 4).
Xatırlayırsınızmı?
• Biz Allahdan nə üçün qorxmalıyıq və bu qorxu nə deməkdir?
• Allah qorxusu bizim davranışımıza necə tə’sir göstərməlidir?
• Allah qorxusunun hansı faydası var?
• Hansı və’dlər tab gətirməyimizə kömək edir?