Müqəddəs ruhun verdiyi güclə istənilən sınağın öhdəsindən gəlirik
«Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (FİLİP. 4:13).
1. Nəyə görə Yehovanın xidmətçiləri çoxlu bədbəxtliklərlə üzləşirlər?
YEHOVANIN xidmətçiləri müxtəlif cür bədbəxtliklərdən sığortalanmayıblar. Sınaqlarla üzləşməyimizin səbəblərindən biri qeyri-kamillik və ya yaşadığımız bu pis sistemdir. Digər səbəb isə Allaha xidmət edənlərlə etməyənlər arasında mövcud olan ədavətdir (Yar. 3:15). Qədim zamanlarda Allah Öz sadiq xidmətçilərinə dini təqiblərə, insanlar tərəfindən göstərilən təzyiqə və müxtəlif cür bədbəxtliklərə tab gətirmək üçün kömək edirdi. Onun müqəddəs ruhu bizə də güc verə bilər.
Dini təqiblər
2. Dini təqiblərin məqsədi nədən ibarətdir və bu təqiblər hansı formada olur?
2 İnsanı dininə görə təqib etmək ona imanına və ya əqidəsinə görə qəsdən zülm etmək, yaxud xəsarət yetirmək deməkdir. Dini təqiblərin məqsədi bu etiqadların kökünü kəsmək, onun yayılmasının qarşısını almaq və ya Allaha xidmət edənləri nöqsansızlıq yolundan döndərməkdən ibarətdir. Təqiblər müxtəlif cür — açıq və ya gizli şəkildə olur. Müqəddəs Kitabda Şeytanın hücumları həm gənc aslanın, həm də əfi ilanın hücumları ilə müqayisə olunur. (Məzmur 91:13 ayəsini oxu.)
3. Şeytan vəhşi aslan və əfi ilan kimi necə hücum edir?
3 Vəhşi bir aslan kimi, Şeytan zorakılıq, həbsə salınma və ya qadağalar kimi vasitələrə əl ataraq birbaşa və açıq hücuma keçir (Məz. 94:20). Yehovanın Şahidlərinin müasir fəaliyyətindən bəhs edən «İllik məcmuə»də onun bu üsuluna dair çoxlu nümunələr var. Vaxtaşırı dünyanın bir çox yerlərində Allahın xalqı fanatik dini və ya siyasi rəhbərlər tərəfindən qızışdırılan izdihamın hücumlarına məruz qalır. Gənc aslanın hücumlarına bənzəyən belə hücumlar bəzilərini Yehovaya xidmətlərini dayandırmağa vadar edib. İnsanların zehnini zəhərləmək və onları öz iradəsinə tabe etdirmək üçün İblis, zəhərli ilan kimi, qəflətən də hücum edə bilər. Bu kimi hücumların məqsədi bizi ruhən zəiflətmək və ya ruhaniliyimizi pozmaqdır. Lakin Allahın müqəddəs ruhu vasitəsilə təqibin hər iki növünə qarşı dura bilərik.
4, 5. Təqiblərə hazırlaşmağın ən yaxşı üsulu hansıdır və nəyə görə? Nümunə çəkin.
4 Gələcəkdə baş verə biləcək müxtəlif təqiblər barədə düşünmək onlara hazırlaşmaq üçün yaxşı üsul deyil. Çünki biz bilmirik, gələcəkdə bizi hansı təqiblər gözləyir, buna görə də, ola bilsin, heç vaxt baş verməyəcək hadisələrə görə qabaqcadan narahatçılıq keçirməyin heç bir faydası yoxdur. Ancaq bu, bizim tamamilə çarəsiz olduğumuzu göstərmir. Əksər insanlara təqiblərə sinə gərməkdə Müqəddəs Yazılarda qələmə alınan insanların sadiqlik və nöqsansızlıq nümunələri, eləcə də İsanın təlimləri və şəxsi nümunəsi üzərində düşünmək kömək etmişdir. Bunun sayəsində onların Yehovaya olan məhəbbəti artmışdır. Belə məhəbbət isə onlara hər bir sınağa tab gətirməyə kömək etmişdir.
5 Gəlin Malavidən olan iki bacının nümunəsinə nəzər salaq. Azğınlaşmış izdiham bacıları partiya bileti almağa məcbur etmək üçün onları döydü və soyunduraraq zorlamaqla hədələdi. Onlar yalandan bacılara dedilər ki, hətta Bet-El ailəsinin üzvləri belə artıq partiya bileti alıblar. Bacılar nə cavab verdilər? Onlar dedilər: «Biz yalnız və yalnız Yehova Allaha xidmət edirik. Bet-Eldəki qardaşların bilet alıb-almamalarının bizim üçün heç bir fərqi yoxdur. Bizi öldürsəniz belə, biz güzəştə gedən deyilik!» Bacıların cəsarətini görən izdiham onları sərbəst buraxdı.
6, 7. Təqiblər zamanı Yehova xidmətçilərinə necə güc verir?
6 Həvari Pavel qeyd etmişdir ki, Salonikdəki məsihçilər ‘bir çox əziyyətlərlə’ üzləşmələrinə baxmayaraq, həqiqət xəbərini «müqəddəs ruhun hasil etdiyi sevinclə» qəbul etmişdilər (1 Salon. 1:6). Birinci əsrdə və müasir dövrdə çoxlu təqiblərlə üzləşən və onlara tab gətirə bilən məsihçilər sınaqlarının ən çətin anında Allahın müqəddəs ruhunun bəhrəsinə daxil olan sülh, yəni qəlb rahatlığı hiss etmişlər (Qalat. 5:22). Qəlb rahatlığı isə onlara ürəklərini və zehinlərini qorumaqda kömək etmişdir. Bəli, Yehova fəal qüvvəsi vasitəsilə xidmətçilərinə sınaqlara tab gətirmələri üçün güc və bədbəxtliklər zamanı müdriklik verira.
7 Allahın xidmətçilərini kənardan müşahidə edən insanlar onların ən dəhşətli təqiblər zamanı belə nöqsansızlıqlarını qorumaq əzmlərinə heyrandırlar. Bu insanlara elə gəlir ki, Yehovanın Şahidləri qeyri-adi gücə malikdirlər. Onlar yanılmırlar. Həvari Peter bizi əmin edir: «Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, siz xoşbəxtsiniz, çünki şöhrət ruhu, yəni Allahın ruhu üzərinizdədir» (1 Pet. 4:14). Salehlik uğrunda təqib olunmağımız göstərir ki, Yehova bizdən razıdır (Mat. 5:10—12; Yəh. 15:20). Bunu bilmək bizi çox sevindirir!
İnsanlar tərəfindən göstərilən təzyiq
8. a) Yeşua və Kalevə soydaşlarının təzyiqinə uymamağa nə kömək etmişdi? b) Bu iki nəfərin nümunəsindən nə öyrənirik?
8 Şeytanın daha hiyləgər tələsi isə insanların göstərdiyi təzyiqdir. Yehovanın ruhu bu dünyanın ruhundan qat-qat güclü olduğu üçün biz məsihçilər bizə rişxənd edən, barəmizdə yalanlar yayan və ya bizi öz əxlaq normaları çərçivəsinə salmağa çalışan insanlara qarşı dura bilərik. Yeşua və Kalevin nümunəsinə nəzər salaq. Bu iki nəfəri onlarla birgə Kənan torpağını gəzib-dolaşmaq üçün göndərilən on kəşfiyyatçının fikri ilə razılaşmamağa nə təşviq etmişdi? Müqəddəs ruh onların daxilində tamamilə başqa bir «ruh» və ya düşüncə tərzi hasil etmişdi. (Saylar 13:30; 14:6—10, 24 ayələrini oxu.)
9. Nəyə görə məsihçilər başqalarından fərqlənməyə hazır olmalıdırlar?
9 Müqəddəs ruh İsanın həvarilərinə çoxlarının həqiqi dinin müəllimləri kimi hörmət etdiyi insanlara yox, Allaha itaət etməyə güc vermişdi (Həv. iş. 4:21, 31; 5:29, 32). Əksər insanlar mübahisə və qarşıdurmalardan qaçmaq üçün çoxluğun ardınca getməyə üstünlük verirlər. Həqiqi məsihçilər isə düzgün hesab etdikləri şeylərə görə çox vaxt qəti mövqe tutmalı olurlar. Hətta bu kimi hallarda onlar başqalarından fərqlənməyə qorxmurlar, çünki Allahın fəal qüvvəsi onlara güc verir (2 Tim. 1:7). Gəlin yalnız bir sahəyə nəzər salaq.
10. Bəzi məsihçilər hansı seçim qarşısında durur?
10 Bəzi gənclər dostlarının Müqəddəs Kitaba zidd olan hərəkətləri barədə xəbər tutanda bilmirlər, nə etsinlər. Onlar düşünə bilərlər ki, yığıncaq ağsaqqallarından kömək istəmək dosta qarşı xəyanətə bərabərdir və buna görə də susmaq qərarına gəlirlər. Günah işlədən gənc hətta dostuna təzyiq göstərərək ondan günahı barədə heç kəsə danışmamağı xahiş edə bilər. Əlbəttə, bu kimi problemlərlə təkcə gənclər üzləşmir. Bəzi böyüklər də ağsaqqallara ailə üzvlərinin və ya dostlarının günah işlətdiklərini deməkdən çəkinirlər. Bəs həqiqi məsihçilər belə təzyiqlə üzləşəndə necə davranmalıdırlar?
11, 12. Yığıncağın üzvü səndən öz günahı barədə ağsaqqallara deməməyi xahiş edirsə, nə etməlisən və nəyə görə?
11 Belə bir vəziyyəti təsəvvür edək. Fuad adında gənc bir qardaş xəbər tutur ki, yığıncaqdakı dostu Azər pornoqrafiyaya baxmağı vərdiş edib. Fuad Azərə buna görə çox narahat olduğunu deyir. Lakin Azər onun sözlərini qulaqardına vurur. Fuad təkidlə dostuna ağsaqqallarla söhbət etməyi məsləhət görür. Amma Azər deyir ki, əgər onu, həqiqətən də, özünə dost bilirsə, gedib ağsaqqallara xəbərçilik etməyəcək. Fuad dostunu itirəcəyindən qorxmalıdırmı? Azər hər şeyi inkar edəcəyi təqdirdə ağsaqqalların kimə inanacaqları sualı Fuadı narahat edə bilər. Ancaq Fuad susub bu məsələ barədə heç nə deməsə, vəziyyət düzəlməyəcək. Bu hətta Azərin Yehova ilə münasibətlərini itirməsinə gətirib çıxara bilər. Fuad unutmamalıdır ki, «insandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar» (Sül. məs. 29:25). Fuad daha nə edə bilər? O, yenidən Azərə yaxınlaşıb mehribancasına, lakin açıq şəkildə onun problemi barədə danışmalıdır. Bunun üçün cəsarət lazımdır. Ola bilsin, bu dəfə Azər öz problemini müzakirə etməyə daha həvəsli olacaq. Fuad yenə də Azəri ağsaqqallara yaxınlaşmağa təşviq etməlidir və ona deməlidir ki, əgər müəyyən vaxt ərzində bunu etməsə, gedib özü onlarla söhbət edəcək (Lev. 5:1).
12 Əgər sən də belə vəziyyətə düşmüsənsə, bəlkə də, dostun ilk əvvəl sənin ona kömək etmək səylərini qiymətləndirmədi. Lakin sonradan, ola bilsin, o başa düşəcək ki, sən onun xeyri üçün çalışırsan. Əgər günah işlədən dostun ona göstərilən köməyi qəbul edərsə, cəsarət və sadiqlik göstərdiyinə görə həmişə sənə minnətdar olacaq. Ancaq sənə qarşı kin saxlamağa davam edərsə, istəyərdinmi ki, bu cür insan sənin dostun olsun? Ən böyük Dostumuzu, Yehovanı razı salmaq həmişə düzgündür. Yehovanı birinci yerə qoyanda, Onu sevənlər sadiqliyimizə görə bizə hörmət edəcək və bizim əsil dostlarımız olacaqlar. Biz heç vaxt məsihçi yığıncağında İblisə yer verməməliyik. Əks təqdirdə, Yehovanın müqəddəs ruhunu kədərləndirəcəyik. Məsihçi yığıncağını təmiz saxlamağa çalışmaqla biz bu ruha uyğun davranırıq (Efes. 4:27, 30).
Hər cür bədbəxtliklər
13. Yehovanın xidmətçiləri ilə hansı bədbəxtliklər baş verə bilər və nəyə görə bu kimi şeylər çox geniş yayılıb?
13 Bədbəxtliklər müxtəlif cür olur. Misal üçün, maddi çətinlik, işin itirilməsi, təbii fəlakət, əziz adamın ölümü, səhhətin pisləşməsi. Biz ‘ağır zəmanədə’ yaşadığımız üçün gec-tez bu və ya digər sınaqlarla üzləşəcəyimizlə razılaşmalıyıq (2 Tim. 3:1). Belə hallarda ən vacibi təlaşa düşməməkdir. Müqəddəs ruhun verdiyi güc sayəsində biz istənilən sınağa tab gətirməyə qadirik.
14. Əyyub bədbəxtliklərə tab gətirmək üçün haradan güc alırdı?
14 Əyyubun başına dalbadal bir neçə bədbəxtlik gəldi. O, var-dövlətini, övladlarını, dostlarını və sağlamlığını itirdi. Üstəlik, arvadının Yehovaya olan etibarı sarsıldı (Əyy. 1:13—19; 2:7—9). Bununla belə, Elihu Əyyub üçün əsil təsəlli mənbəyi oldu. Onun və Yehovanın ona dediyi sözlərin məğzi bundan ibarət idi: «Bir dayan, Allahın heyrətamiz işlərindən düşün» (Əyy. 37:14). Əyyub nəyin sayəsində sınaqlara tab gətirə bildi? Bəs biz bunu necə edə bilərik? Bunun üçün Yehovanın Öz gücünü necə təzahür etdirdiyini və müqəddəs ruhu vasitəsilə gördüyü işlərini yadda saxlamalı və üzərində düşünməliyik (Əyy. 38:1—41; 42:1, 2). Yəqin ki, Allahın şəxsən bizə maraq göstərdiyi anları xatırlayırıq. O, indi də bizə qarşı laqeyd deyil.
15. Sınaqlara tab gətirmək üçün həvari Pavel gücü haradan aldı?
15 İmanına görə həvari Pavel bir çox təhlükələrlə üzləşmişdi (2 Kor. 11:23—28). Belə çətin vəziyyətlərdə tarazlığı və ruh yüksəkliyini qorumağa ona nə kömək etmişdi? Dua və Yehovaya olan etibarı. Əzablı ölümlə nəticələnən sınaq zamanı o yazmışdı: «Ağamız yanımda durub mənə güc verirdi ki, təbliğ işi mənim vasitəmlə tam yerinə yetirilsin və bütün millətlər bu xoş xəbəri eşitsin. Beləcə, mən şirlərin ağzından qurtuldum» (2 Tim. 4:17). Buna görə də şəxsi təcrübəsinə əsaslanaraq, Pavel həmimanlılarını əmin edə bilərdi ki, nəyə görəsə ‘narahat olmağa’ dəyməz. (Filipililərə 4:6, 7, 13 ayələrini oxu.)
16, 17. Yehova bu gün Öz xalqına bədbəxtliklərin öhdəsindən gəlmək üçün necə güc verir? Nümunə çəkin.
16 Rəksanə adlı pioner bacı Yehovanın Öz xalqının qayğısına qaldığına şəxsən özü əmin olmuşdu. Konqresə getmək üçün müdirindən bir neçə günlük icazə istəyəndə müdir qəzəblə dedi ki, əgər konqresə getsə, onu işdən çıxaracaq. Buna baxmayaraq, bacı getmək qərarından dönmədi və səylə dua edirdi ki, işini itirməsin. Duadan sonra o, qəlb rahatlığı hiss etdi. Müdir öz sözünə əməl edərək konqresdən sonra, bazar ertəsi Rəksanəni işdən qovdu. Bacı çox məyus olmuşdu. Bu iş azməvacibli olsa da, Rəksanənin ona ehtiyacı vardı, çünki o, ailəsini dolandırmalı idi. O, yenə də dua etdi və fikirləşdi ki, əgər Yehova konqresdə onun ruhani ehtiyaclarını təmin etdisə, deməli, fiziki ehtiyaclarını da unutmayacaq. Rəksanə evə gedərkən gözləri «İşçi tələb olunur!» elanına sataşdı. Burada təcrübəli istehsal tikiş maşını operatoru tələb olunurdu. O, içəri daxil olub iş üçün blankı doldurdu. Rəksanənin bu sahədə təcrübəsinin olmamasına baxmayaraq, müdir onu işə götürdü. Üstəlik, burada aldığı məvacib, demək olar ki, əvvəlki iş yerində aldığı məvacibdən iki dəfə çox idi. Rəksanə gördü ki, Yehova onun dualarını cavabsız qoymadı. Ən böyük xeyir-dua isə iş yoldaşlarına xoş xəbəri təbliğ etməsi oldu. Bunun sayəsində, onu işə götürən müdir də daxil olmaqla, beş nəfər həqiqəti qəbul edib vəftiz oldu.
17 Bəzən bizə elə gələ bilər ki, dualarımız cavabsız qalır, yaxud da cavab gecikir və ya aldığımız cavab bizi qane etmir. Əgər belədirsə, əmin ola bilərik ki, bunun üçün əsaslı səbəb var. Bu səbəb Yehovaya məlumdur və biz bunu, ola bilsin, yalnız gələcəkdə biləcəyik. Lakin bir şeyə biz şübhə etməməliyik — Yehova heç vaxt Öz sadiq bəndələrini tərk etmir (İbr. 6:10).
Sınaqlar zamanı dəstək
18, 19. a) Nəyə görə biz müxtəlif sınaqlarla qarşılaşırıq? b) Onlara necə tab gətirmək olar?
18 Yehovanın xalqı müxtəlif sınaqlarla — şirnikdirici təsirlərlə, ruh düşkünlüyü ilə, təqiblərlə və insanların təzyiqi ilə üzləşəndə buna təəccüblənmir. Dünya ümumilikdə bizə qarşı ədavətli münasibət bəsləyir (Yəh. 15:17—19). Lakin müqəddəs ruh bizə Yehovaya xidmətdə üzləşdiyimiz hər bir çətinliyin öhdəsindən gəlməyə kömək edə bilər. Yehova gücümüzdən artıq sınanmağımıza heç vaxt yol verməyəcək (1 Kor. 10:13). O, heç vaxt bizi tərk etməyəcək (İbr. 13:5). Onun müqəddəs ruhunun təsiri altında yazılan Kəlamına riayət etməyimiz bizi müdafiə edəcək və möhkəmləndirəcək. Üstəlik, Allahın ruhu həmimanlılarımızı ən çox ehtiyac duyduğumuz anlarda bizə kömək etməyə təşviq edə bilər.
19 Gəlin dua etməklə və Müqəddəs Yazıları araşdırmağa davam etməklə müqəddəs ruhun köməyini axtaraq və ‘axıra qədər dözmək və sevinclə səbir etmək üçün [Allahın] şanlı qüdrəti sayəsində daima güclənək’ (Kolos. 1:11).
[Haşiyə]
a Nümunə üçün «Gözətçi Qülləsi»nin 2001-ci il 1 iyul sayının 22-ci səhifəsinə və «Oyanın!» jurnalının 1993-cü il 8 mart sayının 21, 22-ci səhifələrinə (rus.) baxın.
Necə cavab verərdiniz?
• Təqiblərə necə hazırlaşa bilərik?
• Kimsə bizdən günahı barədə ağsaqqallara deməməyi xahiş edəndə nə etməliyik?
• Müxtəlif bədbəxtliklərlə üzləşəndə nəyə əmin ola bilərsən?
[28-ci səhifədəki şəkil]
Yeşua və Kalevdən nə öyrənirik?
[29-cu səhifədəki şəkil]
Günah işlədən dostumuza necə kömək edə bilərik?