Yehovanın kəlamı canlıdır
«Zəbur» kitabının ikinci hissəsindən diqqətəlayiq fikirlər
YEHOVANIN Şahidləri çətinliklər və sınaqlarla qarşılaşacaqlarını bilirlər. Həvari Pavel yazırdı: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır» (2 Timoteyə 3:12). Sınaq və tə’qiblərə tab gətirib, Allah qarşısında nöqsansızlığımızı qorumaqda bizə nə kömək edə bilər?
Məzmurların beş toplusundan ikincisi bizə bu sahədə böyük köməkdir. 42-dən 72-dək məzmurlardan görürük ki, sınaqların öhdəsindən uğurla gəlmək üçün ümidimizi bütövlüklə Yehova Allaha bağlamalı, qurtuluşu yalnız Ondan gözləməliyik. Necə də mühüm bir fikirdir! «Zəbur» kitabının ikinci hissəsi, Allahın Kəlamındakı digər kitablar kimi, hətta bu gün də «canlı və tə’sirli»dir (İbranilərə 4:12).
YEHOVA ALLAH BİZƏ ‘SIĞINACAQ [VƏ] QÜVVƏTDİR’
Levili sürgündədir. Mə’bəddə ibadət edə bilmədiyindən, o özünə təsəlli verir: «Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla» (Məzmur 42:5, 11; 43:5). Təkrarlanan bu ayənin sayəsində 42 və 43-cü məzmurlardakı üç bənd bir poemanı təşkil edir. 44-cü məzmur dara düşmüş Yəhudadan ötrü Allaha yalvarışdır. Ola bilər, bu yalvarış, padşah Xizqiyanın dövründə Yəhudanın aşşurlular tərəfindən zəbt olunmaq təhlükəsi yaranan zamana aiddir.
Padşah toyunu təsvir edən 45-ci məzmur Xilaskar Padşah haqqında peyğəmbərlik nəğməsidir. Növbəti üç məzmurda Yehova Allah ‘sığınacaq [və] qüvvət’, «bütün yer üzünün böyük Padşahı» və «alınmaz qala» kimi təsvir edilir (Məzmur 46:1; 47:2; 48:3). 49-cu məzmur insanın heç vaxt ‘öz ömrünü satın ala bilməyəcəyini’ göstərir (Məzmur 49:7). İkinci topluya daxil olan ilk səkkiz məzmurun müəllifi Qorahın oğulları hesab olunur. 50-ci məzmur isə Asafın əsəridir.
Müqəddəs Kitab suallarına cavablar:
44:19 — «Çaqqalların diyarı» haradır? Ola bilər, məzmurçu cəsədlərin çaqqallara yem olduğu dava meydanına işarə edir.
45:13, 14a — ‘Padşahın yanına gətirilən’ «şah qızı» kimdir? O, «millətlərin Hökmdarı» Yehova Allahın qızıdır (Vəhy 15:3). Bu qız 144 000 məsh olunmuş məsihçinin yığıncağını təmsil edir. Yehova onları Öz ruhu ilə məsh edib övladlığa götürür (Romalılara 8:16). Yehovanın «qızı», «əri üçün hazırlanmış bəzəkli bir gəlin kimi» nişanlısının, Xilaskar Padşahın yanına gətirilir (Vəhy 21:2).
45:14b, 15 — ‘Rəfiqələr’ kimləri təmsil edir? Rəfiqələr — yer üzündə yaşayan məsh edilmiş məsihçilərə qoşulub, onlara kömək edən ‘böyük izdihamdır’. «Böyük məşəqqətdən» sağ çıxdıqları üçün Xilaskar Padşahın göydə toyu bitəndə onlar yer üzündə olacaqlar (Vəhy 7:9, 13, 14). Onda onlar «sevinclə, şadlıqla» dolacaqlar.
45:16, (KM) — Padşahın atalarının yerinə oğullarının olması nə deməkdir? İsa Məsih yer üzündə doğulanda onun ‘ataları’ və ya əcdadları olanlar, Minillik Hakimiyyəti dövründə həyata qaytarılaraq onun oğulları olacaqlar. Onlardan bə’ziləri yer üzündə tə’yin edilmiş ‘rəislərin’ sırasında olacaq.
50:2 — Yerusəlim nəyə görə «qüsursuz, gözəl» adlanır? Bu sözlər onun zahiri gözəlliyinə aid deyil. Yehova Yerusəlimi seçdiyi üçün o gözəl idi. Allah Öz mə’bədinin bu şəhərdə tikilməsinə əmr verməklə onu izzətləndirmiş, Yerusəlimi məsh edilmiş padşahlarının oturduğu paytaxt etmişdi.
Bizim üçün ibrət dərsləri:
42:1-3. Quraqlıqda suya həsrət qalan maral kimi, levili Yehovanın həsrətini çəkirdi. Levili Yehovanın mə’bədində xidmət edə bilmədiyi üçün o qədər qüssəli idi ki, ‘göz yaşları gecə-gündüz qidası olmuşdu’, yə’ni iştahası küsmüşdü. Allahımız Yehovaya qardaşlarımızla birlikdə ibadət etmək imkanını qiymətləndiririkmi?
42:4, 5, 11; 43:3-5. Əgər bizdən asılı olmayan hər hansı bir səbəbə görə məsihçi yığıncağından müvəqqəti olaraq ayrı düşmüşüksə, gəlin kədərlənməyək. Bacı-qardaşlarımızla ünsiyyətin xoş xatirələri bizə güc verəcək. Ola bilər, ilk vaxtlar bu xatirələr tənhalıq hissini daha da şiddətləndirsin, amma eyni zamanda onlar bizə xatırladacaqlar ki, Allah sığınacağımızdır və vəziyyətimizi yüngülləşdirənə qədər Onu gözləməliyik.
46:1-3. Başımıza gələn hadisə və ya bəlalardan asılı olmayaraq, biz əmin olmalıyıq: yalnız «Allah bizə sığınacaqdır, qüvvətdir»!
50:16-19. Yalan danışan və ya şər əməl edən heç bir insanın Allahı təmsil etməyə haqqı yoxdur.
50:20. Başqalarının nöqsanlarını aləmə yaymaqdansa, onlara göz yummalıyıq (Koloslulara 3:13).
«EY QƏLBİM, SÜKUTLA ALLAHI GÖZLƏ»
Bu qrupa daxil olan məzmurlar Davudun Bat-Şeva ilə günahından sonra yazdığı ürəkdən gələn dua ilə başlayır. 52-dən 57-dək məzmurlarda oxuyuruq ki, Yehova, qayğı yüklərini Ona verənlərə və xilası Ondan gözləyənlərə qurtuluş bəxş edir. 58-dən 64-dək məzmurlarda sıxıntılı vaxtlarında Davudun Yehovanı özünə sığınacaq seçməsindən bəhs edilir. «Ey qəlbim, sükutla Allahı gözlə, çünki ümidim Ondadır» (Məzmur 62:5).
Xilaskarımızla yaxın dostluq münasibətləri bizi Onun ‘şərəfli ismini tərənnüm etməyə’ təşviq etməlidir (Məzmur 66:2). Ona, 65-ci məzmurda yer üzünə səxavətlə bərəkət verən Allah, 67 və 68-ci məzmurlarda azad edən Allah, 70 və 71-ci məzmurlarda isə Xilaskar Allah kimi tərənnüm edilir.
Müqəddəs Kitab suallarına cavablar:
53:1 — Allahın mövcudluğunu danan adam hansı mə’nada ‘axmaqdır’? Buradakı ‘axmaq’ sözü əqli çatışmazlığı bildirmir. Allahın mövcudluğunu danan adamın mə’nəvi cəhətdən axmaq olması Məzmur 53:1-4 ayələrindən görünür.
58:3-5 — Pis adamlar hansı mə’nada ilan kimidirlər? Pislərin başqa adamlar haqqında yaydıqları yalan sanki ilan zəhəridir. Onlar öz qurbanlarının yaxşı adını yalanları ilə bədnam edirlər. «Qulaqlarını tıxayan gürzə»tək onlar məsləhətə məhəl qoymur, islah olunmaq istəmirlər.
58:7 — Zalımlar hansı mə’nada ‘su kimi axıb yox olurlar’? Davud ola bilər, Və’d edilmiş diyardakı çaylar haqqında düşünürdü. Daşqından sonra çayın səviyyəsi qalxır və su çox iti axıb gedir. Davud da zalımların tez bir zamanda bu cür axıb getməsi və ya yox olması barəsində dua edirdi.
68:13 — Göyərçinin qanadlarının gümüş kimi bərq vurması, tüklərinin qızıl kimi parlaması nə deməkdir? Mavi-boz göyərçinlərin bə’zi lələkləri əlvan rəngdə olur. Günəşin şüaları altında quşların tükləri metal parıltısı alır. Güman ki, Davud döyüşdən zəfərlə qayıdan israilli döyüşçüləri iti qanadlı və parlaq görkəmli göyərçinə bənzədirdi. Bə’zi alimlərin zənnincə, bu təsvir daha çox incəsənət əsərinə və ya qənimət kimi ələ keçirilmiş bir əşyaya işarədir. Hər halda, Davud bu məzmurda Yehova Allahın Öz xalqına verdiyi qələbələr barəsində oxuyurdu.
68:18, (YD) — «İnsanlar timsalında hədiyyələr» ifadəsi kimlərə aid idi? İnsanlar timsalında hədiyyələr — Və’d edilmiş diyarın istilası zamanı götürülmüş bə’zi əsirlər idi. Onlar həm də levililərə işlərində kömək edirdilər (Ezra 8:20).
68:30 — «Qamışlıqda yaşayan heyvanları... tənbeh et» xahişi nə deməkdir? Yehovanın xalqının düşmənlərini vəhşi heyvanlara bənzədən Davud, Allahdan xahiş edirdi ki, onları tənbeh etsin, yə’ni onların pisliyə yönələn gücünü idarə etsin.
69:23 — «Belləri onları lərzəyə salsın» ifadəsi hansı mə’nanı daşıyır? Ağır əşyaları qaldırıb daşımaq kimi fiziki işi yerinə yetirmək üçün bel nahiyəsindəki əzələlər möhkəm olmalıdır. Zəif bel gücün itirilməsinə işarə edir. Davud dua edirdi ki, Allah düşmənlərini güclərindən məhrum etsin.
Bizim üçün ibrət dərsləri:
51:1-4, 17. Günah etmək o demək deyil ki, biz mütləq Yehova Allahdan uzaqlaşırıq. Əgər biz peşmançılıq çəkiriksə, əmin ola bilərik ki, O bizimlə mərhəmətlə davranacaq.
51:5, 7-10. Günah işlədəndə bağışlanmaq üçün Allaha müraciət edə bilərik. Yehova Allah ‘ana bətnindən günahlı’ doğulduğumuzu, yə’ni günahı miras aldığımızı nəzərə alır. Münasibətlərimizin bərpa olunması, ürəyimizin günahlı meyllərdən təmizlənməsi və doğru, təmiz fikirlərlə dolması haqda dua etməliyik.
51:18. Davudun günahları bütün xalqın əmin-amanlığını təhlükə altına atmışdı. Davud Allahın Siona lütf etməsi üçün dua edirdi. İşlətdiyimiz ciddi günah Allahın adını və yığıncağı rüsvay edə bilər. Rüsvayçılığın nəticələrini aradan qaldırması üçün Yehovaya dua etməliyik.
52:8. Biz də ‘Allahın evindəki yaşıl zeytun ağacına bənzəyə’, yə’ni Allahla yaxın münasibətdə və xidmətimizdə bəhrəli ola bilərik. Bunun üçün Allaha tabe olub, öyüd-nəsihətlərini məmnuniyyətlə qəbul etməliyik (İbranilərə 12:5, 6).
55:4, 5, 12-14, 16-18. Doğma oğlu Avşalomun ona qarşı hazırladığı sui-qəsd və e’tibarlı məsləhətçisi Axitofelin xəyanəti Davud üçün çox güclü zərbə idi. Buna baxmayaraq, Davudun Yehovaya olan əminliyi sarsılmamışdı. Biz də yol verməməliyik ki, emosional sarsıntılar üzündən Allaha e’tibarımız zəifləsin.
55:22. Qayğı yükümüzü Yehovaya necə verə bilərik? 1) Çətinliyimizi duada Ona açmaqla, 2) rəhbərlik və kömək üçün Kəlamı və təşkilatına müraciət etməklə, 3) vəziyyəti yüngülləşdirmək üçün imkanımız dairəsində əlimizdən gələni etməklə (Süleymanın məsəlləri 3:5, 6; 11:14; 15:22; Filipililərə 4:6, 7).
56:8. Yehova Allahın çətinliklərimizdən də, onların bizə göstərdiyi emosional tə’sirdən də xəbəri var.
62:11. Allah heç bir xarici qüvvədən asılı deyil. O Özü qüvvə mənbəyidir. «Qüdrət Allahındır».
63:3. Yehovanın ‘məhəbbəti bu həyatdan gözəldir’. Onsuz həyat mə’nasız və boşdur. Ona görə də Yehova Allahla dostluq münasibətlərini daima möhkəmləndirməliyik.
63:6. Heç kəsin maneçilik törətmədiyi sakit gecə — düşünmək üçün ə’la, münasib vaxtdır.
64:2-4. Qeybətçilər təqsirsiz adamın adına qara yaxa bilərlər. Biz qeybətə nə qulaq asmalı, nə də özümüz qeybət qılmalıyıq.
69:4, (YD). Elə vaxtlar olur ki, sülhü qorumaq üçün məzmurçu kimi davranmaq lazım gəlir: «Oğurlamadığım şeyi qaytardım». Səhv etmədiyimizə əmin olsaq da, üzr istəməklə, demək olar ki, ‘oğurlamadığımız şeyi qaytarırıq’. Bu müdrik addımdır.
70:1-5. Yehova kömək üçün yalvarışlarımızı eşidir (1 Saloniklilərə 5:17; Yaqub 1:13; 2 Peter 2:9). Allah müəyyən bir sınaqdan keçməyimizə yol verə bilər. Lakin düşdüyümüz vəziyyətin öhdəsindən gəlmək üçün O bizə hikmət, güc və dözüm verəcək. O, gücümüzdən artıq sınanmağımıza yol verməyəcək (1 Korinflilərə 10:13; İbranilərə 10:36; Yaqub 1:5-8).
71:5, 17. Uşaqlıqdan bəri, hələ filistimli Qolyatla üzləşməzdən əvvəl, Yehovaya güvəndiyi üçün Davud qoçaq və güclü idi (1 Şamuel 17:34-37). Uşaqlar da bütün işlərində Yehova Allaha güvənməlidirlər.
‘Qoy bütün yer üzü Onun izzətinə bürünsün’
İkinci topludakı sonuncu məzmur Süleymanın padşahlığına həsr edilib. O, Məsihin hakimiyyəti dövründə yer üzündə hökm sürəcək şərait haqqında peyğəmbərlik nəğməsidir. Orada gözəl xeyir-dualardan danışılır: sonsuz sülh, zorakılığın və zülmün axırı, yer üzündə bolluq! Bəs biz, Padşahlığın xeyir-dualarını görənlər arasında olacağıqmı? Bəli, bir şərtlə ki, Yehovanı gözləyib Onu ‘sığınacağımız, qüvvəmiz’ edək.
Davudun duaları bu sözlərlə sona çatır: «Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, xariqələrin yeganə yaradanına! Onun şərəfli ad-sanına əbədi alqış olsun, bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!» (Məzmur 72:18-20). Gəlin biz də Yehovaya bütün ürəkdən alqış oxuyaraq Onun izzətli adına həmd edək!
[31-ci səhifədəki şəkil]
‘Şah qızının’ kimi təmsil etdiyini bilirsənmi?