Yehovanın sözünə güvənin
«Sənin sözlərinə güvənirəm» (MƏZMUR 119:42).
1. Yüz on doqquzuncu məzmurun yazıçısı və onun əhval-ruhiyyəsi haqqında nə demək olar?
YÜZ ON DOQQUZUNCU məzmuru Yehovanın sözünü bütün qəlbi ilə sevən bir insan bəstələmişdir. Ola bilsin, bu, Yəhuda taxtının varisi Xizqiya olmuşdur. İlhamlanmış bu mahnıdakı duyğular padşah kimi xidmət etdiyi müddətdə ‘Rəbdən yapışan’ Xizqiyanın əhval-ruhiyyəsi ilə həmahəngdir (2 Padşahlar 18:3-7). Aydın olan odur ki, məzmurçu ruhani tələbatlarını dərk edirdi (Matta 5:3).
2. Yüz on doqquzuncu məzmurun əsas mövzusu nədir və o necə tərtib edilmişdir?
2 Yüz on doqquzuncu məzmurun əsas mövzusu — Allahın sözünün, yə’ni xəbərinin dəyərli olmasıdıra. Ehtimal ki, bu məzmurun yadda yaxşı qalması üçün o akrostix (hər misrasının baş hərfləri bir söz və ya cümlə əmələ gətirən şe’r) formasında yazılmışdır. Bu poetik əsərin 176 ayəsinin baş hərfləri ardıcıllığına görə qədim ibrani əlifbasını əmələ gətirəcək formada bəstələnmişdir. İbranicə orijinal mətndə məzmurun 22 bəndindən hər biri eyni hərflə başlanan 8 misradan ibarətdir. Bu məzmurda Allahın sözü, qanunları, öyüdləri, yə’ni xatırlatmaları, yolları, qayda-qanunları, əmrləri, hökmləri və və’dləri haqqında danışılır. Bu və növbəti məqalədə 119-cu məzmur İbranicə Müqəddəs Yazıların dəqiq tərcüməsi əsasında müzakirə olunacaq. Yehovanın qədimdəki və bugünkü xidmətçilərinin nümunələri üzərində düşünmək, bu ilhamlanmış mahnını daha çox qiymətləndirməyə və Allaha Onun yazılı Kəlamı olan Müqəddəs Kitaba görə minnətdarlığımızı artırmağa kömək edəcək.
Allahın sözünə itaət edin və xoşbəxt olun
3. Qüsursuz olmağın nə demək olduğunu izah edin və nümunə əsasında göstərin.
3 Həqiqi xoşbəxtlik Rəbbin qanununda yeriməyimizdən asılıdır (Məzmur 119:1-8). Əgər bunu ediriksə, Yehova bizi «yolumuzda qüsursuz» hesab edəcək (Məzmur 119:1, YD). Qüsursuz olmaq kamil olmaq demək deyil, lakin bu, Yehova Allahın iradəsini var qüvvə ilə yerinə yetirmək üçün çalışmaq deməkdir. «Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi» çünki o, «Allaha yaxın idi». Bu sadiq insan Yehovanın göstərdiyi kimi yaşadığı üçün, ailəsi ilə birlikdə Daşqından salamat çıxdı (Yaradılış 6:9; 1 Peter 3:20). Yehovanın iradəsini yerinə yetirərək ‘qayda-qanunlarına bağlı qalsaq’, bu dünyanın sonu gələndə biz də sağ qala bilərik (Məzmur 119:4).
4. Həyatda xoşbəxtliyimiz və müvəffəqiyyətimiz nədən asılıdır?
4 Əgər Yehovaya ‘səmimi qəlbdən şükür edərək qaydalarına əməl etsək’, O bizi heç zaman tərk etməz (Məzmur 119:7, 8). Allah ‘Qanun kitabında yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşünmək’ məsləhətinə riayət edən İsrail xalqının rəhbəri Yeşuanı tərk etmədi. Buna görə də o, uğurlu oldu və müdrikliklə davrandı (Yeşua 1:8). Həyatının son günlərində Yeşua Allahı izzətləndirməyə davam etdiyi üçün israillilərə bunu xatırlatdı: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı» (Yeşua 23:14). Həm Yeşua, həm də 119-cu məzmurun yazıçısı kimi Yehovanı izzətləndirərək və Onun sözünə e’tibar edərək biz də xoşbəxtlik və müvəffəqiyyət tapa bilərik.
Allahın sözü bizi təmiz saxlayır
5. a) Ruhani təmizliyi necə qoruyub saxlamaq olar? b) Ciddi günah işlədən gənc adama nə kömək edər?
5 Allahın «sözlərinə bağlı qalmaqla» özümüzü ruhən təmiz saxlaya bilərik (Məzmur 119:9-16). Hətta valideynlərimiz bizə yaxşı nümunə verməsələr də, bunu etmək mümkündür. Atasının bütpərəst olmasına baxmayaraq, Xizqiya öz yolunu, ehtimal ki, bütpərəst adətləri rədd etməklə təmizlədi. Bəs bizim günlərdə Allahın gənc xidmətçisi ciddi günah işlədərsə, necə davranmalı? Tövbə, dualar, valideynlərin qayğısı və ağsaqqalların sevgi dolu yardımı həmin gəncə Xizqiyaya bənzər tərzdə öz yolunu pislikdən təmiz saxlamaqda kömək edər (Yaqub 5:13-15).
6. Hansı qadınlar öz yollarını təmizlədilər və özlərini Allahın «sözlərinə bağlı qalmaqla» təmiz saxladılar?
6 Yüz on doqquzuncu məzmurun yazılmasından çox-çox əvvəllər yaşayan Raxav və Rut da öz yollarını təmizlədilər. Raxav kən’anlı bir fahişə idi, lakin öz imanına görə Yehovanın xidmətçisi kimi tanındı (İbranilərə 11:30, 31). Moavlı Rut allahlarını tərk edərək Yehovaya, Onun israillilərə verdiyi Qanuna müvafiq olaraq xidmət etməyə başladı (Rut 1:14-17; 4:9-13). Digər xalqlardan olan bu qadınların hər ikisi Allahın «sözlərinə bağlı qalmaqla» özlərini təmiz saxladılar və İsa Məsihin ulu nənələri olmaq kimi gözəl şərəfə layiq görüldülər (Matta 1:1, 4-6).
7. Daniel və onun üç dostu ruhani təmizliyi qorumaqda bizə necə nümunə verdilər?
7 «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq», gənc adamlar, hətta Şeytanın tə’siri altında olan pis dünyada belə öz yollarını təmiz saxlaya bilərlər (Yaradılış 8:21; 1 Yəhya 5:19). Daniel və üç ibrani gənc Babilə əsir aparılsalar da, özlərini Allahın «sözlərinə bağlı qalmaqla» təmiz saxlayırdılar. Məsələn, onlar ‘padşahın yediyi yeməklərlə özlərini murdar etmədilər’ (Daniel 1:6-10). Babillilər Musanın qanununa görə yeyilməsi qadağan olunan natəmiz heyvanları yeyirdilər (Levililər 11:1-31; 20:24-26). Onlar öldürülən heyvanın qanını həmişə axıtmırdılar, əti bu cür istifadə etmələri isə Allahın qan haqqındakı qanununa zidd idi (Yaradılış 9:3, 4). Bu vəziyyətdə gənclərin padşahın yediyi yeməklərdən imtina etmələri təəccüblü deyil! Allah qorxusuna malik olan bu gənclər ruhani təmizliklərini saxlamaqla bizə yaxşı nümunə qoydular.
Allahın sözü sadiq qalmağa kömək edir
8. Allahın qanunlarını dərk etmək və həyatımızda tətbiq etmək üçün biz hansı əhval-ruhiyyəyə və biliklərə malik olmalıyıq?
8 Allahın sözünə olan məhəbbət Yehovaya sadiq qalmağımız üçün vacib amildir (Məzmur 119:17-24). Əgər biz də məzmurçunun əhval-ruhiyyəsinə malikiksə, onda Allahın «qanununun xariqələrini» anlamağa güclü istəyimiz olacaq. Daima Yehovanın ‘hökmlərinin həsrətini çəkəcək’ və ‘öyüdlərindən [«xatırlatmalarından», YD] zövq alacağıq’ (Məzmur 119:18, 20, 24). Yehovaya yenicə həsr olunmuşuqsa da, ‘hiyləsiz südü andıran kəlamı arzulayırıqmı’? (1 Peter 2:1, 2). Allahın qanunlarını daha yaxşı dərk etmək və həyatımızda tətbiq etmək üçün, Müqəddəs Kitabın əsas tə’limlərini başa düşməliyik.
9. İnsanların tələbləri Allahın qanununa zidd olanda necə davranmalıyıq?
9 Biz Allahın xatırlatmalarını sevə bilərik, lakin «başçılar» hansısa səbəblər ucbatından bizim üçün qəsd qururlarsa nə etməli? (Məzmur 119:23, 24). Bu gün rəhbərlər bizi tez-tez insan tələblərini Allahın qanunlarından üstün tutmağa məcbur etməyə çalışırlar. İnsanların tələbləri Allahın iradəsinə zidd olanda necə davranmalıyıq? Yehovanın sözünə olan məhəbbətimiz Ona sadiq qalmaqda bizə kömək edəcək. İsa Məsihin tə’qib olunan həvariləri kimi biz də deyəcəyik: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həvarilərin işləri 5:29).
10, 11. Ən ağır şəraitlərdə belə Yehovanın qarşısındakı nöqsansızlığımızı necə qoruyub saxlaya biləcəyimizi nümunə əsasında izah edin.
10 Hətta ən çətin şəraitlərdə belə Yehovaya sadiq qala bilərik (Məzmur 119:25-32). Buna nail olmaq istəyiriksə, Yehovadan öyrənməyə hazır olmalı və rəhbərlik almaq üçün səmimiyyətlə dua etməliyik. Biz həm də «sədaqət yolunu» seçməliyik (Məzmur 119:26, 30).
11 Yüz on doqquzuncu məzmurun ehtimal edilən yazıçısı Xizqiya, hər tərəfdə hökm sürən bütpərəstliyə və güman ki, saray adamlarının istehzalarına baxmayaraq, «sədaqət yolunu» seçdi. Həmin vaxt onun ‘kədərdən canının üzüldüyünü’ təsəvvür etmək olar (Məzmur 119:28). Lakin Xizqiya Allaha güvənirdi, o yaxşı padşah idi və ‘Rəbbin gözündə doğru olan işlər edirdi’ (2 Padşahlar 18:1-5). Yehovaya güvənərək biz də bütün sınaqlara tab gətirər və nöqsansızlığımızı qoruyub saxlaya bilərik (Yaqub 1:5-8).
Yehovanın sözü cəsarət verir
12. Şəxsən biz Məzmur 119:36, 37 ayələrindəki prinsipləri həyatımızda necə tətbiq edə bilərik?
12 Allahın sözünü rəhbər tutmağımız, həyati çətinliklərin öhdəsindən gəlmək üçün zəruri olan cəsarəti verir (Məzmur 119:33-40). Yehovanın qanunlarına ‘bütün qəlbimizlə’ bağlı qalmaq üçün biz Onun rəhbərliyini həlimlik və hazırlıqla qəbul edirik (Məzmur 119:33, 34). Məzmurçu kimi biz də Allaha yalvarırıq: «Sərvət yığmaq [«pis qazanc», KM] istəyini qəlbimdən çıxart, meylimi Sənin öyüdlərinə tərəf yönəlt» (Məzmur 119:36). Biz həvari Pavel kimi hər şeydə dürüst olmağa çalışırıq (İbranilərə 13:18). Əgər iş yerində bizdən düzgün olmayan bir işi görməyi xahiş edirlərsə, Allahın əmrlərinə bağlı qalmaq üçün bütün cəsarətimizi toplamalıyıq. Yehova isə bu cür davranışımıza həmişə xeyir-dua verir. O, bütün günahlı arzularımızı nəzarət altında saxlamağa kömək edir. Buna görə gəlin dua edək: «Qoyma gözlərim fani şeylərə baxsın» (Məzmur 119:37). Biz heç vaxt Allahın nifrət etdiyi şeyləri arzulamayacağıq (Məzmur 97:10). Bu bizi, Allaha məqbul olmayan hər şeydən, o cümlədən pornoqrafiya və spiritizmdən qaçınmağa təşviq edəcək (1 Korinflilərə 6:9, 10; Vəhy 21:8).
13. İsanın tə’qib olunan şagirdləri cəsarətlə təbliğ etmək üçün lazım olan qüvvəni necə əldə etdilər?
13 Allahın sözünü dəqiq bilməyimiz əminliklə təbliğ etmək üçün bizə cəsarət verir (Məzmur 119:41-48). Cəsarət isə, bizi ‘təhqir edənlərə layiqincə cavab vermək’ üçün lazımdır (Məzmur 119:42). Bə’zən İsanın tə’qib olunan şagirdlərinin vəziyyətində ola bilərik. Onlar dua edirdilər: «Ya Rəbb... Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər». Allah onların duasına necə cavab verdi? Onların hamısı «Müqəddəs Ruhla dolmuşdu və Allahın sözünü cəsarətlə söyləyirdi». Sözünü cəsarətlə təbliğ etmək üçün Hökmdar Allah bizə də qüvvə verir (Həvarilərin işləri 4:24-31).
14. Pavel kimi cəsarətlə şahidlik etməkdə bizə nə kömək edər?
14 Əgər «həqiqət» sözlərini sevir və həmişə Allahın ‘qanununa bağlı qalırıqsa’, qorxmadan və çəkinmədən təbliğ etmək üçün biz də cəsarət tapacağıq (Məzmur 119:43, 44). Allahın Kəlamı olan Müqəddəs Kitabı sə’ylə tədqiq etməyimiz bizə Onun öyüdləri, yə’ni xatırlatmaları barədə «padşahların hüzurunda» danışmağa kömək edəcək (Məzmur 119:46). Duanın və Yehovanın ruhunun sayəsində bizim danışdıqlarımız doğru və münasib olacaq (Matta 10:16-20; Koloslulara 4:6). Pavel birinci əsrin rəhbərlərinə Allahın xatırlatmaları haqqında cəsarətlə danışırdı. Məsələn, Pavel Roma valisi Feliksə şahidlik etdi, vali də onun «Məsih İsaya iman haqqında danışdığını dinlədi» (Həvarilərin işləri 24:24, 25). Pavel həm də hökmdar Festusun və padşah Aqrippanın qarşısında şahidlik etdi (Həvarilərin işləri 25:22–26:32). Yehovanın köməyi ilə biz də ‘Müjdədən utanmayan’ cəsarətli şahidlər ola bilərik (Romalılara 1:16).
Allahın Kəlamı təsəlli verir
15. İnsanlar bizə istehza edəndə, Allahın Kəlamından necə təsəlli tapa bilərik?
15 Yehovanın Kəlamı bizə tükənməz təsəlli verir (Məzmur 119:49-56). Elə anlar olur ki, təsəlliyə xüsusilə ehtiyac duyuruq. Yehovanın Şahidləri kimi cəsarətlə danışsaq da, Allaha düşmən olan «lovğalar» bə’zən bizə ‘istehza edirlər’ (Məzmur 119:51). Lakin biz dua edəndə Allahın Kəlamında yazılan müsbət fikirləri yada salır və bununla ‘təsəlli tapırıq’ (Məzmur 119:52). Yalvararaq dua etdiyimiz zaman çətin anlarda olduqca zəruri olan, bizə təsəlli və cəsarət verən Müqəddəs Kitab qanunlarını və prinsiplərini yada sala bilərik.
16. Tə’qiblərə baxmayaraq, Allahın xidmətçiləri heç zaman nə etməmişdilər?
16 Məzmurçuya istehza edən lovğalar Allaha həsr olunmuş xalqın üzvləri — israillilər idi. Onlar özlərini necə də rüsvay edirdilər! Onlardan fərqli olaraq, gəlin heç zaman Allahın qanunlarından yayınmayaq (Məzmur 119:51). Nasizm dövründə olduğu kimi, sərt sınaqlar qarşısında Allahın minlərlə xidmətçiləri Onun Kəlamında yazılmış qanun və prinsiplərə zidd davranmaqdan boyun qaçırmışlar. Onlar bu gün də belə davranırlar (Yəhya 15:18-21). Yehovaya itaət etmək bizim üçün çətin deyil, çünki Onun əmrləri bir nəğmə tək könlü açır (Məzmur 119:54; 1 Yəhya 5:3).
Yehovanın sözünə görə minnətdar olun
17. Allahın sözünə görə olan minnətdarlığımız bizi nəyə təşviq edir?
17 Allahın sözünə görə olan minnətdarlığımızı bu sözə müvafiq yaşamaqla sübut edirik (Məzmur 119:57-64). Məzmurçu Yehovanın ‘sözlərinə bağlı qalmaq üçün və’d etmişdir’, hətta ‘adil hökmlərinə görə Ona şükür etmək üçün gecə yarısı qalxırdı’. Əgər gecə yuxumuz qaçıbsa, onda Yehovaya duamızda minnətdarlıq etmək üçün necə də gözəl imkanımız var! (Məzmur 119:57, 62). Yehovanın sözünə olan hörmətimiz bizdə Onun tə’limlərini axtarmaq həvəsi oyadır və Ondan «qorxanların», yə’ni Allaha ehtiram bəsləyən insanların sevincli «dost»ları edir (Məzmur 119:63, 64). Yer üzündə bundan yaxşı dostlar ola bilərmi?!
18. ‘Pis adamlar bizə kəmənd atanda’ Yehova bizim dualarımıza necə cavab verir?
18 Ürəkdən dua edib Yehovadan bizi öyrətməsini həlimliklə xahiş edəndə, Onun bizə lütf göstərməsini arzulayırıq. ‘Pis adamlar bizə kəmənd atarkən’ dua etmək xüsusilə vacibdir (Məzmur 119:58, 61). Yehova bizi, Padşahlığın təbliği və şagirdlərin hazırlanması işində bizə maneə törədən düşmənlərin ‘kəməndindən’ azad edə bilər (Matta 24:14; 28:19, 20). Fəaliyyətimiz qadağa altında olan ölkələrdə belə hallar dəfələrlə baş vermişdir.
Allahın sözünə iman edin
19, 20. Çəkdiyimiz əzabların bizə hansı xeyri var?
19 Allaha və Onun sözünə olan iman bizə sınaqlara tab gətirməkdə və Onun iradəsini yerinə yetirməkdə kömək edir (Məzmur 119:65-72). Lovğa insanlar ‘yalanları ilə ona qara yaxsalar da’ məzmurçu oxuyurdu: «Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm» (Məzmur 119:66, 69, 71). Yehovanın xidmətçiləri əzab çəkdikləri halda hansı xeyirdən danışmaq olar?
20 Əzablara mə’ruz qalanda biz həmişə Yehovaya ürəkdən yalvarırıq, bu isə bizi Ona yaxınlaşdırır. Allahın Kəlamı olan Müqəddəs Kitabı tədqiq etməyə çox vaxt ayırır və bu Kəlamın prinsiplərini tətbiq etmək üçün daha çox sə’y göstəririk. Bu bizə sevinc və xoşbəxtlik gətirir. Lakin əgər sınaqlar zamanı səbirsizlik və lovğalıq kimi pis meyllərimiz üzə çıxırsa, onda nə etməli? Ürəkdən gələn dualarımızın, Allahın Kəlamının və müqəddəs ruhunun köməyi ilə biz öz nöqsanlarımızın öhdəsindən gəlib, daha yaxşı tərzdə ‘yeni mənliyi geyinə’ bilərik (Koloslulara 3:9-14). Bundan əlavə, imanımız möhkəmlənir (1 Peter 1:6, 7). Həvari Pavelin keçməli olduğu sınaqlar onun xeyrinə xidmət etmişdir, çünki onların sayəsində Yehovaya daha çox güvənməyi öyrənmişdir (2 Korinflilərə 1:8-10). Çətinliklər zamanı biz nə isə öyrənməyə çalışırıqmı?
Daima Yehovaya güvənin
21. Allah lovğaları utandıranda nə baş verir?
21 Yehovanın sözü Ona güvənmək üçün bizə möhkəm əsas verir (Məzmur 119:73-80). Əgər həqiqətən də Yaradana güvəniriksə, utanmağa heç bir əsasımız yoxdur. Lakin başqa insanların hərəkətləri ucbatından bə’zən təsəlliyə ehtiyac duyur və Yehovaya yalvarırıq: «Lovğaları utandır» (Məzmur 119:76-78). Bu cür insanları utandırmaqla Yehova onların pis əməllərini ifşa edir və Özünün müqəddəs adını izzətləndirir. Əminliklə demək olar ki, Allahın xalqının tə’qibçiləri heç zaman müvəffəqiyyətə nail olmayacaqlar. Məsələn, onlar bütün qəlbləri ilə Allaha güvənən Yehovanın Şahidlərini heç zaman məhv edə bilməmiş və bunu edə bilməyəcəklər də (Süleymanın məsəlləri 3:5, 6).
22. «Tüstü içindəki tuluq kimi oldum» deyəndə məzmurçu nəyi nəzərdə tuturdu?
22 Tə’qiblər zamanı Allahın sözü Ona olan e’tibarımızı möhkəmləndirir (Məzmur 119:81-88). Məzmurçu lovğa insanlar tərəfindən tə’qib ediləndə, özünü «tüstü içindəki tuluq kimi» hiss edirdi (Məzmur 119:83, 86). Müqəddəs Kitabın yazıldığı dövrlərdə heyvanların dərisindən hazırlanmış tuluqlarda su, şərab və digər mayelər saxlayırdılar. Tuluq istifadə olunmayanda, bacası olmayan otaqda ocağa yaxın yerdə asılırdısa, büzüşüb quruyurdu. Çətinliklər və ya tə’qiblər zamanı siz də «tüstü içindəki tuluq kimi» olursunuzmu? Əgər olursunuzsa, onda Yehovaya güvənib dua edin: «Məhəbbətinə görə mənə həyat ver, ağzından çıxan öyüdlərə [«xatırlatmalara», YD] bağlı qalım» (Məzmur 119:88).
23. Məzmur 119:1-88 ayələrini tədqiq edərək nəyi nəzərdən keçirdik və Məzmur 119:89-176 ayələrini tədqiq etməyə davam etməzdən əvvəl özümüzdən nə soruşa bilərik?
23 Yüz on doqquzuncu məzmurun birinci hissəsi, Yehovanın sözünə güvənən və qayda-qanunlarını, xatırlatmalarını və əmrlərini sevən xidmətçilərinə Onun məhəbbətlə yanaşdığını göstərdi (Məzmur 119:16, 47, 64, 70, 77, 88). Sadiq insanların Allahın ‘sözlərinə bağlı qalması’ Onu sevindirir (Məzmur 119:9, 17, 41, 42). Bu poetik məzmurun qalan hissəsini tədqiq etməzdən əvvəl siz özünüzdən soruşa bilərsiniz: «Yehovanın sözlərinin yollarımı işıqlandırmasına izn verirəmmi?»
[Haşiyə]
a Bu məqalələrdə «Allahın sözü» ifadəsi yazılanda, Yehovanın Kəlamı olan Müqəddəs Kitab deyil, Ondan gələn xəbər nəzərdə tutulur.
Necə cavab verərdiniz?
• Həqiqi xoşbəxtlik nədən asılıdır?
• Allahın sözü ruhən təmiz qalmağımıza necə kömək edir?
• Allahın sözü bizi necə cəsarətləndirir və ruhlandırır?
• Nəyə görə Yehovaya və Onun sözünə iman etmək lazımdır?
[5-ci səhifədəki şəkillər]
Rut, Raxav və Babildə sürgündə olan ibrani gənclər Allahın «sözünə bağlı» qaldılar.