Yehova bizim Ona birgə həmd etməyimizə layiqdir
«Yaha həmd edin!» (MƏZ. 111:1, YD).
1, 2. «Haleluya» sözünün mənası nədir və bu ifadə Yunanca Müqəddəs Yazılarda necə istifadə olunur?
«HALELUYA!» Bu həmd ifadəsi adətən Xristian dünyasının kilsələrində səslənir. Bəzi ölkələrdə insanlar gündəlik söhbətlərində bu ifadəni tez-tez işlədirlər. Lakin onun mənasının nə qədər müqəddəs olduğu çox az adama məlumdur; onu istifadə edənlərin əksəriyyətinin həyat tərzi Allahı rüsvay edir (Tit. 1:16). Bir Müqəddəs Kitab lüğətində izah edilir ki, «“Haleluya” sözünü bəzi məzmurların yazıçıları Yehovaya həmd etməkdə hamını onlara qoşulmağa dəvət etmək məqsədilə istifadə edirdilər». Bəzi Müqəddəs Kitab alimləri deyirlər ki, «Haleluya» «Yaha — [yəni] Yehovaya — həmd edin» mənasını daşıyıra.
2 Buna görə də «Yeni Dünya Tərcüməsi»ndə Məzmur 111:1 ayəsində rast gəlinən bu ifadənin nəyə görə «Yaha həmd edin!» kimi tərcümə edildiyi aydındır. Bu ifadənin yunanca formasına Vəhy 19:1-6 ayələrində yalan dinin sonunun qeyd edilməsi ilə əlaqədar dörd dəfə rast gəlinir. Bu baş verəndə Allaha həqiqətən ibadət edənlərin hörmətcil tərzdə «Haleluya» demələri üçün xüsusi səbəbləri olacaq.
Onun möhtəşəm işləri
3. Müntəzəm yığışmağımızın başlıca səbəbi nədir?
3 Yüz on birinci məzmurun yazıçısı Yehovanın həmdə layiq olmasının çoxlu səbəblərini sadalayır. 1-ci ayədə deyilir: «Əməlisalehlər məclisində, icma arasında Rəbbə bütün qəlbimlə şükür edəcəyəm». Bu gün Yehovanın Şahidləri onun fikirlərinə şərikdirlər. Yığıncaqlarda və böyük konqreslərdə müntəzəm şəkildə birgə yığışmağımızın başlıca səbəbi Yehovaya həmd etməkdir.
4. İnsanlar Yehovanın işlərini necə axtara bilərlər?
4 «Rəbbin işləri böyükdür, bunlardan zövq alanlar ibrət götürür [«zövq tapanlar tərəfindən axtarılırlar», KM]» (Məz. 111:2). Buradakı ‘axtarmaq’ kəlməsinə diqqət yetirin. Bir arayış kitabçasına əsasən, bu ayəni Allahın işləri üzərində «ciddi və ehtiramla düşünən və araşdıran» insanlara aid etmək olar. Yehova yaratdığı hər şeyi müəyyən məqsədlə xəlq edib. O, günəşi, yeri və ayı bir-birinə münasibətdə elə yerləşdirib ki, Yer kürəsi istilik və işıqla təmin olunur, gecə ilə gündüz və ilin fəsilləri bir-birini əvəz edir, həmçinin qabarma və çəkilmələr baş verir.
5. İnsanların kainat haqqında öyrəndikləri nəyi üzə çıxardı?
5 Alimlər Yerin Günəş sistemində yerləşməsinə, eləcə də böyük Ayın mükəmməl orbitinə, ölçüsünə və kütləsinə dair çox şey aşkar etmişlər. Bu səma cisimlərinin düzülüşü və qarşılıqlı əlaqələri mövsümlərin gözəl və müntəzəm surətdə dəyişilməsini mümkün edir. Həmçinin onlar kainatda fəaliyyət göstərən təbii qüvvələrin dəqiq tənzimlənməsi haqda çox şey öyrənmişlər. Bununla əlaqədar maşınqayırma üzrə bir professor «Dəqiq tənzimlənmiş Kainat» adlı məqaləsində öz müşahidələrini bölüşür: «Son 30 il ərzində bu qədər alimin Kainatın sadəcə kor təsadüf nəticəsində yarandığını qəbul etmək üçün böyük iman tələb olunduğunu etiraf edərək nəyə görə öz fikirlərini dəyişdiyini başa düşmək çətin deyil. Yerin məharətlə yaradıldığı haqda nə qədər çox öyrəniriksə, bir o qədər də şüurlu yaradanın mövcudluğuna dair sübutlar danılmaz olur» («The Designed ‘Just So’ Universe»).
6. Allahın insanı necə yaratması səndə hansı hissləri oyadır?
6 Allahın digər möhtəşəm işlərindən biri insanı necə yaratmasıdır (Məz. 139:14). İnsanları yaradanda onlara şüur, bir-birilə tam mütənasib fəaliyyət göstərən vacib orqanlar və işləmək bacarığı vermişdir. Məsələn, Allahın bizə bəxş etdiyi qabiliyyətlər arasında danışmaq, qulaq asmaq, yazmaq və oxumaq kimi möcüzəli bacarıqları da qeyd etmək olar. Bu cür bacarıqlar çoxlarında var. Həmçinin insana dik durmağa kömək edən dayaq-hərəkət aparatını da mühəndisliyin şah əsəri adlandırmaq olar. İnsan bədəninin quruluşu və üzvlərinin mütənasibliyi, müvazinətini qorumaq bacarığı, mexaniki funksiyaları və kimyəvi prosesləri heyrətamizdir. Bundan əlavə, heç bir alimin əldə etdiyi nailiyyətlər beyinin və hisslərin fəaliyyətini təmin edən sinir sisteminə çata bilməz. Həqiqətən də, insanların nailiyyətləri yalnız onlara verilən beyin və hisslərin sayəsində mümkündür. Hətta ən ali təhsilli və bacarıqlı mühəndis belə insanın barmaqları, xüsusən də baş barmağı qədər gözəl, faydalı mexanizm ixtira edə bilməmişdir. Sizcə, Allahın verdiyi barmaqları məharətlə işlətmədən gözəl incəsənət əsərləri yaratmaq mümkün olardımı?
Allahın möhtəşəm işləri və xüsusiyyətləri
7. Nəyə görə biz Müqəddəs Kitabı Allahın möhtəşəm işlərindən biri kimi qiymətləndirməliyik?
7 Yehovanın möhtəşəm işlərinə Onun bəşəriyyət üçün etdiyi və Müqəddəs Kitabda qələmə alınan başqa möcüzəli işləri də daxildir. Müqəddəs Kitabın özü daxili uyğunluğa malik olan şah əsərdir. Başqa kitablardan fərqli olaraq, bu kitab həqiqətən də «Allahdan ilham almış və təlim... üçün faydalıdır» (2 Tim. 3:16). Məsələn, Müqəddəs Yazıların ilk kitabı olan «Yaradılış» kitabında Nuhun günlərində Allahın yeri pisliklərdən necə təmizlədiyi haqda bəhs edilir. Onun ardınca gələn «Çıxış» kitabında isə Yehovanın İsrail xalqını Misirdən xilas etməklə Özünün həqiqi Allah olduğunu necə sübuta yetirdiyi göstərilir. Ola bilsin, məzmurçu növbəti sözləri deyərkən məhz bu hadisələri nəzərdə tuturdu: «[Yehovanın] əməllərində ehtişamı, əzəməti görünür, salehliyi əbədilik var olacaq. Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir» (Məz. 111:3, 4). Tarix boyu, eləcə də sənin yaşadığın müddət ərzində Yehovanın etdiyi işlər sənə Onun ‘ehtişam və əzəmətini’ xatırlatmırmı?
8, 9. a) Allahın işləri ilə insanların gördükləri bir çox işlər arasında hansı təzad mövcuddur? b) Allahın keyfiyyətlərindən hansıları daha çox qiymətləndirirsən?
8 Diqqət yetir ki, məzmurçu həmçinin Yehovanın salehlik, lütfkarlıq və rəhm kimi gözəl keyfiyyətlərini vurğulayır. Sirr deyil ki, günahlı insanlar çox nadir hallarda salehliklə iş görür. Çox vaxt onların etdikləri acgözlükdən, paxıllıqdan və məğrurluqdan irəli gəlir. Bu onların qızışdırdıqları müharibələr və iqtisadi üstünlüyə malik olmaq üçün istehsal etdikləri məhvedici silahlardan görünür. Nəticədə, milyonlarla günahsız qurbanlar saysız-hesabsız iztirablara və bədbəxtliklərə düçar olur. Eyni zamanda insanların bir çox nailiyyətləri sıxışdırılan kasıbların hesabına əldə edilir. Buna nümunə kimi, bəziləri ehramların tikilməsində qulların istifadə edilməsini gətirə bilərlər. Həmin tikililər, əsasən, təkəbbürlü fironlara məzar kimi xidmət edirdi. Üstəlik, bu gün bəşəriyyətin gördüyü bir çox işlər nəinki başqalarına iztirab gətirir, hətta ‘yeri tələf edir’. (Vəhy 11:18 ayəsini oxu.)
9 Bunlar hər zaman düzgünlüyə əsaslanan Yehovanın işlərindən necə də fərqlənir! Onun işlərinə günahlı bəşəriyyəti xilas etmək üçün mərhəmətlə gördüyü tədbirlər də daxildir. Allah fidiyəni təqdim etməklə «ədalətini» və ya salehliyini göstərdi (Rom. 3:25, 26). Həqiqətən də, Onun «salehliyi əbədilik var olacaq»! Lütfkarlığa gəldikdə isə, Allah bu xüsusiyyəti günahlı bəşəriyyətə səbir etməklə təzahür etdirir. O onları zərərli yollarından qayıtmağa və düzgün olanı etməyə çağıranda da onlara mərhəmət göstərmiş olur. (Yezekel 18:25 ayəsini oxu.)
Yehova vədlərinə sadiqdir
10. İbrahimlə kəsdiyi əhdinə sadiq qalmaqla Yehova hansı nümunəni qoymuşdu?
10 «Ondan qorxanları bəsləyərək saxlayır, heç vaxt Öz əhdini yaddan çıxarmır» (Məz. 111:5). Görünür, məzmurçu burada İbrahimlə kəsilən əhddən danışır. Yehova İbrahimin nəslini xeyir-dualandıracağını vəd etmiş və onların öz düşmənlərinin şəhərlərinə sahib olacaqlarını demişdi (Yar. 22:17, 18; Məz. 105:8, 9). Bu vədlər ilk dəfə İbrahimin nəsli İsrail xalqı kimi təşkil olunanda yerinə yetdi. Bu xalq uzun müddət Misirdə köləlikdə oldu, lakin sonra Allah «İbrahimlə... olan əhdini xatırladı» və onları azad etdi (Çıx. 2:24). Yehovanın onlarla daha sonra necə rəftar etməsi onlara qarşı nə dərəcədə səxavətli olduğunu göstərdi. Yehova onların qeydinə qalaraq həm fiziki, həm də ruhani qida ilə təmin edirdi (Qanun. t. 6:1-3; 8:4; Neh. 9:21). Geri dönmələri üçün peyğəmbərlər göndərməsinə baxmayaraq, əsrlər boyunca xalq dəfələrlə Allahdan üz döndərmişdi. İsrailliləri Misirdən qurtardıqdan təxminən 1 500 il sonra Allah vahid Oğlunu yer üzünə göndərdi. Yəhudilərin əksəriyyəti İsanı inkar etdi və onun edam edilməsinə yol verdi. Sonra Yehova yeni ruhani xalq — ‘Allahın İsrailini’ təşkil etdi. Məsihlə birlikdə bu xalq İbrahimin ruhani nəslini təşkil edir. Yehova məhz bu nəsil vasitəsilə bəşəriyyəti xeyir-dualandıracağını vəd etmişdi (Qalat. 3:16, 29; 6:16).
11. Yehovanın İbrahimlə ‘əhdini yaddan çıxarmadığı’ nədən görünür?
11 Yehova «əhdini» və onunla bağlı verdiyi xeyir-duaları «yaddan çıxarmır». Bu gün O Öz xalqını 400-dən artıq dildə bol ruhani qida ilə təmin edir. Həmçinin O: «Gündəlik çörəyimizi bizə hər gün ver» sözlərinə müvafiq olaraq fiziki tələbatlarımızla bağlı dualarımıza cavab verməyə davam edir (Luka 11:3; Məz. 72:16, 17; Yeşaya 25:6-8).
Yehovanın möhtəşəm qüvvəsi
12. Qədim İsrailə ‘millətlərin torpaqları’ necə verildi?
12 «Xalqına qüdrətli işlərini göstərdi, onlara millətlərin torpaqlarını verdi» (Məz. 111:6). Ehtimal ki, məzmurçu israillilərin tarixində ən yaddaqalan hadisəni — onların Misirdən möcüzəli şəkildə xilas olmalarını nəzərdə tuturdu. Yehova israillilərə Vəd edilmiş diyara daxil olmağa izin verəndə onlar İordan çayının şərqində və qərbində yerləşən padşahlıqlar üzərində qələbə çaldılar. (Nehemya 9:22-25 ayələrini oxu.) Bəli, Yehova İsrailə «millətlərin torpaqlarını verdi». Bu, Allahın qüvvəsinin necə də möhtəşəm təzahürü idi!
13, 14. a) Məzmurçu Babildə Allahın qüvvəsinin təzahür olunması ilə əlaqədar, ehtimal ki, nəyi nəzərdə tuturdu? b) Yehova qurtuluşla bağlı daha hansı böyük işləri görüb?
13 Yaxşı bilirik ki, Yehovanın israillilərin rifahı naminə etdiklərinə baxmayaraq, onlar nə Allaha, nə də əcdadları İbrahimə, İshaqa və Yaquba hörmət göstərdilər. Allah Babilin onları əsir aparmasına yol verənə qədər üsyankarlıqlarından dönmədilər (2 Saln. 36:15-17; Neh. 9:28-30). Əgər, bəzi Müqəddəs Kitab tədqiqatçılarının təxmin etdikləri kimi, 111-ci məzmurun yazıçısı İsrailin Babil əsarətindən qayıtmasından sonra yaşayıbsa, deməli, onun Yehovanın sadiqliyini və gücünü tərənnüm etməyə daha çox səbəbləri vardı. Allah yəhudiləri Babildən — əsirləri əsarətdən buraxmayan imperiyanın köləliyindən qurtarmaqla Öz gücünü və sədaqətini nümayiş etdirdi (Yeşaya 14:4, 17).
14 Təxminən beş əsr sonra Yehova tövbə edən insanları günahın və ölümün əsarətindən xilas etməklə Öz gücünü daha möhtəşəm tərzdə göstərdi (Rom. 5:12). Bunun nəticəsində 144 000 nəfərin qarşısında Məsihin ruhla məsh olunmuş davamçısı olmaq imkanı açıldı. 1919-cu ildə Yehova Öz gücündən istifadə edərək bu məsh olunmuşların kiçik qalığını yalan dinin əsarətindən qurtardı. Onların son günlər ərzində əldə etdikləri nailiyyətlər yalnız Allahın qüvvəsi sayəsində mümkün olmuşdur. Ölənədək sadiq qalan bu məsh olunmuşlar tövbə edən insanların rifahı üçün göydən İsa ilə birlikdə yer üzünü idarə edəcəklər (Vəhy 2:26, 27; 5:9, 10). Qədim İsrail xalqından fərqli olaraq, onlar bütün yer üzünü miras alacaqlar (Mat. 5:5).
Əbədi, etibara layiq prinsiplər
15, 16. a) Allahın əlinin işlərinə nələr daxildir? b) Allah qədim İsrailə hansı qanunları vermişdi?
15 «Əllərinin işləri sədaqət və həqiqətdir. Onun bütün qayda-qanunları etibarlıdır. Onlar əbədidir, möhkəmdir, sədaqətdən, düzlükdən yaranmışdır» (Məz. 111:7, 8). Yehovanın «əllərinin işləri»nə üzərinə İsrail üçün on vacib əmr həkk edilmiş iki şəhadət daş lövhəsi də daxildir (Çıx. 31:18). Musanın Qanun əhdinə daxil olan digər qayda-qanunlarla birgə bu əmrlər əbədi, etibara layiq prinsiplərə əsaslanırdı.
16 Məsələn, bu lövhələr üzərində yazılan əmrlərdən, yəni qanunlardan birində deyilirdi: «Mən, sənin Allahın Rəbb, qısqanc [«xüsusi sədaqət tələb edən», YD] Allaham». Növbəti ayədə yazılıb ki, Yehova Onu ‘sevib əmrlərinə əməl edənlərin minlərlə nəslinə məhəbbət göstərir’. Həmçinin daş lövhələrin üzərində heç zaman öz faydasını itirməyən «ata-anana hörmət et», «oğurluq etmə» kimi prinsiplər, o cümlədən dərin anlayış əks olunan və başqalarının əşyalarına tamah salmağı qadağan edən əmr yazılmışdı (Çıx. 20:5, 6, 12, 15, 17).
Müqəddəs və zəhmli Satınalanımız
17. Allahın adını müqəddəs tutmaq üçün israillilərin hansı səbəbləri var idi?
17 «Öz xalqına qurtuluş göndərdi, əhdi əbədi olsun deyə əmr verdi, ismi müqəddəsdir, zəhmlidir» (Məz. 111:9). Görünür, məzmurçu burada da Yehovanın İbrahimlə kəsdiyi əhdə sadiqliyini nəzərdə tutur. Buna uyğun olaraq, əvvəlcə qədim Misir köləliyində, sonra isə Babil əsarətində olanda Yehova Öz xalqını tərk etmədi. Hər iki halda Allah xalqını satın aldı. İsrail xalqı ən azı bu iki səbəbə görə Allahın adını müqəddəs tutmalı idi. (Çıxış 20:7; Romalılara 2:23, 24 ayələrini oxu.)
18. Nəyə görə Allahın adını daşımaq sənin üçün şərəfli işdir?
18 Eyni şeyi bu gün günahın və ölümün çarəsiz köləliyindən satın alınmış məsihçilər haqqında da demək olar. Nümunəvi duadakı ilk xahişə: «Adın müqəddəs tutulsun» xahişinə müvafiq yaşamaq üçün əlimizdən gələni etməliyik (Mat. 6:9). Bu gözəl adın üzərində düşünmək bizə Allah qarşısında qorxu hasil etməlidir. 111-ci məzmurun yazıçısı Allah qorxusuna dair düzgün nöqteyi-nəzərə malik idi. O deyirdi: «Rəbb qorxusu hikmətin başlanğıcıdır, buna [Onun əmrlərinə] əməl edənlərin sağlam düşüncəsi vardır» (Məz. 111:10).
19. Növbəti məqalədə nə müzakirə olunacaq?
19 Allah qarşısında sağlam qorxuya malik olmaq pisliyə nifrət etməyimizə kömək edəcək. Bu bizə növbəti məqalədə araşdıracağımız 112-ci məzmurda haqqında bəhs olunan Allahın gözəl keyfiyyətlərini təqlid etməyə kömək edəcək. Bu məzmur Allaha əbədiyyən həmd edəcək milyonlarla insanın arasında olmaq tələblərinə necə müvafiq ola biləcəyimizi göstərir. Yehova Allah ən yüksək həmdə layiqdir. «Ona əbədi olaraq həmdlər olsun!» (Məz. 111:10).
[Haşiyə]
a Azərbaycanca Müqəddəs Yazıların «Zəbur» kitabında bu ifadə «Rəbbə həmd edin!» kimi tərcümə edilib.
Düşünmək üçün suallar
• Nəyə görə hamımız birgə Yehovaya həmd etməliyik?
• Yehovanın işlərində Onun hansı keyfiyyətləri əks olunur?
• Allahın adını daşımaq şərəfinə necə yanaşırsan?
[20-ci səhifədəki şəkil]
Müntəzəm olaraq yığışmağımızın başlıca səbəbi Yehovaya həmd etməkdir
[23-cü səhifədəki şəkil]
Yehovanın bütün qanunları əbədi, etibara layiq prinsiplərə əsaslanıb