Yehova bizə günlərimizi saymağı öyrədir
“Günlərimizi saymağı bizə elə öyrət ki, hikmətli ürəyi əldə edək” (MƏZMUR 90:12).
1. Nə üçün Allaha yalvarmalıyıq ki, “günlərimizi saymağı” bizə öyrətsin?
YEHOVA ALLAH - Yaradanımız və Həyat Verənimizdir (Məzmur 36:9; Vəhy 4:11). Buna görə də, həyatın illərini müdrikliklə istifadə etməyi bizə Ondan başqa kimsə öyrədə bilməz. Elə bu səbəbdən məzmurçunun: “Günlərimizi saymağı bizə elə öyrət ki, hikmətli ürəyi əldə edək” - deyə, Allaha ürəkdən bu cür yalvarması tamamilə aydındır (Məzmur 90:12). Bu yalvarışın qələmə alındığı 90-cı Məzmuru, şübhəsiz ki, diqqətlə nəzərdən keçirməyimizə dəyər. Ancaq gəlin əvvəlcə Allah tərəfindən ilhamlanmış bu mahnı haqqında ümumi təsəvvür əldə edək.
2. a) Məzmurun 90-cı fəslinin müəllifi kim olmuşdur və ehtimal ki, o nə vaxt yazılmışdır? b) Məzmurun 90-cı fəsli həyata olan münasibətimizə necə tə’sir göstərməlidir?
2 Məzmurun 90-cı fəslinin birinci ayəsində deyilir ki, bu “Allah adamı Musanın duası”dır. Bu Məzmurda insan ömrünün qısalığına diqqət yetirildiyi üçün, demək olar ki, o israillilərin Misir əsarətindən azad olduqları və səhradakı 40 illik səyahətləri zamanı minlərlə insanın ölümü ilə sədaqətsiz nəslin bütünlüklə həlak olduğu bir vaxtda qələmə alınmışdır (Saylar 32:9-13). Hər necə olursa-olsun, 90-cı Məzmur qeyri-kamil insan həyatının qısa olduğunu göstərir. Belə isə, deməli həyatımızın qiymətli günlərindən müdrikliklə istifadə etməliyik.
3. Məzmurun 90-cı fəslinin qısa məzmunu nədən ibarətdir?
3 Məzmurun 90-cı fəslinin 1-dən 6-ya qədər olan ayələrində Yehova haqqında bizim əbədi məskənimiz kimi söz edilir. 7-dən 12-yə qədər olan ayələr həyatımızın uçan illərini Yehovaya məqbul tərzdə yaşamaq üçün nə etmək lazım olduğunu göstərir. 13-dən 17-yə qədər olan ayələrdə isə, Yehovanın bizə sədaqətlə mərhəmət göstərməsinə və xeyir-dua verməsinə olan möhkəm istəyimiz təzahür olunur. Həmin Məzmurda ayrı-ayrılıqda Yehovanın Şahidlərinin həyatında baş verəcək hadisələr qabaqcadan göstərilməsə də, bu duada ifadə olunan sözlərə hər birimiz ürəkdən yanaşmalıyıq. Gəlin, 90-cı Məzmuru Allaha həsr olunmuş insanların nöqteyi-nəzəri baxımından təfsilatı ilə müzakirə edək.
Yehova “bizə məskən”dir
4-6. Hansı mə’nada Yehova bizim üçün “məskən”dir?
4 Məzmurun 90-cı fəsli aşağıdakı sözlərlə başlanır: “Ya Rəbb, sən bizə məskən idin bütün dövrlərdə. Dağlar doğulmadan öncə və sən [“doğuş ağrıları ilə”, YD] yeri və dünyanı yaratmadan öncə, əzəldən əbədiyyətə qədər, sən Allahsan” (Məzmur 90:1, 2).
5 “Əbədi Allah” Yehova bizim məskənimiz, ruhani sığınacaq yerimizdir (Romalılara 16:26). O, dualarımızı dinlədiyi üçün bizə kömək göstərməyə həmişə hazırdır və bu səbəbdən biz özümüzü təhlükəsiz hiss edirik (Məzmur 65:2). Onun sevimli Oğlunun adından öz qayğılarımızı səmavi Atamıza həvalə etdiyimiz üçün, “Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə” ürəklərimizi və düşüncələrimizi qoruyacaqdır (Filipililərə 4:6, 7; Matta 6:9; Yəhya 14:6, 14).
6 Biz ruhani mə’nada təhlükəsizlikdəyik, çünki Yehova bizə “məskən”dir. O, bizə, ehtimal ki, xalqının yığıncağı ilə sıx əlaqəli olan, “daxili otaqlar” təqdim edir. Bu, sevən ağsaqqalların ruhani mə’nada dincliyimizi qorumaq üçün hər cür kömək göstərdikləri sakit bir limandır (İşaya 26:20; 32:1, 2; Həvarilərin işləri 20:28, 29). Bundan əlavə, bə’zilərimiz artıq uzun illərdir ki, Allaha xidmət edən məsihçi ailələrinə məxsusuq və Yehova belə ailələr üçün “bütün dövrlərdə” “məskən” olmuşdur.
7. Hansı mə’nada dağlar “doğuldu” və yer “doğuş ağrıları ilə” yarandı?
7 Yehova hələ dağlar “doğulmadan” və yer “doğuş ağrıları ilə” yaranmadan öncə mövcud idi. İnsan nöqteyi-nəzərindən Yer kürəsini onun fövqəl’adəliyi, kimyəvi tərkibi və mürəkkəb quruluşu ilə yaratmaq üçün olduqca çox vaxt tələb olunurdu. Dağlar “doğuldu” və yer “doğuş ağrıları ilə” yarandı deyərkən, məzmurçu Yehovanın bunlar üçün çəkdiyi əməyə olan dərin hörmətini göstərir. Yaradanımızın işlərinə biz də eyni hörməti göstərib, onları qiymətləndirməli deyilikmi?
Yehova bizə kömək etməyə həmişə hazırdır
8. Yehovanın “əzəldən əbədiyyətə qədər” olması hansı mə’nanı daşıyır?
8 Məzmurçu oxuyurdu: “Əzəldən əbədiyyətə qədər, sən Allahsan”. Burada “əbədiyyət”, bə’zi ayələrdə isə “əbədi” kimi tərcümə olunan qədim yəhudi sözü, sonu olan, lakin davamı mə’lum olmayan zaman müddəti mə’nasını verə bilər (Çıxış 31:16, 17; İbranilərə 9:15). Lakin Məzmur 90:2 ayəsində və İbranicə Müqəddəs Yazıların başqa hissələrində konteksti nəzərə alsaq, burada əbədiyyət nəzərdə tutulur (Vaiz 1:4). Allahın əbədi mövcudluğu bizim üçün ağlasığmazdır. Bununla belə Yehovanın nə əvvəli olub, nə də sonu olacaq (Habaqquq 1:12). O, daima yaşayacaq və həmişə bizə kömək etməyə hazır olacaqdır.
9. Bəşəriyyətin min il yaşama dövrünü məzmurçu nə ilə müqayisə etmişdir?
9 Allahdan ilham almış məzmurçu demişdir ki, bəşəriyyətin min il yaşama dövrü əbədi Yaradanın nöqteyi-nəzərində çox qısa müddətdir. Məzmurçu Allaha müraciət edərək yazırdı: “İnsanı torpağa döndərirsən və: ey adam oğulları, dönün, deyirsən. Çünki sənin gözlərində min il keçən dünənki gün və bir gecə növbəsi kimidir” (Məzmur 90:3, 4).
10. Hansı mə’nada Allah insanı torpağa döndərir?
10 İnsan fanidir və Allah onu torpağa döndərir. Yehova sanki deyir: “Torpaqdan alındın, torpağa dön” (Təkvin 2:7; 3:19). Bu hamıya - güclülərə və zəiflərə, varlılara və kasıblara aiddir, ona görə ki, insan “qardaşını fidiyə ilə qurtara bilməz, Allaha kəffarəsini verə bilməz... ta ki, o artıq daima yaşasın” (Məzmur 49:6-9). Ancaq biz nə qədər minnətdar olmalıyıq ki, “Allah... vahid Oğlunu... verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin... əbədi həyatı olsun”! (Yəhya 3:16; Romalılara 6:23).
11. Nəyin əsasında deyə bilərik ki, bizim üçün uzun görünən vaxt Allah üçün çox qısadır?
11 Yehovanın gözündə, hətta 969 yaşlı Mətuşeləx bir gündən az yaşadı (Təkvin 5:27). Allah üçün min il cəmi bir sutkadır, keçən dünənki gün kimidir. Məzmurçu həm də qeyd edir ki, min il, Allahın gözündə, gecə düşərgəni qoruyan gözətçinin dördsaatlıq “gecə növbəsi” kimidir (Hakimlər 7:19). Hər şeydən aydın göründüyü kimi, bizim üçün uzun görünən vaxt əbədi Allah Yehova üçün çox qısadır.
12. Allah hansı mə’nada insanları süpürür?
12 Allahın əbədi mövcudluğu ilə müqayisədə bu gün insanın həyatı olduqca qısadır. Məzmurçu deyir: “Onları süpürüb götürürsən; rö’ya kimi olurlar, səhər bitən ot kimidirlər. Sabah vaxtı çiçəklənir və böyüyür; axşam vaxtı biçilir və quruyur” (Məzmur 90:5, 6). Səhrada Musanın gözləri qarşısında minlərlə israillilər ölürdü, sanki Allah onları süpürüb götürürdü. Başqa bir tərcümədə bu ifadə belə səslənir: “Sən insanları süpürürsən və onlar ölüm yuxusuna qərq olurlar” (“New International Version”). Digər tərəfdən, qeyri-kamil insanın həyatı qısa “yuxu”, gecə istirahəti ilə müqayisə olunur.
13. Biz hansı mə’nada “ota” bənzəyirik və bu bizim təfəkkürümüzdə necə əks olunmalıdır?
13 Biz “səhər bitən ot” kimi “çiçəklənir və böyüyür”, axşam isə günəşin yandırıcı şüaları altında saralıb soluruq. Bəli, bizim həyatımız bir günün içində saralıb solan ot kimi qısadır. Gəlin dəyərli vaxtımızı boş yerə hədər verməyək. Gəlin, bu Allahsız dünyada hələ yaşanası illərdən necə düzgün istifadə etmək üçün Yehovanın rəhbərliyini axtaraq.
Yehova “günlərimizi saymağa” kömək edir
14, 15. Məzmur 90:7-9 ayələri israillilərin üzərində necə yerinə yetdi?
14 Məzmurçu, Allah haqqında bu sözləri də deyir: “Çünki sənin hiddətinlə tələf oluruq və qəzəbinlə çaşırıq. Nöqsanlarımızı öz önünə, gizli günahlarımızı üzünün nuruna qoydun. Çünki bütün günlərimiz sənin qəzəbində keçir; illərimizi bir nəfəs kimi bitirməkdəyik” (Məzmur 90:7-9).
15 Sədaqətsiz israillilər Allahın hiddətindən tələf olurdular. Onlar, Onun qəzəbindən çaşqınlıq içində idilər və ya “hiddətindən dəhşətə gəlirdilər” (“New International Version”). Onlardan bə’ziləri “səhrada məhv oldular” - Allahın cəzasına uğradılar (1 Korinflilərə 10:5, İ-93). Yehova onların nöqsanlarını “öz önünə” qoydu. Yehova onları hamıya mə’lum olan günahlara görə yalnız məs’uliyyətə cəlb etmirdi, həmçinin onların gizli günahlarını “üzünün nuruna” qoyurdu (Süleymanın məsəlləri 15:3). Tövbə etməyən israillilər illərini “bir nəfəs kimi” bitirməkdə idilər. O ki, qaldı bizim həyatımıza, o da, pıçıltı ilə danışan zaman ağzımızdan çıxan nəfəs kimi qısadır.
16. Gizlində günah işlədənlər nə etməlidir?
16 Əgər bizlərdən kimsə gizlində günah işlədibsə, belə günahlı hərəkət tərzini bir qədər vaxt insanlardan gizlətmək mümkündür. Lakin bizim gizli günahlarımız Yehovanın “üzünün nuru” qarşısındadır və öz davranışımızla Onunla olan münasibətimizi poza bilərik. Yehovaya yenidən yaxın olmaq üçün biz duamızda ondan üzr istəməli, günah işlətməyə son qoymalı və məsihçi ağsaqqallarından minnətdarlıqla kömək qəbul etməliyik (Süleymanın məsəlləri 28:13; Yaqub 5:14, 15). Bu, əbədi həyata olan ümidi təhlükə altına atmaqdan və “illərimizi bir nəfəs kimi” itirməkdən nə qədər yaxşıdır!
17. Adətən insanlar nə qədər yaşayır və həyatımız nə ilə doludur?
17 İnsan həyatının davamlılığı haqqında məzmurçu deyir: “İllərimizin günləri yetmiş ildir və qüvvətlə səksən il olarsa onların qüruru zəhmət və kədərdir; çünki tez keçər və biz də uçarıq” (Məzmur 90:10). Ümumilikdə insanlar 70 il yaşayırlar. Kaleb 85 yaşında, bu yaşa görə qeyri-adi sağlamlığı olduğunu qeyd etmişdir. Əlbəttə, istisna hallar da mövcuddur: Harun - 123, Musa - 120, Yeşu isə - 110 il yaşamışlar (Saylar 33:39; Təsniyə 34:7; Yeşu 14:6, 10, 11; 24:29). Lakin Misirdən çıxmış sədaqətsiz nəsildən, əsarətdən sonra 20 yaşından yuxarı “sayılanlar”ın hamısı 40 il müddətində öldü (Saylar 14:29-34). Bu gün bir çox ölkələrdə yaşama müddəti məzmurçunun göstərdiyi həddə qalmaqdadır. Həyatımız “zəhmət və kədər”lə doludur. Onlar “tez keçir və biz də uçuruq” (Eyub 14:1, 2).
18, 19. a) “Günlərimizi saymağı bizə elə öyrət ki, hikmətli ürəyi əldə edək” nə deməkdir? b) Müdriklik bizi nəyə təşviq edəcək?
18 Sonra məzmurçu oxuyur: “Qəzəbinin qüdrətini, sənə vacib olan qorxuya görə hiddətini kim bilir? Günlərimizi saymağı bizə elə öyrət ki, hikmətli ürəyi əldə edək” (Məzmur 90:11, 12). Bizlərdən heç kim Allahın qəzəbinin qüdrətindən və ya hiddətindən tam xəbərdar deyil və bu, Yehovanın qarşısında malik olduğumuz möhtərəm qorxunu artırmalıdır. Həmçinin bu, “hikmətli ürəyi əldə” edək deyə “günlərimizi saymağı” öyrətməsini xahiş etmək üçün tutarlı səbəbdir.
19 Məzmurçunun sözləri - duadır. Bu duada o Yehovadan xahiş edir ki, ömürlərinin qalan günlərini müdrikliklə qiymətləndirməkdə və istifadə etməkdə xidmətçilərinə kömək etsin. 70 il həyat - 25 500 gün edir. Lakin yaşımızdan asılı olmayaraq “sabah nə baş verəcəyini bilmirik... müvəqqəti olaraq görünüb, sonra da qeyb olan buxarıq” (Yaqub 4:13-15). Heç birimiz “vaxt və təsadüf”dən mühafizə olunmamışıq və buna görə də hələ nə qədər yaşayacağımızdan bixəbərik. Beləliklə gəlin, sınaqların öhdəsindən gələ bilmək üçün Allahdan müdriklik diləyək, ətrafdakılarla düzgün rəftar edək və Yehovaya xidmətdə əlimizdən gələni nə vaxtsa deyil, elə bu gündən - indidən edək! (Vaiz 9:11; Yaqub 1:5-8). Yehova bizə öz Kəlamı, ruhu və təşkilatı vasitəsilə rəhbərlik edir (Matta 24:45-47; 1 Korinflilərə 2:10; 2 Timoteyə 3:16, 17). Müdriklik bizi “əvvəlcə Onun [Allahın] Padşahlığını” axtarmağa təşviq edir. Həmçinin Yehovaya izzət gətirmək, onun ürəyini sevindirmək üçün günlərimizdən düzgün istifadə etməyə kömək edir (Matta 6:25-33, İ-93; Süleymanın məsəlləri 27:11). Yehovaya bütün ürəkdən etdiyimiz ibadət, əlbəttə, bizi problemlərdən azad etməyəcək, lakin bu, mütləq böyük sevinc gətirəcək.
Yehovanın xeyir-duası bizə sevinc gətirir
20. a) Allah hansı mə’nada “mərhəmət eylə”yir? b) Əgər ciddi günah işlətdikdən sonra səmimi qəlbdən tövbə ediriksə, Yehova bizimlə necə rəftar edəcək?
20 Əgər qalan ömrümüzü sevinc içində keçirə bilsəydik, bu necə də gözəl olardı! Musa, Allaha yalvarırdı: “Dön, ya Rəbb, nə vaxta qədər...? Və qullarına mərhəmət eylə. Sabah vaxtı inayətin ilə bizi doydur və bütün günlərimizdə məsrur olub sevinək” (Məzmur 90:13, 14). Allah yanılmır. Bununla belə, Onun xəbərdarlığı günahkarları, düşüncə tərzini və davranışını dəyişməyə təhrik edən zaman, O “mərhəmət eylə”yərək və hiddətinin qızğınlığından dönərək cəza vermək fikrindən vaz keçir (Təsniyə 13:18). Buna görə də biz, hətta ciddi günah işlətmiş olsaq belə, əgər həqiqətən tövbə ediriksə, onda Yehova inayəti ilə bizi doyduracaq və bizim sevinmək üçün səbəbimiz olacaq (Məzmur 32:1-5). Allahın ədalətli yolları ilə gedəndə isə, Onun dəyişməz məhəbbətini öz üzərimizdə hiss edəcəyik və bu, “bütün günlərimizdə” və ya qalan həyatımızda “məsrur olub sevin”məyə yol verəcək.
21. Məzmur 90:15, 16 ayələrində Musa, ehtimal ki, nə diləyirdi?
21 Məzmurçu ürəkdən dua edirdi: “Bizi düşkün etdiyin günlərə görə, bəla çəkdiyimiz illərə görə, bizi sevindir. İşin qullarına və calalın onların oğulları üzərində görünsün” (Məzmur 90:15, 16). Ehtimal ki, Musa İsrailin əziyyət çəkdiyi günlərin sayı qədər də sevincli günlərinin olması üçün Allahın xeyir-dua verməsini istəyirdi. Musa, Allahın israillilərə ne’mətlər verməsi ilə əlaqədar “işinin”, xidmətçiləri tərəfindən açıqca görünməsini və izzətinin İsrailin oğullarının və ya nəsillərinin üzərində zahir olunmasını istəyirdi. Allahın və’d etdiyi yeni dünyada itaətli insanlar üzərində Onun xeyir-duasının izhar olunması üçün dua etməyə tam əsasımız var (2 Peter 3:13).
22. Məzmur 90:17 ayəsinə əsasən nə haqda dua etmək məntiqə uyğundur?
22 Məzmurun 90-cı fəsli belə bir yalvarışla başa çatır: “Allahımız Rəbbin ne’məti üzərimizdə olsun; və əllərimizin işini üzərimizdə möhkəmləndir; bəli, əllərimizin işini möhkəmlndir” (Məzmur 90:17). Bu sözlərdən görünür ki, xidmətdə bizə xeyir-dua verməsi üçün Allaha yalvarmaq məntiqə uyğundur. Biz - necə ki, məsh edilmiş məsihçilər, eləcə də onların həmkarları olan “başqa qoyunlar” - “Rəbbin ne’məti”nin üzərimizdə yerinə yetməsinə sevinirik (Yəhya 10:16). Biz necə də şadıq ki, Padşahlıq haqqındakı xəbəri təbliğ etməkdə və başqa işlərdə Allah bizi “möhkəm”ləndirir!
Gəlin günlərimizi saymağa davam edək
23, 24. Məzmurun 90-cı fəsli üzərində düşünmək bizə hansı faydanı gətirir?
23 Məzmurun 90-cı fəsli üzərində düşünərək, gərək biz Yehovadan, “məskənimizdən” asılı olduğumuzu daha çox hiss edək. İnsan ömrünün qısalığı üzərində düşünərək, gərək günlərimizi düzgün saymaq üçün Allahın rəhbərliyinə olan ehtiyacımızı daha aydın dərk edək. Və əgər biz Allahın rəhbərliyini sə’ylə axtarmağa çalışır və onu izləyiriksə, onda biz hökmən Onun mərhəmət və xeyir-duasını görəcəyik.
24 Yehova bizə günlərimizi necə saymağı göstərməyə davam edəcək. Və əgər biz Onun tə’limlərinə diqqətlə yanaşmağa çalışırıqsa, onda günlərimizi əbədiyyət boyu saya biləcəyik (Yəhya 17:3). Ancaq əbədi həyata olan ümidimizin möhkəm qalmasını istəyiriksə, onda Yehova bizim “məskənimiz” olmalıdır (Yəhuda 20, 21). Növbəti məqalədən görəcəyimiz kimi bu fikri, möhkəmləndirici 91-ci Məzmur daha da aydınlaşdırır.
Siz necə cavab verərdiniz?
• Yehova hansı mə’nada bizə “məskəndir”?
• Nəyə görə demək olar ki, Yehova bizə kömək etməyə həmişə hazırdır?
• “Günlərimizi saymağa” Yehova bizə necə kömək edir?
• “Bütün günlərimizdə məsrur olub sevinməyimizə” yol verən nədir?
[20-ci səhifədəki şəkil]
Yehovanın gözündə 969 yaşlı Mətuşeləx bir gündən az yaşadı.
[22-ci səhifədəki şəkillər]
Yehova “əllərimizin işini üzərimizdə möhkəmləndir”ir.