Məsihin sülhü ürəklərimizdə necə hakim ola bilər?
“Bir bədəndə ona də’vət olunduğunuz Məsihin sülhü, ürəklərinizdə hakim olsun” (KOLOSLULARA 3:15, İ—93).
1, 2. “Məsihin sülhü” məsihçinin ürəyində hansı tərzdə hakim olur?
“HAKİM OLMAQ” sözü, məcbur etmək və tə’sir altında saxlamaq mə’nasına sövq etdiyi üçün, çoxlarının xoşuna gəlmir. Buna görə də Pavelin Kolosdakı həmimanlılara söylədiyi: “Məsihin sülhü qoy ürəklərinizdə hakim olsun” çağırışı, kimə isə düşüncəsiz görünə bilər (Koloslulara 3:15). Məgər biz azad insanlar deyilikmi? Nəyə görə nə isə (və ya kim isə) ürəklərimizdə hakim olmalıdır?
2 Pavel demirdi ki, koloslular iradə azadlığından imtina etsinlər. Koloslulara 3:15-də “hakim olsun” kimi tərcümə edilən yunan sözü, həmin dövrlərdə keçirilən atletik yarışlarda qələbə qərarını çıxaran hakim sözü ilə əlaqəlidir. Oyunun qaydaları, yarış iştirakçılarına müəyyən dərəcədə azadlıq verirdi, ancaq son mərhələdə oyunun qaydalarına kimin riayət etdiyini və buna görə də qalib gəldiyini məhz hakim həll edirdi. Həyatımızda biz də çox şeyi sərbəst olaraq həll edə bilərik, amma bu zaman Məsihin sülhü ürəyimizdə daima hakim, yə’ni tərcüməçi Edqar Qudspidin adlandırdığı kimi, “rəhbər prinsip” olmalıdır.
3. “Məsihin sülhü” nədir?
3 “Məsihin sülhü” nədir? Bu, İsanın şagirdləri olarkən, Yeqova Allahın və Onun Oğlunun bizi sevdiklərini, həmçinin bəyəndiklərini bilən zaman malik olduğumuz daxili sakitlik, tarazlıq hissidir. İsa şagirdlərini tərk edərkən, onlara dedi: “Sizə Öz sülhümü verirəm... Ürəyiniz narahat olmasın və qorxmasın” (Yəhya 14:27). Budur, artıq təxminən 2 000 ildir ki, Allaha sadiq olan məsh edilmişlər bu sülhə sevinirlər. Onların həmkarları olan “başqa qoyunlar”, bu gün həmin sülhün gətirdiyi sevincdə onlara şərik olurlar (Yəhya 10:16). Bu sülh, ürəklərimizdə hakim olmalıdır. Amansız sınaqlara düşsək belə, bu cür sülh yol verməyəcək ki, qorxu bizi sarsıtsın və ya həddindən artıq iztirab çəkək. Gəlin, ədalətsizliklə qarşılaşan, narahatçılıq hissi keçirən və ya özümüzü lazımsız hiss edən zaman bu sözlərin necə yerinə yetdiyinə diqqət yetirək.
Ədalətsizliklə qarşılaşanda
4. a) İsa ədalətsizliyə necə mə’ruz qaldı? b) Məsihçilər, ədalətsizliyin qurbanı olmalarına necə yanaşırlar?
4 Süleyman peyğəmbər demişdir: “Bir adamın digər adam üzərində hakimiyyəti onun zərərinədir” (Vaiz 8:9). İsa bu sözlərin doğru olduğunu bilirdi. O, göydə olarkən, insanların bir-biri ilə nə dərəcədə ədalətsiz davrandığını görürdü. Yerə gələndə isə, özünə münasibətdə böyük ədalətsizliyə mə’ruz qaldı: onu — günahsız insanı — Allaha küfr etməkdə ittiham etdilər və cinayətkar kimi e’dam etdilər (Matta 26:63—66; Mark 15:27). Ədalətsizlik əvvəlki kimi bu gün də geniş yayılmaqdadır, məsihçilər isə bundan çox böyük əziyyət çəkirlər, çünki onlara “bütün xalqlar... nifrət” edir (Matta 24:9). Lakin Məsihin sülhü sayəsində, nasist ölüm düşərgələrində və Sovet İƏİ-də (islah əmək idarələri) yaşadıqları dəhşətlərə, izdihamın hücumuna, yalan ittihamlara və böhtana baxmayaraq, onlar sarsılmaz qalırlar. Onlar, haqqında: “Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi” sözləri yazılmış İsanı təqlid edirlər (1 Peter 2:23).
5. Yığıncaqda kiməsə qarşı guya ədalətsizlik edildiyini eşidərkən, nə haqda düşünmək lazımdır?
5 Ədalətsizlik həmişə geniş miqyasda yayılmır. Bə’zən bizə elə gələ bilər ki, məsihçi yığıncağında kiməsə qarşı ədalətsiz davranıblar. Belə halda biz də özümüzü Pavel kimi hiss edə bilərik. O, deyirdi: “Kim büdrəyir ki, mən onun üçün yanmayım?” (2 Korinflilərə 11:29). Biz nə edə bilərik? Özümüzdən soruşmalıyıq: doğrudanmı ədalətsizliyə yol verilib? Əksər hallarda, baş verən hadisə haqda tam mə’lumatımız olmur. Biz, sanki işdən xəbəri olan adamı dinləyib, olsun ki, çox coşqun reaksiya göstəririk. Müqəddəs Kitabda əbəs yerə deyilməyib ki: “Cahil hər sözə inanar” (Süleymanın məsəlləri 14:15, MKŞ). Ehtiyatlı olmaq lazımdır.
6. Yığıncaqda gözə çarpan ədalətsizliyə necə münasibət göstərə bilərik?
6 Tutalım bizə elə gəlir ki, ədalətsizliyin qurbanı biz özümüz olmuşuq. Ürəyində Məsihin sülhü olan şəxs belə halda özünü necə aparmalıdır? Yəqin ki, bizə qarşı ədalətsiz davrandığını düşündüyümüz adamla söhbət etmək lazımdır. Lakin bu söhbətdən sonra, baş verən hadisəni qarşımıza çıxan hər adamla müzakirə etməyə dəyərmi? Yaxşı olmazmı ki, hər şeyi duada Yeqovaya danışaq və ədalətin bərpa olunması üçün Onun qayğı göstərəcəyinə arxayın olaq? (Məzmur 9:10; Süleymanın məsəlləri 3:5). Ola bilər ki, dua etdikdən sonra, baş verən hadisəni özlüyümüzdə sadəcə olaraq düşünək və “susaq” (Məzmur 4:4). Əksər hallarda, Pavelin: “Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [“Yeqova”, YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın”, məsləhəti tətbiq ediləndir (Koloslulara 3:13).
7. Qardaşlarla ünsiyyətdə olarkən, həmişə nəyi yadda saxlamalıyıq?
7 Necə davranacağımızdan asılı olmayaraq, yadda saxlamalıyıq ki, baş verən hadisəyə tə’sir göstərə bilməsək də, bu hadisəyə münasibətimizi dəyişə bilərik. Əgər ədalətsizliyə hədsiz coşqunluqla reaksiya göstəririksə, bu bizə, ədalətsizliyin göstərə biləcəyi tə’sirdən daha ciddi tə’sir bağışlaya bilər (Süleymanın məsəlləri 18:14). Biz hətta büdrəyər və ədalət bərqərar olunana qədər yığıncağı tərk etmək qərarına gələ bilərik. Məzmurçu yazırdı ki, Yeqovanın qanununu sevənlərə “maneə yoxdur” (Məzmur 119:165). Bu doğrudur ki, bə’zən hər bir kəs ədalətsizliklə qarşılaşır. Heç zaman yol verməyin ki, bu, Yeqovaya xidmət etmənizə mane olsun. Qoy Məsihin sülhü sizin ürəyinizdə hakim olsun.
Bizi narahatçılıq yaxalayanda
8. Misal üçün, narahatçılıq nədən yarana bilər və nəyə səbəb olur?
8 Bu “axır günlərdə” narahatçılıq həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir (2 Timoteyə 3:1). Doğrudur, İsa demişdi ki: “Nə yeyəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın” (Luka 12:22). Lakin narahatçılıq, həmişə maddi rifah barəsində qayğı çəkməklə bağlı olmur. Lut, Sodom əhalisinin əxlaqsızlığından “əziyyət çəkirdi” (2 Peter 2:7). Pavel “bütün imanlı cəmiyyətləri üçün... qayğı” göstərirdi (2 Korinflilərə 11:28). İsa, ölümündən bir qədər əvvəl, gecə elə iztirab çəkirdi ki, “Onun təri yerə daman qan damlalarına bənzəyirdi” (Luka 22:44). Aydındır ki, hər narahatçılıq imanın azlığına şəhadət etmir. Lakin hər nəyə görə narahat olsaq da, əgər bu narahatçılıq güclü və fasiləsizdirsə, onda bizi sülhdən məhrum edə bilər. Bə’zən narahatçılıq insanlara o dərəcədə hakim olur ki, onlara elə gəlir Yeqovaya xidmətdə malik olduqları vəzifələrin, sanki öhdəsindən gəlmək iqtidarında deyillər. Müqəddəs Kitabda deyilir: “Qəlbi narahat olanın qəddi əyilər” (Süleymanın məsəlləri 12:25, MKŞ). Əgər narahatçılıq bizə əziyyət verirsə, nə etmək olar?
9. Narahatçılıqdan yaxa qurtarmaq üçün hansı praktiki addımları atmaq olar və narahatçılıq yaradan hansı səbəbləri aradan qaldırmaq mümkün deyil?
9 Bə’zən biz hansısa praktiki addımları ata bilərik. Əgər sağlamlığımız bizi narahat edirsə, onda bununla məşğul olmaq düzgün davranış olar, belə məsələləri isə hər bir məsihçi şəxsən həll edira (Matta 9:12). Əgər yerinə yetirdiyimiz vəzifələr çoxdursa, onda onların bir hissəsini başqalarına həvalə edə bilərik (Çıxış 18:13—23). Bəs həvalə edilməsi mümkün olmayan, ağır vəzifə yükü daşıyan kəslər nə etməlidirlər? Misal üçün, valideynlər və ya həqiqətə müqavimət göstərən həyat yoldaşı ilə yaşayan məsihçi nə etməlidir? Güc-bəla ilə dolanan, yaxud müharibə zonalarında yaşayan ailə necə? Şübhəsiz ki, bu əşyalar sistemində narahatçılığımızın bütün səbəblərini aradan qaldırmaq mümkün olmayacaq. Buna baxmayaraq, ürəklərimizdə Məsihin sülhünü qoruya bilərik. Necə?
10. Narahatçılıqdan yaxa qurtarmaq üçün məsihçi hansı iki üsula əl ata bilər?
10 İmkanlardan biri — təsəllini Allahın Kəlamında axtarmaqdır. Davud padşah yazırdı: “İçimdə qayğıların çoxluğunda, sənin təsəllilərin canımı fərəhləndirir” (Məzmur 94:19). Yeqovanın “təsəllilərini” Müqəddəs Kitabda tapmaq olar. Allahın ilhamlandırdığı bu kitaba müntəzəm surətdə müraciət edərək, ürəyimizdə Məsihin sülhünü saxlaya bilərik. Müqəddəs Kitabda deyilir: “Yükünü Rəbbə burax və o sənə dəstək olar; salehi əsla sarsılmağa buraxmaz” (Məzmur 55:22). Pavel isə yazırdı: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7). Sülhü qoruyub-saxlamaqda bizə həmçinin səmimi və daimi dualar da kömək edər.
11. a) Dua etməkdə İsa hansı gözəl nümunəni verdi? b) Biz dua etməyə necə yanaşmalıyıq?
11 Bu sahədə İsa çox gözəl nümunə verdi. O, bə’zi hallarda səmavi Atasına saatlarla dua edirdi (Matta 14:23; Luka 6:12). Ən ağır sınağa tab gətirməkdə İsaya dua kömək etdi. Ölümündən əvvəl, gecə İsa çox iztirab çəkirdi. O, nə etdi? “Daha sə’ylə dua etməyə” başladı (Luka 22:44). Bəli, Allahın kamil Oğlu, duaya xüsusi diqqət ayırırdı. Belə isə, onda onun qeyri-kamil davamçıları da, dua etmək vərdişini inkişaf etdirməyə daha çox diqqət yetirməlidirlər! İsa öz şagirdlərini “daim dua etməyə və heç ruhdan düşməməyə” öyrədirdi (Luka 18:1). Dua — bizi bizdən daha yaxşı tanıyan Şəxsiyyətlə səmimi və çox ciddi söhbətdir (Məzmur 103:14). Əgər ürəyimizdə Məsihin sülhünü qorumaq istəyiriksə, “durmadan dua edəcəyik” (1 Saloniklilərə 5:17).
Məhdudiyyətlərimizi aradan qaldırırıq
12. Nəyə görə bə’ziləri düşünə bilərlər ki, onların xidməti Yeqovaya məqbul deyil?
12 Yeqova hər bir xidmətçisini dəyərli sanır (Haqqay 2:7). Lakin bir çoxları buna çətinliklə inanırlar. Bə’ziləri qocaldıqları, ailədə daha çox vəzifələri yarandığı və ya sağlamlıqları pisləşdiyi üçün mə’yus olurlar. Digərləri, kədərli keçmişinə görə özlərini Allaha xidmət etməyə layiq görmürlər. Başqaları isə, vaxtilə işlətdikləri səhvlər ucbatından əziyyət çəkir və Yeqovanın onları nə zamansa bağışlayacağına şübhə edirlər (Məzmur 51:3). Bu cür hisslərin öhdəsindən necə gəlmək olar?
13. Özünü Yeqovaya məqbul saymayanlar, Müqəddəs Kitabda hansı təsəllini tapa bilərlər?
13 Məsihin sülhü, Yeqovanın məhəbbətinə şübhə etməyimizə yol verməyəcəkdir. İsa heç zaman demirdi ki, bizim dəyərimiz, işlərimizin başqalarının işləri ilə müqayisəsi sayəsində müəyyən edilir. Bunun üzərində düşünərək, ürəyimizdə Məsihin sülhünü bərpa edə bilərik (Matta 25:14, 15; Mark 12:41—44). Əslində o, sadiqlik haqqında danışırdı. İsa şagirdlərinə dedi: “Axıra qədər səbr edən xilas olacaqdır” (Matta 24:13). İsanın özü insanlar tərəfindən “xor görüldü”, bununla belə, Atasının məhəbbətinə zərrə qədər də şübhə etmədi (İşaya 53:3; Yəhya 10:17). Həmçinin öz şagirdlərini də, Atası tərəfindən sevildiklərinə əmin etdi (Yəhya 14:21). İsa, bunu qeyd etmək üçün dedi: “Məgər iki sərçə quşu bir assariyə satılmırmı? Və Atanızın hökmü olmadıqda, onlardan heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz” (Matta 10:29—31). Yeqovanın məhəbbətinə necə də səmimi zəmanətdir!
14. Yeqovanın hər birimizi qiymətləndirdiyinə dair hansı zəmanətimiz var?
14 İsa həmçinin dedi: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz” (Yəhya 6:44). İsanın ardınca getməmiz üçün Yeqova bizi cəlb edibsə, deməli O, bizim xilas olmağımızı istəyir. İsa şagirdlərini əmin etdi: “Göylərdəki Atanızın elə bir muradı yoxdur ki, bu kiçiklərdən biri həlak olsun” (Matta 18:14). Buna görə də, əgər siz Yeqovaya ürəkdən xidmət edirsinizsə, xeyirxah işləriniz üçün sevinin (Qalatiyalılara 6:4). Əgər vaxtı ilə işlətdiyiniz səhvləriniz sizə rahatlıq vermirsə, arxayın olun ki, ürəkdən tövbə edənləri Yeqova “bol-bol bağışlar” (İşaya 43:25; 55:7). Əgər sizi başqa nə isə narahat edirsə, xatırlayın ki, “Rəbb ürəyi sınıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarır” (Məzmur 34:18).
15. a) Şeytan bizi sülhdən məhrum etməyə necə çalışır? b) Yeqova haqqında nəyə əmin ola bilərik?
15 Şeytanın ən böyük arzusu, sizi sevincdən məhrum etməkdir. Hamımızın miras aldığı və mübarizə apardığı günahın təqsirkarı məhz odur (Romalılara 7:21—24). Qeyri-kamilliyimiz ucbatından xidmətimizi Allaha məqbul tərzdə icra edə bilmədiyimizi düşünəriksə, əlbəttə ki, Şeytan sevinəcəkdir. İblisə, mə’nəviyyatınızı pozmağa heç zaman yol verməyin! Onun niyyətlərini yadda saxlayın və qoy bu haqda olan biliklər “yerinizdə durmağa” sizə cəsarət versin (2 Korinflilərə 2:11; Efeslilərə 6:11—13). Unutmayın ki, “Allah ürəyimizdən böyükdür və hər şeyi bilir” (1 Yəhya 3:20, İ—93). Yeqova yalnız səhvlərimizi deyil, həmçinin meyllərimizi və cəhdlərimizi də görür. Buna görə də qoy məzmurçunun sözləri sizə təsəlli versin: “Rəbb xalqını özündən atmayacaq və mirasını buraxmayacaqdır” (Məzmur 94:14).
Məsihin sülhündə birləşiblər
16. Tab gətirmək üçün apardığımız mübarizədə hansı mə’nada tək deyilik?
16 Pavel yazırdı ki, “bir bədənin üzvləri kimi... də’vət olunduğumuz” üçün Məsihin sülhünün ürəklərimizdə hakim olmasına yol verməliyik. Pavelin müraciət etdiyi məsh edilmiş məsihçilər Məsihin bədəninin üzvləri olmağa də’vət olunurdular; həmin də’vəti bugünkü məsh edilmişlər də alırlar. Onların həmkarları olan “başqa qoyunlar”, “tək Çoban”ın — İsa Məsihin rəhbərliyi altında onlarla “tək sürüdə” birləşmişlər (Yəhya 10:16). Milyonlarla insanlardan ibarət olan beynəlxalq “sürünün” bütün bu üzvləri, ürəklərində Məsihin sülhünün hakim olmasına imkan verirlər. Tək olmadığımızı bilmək, müxtəlif sınaqlara tab gətirməyimizə kömək edir. Peter yazırdı: “Möhkəm imanla ona [Şeytana] qarşı durun və bilin ki, dünyadakı qardaşlarınız da eyni əzabları çəkirlər” (1 Peter 5:9).
17. Məsihin sülhünə ürəklərimizdə hakim olmağa imkan verməyə bizi nə təşviq edir?
17 Gəlin, Allahın müqəddəs ruhunun bu qədər vacib olan səmərəsini — sülhü axtarmaqda davam edək (Qalatiyalılara 5:22, 23). Yeqovanın ləkəsiz, qüsursuz və sülhdə yaşayan sandığı kəslər, nəhayətdə, “salehliyin ömür sürdüyü” cənnətdə əbədi həyat xeyir-duasını alacaqlar (2 Peter 3:13, 14). Məsihin sülhünə ürəklərimizdə hakim olmağa imkan verməyə bütün əsaslarımız var.
[Haşiyə]
a Bə’zən narahatçılıq, tibbi müayinəyə ehtiyacı olan xəstəlik, məsələn, ağır depressiya ucbatından yarana və ya güclənə bilər.
Xatırlayırsınızmı?
• Məsihin sülhü nədir?
• Ədalətsizliklə qarşılaşarkən, Məsihin sülhü ürəklərimizdə necə hakim ola bilər?
• Məsihin sülhü narahatçılığın öhdəsindən gəlməkdə bizə necə kömək edir?
• Özümüzü lazımsız hesab edəndə, Məsihin sülhü bizə necə təsəlli verir?
[29-cu səhifədəki şəkil]
İttihamçıları qarşısında durarkən, İsa özünü Yeqovaya təslim etdi.
[31-ci səhifədəki şəkil]
Allah sarsılmazlığı çox qiymətləndirir.
[32-ci səhifədəki şəkil]
Yeqovanın verdiyi təsəlli, sevən atanın hərarətli ağuşu kimi, bizi sakitləşdirə bilər.